İblislərin işdə konfliktləri və ali məqsəd  

 

 

Dünyanın ictimai, sosial, işgüzar və mədəni düzəni dəyişdikcə, ictimai şüurda mədəni və əxlaqi dəyərlər daha önə çıxıb. Nəticədə vətəndaş cəmiyyətləri təşəkkül tapıb, insanın özünü - insanlığı dərk etməsiylə yaşamaq uğurunda mübarizə üsulları daha sivil mərhələyə -  barbarlıqdan mədəni sferaya keçib. Hətta "yaşamaq" anlayışı fizioloji var olmadan daha çox, mənəvi var olmaq anlamına dəyişib.

 

Cəmiyyətin sosial və işgüzar mühiti bir-biri ilə qarşılıqlı əlaqədədir. İşgüzar aləmdə baş verən hadisələr, dəyişikliklər, qayda və çərçivələr sosial həyata sirayət edir, qarşılıqlı münasibətlərə, vətəndaş mövqeyinə ciddi təsir göstərir.

 

Son zamanlar ölkəmizdə kadr sahəsində gedən ciddi islahatlar, müasir dünya baxışlı gənclərin müxtəlif rəhbər vəzifələrə təyin olunmaları, ölkə başçımızın tez-tez çıxışlarında ictimai nəzarətin təşviqinə yönəlik fikirləri bizi çox sevindirir, sabaha inamımızı gücləndirir və məsuliyyətimizi artırır.

 

Odur ki, insanların daha çox yaşamaq uğrunda mübarizə apardıqları işgüzar aləmdən, orada baş verənlərdən, rəhbər işçi münasibətlərindən, rəhbərin şəxsi və işgüzar keyfiyyətlərindən, işçilər arası əlaqələrdən, sağlam iş mühitini pozan qərəzli konfliktlərdən və onları yaradanlardan bəhs etmək, bu gün üçün çox aktualdır və ictimai nəzarətin bir formasıdır.

 

Konflikt yaradan iblislər

 

İş aləmində şəxsiyyətlərarası konfliktlər daim var. Burada işçilərin şəxsiyyət və temperament tipləri, inanc və əxlaq dəyərləri, bilik və bacarıqları müxtəlif dərəcədə rol oynayır. Lakin konfliktlərin baş vermə tezliyi rəhbərin liderlik keyfiyyəti, yaratdığı işgüzar mühit, işçilərlə əlaqələrindən birbaşa asılıdır. Əgər rəhbər sağlam və vahid iş mühiti qura bilibsə, o zaman bütün işçilər həmin eyni məqsədə xidmət edəcək. Müşahidələrimdən deyə bilərəm ki, vahid məqsədə ürəkdən xidmət edən komandada şəxsiyyətlərarası konfliktlər çox az baş verir və hər hansı fikir çəkişmələri əsasən əxlaqlı rəqabətdən doğur. Belə çəkişmələr müzakirə anlamlıdır və nəticədə yenə də şirkətin, müəssisənin məqsədinə xidmət edir.

 

Bacarıqsız, ləyaqətsiz, təkəbbürlü, insanlar arasında nifaq salan kadrların komandaya daxil olması işdə qeyri sağlam mühit yaradır. Müdrik kəlamda deyildiyi kimi "Çayın suyu dənizə tökülənə qədər şirin, ailə mərdimazar insan işə qarışana kimi möhkəm olar". Özünü sübut etmə, qisasçılıq hissləri qərəzli konfliktlərə gətirib çıxarır. Belə iş mühiti isə zəngin mənəviyyatlı insanlar üçün heç də arzu edilən deyil. Qərəzli konflikt yaratmaq isə mənfur insanların həyat tərzidir. Harada olsalar, müxtəlif konfliktlərin səbəbkarına çevriləcəklər. Böyük şairimiz Hüseyn Cavid belə insanları İblis adlandırır:

 

İblis nədir?

