Unudulmaz müəllimim
YAZIÇI,
ƏDƏBİYYATŞÜNAS ALİM ƏZİZƏ
CƏFƏRZADƏNİ XATIRLAYARKƏN
Sevimli
yazıçım, əziz müəllimim,
tanınmış ədəbiyyatşünas alim, ictimai xadim,
filologiya elmləri doktoru, professor və doğma Bakı
Dövlət Universitetimizin işıqlı auditoriyalarında
1978-1980-ci illərdə mənim də müəllimim
olmuş Əzizə xanım Cəfərzadənin əziz
xatirəsini yad edən qədirbilən xalqımıza - tələbələrinə,
oxucularına, ümumiyyətlə, onu yad edən hər kəsə
elə hamımız minnətdarıq.
Görkəmli yazıçımız Əzizə
Cəfərzadənin yaradıcılığının
əsas xətlərindən
biri və birincisi tarixi mövzular - tarixi hadisələr kontekstində
ədiblərimizin taleyini
izləmək və yeni nəsil oxuculara çatdırmaq olub.
Əzizə xanım Cəfərzadənin
adını orta məktəb illərimdən
tanıyırdıq. Yazıçının XIX
əsrdə Şamaxıda
yaşayıb-yaratmış məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatı haqqında olan "Aləmdə səsim var mənim" (1973-1978) əsəri
təhsil aldığımız
orta məktəbdə
şagirdlərin, müəllimlərin
arasında əl-ələ
gəzərdi. Hər kəs
2 günə kitabı
qaytarmalı idi.
Sevə-sevə oxuyurduq.
Sonra onun XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi
fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Salyan bölgəsində baş
verən hadisələrindən
bəhs edən "Vətənə qayıt"
(1977) romanı Bakıdan
2 min km-dən də uzaq məsafədə olan balaca kəndimizə
gəlib çıxdı...
Hətta
tələbə vaxtı
müəllimimizin XIX əsrin
sonu XX əsrin əvvəllərində romantik
şair Abbas Səhhətin həyat və yaradıcılığından
bəhs edən "Yad et məni" (1980) romanını kəndə
aparmışdım. Yazıçının - müəllimimin avtoqraflı
bu kitabı sanki həsrətlə gözlənirmiş kimi əl-əl, ev-ev gəzdi. Kitabın üzünə qəzetdən
üzlük çəkmişdilər
ki, ləkələnməsin.
Beləcə, növbəti
dəfə Şah İsmayıl Xətai və onun Bakıya
yürüşü tarixinə
həsr olunmuş romanı "Bakı-1501" (1981), daha sonra XII əsr Naxçıvanın
qadın hökmdarı
Cəlaliyyənin ölkənin
müdafiəsi uğrunda
apardığı mübarizənin
tarixini işıqlandıran
"Cəlaliyyə" (1983) romanını apardım. Cəlaliyyə Azərbaycan Atabəylər
dövlətinin ikinci
hökmdarı Atabəy
Məhəmməd Cahan
Pəhləvanın Zahidə
xatundan olan qızı, Atabəy Özbəyin bacısı,
Xarəzmşah Cəlaləddin
Mənguberdinin katibi (münçisi) olmuşdur.
1228-ci ildə gürcü qoşunlarını
darmadağın etmiş,
ətraf yerləri ələ keçirmiş
Xarəzmşah Cəlaləddin
Mənguberdi Cəlaliyyənin
təklifi ilə Naxçıvana gəlir.
Öz mülklərini
qorumağa çalışan
Cəlaliyyə sultanla
nigah kəsdirir... Cəlaliyyənin həyat yoldaşı
olmuş Xarəzmşah
Cəlaləddin Mənquberdinin
həyatını bu əsər vasitəsilə
də işıq salındığına şahid
oluruq.
