Dünya miqyaslı Azərbaycan dilçisi
Ağamusa Axundov-90
"Azərbaycan dili
mənim taleyimdir. Siz əgər
onu doğma diliniz kimi sevirsinizsə,
o, həm də mənim sənətimdir.
Yuxusuz gecələrimdir,
axtarışlarımdır"
(akademik Ağamusa
Axundov)
Azərbaycan dilçiliyinin görkəmli
simalarından biri, filologiya elmləri doktoru, professor, AMEA-nın
həqiqi üzvü,
Əməkdar elm xadimi
Ağamusa Axundovun bu günlərdə 90 illiyi tamam olur...
Məlum olduğu kimi, Azərbaycanda dilçiliyin
ənənəvi sahələri
ilə müqayisədə
nəzəri məsələlərinin
tədqiqinə marağın
tarixi nisbətən gec - XX əsrin 20-ci illərinə aiddir. Belə ki,
1924-cü ildə professor Bəkir
Çobanzadə "Türk-tatar
lisaniyyatına mədxəl"
adlı dərsliyi ilə Azərbaycanda ümumi dilçiliyin əsaslarını yaratdı.
B.Çobanzadədən sonra bir sıra dilçilərimiz
dünya dillərini və dilçiliyini öyrənməyə və
öyrətməyə başladı
ki, onlardan biri akademik Ağamusa
Axundovdur.
A.Axundov
Azərbaycan dilçiliyinin
o istedadlı nümayəndələrindəndir
ki, 1958-ci ildə, yəni 26 yaşında
"Feilin zaman kateqoriyası (Azərbaycan
dili materialları əsasında)" mövzusunda
namizədlik, 1964-cü ildə,
yəni 32 yaşında
(çox erkən!) "Azərbaycan dilinin
fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)"
mövzusunda doktorluq dissertasiyası müdafiə
etmişdi. Xatırlatmaq yerinə düşər ki, görkəmli dilçi alimin ilk kitabı - "Feilin zamanları" nəşr
olunanda onun 29 yaşı var idi. Kitabın elmi yeniliyindən
bəhs edən
professor Ə.Rəcəbli göstərir ki, "Bu kitabda ("Feilin zamanları"nda - Q.C.) müəllif
Azərbaycan dilçiliyində
ilk dəfə dilçilik
məsələlərinin araşdırılmasına
indi dəbdə olan riyazi üsulları
tətbiq edir".
Yeri gəlmişkən,
Ağamusa müəllimin
1979-cu ildə nəşr
olunmuş "Riyazi dilçilik" kitabında
həmin ənənə
davam və inkişaf etdirilir. Bu əsər dilçiliyimizdə
riyazi modellərin dilçiliyə tətbiqindən,
yəni dilin tədqiqində riyazi üsullardan bəhs edən ilk tədqiqatdır.
Azərbaycanda ümumi dilçiliyin
parlaq araşdırmaçılarından
olan A.Axundovun "Ümumi dilçilik" dərsliyi bütün “nöqsanları” ilə yanaşı, həqiqətən
də, bu sahə üzrə yazılmış və yazılacaq əsərlər
üçün, fikrimizcə,
etalon olub və belə də qalacaq. "Ümumi
dilçilik" kitabı
bir neçə dəfə nəşr olunub, tələbələrin
stolüstü kitabına
çevrilib. Dərslik üç
bölmədən ibarətdir
ki, birinci bölmədə dilçilik
tarixindən, ikinci bölmədə dilin nəzəri məsələlərindən,
üçüncü bölmədə
dilin tədqiqi metodlarından bəhs olunur. Akademik Nizami Cəfərovun
dediyi kimi, bu dərslikdə Azərbaycan dilçiliyinə
ümumi dilçiliyin
prinsipləri səviyyəsində
baxmağa çalışılır
ki, həmin metod özünü pedaqoji təcrübədə
artıq təsdiq edib.
Ümumiyyətlə, A.Axundovun dilçilik marağının
dairəsi genişdir:
nitq mədəniyyəti
və üslubiyyat məsələləri, etimologiya,
toponimika, leksikoqrafiya,
qrammatika, ədəbiyyatşünaslıq...
Fikrimizcə, A.Axundovun yaradıcılığının zirvəsini onun fonetikaya aid fundamental əsərləri təşkil edir ki, hər biri dünya miqyasında dilçiliyimizə böyük nüfuz və hörmət gətirib: "Müasir Azərbaycan ədəbi dilinin fonetikası", "Müasir Azərbaycan ədəbi dilinin fonetikasından mühazirələr", "Azərbaycan dilinin fonetikası" və sair.
Bununla yanaşı, A.Axundov müxtəlif beynəlxalq konfranslarda dilçiliyə dair məruzələr eləmiş, eləcə də beynəlxalq auditoriyalarda dilimizdən və ədəbiyyatımızdan ingiliscə mühazirələr oxuyub ki, bunların hamısı ölkəmizə, eləcə də, filologiyamıza böyük hörmət gətirib.
Bu gün bizim üçün çox böyük fəxrdir ki, Bakı Dövlət Universitetinin özü ilə eyni yaşda olan Ümumi dilçilik kafedrasına ("Dilçiliyimizin məbədi"nə) vaxtilə akademik Ağamusa Axundov rəhbərlik edib, indi isə bizə kitabları ilə müəllimlik edir...
Qismət CƏFƏROV,
BDU-nun Ümumi
dilçilik kafedrasının
doktorantı
525-ci qəzet.- 2022.- 2 fevral.- S.16.