Turizmdə yeni trend: zəngin turistləri ev sahibinə
çevirmək
Turizm - ixracat
və inşaat sektorlarından sonra - ölkəyə ən çox valyuta gətirən sahədir. Səbəbi nə olursa olsun, insanlar zövq almaq üçün böyük
miqdarda vəsait xərcləməkdən çəkinmirlər.
Dünyada tüğyan edən
koronavirus pandemiyası
isə qlobal miqyasda turizm sektoruna da ziyan
vurdu. Bəzi ölkələrdə tətil sezonuna həm pandemiya, həm də giriş-çıxış qadağaları
ilə sərt karantin tədbirləri və səyahət embarqoları maneə yaratdı.
TURİZMİN
PANDEMİYADAN ƏVVƏLKİ POZİTİV
STATİSTİKASI
Son 40 ildə dünya üzrə səyahət edənlərin sayı 7 dəfə artaraq 200 milyondan 1,4 milyarda, turizmə bağlı gəlirlər isə 1,7 trilyon dollara qədər artmışdı. 2018-ci ildə, yəni pandemiyadan əvvəl səyahət zamanı ən çox pul xərcləyən hansı ölkə vətəndaşları olub? BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) hesabatına görə, İsveçrə vətəndaşları səyahət zamanı adambaşına ortalama 2.700 avro xərcləyirlər. Avstriyalılar da qonşuları kimi səxavətlidirlər. Onların səyahət xərci 2.500 avrodur. Ən şox səyahət edənlər arasında ABŞ vətəndaşları da ön sıralardadır. Onların səyahət xərcləri 2.640 avro təşkil edir. Almanlar 2.400, Belçika vətəndaşları 2.300, hindlilər və ingilislər 2.200, çinlilər 2.000, fransızlar və italyanlar 1.800, ispaniyalılar 1700, Braziliya vətəndaşları isə ortalama 1.200 avro ayırırlar səyahətə. Təşkilatın rəqəmlərinə görə, 2018-ci ildə turistlərin ən şox səyahətə getdikləri ölkələr Fransa, İspaniya, ABŞ, Çin, İtaliya, Türkiyə, Meksika, Almaniya, Tayland və İngiltərə olub. 6-cı sırada yer alan qardaş Türkiyəni 45,8 milyon turist ziyarət edib. Hesabatda qeyd olunur ki, 2018-ci ildə turizmdən ən yüksək gəlir əldə edən ölkə, 215 milyard dollar ilə, ABŞ olub. Birləşmiş Ştatları 82 milyard dollarla İspaniya və 66 milyard dollarla Fransa izləyir. Daha sonra siyahıda Tayland (63 milyard), İngiltərə (60 milyard), İtaliya (50 milyard), Avstraliya (45 milyard), Almaniya (43 milyard), Yaponiya (42 milyard) və Çin (40 milyard) var. Türkiyə 25 milyard dollarlıq turizm gəliri ilə 15-ci sırada yer alıb. Bu gün isə dünya turizm sektorunda 80 faiz geriləmə var. Otellərlə yanaşı, turistlərə xidmət göstərən kafe, restoran və digər xidmət sahələri də ciddi problemlərlə üzləşib. Bəzi ölkələr pandemiyanın gətirdiyi iqtisadi böhranı aradan qaldırmaq və valyuta cəlb etmək üçün müxtəlif yollara əl atır. Bunlardan biri də əcnəbilərə ikinci vətəndaşlıq verilməsidir. Bu gün hər birimiz ABŞ, Portuqaliya, Uruqvay, Albaniya, Yunanıstan, Şimali Makedoniya, Monteneqro, İspaniya, İrlandiya, Kanada, Slovakiya, Bolqarıstan, Sinqapur, Kipr, İngiltərə, Malta, Gəraib hövzəsi ölkələri və Türkiyədə bankda depozit hesabına valyuta yatıraraq, şirkət açma yolu ilə sərmayə qoyaraq, ya da əmlak alaraq vətəndaş ola bilərik. Ölkəyə görə minimum məbləğ 250 min dollarla 1 milyon dollar arasında dəyişir. Pandemiyadan əvvəl ABŞ-da Florida və Kaliforniyanın, Cənubi İspaniyada Kataloniyanın, Yunanıstanın, Türkiyənin qumlu və günəşli sahillərindəki komplekslərində həm yaşayış, həm də gəlir məqsədli mənzillər almaq çox prestijli sayılırdı. Gündən-günə artan tikinti şirkətləri son 20 ildə sıx rəqabət apararaq bu ölkələrdə hər zövqə uyğun, komfortlu yaşayış kompleksləri inşa ediblər. Tikinti sektorundan qidalanan mebel, məişət texnikası, inşaat materialları, ev tekstili və 100-dən artıq digər yan sektorlar da yüksəlməyə başladı. İnşaat işçilərinə tələb artdı, işsizlik azaldı, əmlakçılıq, bank, restoran, otel, nəqliyyat, yükdaşımalar və konsaltinq xidmətləri sahələrinin gəliri artdı. Bu günün reallığı isə tamamilə başqadır. Pandemiya get-gedə bu sektorları çökdürməyə davam edir. Dünya turizmi can verməkdədir.
