Klassik ədəbi irslə maraqlı səsləşmə  

 

BİLAL ŞİRVANİNİN "LEYLİ VƏ MƏCNUN" ƏSƏRİ ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR

 

 

(Əvvəli ötən sayımızda)

 

Əsərdə yeni personajın - Qeybdən gələn səsin mövcudluğu həm əsərin bədii təsir gücünü artırır, həm də digər personajları öz oxundan çıxarmağa qoymur. Yer öz oxu ətrafında fırlanan kimi, bütün surətlər də Qeybdən gələn səsin ətrafında fırlanır. Bu səsin hər hansı məqamda müdaxiləsi ilə pozulmuş pərsənglər bərpa olunur. Eyni zamanda qeybdən gələn səs bu personajlar arasında bir əlaqə, bir rabitə yaradır və hamını dinləyəndən sonra özü son nöqtəni qoyur:

 

Qayıdıb "Haqqın kəlməsi", imarətdi mülkünə o,

"Zəngulə"si şöləsində Haqqa çatıb, mücərrəddi.

Çevrəsində öz dünyası, aləmlərin məkana tuş,

Oxu mərkəzində oxdur, yazı isə qiraətdi.

Bu bəşərdən fərqli olan "Tək"dir, öz aləmində can,

İnsan aləm şöləsidi, "Nur" isə bil, o Sifətdi.

Bu qanundan kənar çıxmaq, asi düşməkdir bil onu,

Əhli-müsəlmançün Quran o vacibat, şəriətdi.

 

***

 

Muğam Tanrı göndərişidir, vəhydir. Vəhylər cəminin - cəmlər cəminin fəryadıdır. Bu vəhyi eşidən, duyan, dərk edən yolunu azmaz, Allahına - yaradanına asi olmaz. Çünki Muğam onu dinləyəni, dinləyib də dərk edəni, dərk edib də düşünəni özünə qaytarır. Öz oxundan çıxmağa qoymur.

Vəhy kimi qəbul edildiyindəndir ki, müqəddəsləşdirilir və hətta müəllif bu fikri leytmotiv kimi bir beytlə kitabın üz qabığına çıxarır:

 

Sən ey Muğamdan bixəbər, gəl əl dəymə kitabə,

Çün eşq işi ahu-fəğandır, ahı çatmış fəryadə.

 

Müəyyən məqamlarda Muğam oxunuşu "Quran" oxunuşu kimi ali məqama yüksəlir:

 

Söylə onun öz xətrinə gəl hərənin öz qəzəlin,

Ruhu şad olsun qoy onun "Nur" imanı öz xətrinə.

Gəlmiş haqqın öz müjdəsi, oxu onu avazında,

O Rəbbin öz payı təki, bir "Quranı" öz xətrinə.

 

Yuyunmaq insani cismən pak edir. Qüsl vermək mənən. Muğam isə insanı həm cismən, həm də mənən pak edir. Yolunuz düyün düşəndə özünüzü Muğama təslim edin. O sizi sağ-salim getmək istədiyiniz yerə aparıb çıxaracaq.

 

Muğamın təsvirin dərk edib bilək,

Baxaq nə yaratmış o Allah görək!

Qəzəl Muğam içrə zikr olunsa gər,

Onda qəzəl içrə "Ruh" yata gərək.

Əgər ki, yatmasa qəzəlin ruhu,

Deməli, oyaqdır o hüsnü-mələk.

Olsun ki, yatmasın, gəzsin aləmi,

Xəbərin çatdırsın o "Ayə"lər tək.

Onun öz aləmi var aləm içrə,

O biri aləmə aləmdir dirək.

Şiddəti atəşdi sönməyən eşqi,

Aləmi bürümüş o ərşi-fələk.

Muğamdır cahili kamil eyliyən,

"İnsanlıq" adını nuş edən çörək.

Qəzəldir Muğamın ilahi eşqi,

Ləlü-cəvahiri gəl birgə düzək.

Onun əzan səsi səbrdi, səbr,

Cəvahir mülkündə oturmuş o "Tək".

Lal tək hecalayıb düşmə sən yola,

"Əruz" tək addım at, ya Haqq deyib çək!

 

Budur Muğamın möcüzəsi. Möcüzə yaratmaq qüdrəti isə yalnız və yalnız Allah-təalaya məxsusdur.

 

***

 

Dərd ilahi bir qismət, ilahi bir nemətdi. Hər adam dərd çəkə bilməz.  Dərd də hər adama qismət olmasını istəməz. Onu çəkə bilənə qismət olanda dərdin çiçəyi çırtlayır. Çünki "Dərdi dərd edəndə dərdə çevrilir". Dərd - çəkiləndə dərd olur.

