Onu yazıları yaşadır indi...
UNUDULMAZ YAZIÇI-PUBLİSİST
ƏŞRƏF HACIYEVİN BU YAXINLARDA 90 İLLİYİ
TAMAM OLDU
...Ömür
vəfa etsəydi, ötən il tamamlanan 90 yaşı, yəqin
ki, öz iştirakı ilə xüsusi bir səviyyədə
qeyd olunacaqdı. Amma
keçən il vəfatının 20
illiyi tamam oldu, çox təəssüf ki...
Unudulmaz
söz və qələm adamı, Əməkdar jurnalist, uzun
müddət "Azərbaycan gəncləri", "Xalq qəzeti"
və "Respublika" qəzetlərində şöbə
müdiri vəzifələrində
çalışmış, o dövrün tanınmış
ziyalılarından olan yazıçı-publisist Əşrəf
Hacıyevdən söhbət açıram. Onun
adlarını çəkdiyim bu qəzetlərdə, həmçinin
digər mətbuat orqanlarında dərc olunan məqalələri
ilə tez-tez rastlaşırdım və həyatımızın
müxtəlif problemləri ilə bağlı bu yazılar
diqqəti cəlb edirdi.
Əşrəf
Hacıyevin bir müddət əvvəl çap olunan
"Seçilmiş əsərləri" (tərtib edəni,
müqəddimə və qeydlərin müəllifi fəlsəfə
elmləri doktou Arzu Hacıyevadır) ilə tanış
olduqda isə onun həm publisist, həm də bir nasir kimi
yaradıcılığı haqqında dolğun təsəvvür
əldə etdim. Çox səlis, aydın,
koloritli dili var, yazı üçlubu, manerası özünəməxsusluğu
ilə seçilir. Onun publisistikasında
aydın nəzərə çarpan bir xətt-oxucunu
inandırmaq, onu mühakimələrlə yorrmayıb əsl
həqiqəti izah etmək, qaldırdığı məsələnin
mahiyyətinə, kökünə varmaq istəyi
aparıcı idi. Nəsr əsərlərində
isə yadda qalan obrazlar yaratmaq, onların daxili aləminə nüfuz
etmək, koloritli lövhələr yaratmaq, təsvir etdiyi
hadisələri real və inandırıcı şəkildə
təqdim etmək bir yazıçı kimi əsas prinsipinə
çevrilmişdi.
O, Qəbələnin
Hacalı kəndində, müəllim ailəsində
dünyaya gəlmişdi. Cəmi on yeddi il
o kənddə yaşamışdı, sonra ADU-nun Filologiya
fakültəsinin jurnalistika şöbəsində təhsil
almışdı. Amma onun hekayə və povestlərində
kənd həyatı-kənd koloriti çox təbii, lap elə
olduğu kimi, sanki naturadan bədii əsərə gəlirmiş
kimi təsvir olunurdu. Deməli, insanın doğulduğu
kənddə cəmi on yeddi il
yaşamasının məsələyə bir elə dəxli
yoxdur, əsas odur ki, dünyanın harasında olursan ol, sənin
içində-ruhunda o kənd havası, kəndçi
psixologiyası yaşasın, onu göz bəbəyin kimi
qoruyasan.
"Yaz təzəcə girmişdi. Günəş
o başdan dağın dalından boylanır,
yavaş-yavaş üfüqə dikəlib gecə ikən
çökmüş duman-çəni dağıdır, həlim
şəfəqlərini Qarasu kəndinin üzərinə
yayıb, havanı, torpağı, ağacları
qızdırırdı. Yerdə
çayır burum-burum göyərir, ağacların nazik,
şivrim budaqları göyümtül rəng alıb tumurcuqlayırdı.
Alma-alçada, şaftalıda çiçək
düymələri aydınca seçilirdi. Quzeylərdə hələ çirkli qar topaları
qalsa da, isti qanına işlədikcə torpaqdan buxar
qalxırdı" - Əşrəf Hacıyevin "Yanıq
şabalıd ağacı" hekayəsi yaz fəslinin gəlişinin
belə bir təsviri ilə başlayır və bu təsvirdə
təbiəti peyzaj vasitəsilə canlandırmaq istəyi
duyulur. Onun digər nəsr əsərlərində
də belə lövhələrlə
qarşılaşırıq. O, ağacın, quşun,
dağın, yay səhərinin, qış gecəsinin,
gündüzün, qaranlığın ,
bahar çiçəyinin şəkillərini sözün yaratdığı
rəsmlərə köçürməyi bacarırdı. Amma məni bir oxucu kimi Əşrəf Hacıyevin
hekayə və povestlərində maraqlandıran təkcə
bu təbiət təsvirləri deyil, insan obrazlarıdır.
Bu obrazların həyat düşüncələri,
yaşamaq yanğısıdır. İlk
dəfə çap edilən "Yanıq şabalıd
ağacı" hekayəsi Əşrəf Hacıyevin
bütün hekayələrinin ideya-bədii qayəsini
özündə cəmləyən bir yazıdır. Hətta bu hekayədə mikroroman elementləri nəzərə
çarpır. Hekayənin əsas
personajı Qırmızı Mirzəmməd kişidir.
