Zülmün tablosu
"Bir rəsmin dedikləri"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Sənubər
Hacıyeva İlyaslıdır. Onunla rəssam
Haşmet Akalın
"Baladız hekayəsi"
əsəri haqqında
danışmışıq.
***
- Əsərə keçmədən
öncə rəssam haqqında qısa məlumat verə bilərsinizmi?
- Haşmet Akal 1918-ci ildə
İstanbulda anadan olub. O, şair Rasim Haşmetin oğludur. Rəssam İstanbulda yerləşən
Galatasaray və Haydarpaşa məktəblərində
təhsil alıb.
Rəssam özü kimi
istedadlı gənc rəngkarlarla birgə
1940-cı ildə "Yenilər",
yaxud "Liman qrupu" adlanan yeni bir cərəyan
yaradır. Bu qrupun
ilk sərgisi həmin
il mart ayının
28-də Beyoğlunda yerləşən
Jurnalistlər Cəmiyyətində
olur, bu cərəyanın ilk sərgisinin
mövzuları Anadolu
insanın məişəti,
yaşadıqları və
İstanbul limanları
idi. Həmin dövrdə insanların problemlərini, çətin
həyat şəraitlərini
kətana köçürmək
və bu cür əsərlərdən
ibarət bir sərgi açmaq sənətkardan
cəsarət tələb
edirdi.
1946-cı ildə akademiyanı
bitirən H.Akal dövlət hesabına Parisə gedir, burada Andre Lhote və Fernand Leger kimi rəssamların emalatxanalarında işləmə
şansını fövtə
vermir. O, bir müddət də Jean Metzengerin yanında işləyir. Rəssam şimali Fransada
yeni bərpa olunmuş bir kilsədə keçirilən
yarışda qalib gəlir.
Yarış divar rəsmləri ilə bağlı idi və bu
birinciliyə görə
o, yaşadığı Valenciennes
qəsəbəsində məşhurlaşır. H.Akal 1953-cü ildə vətənə qayıdır. 1954-cü ildə bir bankın
"İstehsal" adı
altında açdığı
yarışda "Balıqçılar"
kompozisiyası ilə
çıxış edir.
Yarış rəssama
uğur gətirir və elə həmin il
Beyoğlu Şəhər
Qalereyasında köhnə
və yeni əsərlərindən ibarət
sərgi açır.
- Keçək rəsmimizə.
Rəsmdə nə baş
verir?
- Türkiyənin cənub-qərbində yerləşən İspartanın kiçik bir əyaləti Baladızda baş verən kəndli-ağa qarşıdurmasının leytmotiv kimi seçildiyi bu tablo çox güman ki, rəssamın yaradıcılığının ilk dövrlərinə aiddir. Burada Anadolu insanının illərlə haqsızlığa məruz qalaraq sonda çıxış yolunu qatil olmaqda tapdığını görürük. Əsəri bir cümləlik atalar sözümüzlə də izah etmək olar: "Mərdi qova-qova namərd edərlər". Təbii ki, əksər hallarda mərdi başqa heç bir şəkildə namərd birisinə çevirmək olmur. Əgər xislətində yoxdursa, təbii ki. Əsər real həyatda yaşanmış bir hadisə ilə bağlıdır. Hadisənin şahidlərinin bəziləri hələ də yaşayırlar. Burada mərd Anadolu insanı - baladızlılar, namərd isə Abdullah ağadır. Haqqında mahnılar bəstələnən bu hadisə elə mahnılardan birində də deyildiyi kimi, 1946-cı ildə baş verib:
1946'nın yazında
Baladız'ın harmanları savrulur,
Demir Arif toprağında tozunda
Ecel gelmiş kuşlar gibi çevrilir,
Çevrilir ağam.
Haciz geldi ocakları bozuyor,
Kimi vergi, kimi sorgu yazıyor.
Can dayanmaz kul canından
beziyor,
Böyle
olursa demir kalmaz sivrilir,
Sivrilir ağam.
Akıl
ermez şu feleğin işine,
Ağa olmak, paşa olmak boşuna,
Bir taş değer
gelir bir gün başına,
İnsan
oğlu baki değil devrilir,
Devrilir ağam.
Abdullah kişi ağa
olmuşdu, lakin insan ola bilməmişdi.
Mahnıda da deyildiyi kimi, o, əhalinin var-yoxunu əlindən alır, şəxsi mülklərini,
torpaqlarını sənədləşdirərək
öz adına
keçirir və onları özü üçün işləməyə
məcbur edirdi.
- Necə oldu ki, çıxdılar ölüb-öldürməyə?
- Yay aylarından biri idi... Və bu günlərin birində əhali kəndi gəzməyə çıxan Abdullah ağadan onların mülklərini özlərinə qaytarıb bu əzaba son qoymağını xahiş edir. Lakin o, bunu heç vaxt etməyəcəyini deyir. Ancaq özü də bilmirdi ki, o, bununla öz sonunu hazırlayır. Çünki artıq baladızlıların səbir kasası daşmışdı. Ona tərəf gələn izdihamdan qorxan Ağa onlara atəş açır. Bir neçə nəfər yaralansa da, insanları fikrindən döndərə bilmir və baladızlılar Abdullah ağanı daş yağmuruna tuturlar. İspartadan polis gəlsə də, heç cür içi qəzəb dolu bu insanların qabağını kəsə bilmir. Abdullah ağanın labüd ölümü gerçəkləşir. Polis onu xəstəxanaya, əhalini isə İspartaya aparır. Qadınları və uşaqları sərbəst buraxsalar da, 42 nəfər kişini həbs edirlər.
