"Belə bitməsin nağılım"

 

22 il bundan əvvəl ilk dəfə "525-ci qəzet"də şeirlərim çap olunanda 20 yaşım var idi. İndiki kimi o dövrlərdə ciddi ədəbiyyata geniş yer verən bir qəzetdə çap olunduğum üçün gənc bir şair olaraq çox sevinirdim. Məni kimsə bu qəzetə təqdim etməmiş, kimsə şeirlərimi tərifləməmişdi. Özüm zərfə qoyub qəzetin ünvanına göndərmişdim. Şeirlərim özü məni təqdim təbliğ etdi.

 

Gənclərə, xüsusilə istedadlı ədəbi qüvvələrə bu cür diqqətli həssas yanaşmanı, öz timsalımda, "525"in sayəsində müşahidə etdim, öyrəndim. Həyat həm məktəbdir. Bu məktəbdə öyrəndiklərimdən biri istedadlı gənclərə dəstək olmaq, onları təbliğ etmək, tanıtmaqdır. 

 

İndi dəyərli "525"ə əziz oxuculara gənc bir ədəbi istedadı təqdim etmək istəyirəm. Kəramət Məmmədovun 22 yaşı təzəcə tamam olub. Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində dünyaya gəlib. Bu kənddə orta məktəbi bitirib. 2017-2021-ci illərdə Naxçıvan Dövlət Universitetində İqtisadiyyat ixtisası üzrə ali təhsil alıb. İndiyə kimi sadəcə bir şeiri universitetin "Yeni fikir" qəzetində dərc olunub. Olduqca özünə qapalı, insanlarla ünsiyyətdən qaçan, hədsiz təvazökar bir gəncdir. Bu yaxınlarda sosial şəbəkə hesabından fikrimi almaq üçün göndərdiyi şeirləri oxuyanda maraqlı ifadələrə, yeni fikirlərə rast gəldim. Ədəbi dərnəklərdən, məclislərdən uzaq olan, özünün davamlı mütaliə ilə yetişdirən Kəramət Məmmədovun şeirlərdə bitkin ifadəlilik, düzgün sənətkarlıq xüsusiyyətləri gördüm. Zamanla söhbətlərimiz mütəmadiləşdi bir gün çay süfrəsində yeni şeirlərini oxudu. Düşüncələrimizi bölüşdük. Özünün razılığı ilə bəzi şeirlərini aldım. Ümid edirəm ki, göndərdiyim şeirlər bəyəniləcək qəzetin səhifələrində öz yerini tapacaq.

 

Elxan Yurdoğlu,

Naxçıvan

 

525-ci qəzet.- 2022.- 2 fevral.- S.24.