Nəriman Əbdülrəhmanlı yaradıcılığı: orijinal və tərcümə müstəvisində

 

Nəriman Əbdülrəhmanlı ilə tanışlığımın onun orijinal və tərcümə yaradıcılığı ilə başladığını qeyd etməliyəm. Yalnız bundan sonra ona bir yazıçı kimi qanım qaynadı, onunla fərdi və yaradıcılıq tanışlığımız davam etdi. Bu tanışlıqla onun ədəb-ərkan dünyasına ekskurs etdim, orijinal əsərlərinin və tərcümələrinin keyfiyyətlərinə nəzər salmağa başladım.

 

Gördüm ki, Nəriman müəllim 80-ci illərdən başlayaraq əvvəl publisistika ilə, elə həmin dövrlərdən hekayələrlə, qanlı-qadalı 90-cı illərdən isə povestləri ilə ədəbiyyat arenasına çıxıb. Mütəhərrik düşüncəyə malik olduğundan o, həm də kinopublisistika və kino tarixi ilə yaxından məşğul olub. Bir qədər irəli gedərək Nəriman müəllimin "Azərbaycan kino sənəti tarixi" (dörd cildlik) monoqrafik araşdırmasını da qeyd edib, bədii və sənədli kinofilmlərə vəsiqə verməsini də buraya əlavə etsəm, göz önündə sənətkarın yaratdığı görümlü nümunələri dayanar.

 

Epoxal tarixi və bədii hadisələrin maraqlı panoramını yaradan Nəriman Əbdülrəhmanlı 2000-ci illərdən etibarən roman janrı ilə ülfət bağlayıb. Onun bu arada 10 cildlik "Dünya nəsrindən seçmələr" antologiyasının da adını çəksəm, elə bu andaca burada daha çox diqqət çəkən böyük işlərin görümlü ifadəsi boy verər. Nəriman Ədülrəhmanlının əsərlərinin adi siyahısı belə onun son dərəcə ağır titanik işlər ortaya çıxardığını göstərməkdədir. Bu siyahıda "Tale kitabı" (sənədli nəsr), "Yaddaşlarda yaşayan insan", "Yelçəkən", "Yalqız", "Könül elçisi, yaxud Xuan de Persia-Orucbəy Bayatın hekayəti", "Yolsuz", "Yolçu", "Qurban", "Dönəlgə", "Taclı. Şah, Şah (Bəyim), Şah (Zadə)" roman-triptix və s. yanaşı, türk, rus, fars, gürcü, yapon, alman, Latın Amerikası ədəbiyyatlarından dilimizə çevirdiyi novellalar və digərlərindən etdiyi tərcümələr Nəriman Əbdülrəhmanlının yetərincə məhsuldar yazıçı və mütərcim olduğunu sübut etməkdədir. Bütün bunlardan onun  bir ömrün hədlərinə sığmayan fəaliyyətinin nəticələrini görmək mümkün olur.

 

Nəriman Əbdülrəhmanlının sənət bioqrafiyasının vərəqlənməsi heç də onun əsərlərinin quru, bəsit konstatasiyası anlamına gəlməməlidir. Şəxsən mən onun etdikləri ilə əlaqədar fikir söyləyərkən yazıçının bədii nəsr sahəsində  ortaya çıxardığı uğurları mahiyyəti üzrə görməkdəyəm. İlk addımlarından nəsr yaradıcılığı ilə taleyini bağlamaq da olduqca iddialı bir məsələdir. Eyni zamanda bu iddiaya sənin nə qədər haqqın çatdığını isə ortaya qoyduğun bədii sənət məhsulları sübut etməlidir. Nərimanın da bu sahədə özünü təsdiqləməsinə onun çeşidli belletristikası əsas verirdi. Müəllifin ard-arda çağdaş Azərbaycan romançılığında yaratdığı "Yalqız", "Yolsuz", "Yolçu", "Dönəlgə", "Qurban" və s. kimi əsərləri onun zəngin bədii təfəkkür aynasının əksər cizgilərini ifadə edir və bu nümunələrdəki bədii kombinatorika görümlü effekt yaradır. Məsələn, Nəriman müəllimin "Dönəlgə" romanında oxucunu özünə cəlb edən əsərin  digər çoxsaylı məqamları ilə yanaşı, həm də onun yaratdığı dil palitrası, mövzu orijinallığı, üslub əlvanlığı maraqlı assosiasiyalar ortaya çıxarır.