Ruhi Sarı bu hadisədən təsirlənərək "Baladız ağısı" adlı mahnı yazır və bu mahnını Edip Akbayram, sonralar isə başqa sənətkarlar oxuyurlar.
- Əsər hazırda harda saxlanılır?
- Əsər şəxsi kolleksiyada saxlanılır.
- Əsərin rəng koloriti və kompozisiyası barədə nə deyə bilərsiniz?
- Tabloda tünd rənglərdən və pastel tonlarından daha çox istifadə olunub. Ön planda ağ rəngdə baş örtülü qadının ağanı daşlayan insanın anası olduğu hiss edilir. Bu, onun hərəkətlərində və üz ifadəsindən bilinir. Əsərdə rəssamın əsas məqsədi Anadolu insanının əziyyətlərini kətana köçürməkdir. Baladız hekayəsi adlanan əsərdəki hər bir xırdalıq gerçəkliyə uyğun olmasa da, rəssam həmin hissləri - qorxu-hürkünü, qəzəbi, qisası göstərə bilib. Kompozisiyada gərginlik və sükut həlli ilə təzadın göstərilməsi rəng çalarları ilə davam edir. Bir az da diqqət yetirsək, kompozisiyadakı rəng təzadını da seçə bilərik. Həmin fiqurdan sağda daha açıq və əlvan rənglərdən istifadə olunmasına baxmayaraq, solda daha tünd koloritə müraciət edilib. Hətta eyni bir rəngin müxtəlif çalarlarından istifadə olunub. Bu, özünü təpənin və ətəkdəki evin damının rənglərində büruzə verir. Burada o qədər də nəzərə çarpmayacaq dərəcədə qəhvəyinin və qırmızının bir ton açığından istifadə olunub.
Əsərdə polisin müqavimətinə məhəl qoymayan bir insanın Abdullah ağanın üzərinə böyük bir daş endirmək üzrə olduğu, ağanın da bundan xilas olmağa çalışması göstərilib. Mənim fikrimcə, rəssam burada heç kimin öz taleyindən qaça bilməyəciyini vermək istəyib. Qadınların, uşaqların və yaşlıların üzlərindəki qorxu, eyni zamanda, polislərdən gizlənmək cəhdləri uğurlu şəkildə tabloya köçürülüb. Anaların üzlərində qayğı və kədər öz ifadəsini tapıb. Gələcəkdən bixəbər analar uşaqlarını sakitləşdirməyə çalışırlar. Bu hadisədən narahatçılıq keçirən və ön planda verilən insanlardan fərqli olaraq daha arxa planda verilən obrazlar bir insanın ölümünü izləyə biləcək qədər qəzəbli idilər. O obrazlar insanda "istəsələr kömək edə bilərlər, amma etmirlər" təəssüratı yaradırlar.
- Əsərdə insanlarla yanaşı, bir heyvan və məişət əşyaları da təsvir olunub.
- Həmin əşyalarla rəssam göstərir ki, Ağa onları qovub, insanlar heç uşaqlarını geyindirməyə fürsət belə tapmayıblar. Əsərdəki hadisə yay günəşinin yandırdığı təpələrin ətəyində təsvir edilib. Gölün ətrafından başlayan meşə uzaqlara uzanır və bunun nəticəsində perspektiva yaranır. Əsərdə ağanın öldürüldüyü tərəfdə biz müəyyən bir postamentin üzərində quraşdırılmış uzun bir dəmir parçası görürük. Əgər bir az da diqqət yetirsək. görərik ki, onun vasitəsilə rəssam sanki kompozisiyanı iki hissəyə bölüb və bu da əsərə təzad gətirib. Bu fiqurdan sol tərəfdə insanların talelərinin həll olunmasına, gərginlik, qisas, qəzəb kimi hisslərin baş alıb getməsinə baxmayaraq, sağ tərəfdə həyat çox sakit tərzdə davam edir. Gölün ətrafındakı yaşıllıq, meşəlik və təmiz havanın, sükutun duyulması bəlkə də, əsərdəki bu gərginliyi azaltmağa xidmət edir. Mənim fikrimcə, bələkdəki körpənin əl hərəkəti belə boşuna çəkilməyib. Çünki əsl rəssamın tablosunda təsadüfi heç bir şey olmamalıdır. Bu, azadlıq istəyinin simgəsi olmalıdır. Yəni Abdulla ağadan xilas olduqlarını rəssam vurğulamaq istəyib.
- Bu rəsm bizə nə deyir?
- Əsərdə nifrət və kədər hissləri çox güclüdür. Ona görə də bu əsər bizə müsbət keyfiyyətlərimizin daha çox olması üçün çalışmalı olduğumuzu deyir. Çünki "Abdullah ağa"ları yaxşı sonluq gözləmir. Bu əzab fiziki də ola bilər, mənəvi də.
Aytac
SAHƏD
525-ci qəzet.- 2022.- 2 fevral.- S.21.