 

- Cümlə xəyanatlara bais...

 

Ya hər kəsə xain olan insan nədir?

 

 - İblis.

 

Kütbeyinlərin naqislik prizmasında birləşməsi

 

Yüksək əqidə sahibi olan savadlı və bacarıqlı insanlar belə iş mühitindən uzaqlaşır, sonda konfliktə meyilli fitnəkar insanlardan ibarət komanda formalaşır. Belə komanda cəmiyyət üçün ziyanlıdır. Həmin komandaya düşən təcrübəsiz gənc kadrın da işgüzar baxışları, idarəetmə anlayışı o mühitdə formalaşır və ya formalaşdırılır. Zövqü və düşüncəsi belə bir şəraitdə formalaşan və özünü "təcrübəli" hesab edən "ağsaqqal"lardan "Düz düzdə qalar" kimi təhrif olunmuş, əxlaqa zidd tövsiyələr eşidirik. Əslində onlar heç fərqinə də vara bilmirlər ki, əxlaqlı, əqidəli insanlara yönəlik atalar sözünün doğru deyilişi belədir: "Düz düz də qalar". Yəni düz adam həmişə düzgün davranacaq, onu pisə dəyişmək mümkün olmayacaq. Burada "də" şəkilçisi gücləndirici ədatdır. Düz olmağı bacarmayanlar bu ədatı "düz" sözünə birləşdirərək özlərinin qeyri-əxlaqi davranışlarına don geyindirmək,  mənəviyyatı təmiz insanları sağlam əqidəsindən döndərib, özlərinə tay etmək məqsədi güdürlər.

 

Naqis düşüncə sahiblərinin toplaşdığı komanda, cəmiyyət üçün özünə uyğun kadr yetişdirir. Quyruğu kəsilmiş tülkünün hekayəsində deyildiyi kimi: - Quyruğu kəsilmiş bir tülkü bu halı ilə fərqlənmək istəmədiyi üçün qarşısına çıxan quyruqlu tülküyə özünün kəsik quyruğunu tərifləyib zövq aldığını, bunun yeni dəb və layiqlilərin seçimi olduğunu  deyib, onun da quyruğunun kəsilməsinə nail olur. Sonra quyruğu kəsik iki tülkü birləşib başqalarını da özlərinə oxşatmaq "siyasəti" yürüdürlər ki, azlıqda qalmasınlar. Bir müddət keçir quyruğu kəsiklər, quyruqlulardan çoxluq təşkil edir, idarəetmə və təsir onların əlinə keçir. Bir zamanlar səhv hesab edilən sonradan həqiqət meyarı kimi parıldayır.

 

Dövrün müasir "Quluları"

 

Daha bir ibrətamiz hekayəyə müraciət edək:  Valideyn müdrik şəxsin yanına gəlib, övladının gün ərzində həddindən çox qoz yeməsindən şikayətlənir və deyir ki, övladına gündə 4-5 qoz yeməyi tövsiyə etsin. Müdrik şəxs uşağı sabah onun yanına gətirməyi tapşırır. Valideyn uşağın çöldə gözlədiyini, yaşadıqları kəndin uzaqda olduğunu üçün indi görüşməyi xahiş etsə də, müdrik şəxs razılıq vermir. Valideyn uşağı götürüb kəndlərinə qayıdır və ertəsi gün yenidən geri dönür. Müdrik şəxs uşaqla görüşüb, gündə ən çoxu 5 qoz yeməyin doğru olduğunu ona inandırır. Valideyn müdrikdən bu tövsiyəni nədən dünən söyləmədiyini soruşur. Müdrik şəxs cavabında bir gün qabaq 20 qoz yediyini və özü 20 qoz yediyi halda başqasına 5 qoz yemək tövsiyəsi ünvanlamağı əxlaqa zidd hesab etdiyini deyir.

