Nuh gəmisinin son
limanı
ŞAİR,
PUBLİSİST ƏBÜLFƏT MƏDƏTOĞLUNUN
EYNİADLI KİTABI HAQQINDA QEYDLƏR
İstedadlı jurnalist, şair və publisist Əbülfət Mədətoğlunun
"Nuh gəmisinin
son limanı" adlı
kitabı adından tutmuş məzmununa qədər sanballı, səmimi və məharətlə yazılmış,
özündə aktual
olan Naxçıvan mövzusuna həsr edilmiş qiymətli bir əsərdir. Bir səfər
təəssüratı daşıyan
və özündə
Naxçıvanın müasir
inkişaf səviyyəsi
və müxtəlif məsələlərini əhatə
edən kitabda ciddi məqamlar əks edilib. Əsərdə müasir
Azərbaycanın inkişaf
simasını təzahür
etdirən uğurlu bir nümunə kimi Naxçıvan modeli və bu uğurlara nail olmanın sirləri konkret fakt və
çoxsaylı nümunələrlə
göstərilib. "Adiloğlu" nəşriyyatında
çap edilmiş 200
səhifəlik kitabda
Naxçıvanla bağlı
bir şair və ya ziyalının
təəssüratları yer
almaqla bərabər, çox böyük əxlaqi əhəmiyyəti
olan mənəviyyat məsələlərindən də
söhbət açılır.
Kitab "Giriş"lə
başlayıb, 19 məqalə
ilə davam etdirilir. Kitabın redaktoru Naxçıvan
ədəbi mühitinin
istedadlı nümayəndələrindən
olan Hüseyn Əsgərov, "Naxçıvana
sonsuz sevginin, məhəbbətin sədası"
adlı ön söz və rəyin müəllifi isə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin
sədri, şair Asim Yadigardır.
Kitabda
"Əlincəyə gedən
yol", "Batabata gəlmişəm", "Naxçıvanda
açdığım səhər",
"Naxçıvanın sirlər
dünyası", "Masazırdan
Naxçıvana", "Bir addım da dünyaya yaxınlaşdım" və
başqa məqalələrdə
Naxçıvanla bağlı
ən müxtəlif məsələlər publisistik
məharətlə səmimi,
obyektiv və dolğunluqla əks etdirilib.
Azərbaycan ədəbiyyatı tarixində
səfər təəssüratları
kontekstində səfərnamə
janrında çox qiymətli əsərlər
yazılıb. Adıgedən bu əsərdə
də, xüsusilə
başlıq olaraq qeyd edilən məqalələrdə Naxçıvan
haqqında əhatəli,
konkret, dolğun və inandırıcı
faktlarla bədii-publisistik
mənzərə yaradılıb.
Əsərdə sanki
Naxçıvanı ziyarət
ehtiyacının əhəmiyyəti
və səbəbi, ziyarət edilməli yerlərin xəritəsi və zamanlama tövsiyəsi, əhalinin
sosial durumu, infrastrukturun vəziyyəti, mənəvi
dəyərləri və
s. çoxsaylı konkret
fakt, nümunə və örnəklər vasitəsilə dəqiq, obyektiv və inandırıcı şəkildə
təqdim edilib. Əsərin
özünəməxsusluğu və digərlərindən
zəruri fərqi və əlamətdar fərqi boş mübaliğələrdən qaçınmaqla
konkret faktların təsviri və təqdim edilməsi ilə fikir və təəssüratın
yaradılmasıdır. Real təsvir tapan
konkret faktlar oxuculara sanki zərrəbinlə Naxçıvanı
müşahidə etmək
imkanı bəxş edir. Müəllifin öz sözlərilə
deyilsə, əsər
"ovqat yazısı"
olmaqla bərabər,
"ağlın kəsdiyi",
təhkiyə şirinliyi
və sadə, anlaşıqlı üslubda
yazılıb.
Əsərdə müəllif real və konkret faktlar təqdim və təsvir etməklə obyektivliyə, vicdan və həqiqətə sədaqət göstərmiş,
tərəfsizlik nümayiş
etdirib. Əsərin özündəki çoxsaylı
müəllif fikirləri:
"Qayıdıb gələn
cismimdir, ruhum orda qalıb", "Bu da Naxçıvanın hava limanı: ...Hava limanı binasında, həm kassaların önündə,
həm gözləmə
zallarında kiminsə
çıxarıb siqaret
çəkdiyini görmək
mənə nəsib olmadı", "Hamı
vətəndaşdı və
hamı da öz vətəndaş missiyasından çıxış
edir", "...onu yaşamaq və onun içərisində də özünü yaşatmaq, mən bunun nümunəsini Naxçıvanda görürdüm",
"Bu bağda Azərbaycanın
milli məişətinin,
milli mədəniyyətinin
sənət nümunələri
də müştəriləri
qarşılayır", "hərdən mənə elə gəlir ki, bu mənzərə
reallıq deyil. Eləcə rəssam işidi və yaxud hansısa
bir maketlərdi, gətirib yerləşdiriblər",
"Cənnətin özünü
görmək istəyən
Naxçıvana gəlsin!!!",
"vallah, bu, birmənalı tarix sevgisidir, Vətən sevgisidir, torpaq sevgisidir. And olsun Allaha ki, bu,
özünə, keçmişinə,
gələcəyinə ehtiram
deməkdir", "yaradanlara,
bu tarixi yaşadanlara içimdən
bir dua keçdi",
"İdarə edənin
özünün münasibəti
artıq Muxtar Respublikada bir ənənəyə çevrilib",
"sürücülər yolu keçmək istəyən piyadanı görəndə 20-30 metrlikdən
maşını əyləməyə
başlayırlar", "mən burda ucadan danışan, başqasına öz səsiylə, davranışıyla
problem yaradan bir kimsəyə rast gəlmədim", "onları
ya əllərindəki
kisəyə qoyur, ya da yaxınlıqdakı
zibil qutusuna atırdılar", "kəndarası
yolların səviyyəsi
adamı məmnun edir... bu gözəlliyə,
bu səliqə-sahmana
ürəyimdə bir
həsəd hissi də baş qaldırır" kimi çoxsaylı müəllif
fikirləri konkret faktların dili və təsvirilə reallığa haqq qazandırmaq və onu oxucusuna inandırıcı
şəkildə təqdim
etməsinə vəsilə
olur. Bütün bu fikirlərin fonunda isə müəllif Naxçıvanın
"ləyaqətli və
idarətmə peşəkarlığı
olan insanlar tərəfindən" idarə
edildiyini fəxarətlə
qeyd edərək qənaətini "Ölkənin
məsul işçilərini,
rayon rəhbərlərini Naxçıvanda
təcrübə keçməyə
göndərməyin zamanı
gəlib çatıb!"
