Oxusanız da sağ olun, oxumasanız da...

 

Oxumağın yaxşı bir şey olduğunu hamı bilir. Amma baxır oxuyursan, vaxt, harada oxuyursan. Bəlkə bəziləri "harada oxuyursan" sözünə dodaq büzüb deyinəcək ki, fərqi var e, harada oxuyursan, əsas odur, oxuyasan. Amma elə bilirəm ki, nəyi harada oxumağın  çox fərqi var. Məsələn, əgər ya metroda, ya avtobusda, ya da ki, lap elə qatarda nəsə oxuyursansa, qədər cəhd etsən , fikrini cəmləmək çətin olur. Ətrafında cərəyan edən hadisələr imkan vermir, fikirlərin bir-birinə qarışır, düşüncələrin ora-buranı dolaşır. əməlli-başlı oxuya, əməlli-başlı ora-bura baxa bilirsən. Hər ikisindən avara olursan. Bir əldə iki qarpız tutmaq dünya yaranandan mümkün olmayıb. İndiyə kimi buna çoxları cəhd etsələr , bacarmayıblar...

Bəlkə , elə buna görə, əvvəllər ictimai nəqliyyatda qəzet-kitab oxuyanlar az-maz gözə dəyərdisə, son vaxtlar onların sıralarının xeyli seyrəldiyi açıq-aydın hiss olunur. Bəzi şübhələrim olsa da, bunun nədən belə olduğunu dəqiq bilmirəm. Çox fikirləşəndən sonra hələlik iki variantın ərtafında başımı sındırıram. Fikirləşirəm ki, ya oxuyanların mütaliəyə olan həvəsi azalıb, ya da son vaxtlar yazarlar fərli bir şey yazmırlar. Qəzetlər, jurnallar, kitablar daha bilim nələr nələr maraqsız çıxır. Ya zəlzələdən, ya da vəlvələdən, axır ki, oxuyanların sayı gündən-günə azalır. Əvvəl istədim ki, ümumiyyətlə, bununla maraqlanmayım, üstündən keçim. Ancaq gördüm ki, yox, bunun üstündən sükutla adlamaq mümkün deyil. Axı mənə elə gəlir ki, mütaliə edənlər ictimai nəqliyyatımızın yaraşığı idilər. Adam onların sakitcə oturub oxumalarına baxanda əsəbləri tamam sakitləşirdi, hələ üstəlik, özüm kitab oxumağa həvəslənirdi. Az qalırdı ki, yanında oturub onların oxuduqlarına şərik çıxsın. Hərdən elə bilirəm, indi  mütaliə edənlər gözə dəymədiyindən, təkcə adamlar deyil, sanki avtobuslar da, metrolar da, qatarlar da onlar üçün darıxır.

 

Bir anlıq ayağımı mövzudan qırağa qoyub deyim ki, illərcə əvvəl, lap çoxdan Moskvaya - qohumumgilə getmişdim. Metroya minəndə vaqonda gördüklərimdən xeyli heyrətləndim. Gördüm ki, oturan sərnişinlərin hamısı başlarını aşağı salıb sərasər oxuyur. Bu mənzərəni görəndə vaqon bir anlıq mənə səyyar kitabxananı xatırlatdı. Qohumumdan soruşdum ki, bunlar metroda niyə kitab oxuyurlar? Məgər ev-eşikləri yoxdu? vacibdi ki, axı, yolda özlərini əziyyətə salıb, gözlərinə zülm eləyib kitab oxuyurlar? Yəni bu camaata kitab oxumaq bu qədər vacibdi? Qohumum astaca qulağıma dedi ki, buralarda adamlar mütaliəni çox sevirlər. Burada elələri var ki, səhər-səhər yerinə bir saata qədər yol gedir, axşam da, bir saata qədər yol qayıdır. Bu müddətdə bekar oturub ora-bura qədər baxacaq ki? Arada əlinə düşmüş boş vaxtını oxumağa sərf edir. Elələri var ki, hər ay üç-dörd romanın arxasını yerə qoyur...

