İrəvan Gimnaziyası - 140
yaşlı təhsil məbədi
XIX əsrin əvvəllərində
Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra müxtəlif sahələrdə olduğu
kimi, təhsil və məktəb sahəsində də öz maraqlarını təmin etməyə başladı. İlk öncə Cənubi
Qafqazda yeni tipli qəza məktəblərinin təşkilinə
başlanıldı və
beləliklə, 1832-ci ilin
yanvar ayının
14-də İrəvanda ilk qəza
məktəbi açıldı.
Bu qəza məktəbində
rus və başqa millətlərin uşaqları ilə yanaşı, azərbaycanlılar
da təhsil almağa başladılar.
1836-cı ildə İrəvan qəza məktəbində 5 nəfər
azərbaycanlı təhsil
alırdı. 1836-cı
ildə qəza məktəbində ilk dəfə
Azərbaycan dilini əslən Dərəçiçəkdən
olan Mirzə Molla Tağı Mahmud oğlu tədris etmişdi. Araşdırmalardan məlum olur
ki. Mirzə Molla Tağı
Mahmud oğlu Azərbaycan,
rus və erməni dillərində dərs demişdi. O,
burada 1856-cı ilin aprel ayına - vəfatına kimi pedaqoji fəaliyyət göstərmişdi. Bundan sonra
həmin dərsi, o ilin noyabr ayına
qədər, başqa
millətdən olan müəllimlər tədris
etmişdilər. 1856-cı
ilin noyabr ayından isə Mirzə Molla Ələkbər Elxanov qəza məktəbində
şəriət və
tatar (Azərbaycan dili) dilini tədris
etməyə başlayıb.
1838-ci ildə İrəvan
qəza məktəbinin
binası yanıb, elə həmin ildə İrəvanın
ən zəngin adamlarından olan Seyid Hüseynin şəhərin mərkəzində
yerləşən mülklərindən
birini 125 tümənə
(500 rubla) icarəyə
götürüblər.
İrəvan qəza məktəbi
1843-cü ilə qədər
Seyid Hüseynin həmin mülkündə
fəaliyyət göstərib.
1839-cu ildən 2 sinifli
İrəvan qəza məktəbi 3 sinifli qəza məktəbi kimi fəaliyyət göstərməyə başlayır. İlk vaxtlar
açılan 1 və
2 sinifli qəza məktəblərində isə
şəriət, rus dili, ana dili,
elmi-hesab fənləri
tədris edilir. İrəvan
qəza məktəbində
yerli dillərin tədrisinə də xüsusi diqqət yetirilib. Yerli xalqın dili
olaraq Azərbaycan dili tədris edilib. 1841-ci ildən Azərbaycan dili dərslərinin saatı artırılıb
və eyni zamanda tarix, coğrafiya, hüsnxət
fənlərinin də
tədrisinə başlanıb.
15 mart 1868-ci ildə Qafqaz
Təhsil Dairəsi İrəvan qəza məktəbinin 3 sinifli progimnaziya kimi fəaliyyət göstərməsi
ilə bağlı qərar verir. Artıq qəza
məktəbi 1 sentyabr
1868-ci ildən progimnaziya
kimi fəaliyyət göstərməyə başlayır.
Progimnaziyanın 1-ci sinfində
başqa fənlərlə
yanaşı, latın dili, fransız dili və təbiət fənləri də tədris edilir. 3 sinifli progimnaziya
1869-cu ildən 4 sinifli
progimnaziyaya çevrilir.
Vaxtilə İrəvan qəza
məktəbində dərs
deyən müəllimlər
də fəaliyyətlərini
progimnaziyada davam etdirirdilər. Həmin müəllimləri
progimnaziyada nəzarətçilər
adlandırırdılar. 1871-ci ildə progimnaziyanın
ilk buraxılışı olub. Progimnaziyanı ilk buraxılışında 96
nəfər bitirmişdi
ki, onlardan da bəziləri Tiflis gimnaziyasında təhsil almağa getmiş, böyük əksəriyyəti
isə yerli müəssisələrdə işlə
təmin edilmişdi.