ZƏNGİN ƏCNƏBİ TURİSTLƏR QONŞUNUZ OLA BİLƏR
Türkiyə, İngiltərə, Yunanıstan
və Malta kimi ölkələrin
təcrübəsinə əsaslanaraq qeyd
edə bilərəm ki, ölkəyə investisiya cəlbinin başqa
yolu da var.
Məsələn, ölkəyə gələn zəngin
turistləri ev sahibi
etmək! Araşdırmalarım göstərir ki, pandemiyadan əvvəl başqa ölkələrdə daşınmaz
əmlak alan sərmayədarların məqsədləri
dəyişməsə də, hədəfləri dəyişib.
Bu gün xarici ölkələrdə əmlak alanlar artıq mənzillərə deyil, tüstülü zavodlardan uzaq, kiçik torpaq sahəsi olan villalara üstünlük verirlər. Pandemiyadan
sonra göl, dəniz,
kanyon, şəlalə, sıra dağlar mənzərəli, sıx meşələrlə
əhatə olmuş yerlərdə, yaylaqlarda, eqzotik ərazilərdə
inşa edilən villa
kompleksləri rəğbət görür.
Vətənlərindən kənarda yaşamağa üstünlük
verənlər əsasən Birləşmiş Krallıq, İsveç, Norveç,
Rusiya, Ukrayna, Avstraliya, Almaniya, Hollandiya, Danimarka, Mərakeş,
Səudiyyə Ərəbistanı, Qətər, İraq, İran, Küveyt, Bəhreyn, Misir,
Çin vətəndaşlarıdır. Xarici vətəndaşlar
üçün inşa
edilmiş ağıllı şəhərcik
pilot layihə kimi həyata
keçirilə bilər. Bu iş böyük gəlir
vəd etsə də, işin təşkili
professional səviyyədə
aparılmalıdır. Avropalılar lüks
və zəngin həyat arzusunda deyillər.
Onlar saman
topalarından inşa edilən, təbiət
dostu ekoloji evlərdə
yaşamağa üstünlük
verirlər. Məsələn, avropalı mülk
sahibi şəhərciyin
yardımçı təsərrüfatında işləməkdən
də zövq alar. Orta və Yaxın Şərq ölkələrindən
gələnləri isə əsasən lüks
və bənzəri olmayan əmlaklar
maraqlandırır. Ərəb əsilli sərmayədarlara əmlak
təklif edərkən qonşularla
bağlı bilgi verilməsi zəruridir. Villa kompleksində avropalılar yaşayacaqsa, bəzi etik nüanslar və adət-ənənələr
nəzərə alınaraq, orada ərəb
ailələrinə ev satılmaması daha doğru olar. Araşdırmalarımız göstərir ki, çinli və alman turistlərin təqribən yarısı
səyahət etdikləri ölkələrdə əmlak qiymətləri
ilə gizlin maraqlanırlar. Ən ucuz əmlak qiymətləri
hollandiyalıların, italyanların, ingilislərin,
ispanların, portuqaliyalıların, suriyalıların,
misirlilərin, yəmənlilərin və
iranlıların diqqətini cəlb edir.