 

Dərd əzəmətli bir ağac timsalındadır. Onun qəm, kədər, nisgil, xiffət, hicran, ayrılıq, həsrət, ağı, edi, ah, fəğan, zülm, zillət və s. və s. adında onlarca, bəlkə də yüzlərcə qol-budağı var. Və bütün bunların hamısı bir yerdə olanda olur əzəmətli bir dərd. Ancaq ümumən götürüləndə sadaladıqlarımızın hər biri də ayrı-ayrılıqda böyük təsir gücünə malikdir və hətta müəyyən məqamlarda iradəsi zəif olanlar üçün çəkiləsi mümkün olmayan bir hala çevrilir. Ən çox da insanın məhvi bu məqamlarda baş verir. Çünki bu mərhələlərdən keçib gələrək dərdin dərin girdabına düşənlər nəinki ölmür, bəlkə də əbədi ölümsüzlük qazanırlar. Lap elə Leyli - Məcnun kimi!

 

Muğam da eynən öylə!

 

Muğam da dərddir. Dərdlər toplusudur. Bu topluda "Şahnaz", "Ərağ", "Mənsurə", "Rahab", "Humayun", "Rast", "Hicaz", "Zəminxarə", "Dəşti", "Dəramət", "Sarənc", "Dügah", "Mahur", "Şüştər", "Heyratı", "Segah", "Zabul", "Çahargah" və onlarca başqaları yer alıb. Bunlar bir yerə cəm olaraq fəryad qoparır və bu fəryaddan "MUĞAM" əmələ gəlir.

 

***

 

Eşq dərdi, ey müalic, qabili - dərman deyil!

Cövhərindən eyləmək cismi cüda asan deyil!

 

(M.Füzuli)

 

Qandı canın zikrindəki, "Şur"da ixtiyar Sahibi,

Ruhun səcdəsində "Dügah" de, içrə o bənzər nədi?

 

(B.Şirvani)

 

Eşq müqəddəs kitab - "Qurani-Kərim"in surəsi timsalındadır. Leyli və Məcnun bu müqəddəs kitabın surəsinin ayələridir:

 

Bəlayi-eşqdən didari haldır,

Od ilə alovun atəş naləsi.

"Surə"sin göndərmiş Haqq-Pərvərdigar,

Leyli və Məcnundur Eşqin ayəsi.

 

Bu, elə bir kitabdır ki, oxuduqca oxunar. Doydum deyilməz. Çünki Məcnun "Haqqın" ayəsində Leylini görmüşdü. Leyli də Məcnunu bu qayda ilə. Butaları Tanrı tərəfindən verildiyindən idi ki, bu eşq İlahi Eşq, İlahi Sevgi mərtəbəsinə yüksələ bilmişdi:

 

Ol iki xərabi-badeyi-zövq,

Bir camdan içdilər meyi-sövq.

Girdabi-bəlaya oldular qərq,

Qalmadı aralarında bir fərq.

Övzai-müxalit oldu yeksan,

Guya iki təndə idi bir can.

 

(M.Füzuli)

 

Qaranlıq dünyanın işıqlı cünü,

"Nur" səpdi zülmətə, alışdı "Dügah".

Hüzurunda eşqin mələklər ilə,

Əyan etmiş Haqq özü O, agah.

O qədrin gecəsi yanmış o çıraq,

"Nur"un bu tamından eylə Bismillah.

 

(B.Şirvani)

 

"Qurani-Kərim" Qədr gecəsində nazil olub. Leyli və Məcnunun butası da Qədr gecəsində verilib. Bu eşqin müqəddəsliyini, məncə, burada axtarmaq gərəkir.

 

İlahi eşq qisməti-ruzidi: Dərindir eşqin dünyası ruzilərin ruzisində.

Qisməti-ruzilər özü gəlib eşqin naharından,

Ruzi qismətidir bu hal, o təbindən bil, sevgilim.

 

Sevgi doğuluşdu. Sevmək həyata yenidən gəlməkdi. Tanrı kişiyə də, qadına da ruh verib. Ancaq bir-birilərini sevdikləri andan kişi öz ruhundan qadına ikinci dəfə ruh verir. Beləliklə, də aşiq və məşuqun ikinci doğum anı, ikinci həyatı başlayır.

 

O ilahi bir qərardı, mən də gəldim bəhridən,

 

(B.Şirvani)

 

Aşiq oldur kim, qılır canın fəda cananına,

Meyli-canan etməsin hər kim ki, qıymaz canına.