 

"Qurban" romanının isə bədii interpretasiyası fərqli kontekstdə maraqlıdır. Bu əsərdə Əbdülrəhmanlı uzun zaman kəsiyində Qurban Səid imzasıyla çap olunmuş "Əli və Nino" romanı ilə bağlı mübahisələrə özünəxas rakursdan işıq salmaqla onu yenidən öz fərdi bucağından bədii problem dairəsinə gətirir. Əsərin müəllifliyi ilə əlaqədar məsələyə öz nasirlik istedadı səmtindən baxır.  Onun Lev Nissinbaum, Məhəmməd Əsəd bəy, Elfrida fon Ehrenfels, yoxsa Yusif Vəzir Çəmənzəminlinin qələmə alması ilə bağlı bədii yanaşmalara meydan verir.

 

"Yolçu", "Yolsuz", "Yalqız", "Könül elçisi..." və digər əsərlərində Nəriman müəllim özünəməxsus fərdi bir duyum tərzi ilə əks etdirdiyi hadisələrə baxış sərgiləyir. Bəzən vahid süjet xətti itirildiyindən "Yolçu" əsərinin anlaşılması üçün çətinlik yaradıb, baş qəhrəman kimsəsiz təsiri bağışlasa da, bunlar müəllif tərəfindən bilərəkdən edilir. Bununla belə, yazıçının insanların taleyinə bədbəxtliklər fonunda nəzər salması bədii baxımdan daha əhəmiyyətli olmaqla, həm də özünü doğruldur.

 

"Yolçu" romanında müəllifin baş qəhrəman kimi təqdim etdiyi Mirzə Yusif tarixi şəxsiyyət olsa da, o, sevgisinə yetişmədən dünyadan köçür. Bununla belə, Mirzə Yusif əsərdə gürcülər üçün gürcü, fransızlar üçün fransız olaraq tanınır. Mirzə Yusifin Şəki Karvansarasında dünyasını dəyişməsini isə yazıçı bir tərəfdən öz bədii intuisiyasına, digər tərəfdən həmin tarixi dövrün karvansara atributikasının yaradılması ilə nail olmalıydı. Odur ki, Nərimanın intuisiyası həm də tarixi dövrün koloritini əsərdə uyğun mövqedən yaratmalıydı. Onu da söyləyək ki, XVIII əsrin özünəməxsusluğunu yaradan "Yolçu" romanında yazıçının özü də iştirak etməkdədir. Nəriman üçün özünün bəzi xüsusiyyətlərini əsərlərində təqdim etmək onun iç dünyasının həmin obrazlarda real yaşadığı həyatın cizgiləri, epizodik məqamları və s. iştirakı ilə yer almaqdadır.

 

"Yolçu" romanının infrastrukturunda ermənilərin də yer alması, fikrimizcə, təbiidir. Çünki Nəriman Əbdülrəhmanlının bu romanı qələmə aldığı dövr erməni qəddarlığının elə bir tarixi dönəmini əks etdirir ki, məhz bu dövrdə ermənilər başımıza minbir bəlalar açmışdılar. Odur ki, məsələnin tarixi köklərinə müəllifin bir yazıçı olaraq nəzər salması da təsadüfi deyildir. Digər bir tərəfdən isə "Yolçu"da tarixi məxəz və mənbələr öyrənilmədən romanın tarixə adekvatlığı da şübhə altına alına bilərdi. Buna görə də Nəriman müəllim üçün "erməni" anlayışı xalqımız, vətənimiz, dövlətimiz və dövlətçıliyimiz üçün ciddi problem kimi assosiasiya olunmaqdadır. Müəllif də bu romanda heç bir mübaliğəyə yer vermədən ermənilərin Azərbaycana gəlişini Şah Abbasın onları İsfahan ətrafındakı Culfa şəhərinə köçürməsindən, bundan sonra onların Eçmiədzinə gəlməsindən, daha sonra Azərbaycan hökmdarlarına bəxşişlər verib, bu ərazilərdə möhkəmlənməsindən bəhs edir və xalqımızın mental xarakterində olan bəzi məqamları təsvir etməkdən də kənarda qalmır.

 

Nəriman Əbdülrəhmanlı tarixi romanda faktologiya əsiri olmasa da, faktlardan üz çevirməyi də qarşıya məqsəd qoymayıb. Amma bu roman faktoqrafiya, nüsxəçıxarma yox, faktların dili ilə danışan tarixi romandır. Fikrimcə, "Yolçu" Azərbaycan tarixi romançılığında xüsusi fenomen kimi qəbul edilməklə yazıçının yaşadığı dövrdən onun təsvir etdiyi epoxaya baxmaqla, həm də ictimai-mədəni tarixi fikrimizin keçmişə münasibətini əks etdirməkdədir. Bu roman ümummilli özünü identifikasiyanın ictimai-tarixi şüurda, elmi-mədəni və fəlsəfi-sosioloji düşüncədə istiqamətini kardinal şəkildə indiyə qədər deyilənlərdən daha fərqli nəzərdən keçirir, tarixi təhkiyənin inkişafının yeni tendensiyalarını formalaşdırır. Bu isə Azərbaycan romanistikasının bədii sistem janrında yer almış ümumi qanunauyğunluqlarını ortaya çıxarmağa kömək edir.

