Bir şeirin folklor tutumu
VƏ YA
SÜLEYMANIN ƏLİSANIN "GÖZÜKÖLGƏLİ
ADAMLAR"A EL DİLİNDƏ DEDİKLƏRİ
Süleyman Əlisa çoxşaxəli
ədəbi fəaliyyəti
ilə seçilir, qələmindən tariximizin
qaranlıq səhifələrinə
işıq düşür,
şeirləri minilliklərin
söz yaddaşını
silkələyir. Onun uşaqlar üçün
yazdığı şeirlərdən
tutmuş ictimai-siyasi mövzuda olan əsərlərinədək bütün
qələm məhsullarında
el xəzinəsinə güvəncin
şahidi oluruq. Əslində, şairin bütün
yaradıcılıq nümunələri
bu yönümünə
görə ciddi təhlilə möhtacdır.
Süleyman Əlisa frazeologiyalardan,
atalar sözü və məsəllərdən,
deyimlərdən, alt qatında
rəvayət və əfsanələr dayanan söyləmələrdən məharətlə
faydalanır. Onun semantik
şeirləri də folklordan qaynaqlanır, dil, ifadə zənginliyi ilə diqqəti çəkir.
Bu şeirlərdə xalq həyatının, el
güzəranının və
məişətinin təsviri
əsas yer tutur. Onun qələminin məhsulu
olan poetik nümunələrin bir qismi isə şəkli xüsusiyyətlərini
folklordan alır, qoşma, gəraylı, nəğmə üslubunda
yazılmış şeirlər
axıcılığı və ahəngdarlığı
ilə seçilir.
Süleyman Əlisanın bütün
şeirlərinin dili xalq ifadələrinə, milli koloritə söykənir. Adsız bir şeirini
nəzərdən keçirdikdə
şairin xalq üslubuna heyrətamiz dərəcədə yüksək
qiymət verməsinin
şahidi oluruq. Şeir bu misralarla başlayır:
Hərdən rəng verib,
rəng alırsınız,
Haldan-hala düşürsünüz.
Ya qıpqırmızı qızarırsınız
Ya qapqara olursunuz.
İlk anda bu misralarda fikrin
adi şəkildə ifadə olunduğunu görürük, bir qədər dərindən
düşünəndə şeirdəki deyimlərin
arxasında dilin zəngin folklor qatının dayandığının
şahidi oluruq. Süleyman Əlisanın
adiliyi və qeyri-adiliyi nədədir?
"Rəng alıb,
rəng vermək"
müxtəlif məna
tutmlarını ifadə
edir. Birbaşa ifadə etdiyi
məna əməlinə
görə xəcalət
çəkməklə bağlıdır.
Amma bu deyimin
sətiraltı mənası
da var: Rəng
alıb, rəng verən adamlar həm də simasını, xarakterini, xislətini tez-tez dəyişən kəslərdir.
Bu mənanı sonrakı misralar tamamlayır. Haldan-hala düşmək
ifadəsi də kontominativdir. Dediklərinin, yaxud elədiklərinin xəcalətini çəkənlər
də haldan-hala düşürlər, yəni
öz əməllərinin
peşmançılığını çəkirlər. Şeirdə isə bu deyimin
ikinci mənası əsasdır. İkinci
mənaya görə haldan-hala düşən adam sifətinin
cizgilərini tez-tez dəyişən kimsədir,
ya qıpqırmızı
qızarır, ya da qapqara olur.
Qırmızı həyasızdır, üzədurandır, qıpqırmızı
xarakterdə isə tündlük var. Qaralmaq, qapqara olmaq rəngini-ruhunu
dəyişməyin təsvirə
gəlməyən şəklidir.
El arasında "üzqaralığı" ifadəsi
mövcuddur ki, bu da pis
əməllə, pis hərəkətlə bağlıdır.
Tanımaq olmayır sizləri...
Elə bil
xoruz quyruğu görməmisiniz?
Siz də qəribə məxluqsunuz,
ay gözükölgəli adamlar.
Hərdən aldanıb şirin
vədlərə
dil-dil
ötürsünüz.
Dartmaq istəyirsiniz
rəiyyəti o tərəf
bu tərəfə.
Rəiyyətdə də nə hey
qalıb,
nə heysiyyat,
Ancaq hələ ümid içində
yaşayırlar...
Şeirin
bu hissəsindəki ifadələrin folklor tutumuna diqqət yetirək:
Xoruzquyruğu - tünd qırmızılığı
ifadə edir, adətən tünd çayı bu cür adlandırırlar. Xoruz quyruğu
görmək isə çoxmənalıdır. El arasında gəzən
bir lətifədə
oğru xoruzu yaxşı gizləyə
bilmir, quyruğu göründüyü üçün
"cinayətin" üstü
açılır. Bu mənada fikrin ifadəsi eldən oğurlananı görməmək anlamına
gəlir. Qəribə məxluq isə
insanlıqdan aşağı
səviyyədə yaradılan,
insanlıqdan çıxan,
yaxud insani dəyərlərə qiymət
verməyən canlıdır.
Gözükölgəli adam başqalarının,
bəzən isə konkret olaraq bir kimsənin qarşısında üzü
olmayan şəxsdir. Keçmiş pis və nalayiq əməli adamın gözünə
kölgə tutur ki, bu da
üzqaralığının başqa bir şəklidir. Dil-dil ötmək,
yaxud bülbül kimi ötmək özünə inamın ifadəsidir, buna xalq arasında "dil boğaza qoymamaq" da deyirlər. Şeirdə "dil-dil ötmək"
dayanmadan, nəfəs
dərmədən danışmaq
anlamındadır. Amma müəllifin
təsvirində "şirin
vədlərə aldanan"
insanlar dil-dil ötməkdə haqlı
deyillər.