O, Qarasu kəndinin otuz illik tarixinin əsas canlı tarixidir, kənd
sovetində işləyib, kasıb-küsuba əl tutub,
quruculuq işləri aparıb, insanları düzlüyə,
həqiqətə səsləyib. Amma indi zəmanə
dəyişib. Müharibə
alovlarından keçib gələn Qırmızı Məhəmmədləri
həqiqət və düzlük işığından məhrum
olan Əfsərlər əvəz edib. Nəsil
dəyişimi baş verib, amma həyatın axarı pozulub.
Kənd camaatı adi günlərdə işdən
sonra, şənbə və bazar günləri isə səhərdən
axşamacan yanıq şabalıd ağacının
altında oturur, söhbətləşirlər, bura "həqiqi
xalq yığıncağı" idi. Yanıq
şabalıd ağacı qayğı, dərd, sevinci bölmək
yeridir. O, rəmzə çevrilir. Amma
Qırmızı Mirzəmmədin cəbhə
yoldaşları ilə görüşə getdiyindən
istifadə edən Əfsər və dəllək Ağaəli
yanıq şabalıd ağacını köklü-köməcli
yox edir, yerində "Xırdavat malları" dükanı
açırlar. Şər bu arada qalib gəlir,
amma yanıq şabalıd ağacı ilə bağlı
xatirələr yaşayacaq.
Bu hekayənin üzərində niyə çox
dayandım? Məncə, üç səbəbə görə.
Birincisi, Əşrəf Hacıyev bir çox
yazılarında keçmişlə təsvir etdiyi bu
günü qarşılaşdırırdı. O,
heç bir yazısında keçmişi pisləmir, ya da bu
günü tərifləmir, həm də əksinə. Sadəcə, iki zamanın
qarşılaşmasında hadisələrin gedişinə
müdaxilə etməyərək nəyin yaxşı, nəyin
pis olduğunu oxucunun öz ixtiyarına buraxır.
İkincisi, onun hekayə və povestlərində
müharibə ilə (1941-1945) bağlı hadisələr və
ya müharibədən sonra xatırlatmalar diqqəti cəlb
edir. Bu da səbəbsiz deyil. Əşrəf
Hacıyevin uşaqlığı müharibə illərinə
düşüb, bu mənada onu "müharibə
uşağı" da adlandırmaq olar. Biz bunu
Ə.Hacıyevin "İtkin atanın oğlu",
"Ürəkdə səs" povestlərində, "Yol
üstündə ağac", "Məktub" hekayələrində
izləyirik.
Əşrəf
Hacıyevin yaratdığı Qırmızı Mirzəmməd
("Yanıq şabalıd ağacı"), Calal
("Mükafat"), "Haqverdi" ("Arxada"), Mirzəli
("Yetim Segah"), Mürsəl müəllim
("Açtronomiya dərsi") hekayələrində
xarakterik bir hadisə, yığcam bir süjet daxilində həyati,
real və inandırıcı obrazlarla
qarşılaşırıq. Bu obrazlar müəllif
təxəyyülü ilə uydurulmayıb, birbaşa həyatın
özündən ədəbiyyata gələn obrazlardır.
Və müəllif bir hekayə daxilində təqdim
etdiyi obrazın həm zahiri, həm də daxili portretini
yaratmağa çalışır. Məsələn,
"Arxada" hekayəsində təsvir olunan Haqverdi lal-kar
naxırçı, adi bir adamdır. Həmişə də
əlində dəyənək gəzdirir, naxırı
haqq-muzd almadan, bir qarın çörəyə
güdürdü.. Dilsiz-ağızsız
olsa da, üzüyola, xoşqılıq bir insandı. Bu-onun zahiri əlamətləri. Amma 1943-cü
ilin yazında "müdafiə fondunun" nümayəndəsi
kəndə gələndə Haqverdi gümüş işləməli
xəncərini fonda təhvil verir:
"Hitlerin başını kəsin bu xəncərlə"
deyir. Və Haqverdi hamının gözündə
böyüyür. "Astronomiya dərsi"ndəki
Mürsəl müəllim başıaşağı, təmkinli
və mülayim insan olsa da, pisliyə, yaramazlığa
qarşı etinasız qalmır.
Əşrəf Hacıyevin publisistik yazıları
haqqında da bir neçə söz demək istəyirəm. Bu yazıları
"keçmişdə yazılıb, o dövrün hadisələrini
əks etdirir" kimi qiymətləndirmək xoşagəlməz
bir iş olardı. Keçmişdən,
xüsusilə sovet dövründə yazılan əsərlərdən
imtina etmək sözün əsl mənasında
kökünü danmaq deməkdir. Çünki
yaradılan hər bir əsər, hətta sovetizm ruhunda
yazılsa da, atılmalı, imtina edilməli deyil. Əşrəf Hacıyevin üç qəzetdə
şöbə müdiri, birində isə bölgə
müxbiri kimi fəaliyyəti çox səmərəli olub.