İrəvan progimnaziyasında 1869-cu ildə 17 azərbaycanlı
təhsil alırdısa,
1881-ci ildə onların
sayı 34 nəfər
idi.
Progimnaziya 31 mart 1881-ci ildən 5 sinifli gimnaziyaya çevrilir və bura keçmiş
müstəntiq Vladimir Brajnikov
müdir təyin edilir. 1882-ci ildə həftədə 5 gün
Azərbaycan dili tədris edilirdi. 1883-cü ildə İrəvan gimnaziyasında
Azərbaycan dilini 24, erməni dilini isə 3 nəfər öyrənirdi. Vaxtilə
gimnaziyanın inspektoru
işləmiş P.İ.Tverdomun
qeydlərində də
göstərilir ki, Azərbaycan (o zamankı deyimlə "tatar") dilini rus şagirdlər
də çox böyük həvəslə
öyrənir və bu dildə sərbəst
danışmağa can atırdılar.
1888-ci ildə İrəvanın
Şeyxülislamı gimnaziyaya
baş çəkərkən
Firidun bəy Köçərlinin dərs
dediyi 2-ci sinfə daxil olanda 2 rus şagirdin - Qrozdov və Şpakovskinin Azərbaycan
dilində verilən bütün suallara sərbəst və düzgün cavab verdiyini, bu dildə
şeir söylədiklərini
məmnunluqla seyr etmişdi. Gimnaziyada həftədə 14 saat Azərbaycan dili, 5 saat isə
şəriət tədris
edilirdi. Azərbaycan dili
bütün siniflərdə
müxtəlif millətlərdən
olan tələbələrə
öyrədilirdi.
Bundan əlavə,
gimnaziyada hesab, həndəsə, coğrafiya,
tarix, təbiət elmləri və rus, fransız, alman dilləri, xəttatlıq, musiqi, işgüzar münasibətlər
fənni də tədris edilirdi.
Gimnaziyaya qəbul olmaq istəyən hər bir kəs ilk növbədə onun nəzdində fəaliyyət
göstərən hazırlıq
sinfini bitirməliydi. Qəbul
hər il
dekabrın 8-23 arası
keçirilirdi. Tətil müddəti
isə 15 iyundan 15 sentyabra qədər idi.
İrəvanın məşhur zadəganlarından
Həmid Paşa Hacı Şükür xan oğlu Paşa
xan Makinski 1884-cü ildə bir il İrəvan gimnaziyasının fəxri
himayədarı olmuşdu.
Gimnaziyanı ilk buraxılış
ili olan
1885-də 36 nəfər bitirmişdi,
məzunlardan 28 nəfəri
müxtəlif şəhərlərdə
fəaliyyət göstərən
universitetlərə daxil
olmuşdu.
1886-cı
ildə İrəvan gimnaziyasının məzunu
Məmməd bəy Qazıyev Moskva Universitetinin Hüquq,
1887-ci il məzunu Əsədulla bəy Kəngərlinski isə Xarkov Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Onu da qeyd edək ki, Əsədulla
bəy Kəngərlinski
sonralar Naxçıvan
Daxili İşlər
Nazirliyində məsul
vəzifədə çalışmışdı.
Gimnaziyada və təhsil müəssisələrində daha çox xanların, bəylərin,
imtiyazlı ailələrin,
zəngin adamların övladları təhsil alırdılar. Onlar gimnaziyanı bitirdikdən
sonra təhsillərini
dünyanın ən məşhur universitetlərində
davam etdirə bilirdilər.
Xalqımızın böyük mütəfəkkir
oğlu, ədəbiyyatımızın
yorulmaz tədqiqatçısı,
dilimizin saflığı
və varlığı
uğrunda böyük
mübariz. Firidun bəy Əhməd bəy oğlu Köçərli on il (1885-1895) İrəvan
gimnaziyasında dərs
demiş, İrəvanda
Azərbaycan ədəbi-mədəni
mühitinin təşəkkülünə
ciddi təsir göstərmiş və aparıcı fiqurlarından
biri olmuşdu. İrəvanda F.Köçərliyə yerli ziyalılardan Fars Abbas, Axund Məmmədbağır
Qazizadə, Məşədi
İsmayıl Hacı
Kazımzadə kimi açıqfikirli ziyalılar
yaxından köməklik
göstərirdilər. Qafqaz Təhsil Dairəsi rəhbərinin
30 oktyabr 1895-ci il tarixli əmri ilə F.Köçərli İrəvan
gimnaziyasından Qori (Zaqafqaziya) Müəllimlər
Seminariyasına köçürülür.