Canını canana verməkdir kəmali aşiqin,

Verməyən can etiraf etmək gərək nöqsanına

 

(M.Füzuli)

 

Leyli-Məcnun içrə tamın bismillahın süfrəsiyəm,

Gör ki, səbəb Allahdandı bu rizini vermiş o Haqq.

 

Burada iki əsas məqam var:

 

Birinci məqam Tanrı gözəlliyi və Tanrı sevgisi, ikinci məqam gözəlliyin, sevginin ilahiləşdirilməsi...

 

Tanrı gözəllik və sevgi simvoludur, gözəlliklər və sevgilər məcmuudur.

 

Gözəllik ilahi bir nemətdir, sevgi ilahi bir duyğudur.

 

Tanrı insanı gözəl yaradıb və sevgi ilə yaradıb. Yaratmazdan öncə də "mən elə bir varlıq yaradacağam ki, cəmi yaratdıqlarımın əşrəfi, yəni şərəflisi olsun", - deyib. Beləliklə, Adəm xəlq olunub.

 

Adəm yarandığı gündən Cənnətdə naz-nemətlər əhatəsində idi. Hər cür qayğı və ehtiyacdan uzaq idi. Bununla belə, Adəm çox kədərli görünür, özünü tənha və yalqız hiss edir, qəlbinin dərinliyində nəsə bir boşluğun olduğunu duyurdu.

 

Allah-təala bilirdi Adəmin narahatçılığının kökündə nəyin dayandığını. Onun üçün min bir gözəlliklə, min bir sevgi ilə Həvvanı yaratdı.

Adəm və Həvva Cənnətdə çox qala bilməzdilər. Çünki Tanrı onları yer aləmi üçün yaratmışdı və gec-tez bir vasitə ilə onlar yer aləminə göndərilməli idilər. Onlar burada yaşamalı, sevib-sevilməli, yer kürəsini bəşər övladlarının məskəninə çevirməli idilər.

 

Adəm gözəl şair idi, ilhamını da Həvva dediyimiz ilahi bir varlığın gözəlliyindən və sevgisindən alırdı.

 

İndiyə qədər mövcud olan bütün məhəbbət dastanlarının kökündə "Adəm və Həvva" dastanı dayanır. Elə "Leyli və Məcnun"un da. Bilal Şirvani də bundan xəbərsiz deyil yəqin.

 

***

 

İlahi eşqə qovuşmağın yolu çox vaxt haqqa qovuşmaqdan keçir. Bu Kanda baş tutmayanda, Məkanda icrasını tapır. Ancaq istər Kanda, istərsə də Məkanda bu qovuşuq biz düşündüyümüz qədər də asan deyil.

 

Çünki:

 

Cihaddır nicatın yolu, bunu bilir İmamət bil,

Haqq yoluna çıxan təbin, önündəki ləşkər nədi?

 

Bu, Məcnunun haqq aşiqi İmam Hüseyn zirvəsinə yüksəldiyi məqamdır. Çünki İmam Hüseyn haqq yolunda, haqq uğrunda, mizan-tərəzinin pozulmuş tarazlığını bərpa etmək uğrunda cihad elan etmişdi. Ömam Hüseyn bilirdi ki, onun yolunu ləşkərlər kəsəcək, o da özünü səhralara vurmalı olacaq:

 

Biçarə sərgərdan olub dəşti səhra ocağında,

Eşq mülkündə o dəm tutan, avarə dərdü-sər nədi?

 

Bu səfərdə məğlubiyyət yoxdu. Çoxlarına məğlubiyyət təsiri bağışlayan bu səfər bəlkə də ən böyük qalibiyyət, ən böyük zəfərdi.

 

Mənə kim tənə eylər, kim nəsihət əhli-aləmdən,

Xoşam kim, etibari-eşq ilə hər dildə məzkurəm.

 

(M.Füzuli)

 

Çünki bu hamıya nəsib olmayan bir tanrı qismətidi:

 

Qismət olsa bizə  "Rahim", çatarıq Haqq aləminə,

Onda deyər bizə ki, can, bu tutduğun səfər nədi?

 

Gərəkdir ki, bunun öz vədəsi yetişsin:

 

Vaxtı gəlib çatanda ki, qismət olar İlahi tam,

Ruzi-qismətindəki hal, bəxtə çatmış bəhər nədi? 

 

Rafiq ODAY,

Şair-publisist, Əməkdar jurnalist

 

525-ci qəzet.- 2022.- 2 fevral.- S.20.