Məsələn, onun "Qanun insanın
vicdanıdır" yazısı mənə belə bir fikir
aşıladı ki, Əşrəf Hacıyev əksər
publisist məqalələrində öz vicdanının və
qanunun hökmü ilə hərəkət edib. Lenin adına APİ-nin III kurs tələbəsi, əslən
ordubadlı olan Calal İsmayılov institutun tədris hiss
üzrə müdiri H.Qədirovun əmri ilə ali məktəbdən
xaric edilmişdir. Səbəb o olub ki, Calal institutda oxuya-oxuya
özünü və ailəsini dolandırmaq
üçün iş yerləri tapmış və bu barədə
institut rəhbərliyinə bildirməyi ağlına belə
gətirməmişdir. "Hər gün səhər
erkən durub internat-məktəbə yollanır, saat ikinin
yarısında dərslərini qurtarıb instituta
qaçır, axşamlar isə masa arxasında oturub dərslərə
hazırlaşır". Aldığı
pulla qoca atasına və kiçik qardaşına kömək
edir. Bakı Şəhər Xalq Maarif
Şöbəsi bu məsələ ilə bağlı
"Yoldaş Qədirov, müstəsna olaraq icazə
verilsin" dərkənarı yazmışdır. Amma H.Qədirov sözündən dönmür.
Ə.Hacıyev bu məsələ ilə əlaqədar
"Azərbaycan gəncləri" qəzetində (2 aprel
1961) həmin adı çəkdiyimiz məqaləni dərc
etdirmişdi.
Onun bir çox publisistik yazıları araşdırma,
təqdimetmə xarakteri daşıyır. "Kavaler
Armed Mişel" yazısı Fransada partizan hərəkatının
fəal iştirakçısı Əhmədiyyə Cəbrayılovun
həyatını, keçdiyi mübarizə yolunu
işıqlandıran ilk sənədli (həm də bədii)
əsər olmuşdu. "Araz üzərində
şəfəq" isə o zamankı Cəbrayıl və Zəngilan
haqqındadır. Ə.Hacıyevin 20 Yanvar şəhidlərinə
həsr etdiyi "Ziyarətgah" və Xocalı faciəsi
ilə bağlı qələmə aldığı
"Xocalı faciəsi düşündürür"
yazıları da maraqla oxunur bu yazılara siyasi cizgilər də
əlavə olunur.
Əşrəf Hacıyevin "Seçilmiş əsərləri"nə onun qızı, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva geniş bir ön söz yazıb. Təxminən 55 səhifə. Ön söz (əslində, kiçik monoqrafiya) "Əbədi qayıdış fəlsəfəsi. Əşrəf Hacıyevlə zamanın dövrlərində" adlanır. Arzu xanım alman filosofu Nitsşenin "Əbədi qayıdış" fəlsəfi təlimindən bir xeyli söz açır. Bu təlim onun fikrincə qəzavü-qədər fəlsəfəsidir ki, insanları eyni həyatı sonsuza qədər dəfələrlə yaşamağa məhkum edir. "Nitsşeyə görə, adi insanlar üçün "əbədi qayıdış", yəni dönə-dönə, təkrar-təkrar eyni ağrı-acılı mənasız həyata qayıtmaq ideyası dözülməzdir, onu yalnız gücdü, özünə üstün gəlməyə, öz üzərində ucalmağa qadir olan fövqəlinsan qəbul edə bilər, həm də böyük fərəhlə, sevinclə". Əlbəttə, mən bir filosof xanımın və dahi bir filosofun fikirlərinə bu yazıda şərh vermək fikrində deyiləm. Haqlı fikirlər də var, hətta son dərəcə mübahisəlilər də. Təbii ki, keçmişi heç vaxt "əbədi qayıdış" kimi geri qaytarmaq olmaz, keçmişi xatırlamaq olar, keçmişdə baş verən hadisələr bir qədər fərqli şəkildə təkrar da oluna bilər. Arzu xanımın fikrincə, "Hər dövrdə fəlsəfə dönə-dönə öz əbədi problemlərinə qayıdıb, onlara cavab axtarır, incəsənətdə köhnə nağıllar, süjetlər, miflər, əfsanələr, mövzular daima qayıdıb təkrarlanır". Amma elə onun fikrincə, hər cür qayıdışda həm də fərqli yeniləşmə, zənginləşmə olmalıdır. Arzu xanım bu "əbədi qayıdış" ideyasını atası Əşrəf Hacıyevin əsərlərində axtarır və bir sıra sübutlar da gətirir.
Əşrəf Hacıyevi -bu unudulmaz
yazıçı və publisisti hər dəfə
xatırlamaq, əsərlərinə müraciət etmək də
sözügedən əbədi qayıdışın bir təzahürü
sayıla bilər.
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2022.- 3 fevral.- S.13.