Onun yerinə 1895-ci ildə Qafqaz Təhsil Dairəsinin əmri ilə İsmayıl bəy Şəfibəyov
təyin edilir. İsmayıl bəy Şəfibəyov
1859-cu ildə Şuşada
anadan olmuş, 1887-ci ildə Cəlil Məmmədquluzadə ilə
birlikdə Zaqafqaziya Müəllimlər Seminariyasını
bitirmişdi. Gimnaziyadan əvvəl
isə İsmayıl bəy Azərbaycanın müxtəlif bölgələrində
- Şuşada, Xaçmazda
və digər yerlərdə pedaqoji fəaliyyət göstərmişdi.
İ.Şəfibəyov Azərbaycan dilini
tədris etməklə
yanaşı, gimnaziyada
tərbiyə işləri
üzrə köməkçi
vəzifəsində də
çalışırdı.
Azərbaycanlı ziyalılardan Məşədi
İsmayıl Hacı
Kazımzadə ("Bəzmi"),
Rəşid bəy Şahtaxtinski, Mirzə Məmməd Şeyxzadə
də bir müddət gimnaziyada dərs demişlər. M.M.Şeyxzadə həm də İrəvan quberniyası
müsəlman icması
məclisinin Şərur-Dərələyəz
üzrə nümayəndəsi
olmuşdu. Ondan sonra
- 1910-cu illərdə gimnaziyanın
azərbaycanlılar bölməsinə
Şeyx Əbu Səttar Əli Əkbər Kazımov rəhbərlik etmişdi.
Gimnaziyada 1915-ci ildə 141 nəfər azərbaycanlı təhsil
alırdı. Azərbaycan elminə öz töhfələrini vermiş
dünya şöhrətli
alim, akademik Mustafa boy Topçubaşov, görkəmli
ictimai xadim, tibb elmləri doktoru, professor Əziz Əliyev, ictimai xadim Maqsud Məmmədov,
görkəmli tarixçi
alim, professor Mehdixan İrəvanski, görkəmli
dilçi alim Miryusif Mirbabayev, İrəvanda Azərbaycan
ədəbi-mədəni mühitinin
tərəqqisində böyük
xidmətləri olan Abbas ağa Fərəcov, Qulam Fərhadov, Mehdi Kazımov, Əsədulla bəy Kəngərlinski, Mirhüseyn Mirbağırov,
Adil və Əkbər bəy Qaziyevlər, Hüseynağa
Şahtaxtinski, Əslidar
Muğanlinski, Teymur Makinski, Əkbər ağa Şeyxülislamov,
Aslan bəy Nabatəlibəyov, Mirzə
Bağırbəyov, Seyfulla
Süleymanov və başqaları gimnaziyanın
məzunları olublar.
Mənbələrdən aydın olur ki, gimnaziyanı bitirib İrəvan quberniyasının müxtəlif
bölgələrində müəllim
və yaxud dövlət qulluğuna gedənlər, əsasən
azərbaycanlılar idi. Hətta gimnaziyanı
əla qiymətlərlə
bitirən məzunlara
rus və müsəlman qanunvericiliyi
fənnindən gimnaziyada
həftədə 4 dəfə
mühazirə oxumaq və İrəvan quberniyasında özəl
dünyəvi məktəb
açmaq səlahiyyəti
verilirdi və bu səlahiyyətlərə
malik olan şəxslərin Azərbaycan
dilini bilməsi vacib idi.
Göründüyü kimi, bu yaxınlarda 140 illiyi tamamlanan İrəvan
Gimnaziyası təhsil tariximizin şərəfli
səhifələrinin yazıldığı möhtəşəm
maarif ocaqlarından biri
olub.
Cəlal
ALLAHVERDİYEV
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2022.- 3 fevral.- S.12.