Bir dəfə
Əzizə xanıma
auditoriyada sual verdik ki, bu
əsərləri necə
yazırsınız, hamısı
yazıçı təxəyyülümüdür? Professor dedi
ki, "qəhrəmanlarımın
ağrı-acılarla dolu
gerçək taleyini
çox sayda tarix kitablarından, həm də müxtəlif dillərdə
yazılmış, daha
sonra əlyazmalardan, arxiv materiallarından oxuyub öyrənərək
bədii etüdlər
edirəm, sonra onlara təbiət rəngləri qatıram. Çünki oxucumu da nəzərə alıram,
onların bu ağır tarixi gerçəkliklər altında
əzilməsinə qıymıram.
Qəhrəmanlarımın ağır həyatlarının
əzablarını həssas
oxucularım öz qəlblərində yaşatdıqlarını
hiss edirdim. Əslində,
tarixi mövzulara
"Natəvan haqqında
hekayələr"im (1963) ilə başlamışam,
bu hekayətlərdə
Qarabağın son xanı
Xurşidbanu Natəvanın
(XIX əsr) həyatını
qələmə almışam".
Yazıçı XIX əsrin sonu
XX əsrin əvvəllərində
yaşayıb-yaratmış məşhur satirik şair Mirzə Ələkbər Sabirə
həsr edilmiş
"Sabir" (1989), XIX əsrdə
37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin
Şirvaninin həyatından
bəhs edən "Eldən elə" (1992),
XIX əsrin əvvəllərində
rus qoşunlarının
Şirvana hücumu tarixinə həsr olunmuş "Gülüstan"dan
öncə" (1996), XIX əsrdə
İran Azərbaycanında
yaşayıb-yaratmış qadın şairə və Bab hərəkatının
liderlərindən biri
Tahirə Qürrətüleynin
həyatı haqqında
yazdığı "Zərrintac-Tahirə"
(1996), XX əsrdə İranda
Bab hərəkatının
əks-sədası kimi
baş verən faciəvi tarixə həsr edilmiş "İşığa doğru"
(1998), XVI əsrdə Şah
İsmayıl Xətaidən
sonra Azərbaycanda baş verən və sonu Azərbaycanın
xırda xanlıqlara parçalanması ilə
nəticələnən hakimiyyət
uğrunda gedən saray çəkişmələri
haqqındakı "Bəla"
(2001), XX əsrdə baş
verən ictimai-siyasi hadisələr fonunda
"Rübabə-sultanım" (2001),
1938-cı ildə Azərbaycanda
yaşayan İran azərbaycanlılarının Stalin rejimi tərəfindən
3-4 gün ərzində
İrana məcburi deportasiyası haqqında
"Xəzərin göz
yaşları" (2003) əsərləri
oxucu zövqünü
həm tarixi, həm də sadə və axıcı yazıçı
üslubu ilə zənginləşdirmişdir.
Əzizə xanım auditoriyada tarixi romanlarının qəhrəmanlarından mühazirələr
deyərdi. Şah İsmayıl Xətai
sevgisini canımıza,
ruhumuza bir daha "Bakı-1501" əsəri
ilə hopdurdu. Doğrudur, ondan sonra Fərman
Kərimzadənin də
romanları yazıldı,
amma ilk sevgimizi "Bakı-1501"dən
dadmışdıq.
"Eşq sultanı" (vəfatından bir azəvvəl bitirmişdir)
- XV-XVI əsrdə yaşayıb-yaratmış
böyük Azərbaycan
şairi Məhəmməd
Füzulinin həyatı
haqqında roman. "Füzuli
eşqinə dolmaq, o eşqə qələm işlətmək məhz
Əzizə xanımın
cürəti, qüdrəti
çata bilər",
- deyə düşünmüşük,
haqlı da düşünmüşük.
