Samuray mənəvi ruhu yaşayır
Samuray
zümrəsi min il ərzində Yaponiya
tarixinə daxil olmaqla, ölkədə baş verən
bütün siyasi hadisələrdə fəal iştirak etmişdir.
Əgər bu gün Sumo güləşi və
ya sakuranın çiçəklənməsini heyranlıqla
seyr etmək Yaponiyanın rəmzi hesab olunursa, samuraylar bu əlaməti
daşımağa daha artıq layiqdirlər.
Yaponların müqəddəs saydıqları Fudziyama
dağını (hərfi mənada "Fudzi dağı"
və ya yaponların əzizlədiyi qaydada
adlandırdıqları kimi "Fudzi-san") təbiət
yaratmışdısa, samurayı da xalq yaratmaqla, ona az qala əfsanə donu geyindirmişdir. Samuray əyalət kəndlərindəki
döyüşçü kimi meydana gəlsə də, iri
torpaq sahiblərindən ötəri və hərbi diktaturaya
yiyələnən syoqunlar üçün möhkəm dayaq
rolunu oynamış, ağalarına sədaqət, həm də
özünü intihar etmək də daxil olmaqla əsl
ağlasığmaz fədakarlıqlara imza atmışlar.
Onların mənəvi dünyası uzun bir
müddət ərzində aludə obyektinə
çevrilmiş, igidlikləri xalqın mübarizə səhnəsini
bəzəyən qüdrətli faktor rolunu
oynamışdır.
Samurayların vicdanını döyüş fərqləndirirdi. Axı bəzən
qüsurlardan ləyaqət də boylanmağa başlayır.
Xristian rıtsarlarının üç başlanğıc
dayağı var idi: din, müharibə və şöhrət.
Yaponiyadakı Busidonun isə bir neçə mənşəyi
var idi. Əslində, yaponları
başqaları ilə müqayisə etmək də
düzgün deyildir, mahiyyətcə yapon xüsusi millətdir.
Samuray Göyün əla
hədiyyələrinin daşıyıcısı idi. Özünün xalqın içərisində
seçilməsinə baxmayaraq, öz əxlaqi
standartını yaratmış və həm də ləyaqət
nümunəsi olmağa xidmət etmişdi. Ona görə də samuray bütün xalq
üçün ideala çevrilmişdi. Yaponun
mahnıda oxuduğu kimi, sakura çiçəklər
arasında çariçadırsa, samuray adamlar arasında
ağa idi. İntellektual və mənəvi
Yaponiya, birbaşa və dolayı yolla olsa da, samurayın
müqəddəs kodeksi olan Busidonun bəhrəsi idi.
Lakin samuray kimi məşhur silkin də sonu gəlib
çatdı, 1868-ci ildə başlanan Meydzi Bərpası
yapon cəmiyyətinin canına hopmuş bu sinfi birdəfəlik
ləğv etdi. Lakin bu, heç də ona məxsus olan
yapon mənəvi dəyərlərinin itirilməsi deyildi.
Qədim
romalılar tarix səhnəsini
tərk etdikdən sonra da onların çoxtərəfli
istedadı Qərb sivilizasiyasının davam edən
saqasında yenə də mühüm rol oynadığı
kimi, samuraylar da Yaponiya cəmiyyətini fiziki olaraq tərk etsələr
də, onların qiymətini itirməyən igidlik saqası
yoxa çıxmamışdır, doğma xalqının
iftixar mənbəyi rolunu oynamaqda davam edir.
2020-ci ilin 10 noyabrında Azərbaycan Ordusu Ermənistanın
silahlı qüvvələri üzərində parlaq qələbə
çalmaqla, milli tariximizi hərbi zəfərlə zənginləşdirmişdir. Azərbaycan əsgərinin
döyüşlərdə nümayiş etdirdiyi yüksək
mənəvi ruh, fədəkarlıq və igidlik onun şəxsində
həm də müəyyən mənada samuray fenomenini yada
salır.
Yaponiyada
yeni, tam fərqli mühitin formalaşması ilə,
feodaliizmin bütün qalıqları kimi, samuraylar da yoxa
çıxdı, qeybə çəkildi, lakin samuray ruhu
tarix qumlarının altında itmədi, oradan qalxdı,
yüksəldi və qılıncı səmərəli və
yüksək nəticə verən əqli və fiziki zəhmətlə
əvəz edən yaponun mənəvi dünyasına hakim kəsildi.
Azərbaycan əsgəri də, özünü heybətli
Qoilaf kimi göstərən Ermənistan ordusunun
başını gənc, cəsur David kimi, özü də
sapand daşı ilə deyil, dəmir yumruğu ilə əzdi. Bibliyadakı kimi Qoliafın
başını onun öz qılıncı ilə kəsməyə də ehtiyac
olmadı, çünki baş da torpağa gömülən
cəsədlə birlikdə çürüyür, yoxa
çıxır.