 

Nəriman Əbdülrəhmanlı "Yolçu" romanını qələmə alarkən yaxşı başa düşürdü ki, tarixi romanda qəhrəmanlar nəzərdə tutulduğu şəkildə mühüm hadisələr kontekstinə daxil edilməli, həmin hadisələr fonunda süjet inkişaf etdirilməlidir. Məhz bu hadisələr fonunda süjetin inkişafı ilə personajların taleyi bir-biri ilə sıx əlaqələrdə olmalıdır. Eyni zamanda bu janrda faktla bədii xülya bir-biri ilə qaynayıb qarışmaqla, həm də bir-birini doldurmalıdır. Qəhrəmanlarsa həm real tarixi şəxsiyyətlər, həm də müəllif təfəkkürünün məhsulu olmalıdır. Məhz belə tarixi həqiqətin və bədii fantaziyanın köməyi nəticəsində oxucular şahidlərin gözü ilə digər tarixi mərhələyə baxıb, fərqli zaman atmosferini görə bilməlidirlər. Buna görə də onun bədii hədəfində Şah Abbas zalım kimi təqdim edilirdi. Şah Abbasın türk tayfalarını özündən kənarda saxladığını, ermənilərə və farslara daha çox qucaq açdığını ön plana çəkirdi. Bu da onunla bağlı idi ki, Şah Abbasın anasının damarında həm də erməni qanı axırmış. Odur ki, Şah Abbas hakimiyyətə gəldikdə ən aparıcı vəzifələri də ermənilərə həvalə etmişdi. Bundan da ermənilər öz xeyirlərinə yararlanırdılar. Və nəticədə ermənilər  Şah Abbasda Bayat tayfasından olanlara  nifrət oyatmağa müvəffəq olmuşdular.

 

N.Əbdülrəhmanının tarixi romanlarında tarixi hadisələrin qəhrəmanla onun fərdi taleyi arasında yaxın bağlılıq hiss olunmaqdadır. Bununla belə, "Yolçu" əsərinin episentrində tarixi dövrün özünün təsviri, onun hərəkəti və inkişafı, yazıçının tarixi prosesi necə dərk etməsi diqqət mərkəzinə çəkilir. Müəllif bu əsərdə illüziyalardan daim kənarda dayanmağa çalışır. Əsərdə təsvir olunan dövrlə bağlı doğru-düzgün qənaətlərə gəlinməsi önəm  doğurur.

 

Nəriman Əbdülrəhmanlı burada heç də tarixi koloritin ilk kəşfedicisi kimi çıxış etmir. Bununla belə, yazıçının tarixi roman təfəkkürü kontekstində ortaya qoyduğu təcrübəsi həm də bu janrın özünəməxsus estetikasını yaratmağa  gətirib çıxarır. Müəllif tarixi dövrün dramatizminın göstərilməsi və tarixi olaylara professional münasibətləri incələdikdə nəinki maddi dünyanın əsl simasını, həm də həmin dövrün mənəvi simasını rekonstruksiyaya uğratmadan nail olur.

 

Nəriman Əbdülrəhmanlı romanlarında tarixi konkret zaman kəsiyində və şəraitində təsvir etməyi qarşısına məqsəd qoyur. Bu kontekstdə sənətkar dünya ədəbiyyatı təcrübəsinə müraciət edir və görür ki, doğrudan da tarixi mövzunun inkişafında tarixi roman janrı əvvəllərdə olduğu kimi, yenə də aparıcı rol oynayır. Nəriman müəllimin bunları dərindən mənimsəməsinə, heç şübhəsiz ki, onun İskəndər Pala, Əlif Şəfəq, Orxan Pamuk, Fyodor Dostoyevski, Andrey Platonov, Mixail Şoloxov, Qabriel Qarsia Markes, Paulo Koelyo, Tomas Vulf, Virçiniya Vulf və digər dünya  şöhrətli yazıçıların dəst-xəttinin yetərincə öyrənilməsi sahəsində baş vermişdi. Əlbəttə, biz Nəriman müəllimin hər hansı əsərinin süjet xəttində tarixi hadisələrin yer aldığını görüb, onu heç də bu janra aid etmirik. Lakin bunu da bilirik ki, terminin özü genetik baxımdan məzmun sferası ilə bağlıdır. Belə olduqda tarixi mövzu heç də bu janrın yeganə təyinedici əlaməti ola bilməz.