fikrilə tamamlaması
da müəllifin şəxsi mövqe və imzası kimi çıxış edir. Naxçıvanın
ümumi vəziyyətinə
olan heyranlığını
müəllif həm də böyük Azərbaycan şairi Nizaminin ideal cəmiyyəti
ilə müqayisələndirərək
təqdim edir və müəllif bunu da cəsarət
və vicdanla yazır ki: "Mən Naxçıvanın
indiki durumunu Şeyx Nizaminin ideal cəmiyyətinin bir görüntüsü kimi
müşahidə etdim".
Əsərin ikinci hissəsində Naxçıvan ədəbi
mühitinin istedadlı
nümayəndələrilə şəxsi münasibətlər
və onların yaradıcılıq işlərindən
bəhs olunur. Müəllif şəxsən tanıdığı,
dostluq etdiyi Naxçıvandan olan insanların münasibətləri
nümunəsində buradakı
əxlaqi-mənəvi dəyərləri,
dostcanlılıq və
qonaqpərvərlik, sadəlik
və mehribanlıq kimi keyfiyyətləri təqdim və tərənnüm edib.
Eləcə də bu məqalələrdə
Naxçıvanın istedadlı
qələm sahibləri
Asim Yadigar, İbrahim Yusifoğlu, Fərəc Fərəcov,
Əbülfəz Ülvi,
Firudin Süleymanoğlu
kimi söz adamlarının yaradıcılığından,
burada yaradıcı adamlara göstərilən
qayğıdan və xeyirxah münasibətlərdən
ağızdolusu, həm
də nümunə olaraq danışılır.
Əsərdə müəllif həm də bir vətəndaş
təəssübkeşliyini ortaya qoyur. O məqamda
bir ziyalı-vətəndaş
səsini bildirir ki, bəzən Azərbaycanın bu inkişaf nümunəsi olan bölgəsilə bağlı müxtəlif
yerlərdə qərəzli
fikirlər səsləndirilir.
Bu məqsədlə müəllif
müəyyən qeydləri
sırasında Naxçıvanda
gedən inkişaf proseslərinə, abadlıq,
quruculuq tədbirlərinə
duyduğu heyranlıq,
məmnunluq və razılıq kontekstində
Bakı və digər ərazilərlə
müqayisələr də
aparır, bəzi
KİV-də Naxçıvana
qərəzli münasibətlərlə
bağlı fikir səsləndirmələrinə münasibət ifadə edərək müəllif
obyektivliyi və səmimiyyətindən başqa
bir vətəndaş
mövqeyi ilə də çıxış
edir, hər kəsə əlini vicdanına qoymağı,
blokadada olan bir bölgənin inkişaf və tərəqqisinə xor baxmamağı tövsiyə
edir: "Bakıda, ölkənin paytaxtında
eşitdiklərim, iqtidar-müxalifət
mətbuatından oxuduqlarım
düşüncələrimdə bir xaotiklik, yaratmışdı" (s.15), "bu olanları necə qara rəngdə təqdim etmək olar?" (s.21) və s.
Ümumiyyətlə isə şair, publisist və jurnalist Əbülfət Mədətoğlunun "Nuh
gəmisinin son limanı"
əsərini Azərbaycanın
alınmaz qalası və ən dilbər guşələrindən
olan Naxçıvanın
müstəqillik dövründəki
inkişafına, blokadanın
çətinliklərini məharətlə
aşaraq tərəqqi
etməsinin təsvirinə
və sirrinə, uzaqgörən idarəçilik
məharətinə, əhalinin
mübarizə əzmi
və qurub-yaratmaq eşqinə və s. həsr olunan, müəllif, ziyarətçi
obyektivliyi ilə nəzər salan ən sanballı əsərlərdən biri
hesab etmək olar. Əsər boş təəssübkeşlik
duyğularının hiperbolik
ifadə sözçülüyü
deyil, obyektiv və real faktların vicdan və həqiqət işığında
təsvirilə yazılıb.
Ramiz QASIMOV
AMEA Naxçıvan
Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2022.- 4 fevral.- S.15.