 

Sağlam iş mühiti qurmaq üçün ilk növbədə rəhbər özü sağlam əqidəyə və saf niyyətə malik olmalıdır. Dəyişilməz bir fəlsəfəm var: hər bir insanın cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır. İnsanın vəzifəsi, cəmiyyətdə yeri, rolu və nüfuzu artıqca bu məsuliyyət də artır. Ən böyük məsuliyyət ilk növbədə layiqli vətəndaş olmaq istəyidir. Xüsusən müəssisə rəhbərinin cəmiyyət qarşısında öz məsuliyyətini dərk edib, layiqli vətəndaş olmaq istəməsi onun sağlam əqidəyə malik olduğunu göstərir. Uğur sağlam əqidəli insanların sükan arxasına keçməsindən başlayır.

 

Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" əsərində Qulu obrazı var. Qulu Kiyevdə tibb fakültəsində oxuyur və arzusu həkim olmaqdır. Lakin Qulunun həkim olmaqda əsas niyyəti tibb elminə töhfə vermək, xəstələrin dərdinə şəfa bulmaq deyil, həmin dövrdə həkim çatışmazlığından yararlanaraq, çox pul qazanmaqdır. Qulu həkimlik sənətini sırf tüccar zehniyyəti ilə seçir. Şəxsi gəlirləri üçün hətta milli maraqlara xidmət edən təşkilatı dağıtmağa çalışır, üzvlər arasında nifaq salır. Bu gün də müasir Qulularla tez-tez üzləşirik. Qulu zehniyyətində olan rəhbərlər nə sağlam iş mühiti qura bilər, nə də cəmiyyətə fayda verən layiqli vətəndaş ola bilər.

 

İşdə konfliktlərin idarə edilməsində rəhbərin rolu

 

Rəhbər (Sədr, rəis, direktor, menecer və s.) sağlam iş mühiti qurmaq və vahid komanda yaratmaq üçün doğru kadrları, düzgün vəzifələrə təyin etməli, ədalətli olmalı və kadrlarla düzgün kommunikasiya qurmalıdır.

 

Kadrların düzgün seçilməsi və bacarıqlarına uyğun vəzifəyə  gətirilməsi prosesində ciddi problemlər var. Özəl iş yerlərində bu kimi hallar çox az baş verir və adətən naşılıqdan meydana çıxır. Çünki sahibkar qurub yaratdığı şirkətin inkişafını özünün həyatı qədər əhəmiyyətli bilir, mülkiyyətini göz-bəbəyi kimi qoruyur. Ona görə kadr seçimində daha yüksək əxlaqi dəyərlərə, savada, təcrübəyə malik işçilərə üstünlük verir. Kadrların yerləşdirilməsində, önə çəkilməsində yalnız şirkətin hədəfinə xidmət etməyə layiqli olanları seçməyə çalışır. Amma bir sıra dövlət müəssisələrində tam fərqli mənzərə ilə üzləşirik. Bəzən yüksək ixtisaslı peşəkar kadrlara kütbeyin, insani keyfiyyətləri olmayan, konfliktə meyilli, işə tüccar zehniyyəti ilə yanaşan, hətta şər və böhtan atmağa adət etmiş rəhbərlər təyin edilir. Bunların içərisində hətta keçmiş məhkumlar, ciddi nöqsanlara yol verdiyi üçün işdən qovulmuş polis rəisləri, fitnəkar qadınların vasitəsilə sələmçiliklə məşğul olmuş, işlədiyi dövrdə ancaq intriqalar yaratmış, bayağı düşüncəli, getdiyi restoranlar və yediyi yeməklər barəsində uzun-uzadı müzakirələr açan, öyünən insanlar var. Onlar üçün dövlət, Vətən, xalq, layiqli vətəndaş anlayışı yoxdur. Onlar işdə vəzifə funksiyalarını da öz eqoları, şəxsi maraqları üzərindən yerinə yetirirlər, ədalət balansını pozmaqla yanaşı, qəddarlıq aşılayan konfliktlər yaradırlar. Əgər rəhbərin dünyagörüşü,  mütaliəsi, liderlik bacarıqları zəifdirsə, kadrlarla düzgün münasibət qura bilməyəcək.