Şeirdə müəllif ittihamını
obrazlı ifadələrlə
davam etdirir:
Nə etsinlər?
Əsrləri, yüz illəri
yola salıb gəliblər.
İndi
hər ağzıgöycəyin
sözüylə
özlərini ağır-yüngül
edən deyillər ki...
Hərdən
dilinizin ucundakı sözü
udmalı olursunuz.
Bir anda boğazınız quruyur,
qaşınız çatılır,
gözləriniz böyüyür,
əlhəminizi çaşırsınız.
Nə illah etsəniz də,
dinc durmayır,
başınıza bəla
açır
dilinizin altındakı
o söz.
Sonra da həkimə,
dava-dərmana möhtac
qalırsınız...
Dilə şirinlik gətirən, şeiri quru söz yığını
olmaqdan xilas edən canlı xalq deyimlərinin yerli-yerində işlədilməsidir. Bu kiçik
parçadakı mayası
xalq danışıq
dilindən gələn
obrazlı sözlərə
diqqət yetirək: Ağzıgöyçəyin sözü;
Özünü ağır-yüngül
etmək; Dilin ucundakı sözü udmaq; Boğazı qurumaq; Qaşı çatılmaq; Gözləri
böyümək; Əlhəmi
çaşmaq; İllah
etmək; Başına
bəla açmaq; Dilin altındakı söz.
Şeirdə aforistik ifadələr misradan-misraya təkmilləşir,
"gözükölgəli" adamların ittihamı ciddiləşir. Biganəlik, vədlərə inanmaq, haqqı çatmadan dil-dil ötmək fərdin faciəsinə gətirib çıxarır. Təkcə fərdinmi?
Deyim zənginliyi fikrin sərrastlığını
artırır:
Siz də qəribə məxluqsunuz,
ay gözükölgəli adamlar.
Hər qaranlıq gecənin
işıqlı bir gündüzü var.
Kipriklərinizin gödəkliyi
gözlərinizi çaşdırmasın;
Onlardı Günəşdən gələn
işığın rənginə
rəng qatan,
gözünüzü kölgəli
edən...
Onlardı sizi düz
sözə
həsrət qoyan...
Ay gözükölgəli adamlar,
Görəsən daha nə vaxtadək
kölgəlikdə daldalanacaqsınız?
Görəsən daha nə qədər
yarına-yarına yaşayacaqsınız?
Belə
ütülə-ütülə yaşamaq
heç ütülü
qalstukunuza da yaraşmır.
Günü sabahdan
atın yarınmağın
daşını,
Ütülü sözlərinizi də
göndərin getsin arxivə.
Amandı
bir az
ayıq olun,
Amandı gözüaçıq olun.
İt hürən tərəfə
yox,
işıq gələn
tərəfə yüyürün,
işıq gələn
tərəfə.
Şeirin bu hissəsində olayları və ittihamı müdrik kəlamlar tamamlayır, hər misra bir atalar sözünü xatırladır: "Hər qaranlıq gecənin işıqlı bir gündüzü var", yaxud "Kipriklərin gödəkliyi gözləri çaşdırır (qamaşdırır)" qənaəti atalar sözlərindən gəlir. "Kölgəlikdə daldalanmaq" həqiqətdən, reallıqdan qaçmağı, kiminsə əlaltısına dönməyi bildirirsə, "yarına-yarına yaşamaq" yaltaqlığı ifadə edir. Bu artıq şəxsiyyətin sınmasıdır, toplumun əsarətidir. Ona görə də Süleyman Əlisa yazır ki, ütülə-ütülə yaşamaq ütülü qalstukunuza yaraşmır. Ütülmək konkret mənada tüklü canlıların (quşların və heyvanların) oda tutulmasıdır. Bu obrazı insanın üzərinə köçürdükdə belə bir reallıq alınır: Qanadları ütülmüş quş uça bilmədiyi kimi, ütülə-ütülə yaşayan insan da arzularının dalınca gedə bilmir. Yarınmağın daşını atmayan, ütülü sözlərdən əl çəkməyən insan obyektiv ola bilməz. "Yarınmaq daşı" el arasında bilov da adlanır, nəyisə itiləməyə yarayır. Öz xalqını ayıq olmağa, gözüaçıq olmağa səsləyən Süleyman Əlisa şeirini nağıllardakı çağırışla bitirir. Nağıllarımızda Cırtdan özündən çox böyük, amma qərarsız insanlara it hürən tərəfə deyil, işıq gələn tərəfə getməyi məsləhət görür. Yol uzaqdı, amma yolun sonunda işıq var!
Süleyman Əlisanın semantik şeirinin folklor qaynaqlarına işıq salmaqla çağdaş
poeziyamızla bağlı bir həqiqəti
üzə çıxardıq. Sərbəst vəzndə
olduğuna görə bu
şeirin poetik tutumu misraların ritmində, ahəngində deyil, sözlərin və ifadələrin
daşıdığı məna yükündədir. Şeir struktural
baxımdan folklorla bağlı olmasa da, tematik
yükünə görə xalq deyimlərindən,
dilin folklor
qatından, ifadələrin obrazlılıq səviyyəsindən
qidalanır.
Bilal ALARLI HÜSEYNOV
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2022.- 3 fevral.- S.15.