18-29 yaş qrupundakı türklərin 75
faizi xaricdə təhsil almaq
və yaşamaq istəyir. Rus, ukraynalı, belarus,
moldovalı, gürcü gənc
qadınların təqribən üçdə biri əcnəbilərlə evlənməyə
həvəslidir. İtalyanlar, ispanlar və iranlılar daha
çox kirayə ev tutmağa üstünlük
verirlər. Türkiyədə 2018-ci ilədək ən çox əmlak alan əcnəbilər
Birləşmiş Krallıq vətəndaşları idi. Son 4 ildir
ki, liderlik ərəb
ölkələrindədir. Buna baxmayaraq, britaniyalılar
Türkiyə vətəndaşı olmağa
can atmırlar. Çünki
Birləşmiş Krallıq pasportu vətəndaşlarına
185 ölkəyə sərbəst səyahəti təmin edir. Əgər bir əmlakçı
ingilisə, irlandiyalıya, avstraliyalıya və italyana altında pivə və ya
şərab pabı olan binada
ev göstəribsə, elə həmin
gün müsbət cavab
alar. Rusların, ingilislərin,
irlandiyalıların, isveçlilərin, norveçlilərin,
avstraliyalıların təqribən 50 faizi qastronomik turizmin məşhur olduğu
bölgələrdə yaşamağa üstünlük verirlər. Menyuda
butik fabriklərdən şərab və
pivə, manqalda kabab,
balıq, məzələr və Aralıq dənizi məhsulları
da varsa, onlar ev reklamlarına biganə
qalmırlar. Amerikalılar qıyma kababını heç bir şəkildə
ciddi qəbul etmirlər. Polşalılar yay tətillərini 5-6 ay əvvəldən
rezervasiya edirlər. Birləşmiş
Krallığın vətəndaşları getdikləri yerlərdə
festivallarla çox
yaxından maraqlanır və mədəni tədbirlərə
ailəlikcə qatılırlar. Belçika
vətəndaşları hava durumundan nəqliyyatadək hər şeylə
maraqlanırlar. Dənizə girməyi sevən
belçikalılar hər gün idman etməyi də unutmurlar.
Muzeyləri gəzən ən çox
avropalılar, koreyalılar və yaponlardır. Şərq
ölkələrindən gələnlər, demək olar ki muzeyləri ziyarət
etmir. Axşam əyləncələri
ruslar, ingilislər, irlandiyalılar və
avstraliyalılar üçün çox önəmlidir. Lüks
avtomobil kirayəsi daha
çox rusları maraqlandırır. Zəngin
ərəblər ev aldıqdan sonra ya lüks
avtomobil, ya da lüks yaxta
alırlar. Bu avtomobil
və yaxtalardan bəzən 2-3 il istifadə olunmur. Bəziləri
yaxtalarını sürməsə də, onlardan
gecələmək üçün
istifadə edir. Sahillərdə suya girən ərəb turistləri çox nadir hallarda görmək mümkündür.
Onlar da əsasən xristian ərəblərdir. Ərəb ölkələrindən
gələnləri daha çox
kababxanalarda, ticarət mərkəzlərində
və klinikalarda görmək olar. Türkiyədə əmlak alan Yaxın və Orta
Şərq vətəndaşları bank
hesablarına adambaşına minimum 100 min dollar vəsait
yatırırlar. Səudiyyə Ərəbistanı, Qətər
və Birləşmiş Ərəb Əmirliklərindən
gələnlər ən az 3 bankda hesab açır və
hesablarına ən az 1 milyon
dollar pul
yatırırlar. Yunan turistlərin ən çox ziyarət etdiyi
ölkələr Bolqarıstan və Türkiyədir. Səbəbi
yaxınlıq, ucuzluq, bənzər coğrafiya və türk
mətbəxinə rəğbətdir. Rusların
turpaket alarkən düşündükləri
- dəniz, qum, günəş və əyləncədir.
Ümumiyyətlə, Avropa, Orta Şərq və Asiyalı turistləri
Türkiyəyə çəkən faktorlar
bunlardır - qonaqpərvərlik, yüksək xidmət,
tolerantlıq, yaxınlıq, asan viza almaq, azyaşlı
uşaqların əylənməsi üçün
yaradılan imkanlar, otel
və restoranlarda hər dildə
danışa bilən personal.
Avropalılar və çinlilər həyatdan velosiped
sürərək də həzz alırlar. Getdikləri yerdə
internetin olması bütün
turistləri maraqlandırır. Otel və restoranlarda Wi-Fi olub-olmaması ilk suallardan
biridir. Türkiyə ilə bağlı sorğuya cavab verənlərin 98 faizi qardaş ölkəyə
köçmək istəyini
4 səbəblə - günəş,
iqlim, dəniz və milli mətbəxlə
əlaqələndirir.
Etibar
RƏHİMOV
Əkinçilik, yatırım və
markalaşdırma mütəxəssisi
525-ci qəzet.- 2022.- 3 fevral.- S.10.