Əbədi məşəl
kimi
AĞAMUSA AXUNDOV - 90
Dilimiz tarixin dönəmlərində nə qədər mübariz əsgər həyatı yaşasa da, dilçiliyimiz öz zabitindən başlamış generallarına qədər bu yolda həmişə dəyanətini göstərmişdir. Dilimizin bu mübariz tarixinin ən gərgin illərinin şahidi olaraq onu nəzəri əsaslarla möhkəmləndirən, təcrübi tərəflərini inkişaf etdirən, üslubi keyfiyyətləri ilə işıqlandıran və ilk olaraq beynəlxalq səviyyələrdə tanıtdıran bir də "dilçiliyimizin marşalı" adlandıra biləcəyimiz Ağamusa Axundov vardı. Bu gün yaşasaydı, 90 yaşını qeyd edərdik - sevgiylə, hörmətlə!
Ağamusa Axundovun əzəməti onun adında da özünü göstərirdi. İnsan bu adı eşidəndə, yaxud tələffüz edərkən artıq söhbətin bir böyük şəxsiyyətdən getdiyini hiss etməyə bilmir. Yəqin ki, bu kimlik Ağamusa Axundovun yaradıcılıq dili ilə yazılmışdı. Akademik Rafael Hüseynov sevimli müəllimi ilə bağlı bir yazısında qeyd edir ki, "ömrünün lap bitəcəyində qulağı nisbətən ağır eşitməyə başlamışdı. Bir dəfə dedim ki, xaricdən yaxşı həkim gəlib, tanışımdır, gedək sizi müayinə eləsin. İstəmədi, "Mənim ağır eşitməyim Vaxtdandır", - dedi" ("Ləyaqətlə yaşadım" deyə bilmək xoşbəxtliyi"). Rafael müəllim elə düzgün olaraq buradakı Vaxt sözünü zəmanə ilə, kübar bir insanın zəngin dünyasına zidd olan tərəfləri ilə əlaqələndirib bütün bunları Ağamusa müəllimə rəva görməməsi şəklində izah edir.
Ağamusa müəllim, həqiqətən, ziyalılığın, kübarlığın və əsl elm insanı olmağın rəmzi idi. Mənim təsəvvürümdə əsərlərdən oxuduğumuz həqiqi professor obrazının, ümumiyyətlə, professor anlayışının xalis çəkisini ifadə edən bariz nümunəsi elə Ağamusa Axundov idi. Aspiranturada oxuyarkən bir dəfə bizim fakültəmizin ağsaqqal müəllimlərindən biri məndən soruşdu ki, elmi rəhbərin kimdir? "Ağamusa müəllimin aspirantıyam", - dedim. Müəllim çox səmimi bir şəkildə, bir az da pafosla: "Daha denən ki, sən Moskvada Elmlər Akademiyasını oxuyursan, nə bilim Lomonosov adına Universiteti bitirirsən..." Təbii ki, bu təqdimatdan bir daha qürurlandım. Universitetlə bağlı bir çox fəxr edə biləcəyimiz əsaslarımız olub, amma etiraf edim ki, onun ən qürurverici mərhələsi mənim üçün Ağamusa müəllimin elmi rəhbərliyi altında başa vurduğum aspirantura illəri olub. Həmin illərdə tək təəssüfləndiyim isə, bu həqiqi alimi, böyük şəxsiyyəti ilk olaraq elmi rəhbər kimi tanımağım olub: Ağamusa Axundovu müəllim olaraq auditoriyada dinləmək xoşbəxtliyini yaşaya bilməmək, həqiqətən də, üzücü bir hissdir. Bəzən də təskinlik tapıram ki, Ağamusa müəllim çox da izah verməyi, ətraflı şərh etməyi sevmirdi. Buna görə də ondan öyrənmək üçün geniş auditoriyalara, uzunmüddətli dərs saatlarına ehtiyac da yox idi. Hörmətli akademik istənilən məsələnin əsas mahiyyətinə varır, çox az sözlə fikrini cəmləşdirməyi bacarırdı.
Bildiyimiz kimi, elm yalnız düşünməkdən, tədqiqatdan ibarət deyil, onun ən uğurlu tərəfi düşündüklərini yazıya köçürə bilmək, elmi üslubun tələbləri səviyyəsindən təqdim edə bilməkdir. Ağamusa müəllim də bu işin mükəmməl bilicilərindən idi. Ona görə də elə bil onun nitqi bilavasitə yazı üslubuna köklənmişdi. Ümumiyyətlə, verdiyi hər bir məsləhət birbaşa elmi düşüncələri oyadan qığılcım kimi idi. Ağamusa müəllimin bəzən iki-üç cümlədən, hətta yarımçıq cümlələrdən ibarət olan hər hansı bir cavablandırması və ya tövsiyəsi bir elmi mətnin mövzusunu əhatə edə bilirdi.
Ağamusa Axundov yaradıcılığının özəlliyi odur ki, bəhs etdiyi mövzular filoloji düşüncə tarixində ilk təsəvvürlər şəklində meydana gəlirdi. Beləliklə də, həmin müəlliflik altında olan istənilən monoqrafiya, kitablar, çoxsaylı elmi məqalələr, o cümlədən, müxtəlif səpkili müsahibələri belə, düşüncə adamlarının daim maraq dairəsində olub. Xüsusən, "Feilin zamanları", "Azərbaycan dilinin fonetikası", "Ümumi dilçilik" kitabları istənilən dilçinin stolüstü ədəbiyyatıdır. Qeyd edək ki, həmin kitablarda dilçiliyin nəzəri əsaslarını öyrənməyin izinə düşürüksə, üslubiyyat və nitq mədəniyyəti kimi praktik dilçiliklə bağlı əsərlərində nitqin dilə verdiyi töhfələrlə tanış oluruq. Bu sıradan, "Dil və üslub məsələləri"ndə alimin öz baxışları ilə desək, qrammatik mənanın üslubi məna qarşısında "dözümsüzlüy"ünü əks etdirən bədii sözlərin xəlqiliyi əsaslandırılır və rəngarəngliyi incəliklə əks etdirilir. Onu da deyək ki, Ağamusa Axundovun dil-nitq münasibətlərində toxunduğu məsələlər içərisində dilimizi korlayan və ya hələ də həllini tapa bilməyən müəyyən problemlər də vardır. Məsələn, onun "space" sözünün qrafik işarəsi ilə tələffüzü arasında olan uyğunsuzluq, bu uyğunsuzluğun milli dil prinsiplərinin pozulması ilə birbaşa bağlılığını ən sadə formada izah etməsi və digər çoxsaylı nümunələrlə məsələnin ciddiliyinə diqqət çəkməsi kimi hallar dilçinin qarşısında qoyulan əsas tələblərdən biri olan "dilçi həssaslığı"nın ifadəsi idi.
Ağamusa Axundov bütün elmi-pedaqoji fəaliyyəti ilə təvazökar insanlığın, tükənməz yaradıcılıq eşqinin, nümunəvi şəxsiyyət obrazının elə bir abidəsinə çevrildi ki, bu abidənin önündə onun dilçiliyimizə verdiyi ölməz əsərləri daim bir məşəl olaraq yanacaq və alovları ilə dilimizi daim şölələndirəcək. Ruhunuz şad olsun, dilçiliyimizin yarıməsrlik bir tarixinin əvəzsiz alimi, biz o əbədi məşəlin istisinə hər zaman sığınacağıq.
Nahidə HƏSƏNOVA
BDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 2 fevral.- S.16.