Çəki daşının itməkliyi
Mən bu qeydləri bir neçə il qabaq qələmə
almışam. Bu gün yazıçı dostum Meyxoş Abdullahın 60 illik yubileyində yadıma düşdü. Yox, yazım
onun bütövlükdə
diqqətə layiq olan yaradıcılığı
haqqında deyil, yalnızca bir hekayəsindən aldığım
təəssüratlardan ibarətdir.
Qoy, elə bu qeydlərim
dostuma yubiley təbrikim olsun.
Qəribədir, Meyxoş Abdullahın
"Çəki daşı"
xatirə-hekayəsinin qəhrəmanı,
Cəlilabadda yaşayıb
haqq dünyasına qovuşmuş Ağca nənəsi ilə mənim Laçında yaşamış Ağca nənəm arasında o qədər eyniliklər, oxşarlıqlar gördüm
ki, elə bil, əkiz bacıdırlar. Bunu duymaq ayrı bir həzz idi.
İndiyədək Meyxoşun bir
sıra hekayə, povest və romanlarını oxumuş
və bəyənmişdim.
Amma ovqat durumumla bağlıydımı, müəllifin
get-gedə daha da ustalaşması səbəbindəndimi, bilmirəm
- bu hekayə məni qanadlarına alıb çox uzaqlara apardı. Nənə sevgisini, uşaqlıq xatirələrini, dolanacaq
dərdlərini, halallıq
örnəklərini bunca
sənətkarcasına qələmə
almaq yalnız yüksək ədəbi fəhmi olan qələm sahiblərinə
xas cəhətdir.
Hekayənin ibrət dərsləri, ailə müqəddəsliyinin,
bin-bərəkət təşnəliyinin
sadədən-sadə misallarla
təsviri heyranlıq
doğurur. Məna qatları adamı elə dərinliklərə
çəkib aparır
ki... Unudulmaz Şəhriyarın "Heydərbabaya
salam" poemasında
belə bir misra var: "Söz-söhbəti ağızlar
kişmişiydi..." Desəm
ki, mən Ağca nənə haqqında hekayəni həmin
kişmiş kimi həzm elədim, inanın. Müəllifin cənub koloriti
duyulan bədii dili də kişmiş
şirinliyindədir.
İndi də dostumun hekayəsini mənə daha da doğmalaşdıran
bir-iki cəhət barədə. Yuxarıda dedim ki, nənələrimizin
adı Ağca olub. Meyxoşun yazdığına görə,
nənəsinin "ağ,
bir azca uzunsov sifəti, nazik qaşları onu elə gözəl
göstərirdi ki... Geyim-keçimi nimdaş olsa
da, həmişə səliqəli olardı - mənim Ağca nənəm də eynən eləydi. Qat-qat qırçınlı tuman
geyinərdi. "Üst-başından həmişə
gülab iyi gələrdi. Başımızı onun dizinin üstə
qoyub mürgüləyəndə,
özümüzü hardasa
güllü-çiçəkli sehrli bir aləmə
düşmüş kimi
hiss edirdik".
"Uzun taxtalı tumanı ayağının altında yerlə sürünərdi. İş görən zaman isə tumanının ətəyini dürmələyib qurşağına elə keçirərdi ki, elə bilərdin əyninə enlibalaq şalvar geyinibdir. Yaşı səksəni haqlasa da, çox gözəl qədd-qaməti vardı. Ayda bir dəfə saçlarına xına qoyduğundan, çox da uzun olmayan seyrək saçları qıp-qırmızı rəngdə olardı. Saçlarının qırmızılığı ağ, nazik sifətinə elə yaraşıq verirdi ki..." - Arada çaşıb qalıram ki, Meyxoş mənim nənəmi özəlləşdiribmi, əcaba? Onun da, mənim də nənəmin tərəzisi vardı, ikigözlü, ipli tərəzisi. Bostan məhsulları satardı arabir. Dayılarıma, ya da elə biz nəvələrə acıqlananda "yazıq arvad hirsini həmin adama deyil, öz üstünə tökərdi", - bu qədər oxşarlıqmı olar, ilahi?! Sandığında, yatağının baş yanında həmişə hər kəs üçün pay-puçu olardı Ağca nənəmizin. Geyinib-keçinməyi, bəzənib-düzənməyi bir ayrı aləmdi onun...
Meyxoş hekayəsində yazır: "Nehrənin suyunu da sübh tezdən gedib kəndin yuxarı başındakı "Alçalı" bulaqdan gətirərdi. Bulağa camaat yuxudan oyanmamış, səhərin gözü çırtlayanda gedərdi". Təsəvvür edirsinizmi, mənim Ağca nənəm də səhərlər kəndin yuxarı başındakı "Alçalı çuxur bulağı"na gedər, su gətirərdi. İki Ağca, oxşar adlı iki bulaq.
Meyxoşun Ağca nənəsi 100 il, mənim Ağca nənəmsə 90 il yaşayıb, elin-obanın saflıq mücəssəməsi olublar. Heyif ki, indi nə onlar var, nə onların həmin çəki daşları. Bir çox dəyərlərimiz kimi qeybə çəkilib.
Nə isə... Bir gözəl hekayəsiylə mənim bir axşamımı yaman gülləndirdi Meyxoş Abdullah. Təbinə qüvvət, qardaş! Səni görüm, Ağca nənən qədər ömür sürəsən!
Əli NƏCƏFXANLI
525-ci qəzet.- 2022.- 2 fevral.- S.23.