Samurayın qılıncı özünə təlqin
etdiyi kimi daim şərə qarşı, yalnız xeyirə
xidmət etmiş, şərəfsizlik və məğlubiyyət
anı gələndə, yaxud ağasının verdiyi cəza
kimi seppuku adlanan özünü intihar da üstündə gəzdirdiyi
iki qılıncdan biri - kiçiyi ilə həyata
keçirilirdi.
"Gün
doğan ölkə"
Yaponiya kimi tanıdığımız ölkənin
Nippon və ya Nixon adı "Gün doğan ölkə"
mənasını verir. Yaponlar özlərini "nixodzin" adlandırırlar, dillərinə
isə "nixonqo" deyirlər.
Yaponiyanın
müqəddəs adaları, rəvayətə görə, allah və ilahənin qiymətli daşlarla bəzədilmiş
nizəsindən süzülən su damcısından meydana gəlmişdi.
Dai Nipponun (Yaponiyanın) səma hökmdarı
- tenno da allahlardan əmələ gəlmişdi.
Burada neolit mədəniyyəti
b.e.ə. VIII əsrdə mövcud olmuşdu. B.e.ə. I minillikdə yapon
adalarına materikdən tayfalar miqrasiya etmişdi, onlar özləri
ilə həm də suvarılan düyü becərilməsi
texnikasını gətirmişdilər.
Yaponiyanın
ilk sakinləri barədə Çin dövləti Veyin salnamələrində
(b.e. 207-ci ili) xəbər verilir. Burada bizim
eranın I əsrində 100-ə qədər dövlət
mövcud idi. Sonralar özünün allah
mənşəyindən olduğunu iddia edən və tenno ilə
qohumluğu olan ailələr birinci yerə
çıxdılar, onlar Yamato dövlətini qurdular. Protoyaponlar arasında əcdadlara və nəsilə
pərəstiş, dini praktikanı əvəz edirdi. Əcdadlara pərəstiş sonralar sintoizm dininə
təkamül etdi. Sinto özü də "ruhların
yolu" olmaqla,
fövqəltəbii bir dünyanı nəzərdə
tuturdu.
VI əsrdə buraya Koreyadan Buddizm daxil oldu. Budda təlimi Yaponiyada inzibati-bürokratik
ierarxiyanın formalaşmasına köməklik göstərdi.
VIII əsrdə isə buddizmin təsiri ölkənin
siyasi həyatında da mühüm rol oynadı.
574-622-ci
illərdə hökmdar olmuş Yamoto Syotoku-taysi Çin
imperoturuna yazdığı məktubda özünü "Günəşin
doğulduğu ölkə Göyünün oğlu"
adlandırmaqla, ona isə "Günəşin
batdığı ölkənin Göyünün oğlu"
kimi müraciət etmişdi. "Gün
doğan ölkə" Asiya qitəsini tamamlayırdı.
710-cu ildə Çin nümunəsi ilə Nara
imperiyasının paytaxtı tikildi və bu şəhər ədəbiyyat
və incəsənət mərkəzinə çevrildi. Əsrin
sonunda isə paytaxt Heyana (indiki Kiotoya) keçirildi. Ölkə artıq müstəqil inkişaf yoluna qədəm
qoymuşdu. Fudzivara nəsli daha
böyük qüdrətə yiyələnmişdi, hətta
imperatorlar yalnız Fudzivara ailəsinin qızları ilə
evlənməli idi. 1087-ci ildə tenno
Fudzivaranın hakimiyyəti əleyhinə çıxmağa
cəhd etdikdə, taxt-tacdan əl çəkməli oldu və
həmin ailəyə düşmən olanları
qızışdırmağa başladı. Bu vaxt
qüdrətli nəsili təmsil edən hər bir ev xüsusi döyüşçü dəstələrinə
- samuraylara malik idi. Samurayların əsas etik normalarından
biri isə süzerenə qeyd-şərtsiz sədaqət göstərməsi
idi.
Yoritomo
Minamoto 1185-ci ildə dəniz döyüşündə Tayra
evini qəti surətdə məğlub edib, öz ailəsinə
irsi syoqun (hərfi mənada ali hərbi rəis
deməkdir) titulunu verdi. O, ölkənin əsl sahibinə
çevrildi, baxmayaraq ki, imperator sarayı da mövcudluğunu
saxlayırdı. Yeni dövlət quruluşunun əsasını
hərbi idarəetmə və feodal münasibətləri təşkil
edirdi. Buna görə kiçik torpaq sahibləri
iri feodalların vassallarına çevrilirdi və həm də
onlar hərbi xidmət etməyə borclu idilər.