 

Təbii ki, tarixi roman üçün ən mühüm olan cəhət yeni qəhrəman tipinin axtarışıdır. Daha doğrusu, tarixilik romanın sənədlərə dəqiqcəsinə müvafiqliyində yox, onun mahiyyətinin, daxili aləminin, psixologiyasının və epoxanın problematikasının təqdimatındadır. Bu da məlumdur ki, tarixi personajlar öz məhdud sayı ilə kütlə yaratmağı bacarsa da, cəmiyyət  kütləsiz təsvir oluna bilməz.

 

Sənətkarın xülyası ilə yaradılan personajların əsərdə yer alması ona görə zəruridir ki, epoxanın müxtəlif sosial tələblərini, aşağı siniflərin psixologiyasını, halını, xasiyyətini, xarakterini, mədəni keyfiyyətlərini göstərə bilsin. Romançı özünün düşünüb qurduğu, təsvir etdiyi şəxslərin köməyinə söykəndikdə onların özünəməxsus xarakter və taleyini göstərib, qəhrəmanlara hər hansı rol verməklə, həm də onların şəxsi və fərdi həyatını, epoxanın intim detallarını və s. qabarda bilir.

 

Nəriman Əbdülrəhmanlının tarixi nəsrinə nəzər yetirdikdə görürük ki, həqiqətən də onun tarixizmlərlə əhatə olunmuş əsərləri nəinki estetik, həm də bədii-idraki dəyər daşımaqdadır. Nəriman müəllimin romanlarındakı tarixi həqiqət sənət həqiqətindən onunla fərqlənir ki, o, detalların dəqiq verilməsinə daha az yer verib, epoxanın mahiyyətini, ruhunu daha çox qabartmağa müvəffəq olur. O, digər çoxsaylı tarixi roman müəllifləri kimi irimiqyaslı hadisələrin təsvirindən kənarlaşmaqla keçmişin dövrümüz üçün gərəkli xüsusiyyətlərinin axtarılıb tapılmasına daha çox nəzər salmağı bacarır.

 

Heç şübhəsiz ki, Nəriman Əbdülrəhmanlı yaradıcılığından bəhs etdikdə, eksklüziv də olsa, onun tərcümələrinə nəzər salmaq da vacibdir. Yuxarıda söylədiyimiz kimi, onun dünya nəsri xəzinəsindən - Türkiyə ədəbiyyatından N.F.Qısakürək, İ.Pala, Ə.H.Tanpınar, O.Pamuk, G.İrepoğlu, Ə.Şəfəq, R.Özdənörən, M.Mollaosmanoğlu; rus F.M.Dostoyevski, M.A.Şoloxov, A.P.Platonov; ingilis Lorens Lokkart; italyan Antonio Tabukki;  britaniyalı Virciniya Vulf, Salman Ruşdi; avstriyalı Tomas Bernhard, fransız Jan Pol Sartr, Qüstav Lebon; amerikalı Tomas Kleyton Vulf; Latın Amerikası ədəbiyyatından - braziliyalı Paolo Koelyo; kolumbiyalı Qabriel Qarsia Markes; argentinalı Xorxe Luis Borxes; qvatemalalı Migel Anxel Asturias; yapon Kobo Abe, Kendzaburo Oe, Kenszi Maruyama, Yukio Misima; gürcü Qoderzi Çoxeli, Otar Çiladze, Revaz İnanişvili; qazax ədəbiyyatından Abay Kunanbayevin "Qara söz"ləri və Rollan Seysenbayevdən dilimizə çevirdiyi "Dünyanın çökdüyü gün" (romanlar və esse) Azərbaycan nəsrini mövzu, motiv, süjet, kompozisiya və struktur baxımından ciddi şəkildə bəhrələndirdiyini sübut edən nümunələr kimi ortadadır. Bütün bunlar göstərir ki, orijinal yaradıcılığı ilə yanaşı, N.Əbdülrəhmanlının  tərcümələrinə də nəzəri və praktik müstəvidə baxış sərgiləməyin vaxtı yetişib.

 

 

Nizami TAĞISOY

Professor

nizami.mamedov@mail.ru

 

525-ci qəzet.- 2022.- 2 fevral.- S.22;23.