 

Dünya xalq ədəbiyyatının incilərindən

 

sayılan  "Kəlilə və Dimnə" əsərini  uğurlu karyera qurmaq istəyənlərin və ya rəhbər vəzifədə çalışanların oxuması onlara fayda verə bilər. Bu əsərdə Kəlilə və Dimnə adlı iki çaqqalın düşüncələri, arzuları və əməllərindən bəhs olunur. İstənilən halda  Kəlilə və Dimnə hər ikisi çaqqaldır. Kəlilə öz yerini bilən, doğru və dürüstdür. O düşünür: "Hər kəsin öz yeri və öz mövqeyi var. Biz o təbəqədən deyilik ki, hər yüksəkliyə özümüzü layiq bilək. Layiq olmadığımız yerləri istəyək və ya tutaq. Salamat dolanırıqsa, bu, bizim üçün kifayət olmalıdır..." Lakin Dimnə çaqqal olmasına baxmayaraq, şahın ətrafında olmaq, layiq olmadığı halda yüksək səviyyədə nüfuza sahiblənmək, söz sahibi olmaq istəyir. O düşünür:  "Biz yüksək vəzifə almağa layiqik və aşağı mövqedə qalmağa razı olmamalıyıq..." Çox təəssüflər ki, bu gün bəzi dövlət müəssisələrində, peşəkar kadrları şərləyən, dövlətin, xalqın marağını öz marağından aşağı sayan, layiq olmadığı müxtəlif vəzifələri qamarlayan, geniş konfliktlərə səbəb olan Dimnələr var.

 

Yüksək liderlik bacarıqları və sosial məsuliyyəti olan rəhbərlər öz komandalarını belə insanlardan arındırmalıdır. Hansısa belə kadrları işə götürməyə məcbur qalsalar belə, həmin kadrların hamısını "lazımsız" şöbə və ya idarəyə cəmləyib onları idarəetməyə buraxmamalı, işgüzar missiyadan və proseslərdən tam uzaq saxlamalıdır.  Kəlilə və Dimnə əsərindən çıxan məna odur ki, rəhbər bacarıqsız və ləyaqətsiz adamları qabiliyyətli və istedadlı adamlardan üstün tutmamalıdr. Dəvəni uzunqulağın quyruğuna bağlamaq inkişafa böyük ziyandır.

 

Bütöv komanda qurmaq istəyən müəssisə rəhbəri ədalətli olmağı bacarmalı, işçi heyətlə düzgün kommunikasiya əlaqələri yaratmalıdır. Dahi şair N.Gəncəvinin "Sirlər xəzinəsi"ndə deyilir ki, adillik eşqində olanın yüksək ədaləti olmalı. Belədə könüllər ona məhəbbət bəslər. Müdir hər bir işçiyə iş, maaş bölgüsündə, cəzalandırmada, vəzifəyə təyinatda vahid sağlam prinsiplər üzərindən yanaşmalı, qiyməti işçinin şəxsi və işgüzar keyfiyyətlərinə görə verməlidir. Xüsusən də söylədiklərinə əməl etməyi bacarmaq rəhbər şəxsin əsas meyarı olmalıdır. "Qarı ilə Sultan Səncərin hekayəti"ndə qarı sultana deyir: "Nə qədər gec deyil ağlını başına yığ, verdiyin sözə sadiq ol, əlindən iş gəlirsə, bir ədalət qəsri tik. Ədalətin gecəni çıraq kimi işıqlatsın, həmişə bəxtiyar etsin".

