Günlər əl-ələ tutub
İlə çatdı - beş ilə.
Məni yoxluğun yedi,
Səni torpaq - nuş ilə.
Sənsizlik düyün atdı,
Düyünlədi eynimi.
Sənsiz deyən də yoxdu:
- Qalın geyin əynini.
Bu sənsiz ev-eşiyin
Burnunun ucu göynür.
Otağımda dörd divar
Sənin rəsmini geynir.
Səliqə-sahman itib,
Evi yoxluğun
basıb.
Evin hər bir yerindən
Xatirən özün asıb.
Təndir
həmən təndirdi,
Çörəklər bada gəlmir.
Sən olmayan bu evdə
Yeməklər dada gəlmir.
Sən olmayan beş
ildə
Əlli illik qocaldım.
Sənli
keçən günlərə,
Ana, tamarzı qaldım.
***
Anam açan keçələrin
birində,
Eşqim
itən küçələrin
birində,
Öləcəyəm, gecələrin
birində
Ağlayarsan xısın-xısın yad
evdə.
Çox olacaq "Niyə? Nədən?"
gedəndə,
Biçmək üçün mənə
kəfən gedəndə.
Çiyinlərdə cansız bədən gedəndə
Ağlayarsan xısın-xısın yad
evdə.
Rəsmim
gəlsin göz önündə sərginə,
Ağlın getsin mənli-mənsiz sürgünə.
Mən cəhənnəm, mənlə
ölən sevginə
Ağlayarsan xısın-xısın yad
evdə.
Çarə ola bilməyəcəm ağrına,
Mənsiz günlər döndərəcək
yorğuna.
Baş daşımı sıxıb
yanan bağrına
Ağlayarsan xısın-xısın yad
evdə.
Bir dəfə də məzarıma heç getmə,
Məndən sonra tələsiyib köç etmə.
Ağrın alım, ümidimi
puç etmə,
Ağlayarsan xısın-xısın yad
evdə.
***
Qayıt
daha, qayıt gəl,
Gəlib başıma ağlım.
Gəl üç alma düşməsin,
Belə bitməsin nağlım.
Gəl bu dərdli başımı
Qoyum dizlərin
üstə.
Nə ki bir günüm,
keçsin
Ayım dizlərin üstə.
Sığal çək saçlarıma,
Oyna buruq telimlə.
Qucaqlaşsın əllərin
Arada bir əlimlə.
Yoxluğunda göz yaşım
Hücum
çəkən yanağa
Dodaqlarından hərdən
Bir öpüş
ver sadağa.
Qayıt,
gülüm, qayıt,
gəl,
Gəlib başıma ağlım.
Gəl üç alma düşməsin,
Belə bitməsin nağlım.
***
Ömrümün ayrılıq döngəsindəyəm,
Düşmüşəm, sənsizlik ölkəsindəyəm.
Dərd-qəmin, kədərin kölgəsindəyəm,
Xoşbəxtlik günəşi doğmadı,
neynim?
Gözlər sıxar, amma yaş da dayanmaz,
Dilimdən tökülən kaş da dayanmaz.
Təzədən daş üstə
daş da dayanmaz,
Sənsiz eşq sarayım daxmadı, neynim?
Əliylə qəlbimi əzən
yoxluğun,
Badəmə həsrəti süzən
yoxluğun,
İllərlə yanımda gəzən
yoxluğun,
İndi varlığından doğmadı,
neynim?
***
Kişilər ağlamaz deyən
qadınlar
Kişilər gözündə yaşa döndülər.
Eşqin
ilk həftəsi güllü
ilk bahar,
İkinci həftədə qışa
döndülər.
Qorxub səadətin o kölgəsindən,
Qayğı küçəsindən, kef döngəsindən,
Özü soyutduğu eşq
ölkəsindən
İsti şəhrə gedən quşa döndülər.
Aldanıb boş olan dolu vədlərə,
Şöhrətin sərvətin qulu
vədlərə,
Dəyişib getdiyi yolu vədlərə
Geriyə kədərlə qoşa döndülər.
Kişilər qadını qarğışlamazlar,
Gəlişin ayaqda alqışlamazlar.
Heç
vaxt xəyanəti bağışlamazlar,
Çırpılan qapıya boşa döndülər.
Kəramət Məmmədov
525-ci qəzet.- 2022.- 2 fevral.- S.24.