Minamotonun tətbiq etdiyi dövlət quruluşu ondan
altı əsr sonra Avropada meydana gələn Prussiyanın idarəedilməsinə
çox bənzəyirdi. Yaponiyada da hərbi
idarəetmə monarxın mülki hakimiyyətini əvəz
etmişdi. Hərbin
üstünlüyü isə heç nə ilə müqayisə
oluna bilməzdi. 1800-cü il ərəfəsində
bir Prussiya nazirinin öz ölkəsində baş verənlər
barədə dediyi sözləri ilk syoqunat Yaponiyasına da
bütünlüklə aid etmək olar: "Prussiya ordusu olan
ölkə olmayıb, ölkəsi olan ordudur, bu ölkə
isə ona qərargah və qida dükanı xidməti göstərir".
Yaponiya da
Prussiyadan xeyli əvvəl, XII əsrdə bu yolla getməyi
seçmişdi. Samuraylar isə dövlətin
(onu təmsil edən syoqunatın) təkcə onurğa
sütunu deyildi, ölkədəki çox şey məhz
onların xidmətində idi.
Yaponiya adalar ölkəsidir, əhalisinin
sıxlığı ilə də seçilir. Əsas adalar
Honsyu, Kyusyu, Sikoko və Hokkaydodur. Əlavə
4 min kiçik adası da vardır.
İlk
dövrlərdə buraya Çindən və Koreyadan metaldan - bürüncdən və dəmirdən
hazırlanmış alətlər və silah, dulusçuluq məhsulları
daxil olurdu. Ölkənin ilk daimi paytaxtı Nara
idi, sonralar isə Heyan (indiki Kioto) oldu.
Nara şəhəri indiki turistlərə
parkındakı xallı maralların qorxmadan onlara
yaxınlaşıb, təklif etdikləri dadlı şeyləri
yeməsi ilə tanışdır. VIII əsrdən XII əsr də
daxil olmaqla beş yüz illik müddət
Yaponiya tarixinin Heyan dövrü adlanır və bu dövrdə
zərif, nəfis mədəniyyət çiçəklənməyə
başladı.
Əhali arasında yapon kosmogen mifləri geniş
yayılmışdı. Bir qədər əvvəl, VI əsrdə
Yaponiyaya ayrı-ayrı dini-fəlsəfi məktəblər
şəklində buddizm daxil oldu. Buna qədər
olan dinə - sintoizmə də ibadət öz növbəsində
davam edirdi. Sintoizm - təbiətin və əcdadların
ilahiliyinə sitayiş idi. Yapon taoizmi də
sintoizm kimidir. Bu günə qədər
buddizm və sintoizm birgə yaşayırlar, təsir dairələrini
öz aralarında bölmüşlər. Buddizm, dəfn və dəfndən sonrakı
qaydaları özünə götürmüş, sintoizm isə
bu dünyada yaşayan adamların dini-məişət tələbatlarına
xidmət edir.
Əsas tarixi hadisələrə gəldikdə, 1185-ci
ildə Tayra klanı qoşunlarını darmadağın edən
nüfuzlu Minamoto evi ətrafında samuraylar birləşdilər. Onların
başçısı Minamoto Yoritomo 1192-ci ildə
özünü syoqun elan etdi. Syoqun öz əlinə
bütün siyasi hakimiyyəti keçirdi, imperatorun isə
dövlətin ruhi başçısı olmaq kimi siyasi statusu
nominal qaydada saxlanıldı. Sonralar isə,
XV əsrin sonunda Yaponiya anarxiyaya yaxın bir vəziyyətdə
idi.
Yaponiya tarixi hər bir xalqın salnaməsində
olduğu kimi, maraqlı hadisələrlə doludur. Həmin cəhətlər
onun dünyabaxışını da, xeyirə və şərə
əsasən ümumi münasibət istisna olunmaqla,
başqalarından xeyli fərqləndirir. Yapon
poeziyasına və bağ arxitekturasına azacıq diqqət
versək, dünyanın heç yerində nəinki ona bənzərləri,
hətta ona yaxın olanları da tapmaq mümkün deyildir.
Şeir üslubundakı müəmmalı
görünən standartlar və yapon bağlarının
dünyada tarixən mövcud olmuş və indiyədək
hökm sürən standartlara heç cür uyğun gəlməməsi
təəccüb doğurmaya bilməz. Təkcə
samuraylar deyil, poeziyadakı qeyri-adilik və bağların
ağılasığmayan tərkib hissələri və
onların xalqın spesifik ruhunu oxşaması da sakura kimi bu
ölkə üçün endemikdir.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 2 fevral.- S.19.