 

Nəsrəddin Tusiyə də müraciət edək. Dahi mütəfəkkir, rəhbərin apardığı idarəetmə siyasətini iki növə ayırır: Fəzilətli və Naqis. Tusinin düşüncəsinə görə, elə idarəetmə siyasəti tətbiq etməlisən ki, işçilərin bilik və bacarıqları, işgüzar mədəniyyəti artsın, onlar cəmiyyətə və dövlətə fayda versinlər. Bax buna fəzilətli idarəetmə deyilir. Naqis idarəetmə barədə heç danışmağa dəyməz.

 

Müdirlə işçilər arasında əlaqə nə qədər sadə və əl çatan olarsa, rəhbər o qədər məlumatlı, işçilər o qədər güvənli olar. Bəzi müəssisə rəhbərləri "subardinasiya" deyib özlərini işçi heyətdən elə təcrid edirlər ki, komandada baş verən hadisələr ya rəhbərə çatmır, ya da təhrif edilmiş şəkildə çatır. Belədə işçilərlə rəhbər arasında qarşılıqlı sevgi və güvən bağları sarsılır, uçurum genişlənir. Lider işçilərlə arasında yaranmış uçurumu aradan qaldırmağı bacarmalı, əlaqələri daha da genişləndirməli, işçi təkliflərini təşviq etməli, ona üz tutan işçilərə qayğıkeş yanaşmalıdır.

 

İctimai nəzarətin güclənməsinə borclu olanlar

 

Fikrimcə, ölkəmizin işgüzar və sosial həyatında baş verənləri müzakirəyə çıxarmaq,  çatışmazlıqları araşdırmaq, acı reallıqlara tənqidi yanaşmaq, təsdiqini tapmış davranış modellərini cəmiyyət üzvlərinə çatdırmaq rəhbər - işçi, məmur-vətəndaş münasibətlərinin və vətəndaş mövqeyinin daha nümunəvi şəkildə formalaşmasına gətirib çıxarar. Acı reallıqları müzakirəyə çıxarmaq, daha üstün və mütərəqqi modellər tətbiq etmək merkantil maraqlara söykənənlərə əlverişli deyil.  Onlar qorxurlar ki, sağlam müzakirə zamanı həqiqətlər günəş kimi parlayar və idarəçilikdə yanlışlıqlar daha aşkar görünər. Səməd Vurğun "Vaqif" poemasında belələrini "Günəşdən gizlənən yarasalar" adlandırır.

 

Cəmiyyətin aydınlığa çıxarılmasına cavabdeh olan zümrələrdən biri də jurnalistikadır. Vətəndaş cəmiyyətinin sağlam dəyərlər üzərində qurulması, ictimai nəzarətin gücləndirilməsi, ölkə başçısının mütərəqqi ideyalarının, titanik fəaliyyətinin təbliği və təşviqi jurnalistlərin əsas prinsipinə çevrilməlidir. Əlbəttə, jurnalist məhz xəbərin istehsalı, hazırlanması, yayılması işi ilə məşğul olan təbəqənin təmsilçisidir. Ancaq keyfiyyətli informasiyanı əldə etmək,  yaymaq vətəndaş cəmiyyətinin demokratik, şəffaf, milli və dövlətçilik maraqları üzərində təşəkkül tapmasına bir başa təkandır. Cəlil Məmmədquluzadə yazır: "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək hər bir qələm sahibinin amalı!"

 

Bir kəlamda deyilir: "Meh güllükdən və çiçəklikdən xoş ətir, kəsafət və nəcasət olan yerdən üfunət gətirər". Biz ölkəmizi güllü-gülüstana çevirmək uğurunda çalışmalıyıq. Bu mübarək missiyanın uğurlu alınmsı üçün öncə özümüzdən başlamalı, nümunəvi vətəndaş modelinə layiq həyat tərzi seçməliyik. Dahilərin biri deyir: "Özünü düzəlt, dünya da düzəlsin".

 

 

Şamil ŞAHBAZOV

 

525-ci qəzet.- 2022.- 2 fevral.- S.14;15.