Əzizə xanım tərcümə
etdiyi nəsr nümunələri də
tarixi mövzulardadır:
Sergey Smirnovun "Brest qalası",
Şərəf Rəşidovun
"Güclü dalğa",
Albert Lixanovun "Mənim
generalım", Əhməd
Qabaqlının "Əjdaha
daşı", Sevinc
Çokumun "Bizim diyar" və sair əsərləri Azərbaycan dilinə tərcümə etmişdir.
Əzizə Cəfərzadə təzkirəçilik
ənənəsinə ərmağan
olaraq "Azərbaycanın
aşıq və şair qadınları"
(1974, 1991, II nəşr 2003) kitablarını hazırlamışdır. Bu kitablar vasitəsi ilə o, ta qədim dövrlərdən
Azərbaycanda yüksək
poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər
olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı,
onun yüzlərlə
məqalə, oçerk,
elmi tədqiqat və publisistik məqalələri dövrü
mətbuatda çap edilmişdir.
Əzizə xanıma dərslərimizin
birində sual verdik ki, "sizin məktəb tikdirdiyinizi eşitmişik,
bu, doğrudurmu? O cavab verdi ki,
əslində, doğulduğum
Tağlı kəndində
məktəb var idi. Məni o məktəbə görüşə dəvət
etmişdilər. Məktəb haqda maraqlandım, ciddi təmirə ehtiyac olduğunu öyrəndim və son kitabıma aldığım
qonorarımla məktəbi
məktəb halına
gətirdik, bir az da genişləndirdik,
işin başında
özüm dayandım
və açılışını
da görüş kimi qeyd etdik".
Bəlkə belə sadə, təvazökar cavab verdi
ki, yəni Sovet hökumətinin pulu yoxdurmu, onun yazıçısı
məktəb tikdirir.
O məğrur qadını, yorulmaz yazıçını, tarixin dərinliklərinə enib milli tarixi qəhrəmanlarımızın səfində duran Əzizə xanımı bir səhər tezdən - sübhü gözümüzlə açdığımız Şəhidlər xiyabanında gördük (o ağrılı illəri yaşamış hər kəsin yadında olar). 1990-cı il 20 yanvar şəhidlərinin 22 yanvarda dəfn olunduğu günün səhəri günü - 23 yanvar tarixində səhər tezdən Şəhidlər xiyabanına gəlmişdi. Sinədən ağı deyib o gül balalara ağlayırdı, saçını yolurdu, bağrı şan-şan olmuşdu. Onu sakitləşdirmək mümkün deyildi. Nasir ədibimizi Qəhrəmanlarımızın nakam-faciəvi dərdi şair etmişdi, bədahətən dediyi bayatılar sinəsindən qar dənələri kimi şehlənmiş şəhid qəbirləri üzərinə səpələnirdi.
Sonralar Əzizə xanımla çalışdığım "Ədəbiyyat və incəsənət" qəzetində görüşdük. Azərbaycana ilk dəfə qədəm basan türkiyəli yazıçı və jurnalistləri - məşhur yazıçısı Sevinc Çokum, onun həyat yoldaşı tanınmış naşir Rüfət Çokum, "Türkiyə" siyasi qəzetinin baş redaktor müavini Ömər Öztürkmən Əzizə Cəfərzadənin xeyirxah bələdçiliyi ilə redaksiyanın qonağı idilər.
Əzizə xanımın bu dünyadan umacağı Allaha "rəhmət duası" və doğulduğu torpaqda anasının bağrında - yanında dəfn olunma istəyi olmuşdur. Ana torpaqda ana bağrında əbədiyyət məkanı seçmək böyük şəxsiyyət vəsiyyəti olub.
Əziz ustad, Sizin bu dünyadan ən böyük qazancınız xalq məhəbbəti, şagirdlərinin solmaz sevgisi, bir də milli özünüdərk, milli mübarizə tarixini əsərləri ilə canımızda, qanımızda silkələyən tarixi əsərləriniz olub.
Ruhunuz şad
olsun, əziz müəllimimiz!..
Almaz
ÜLVİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2022.- 2 fevral.- S.17.