 

Doğrudan da, o illərdə təkcə Moskvada deyil, bizdə oxuyanlar var idi. Bu gün isə sərnişinlərin çoxu ictimai nəqliyyatda roman oxumaq əvəzinə, ya telefonla başını qatır, ya da başlarını sinələrinə endirib xorhaxor yatır.

 

Mövzuya qayıdaraq deyim ki, bu məsələ məni düşündürən və narahat edəndən sonra əvvəlcə qəzet, jurnal və kitabların monitorinqini aparmağa başladım. İstədim, dəqiqləşdirib biləm ki, kitab oxuyanlarımızın belə azalmasında günahkar kimdir. Oxucular, yoxsa qələm sahibləri? Suala cavab tapmaq üçün başladım bir-bir qəzetləri, jurnalları və kitabları vərəqləyib baxmağa. Təbiidir ki, mən ölkədə çap olunan bütün qəzet, jurnal və kitabları oxuya bilməzdim. Yalnız və yalnız əlim yetənlərə baxacaqdım. Nəsə, başladım işə nə başladım. Özümü oda-közə vurub qəzetlərə baxdım, jurnallara göz gəzdirdim, kitabları tər tökə-tökə vərəqlədikcə vərəqlədim. Qısası, bu işə xeyli vaxt və əmək sərf elədim. Sonda belə nəticəyə gəldim ki, bu işdə həm oxucular, həm də yazarlar günahkardır. Günahın nisbəti səksənin iyirmiyədi. Səksən faiz yazarlar, iyirmi faiz isə oxuyanlar günahkardı. Deməli, oxucular fərli bir şey tapmadıqlarına görə oxumurlar. Əgər yazarlar nəsə babat bir şey yazsalar, oxuyanların sayı dayanmadan artar. Bununla da, oxucu azlığı problemini birdəfəlik həll edə bilərik. Amma bu gedişlə, indiki iqtisadi vəziyyətdə yazarlar çətin ki, nəsə işlərində bir dönüş yaratsınlar. Yazan olsaydılar, indiyə qədər bir şey qaralayıb qoyardılar ortalığa. Qoymayıblarsa, deməli, yaza bilməyiblər.

 

Düzdür, hamını gözəl əsərlər yaza bilməyənlərin siyahısına salmaq insafsızlıq olardı. Çünki monitorinq zamanı qarşıma zəifləri ilə yanaşı, dəyərli əsərlər də çıxdı. Amma araşdırma zamanı onu da müəyyən etdim ki, həmin dəyərli əsərləri də oxucular tapa bilmirlər, əlləri o əsərlərə qədər gedib çatmır. Necə deyərlər, körpü çaydan uzaq düşüb. Ya da çay körpüdən aralıdan axır. Yazının əvvəlində qeyd etdiyim kimi, oxumağa bir şey tapmadıqlarına görə də camaatımız başqa yaxşı bir şey fikirləşmədən, ya başını telefondakı oyunlarla qatır, ya da şirin-şirin yuxulayır.

 

Sizi bilmirəm, mən camaatımızı yatan görəndə yaman əsəbiləşirəm. Neçə illər və əsrlərdir ki, böyük-böyük yazıçılarımız, bir-birindən dahi  mütəfəkkirlərimiz yazırlar ki, ay millət, yatma, oyan, gözünü , dünyaya bax! Amma baxıram ki, camaatımız yatmağa yaman meyillidir. Yatanlara baxdıqca hiss edirəm ki, deyəsən, yavaş-yavaş mənim də yuxum gəlir. Yuxulayıb onların sıralarına qoşulmamaq üçün mən qaça-qaça gedirəm kitab oxumağa. Mən demək istədiklərimi yazdım, buradan beləsini özünüz bilərsiniz. Oxusanız da sağ olun, oxumasanız da...

 

 

Vahid MƏHƏRRƏMOV

Hərbi jurmalist

 

525-ci qəzet.- 2022.- 2 fevral.- S.15.