Musiqişünaslıq elminin fəal və
fədakar nümayəndəsi
PROFESSOR
ZEMFİRA QAFAROVA DAHA BİR YUBİLEY YAŞINA QƏDƏM
QOYUB
Görkəmli
musiqişünas, Əməkdar incəsənət xadimi,
Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının professoru, Bəstəkarlar
İttifaqının katibi Zemfira Qafarovanın milli musiqi
elmimizin inkişafında böyük əməyi var.
Zemfira Qafarova 22 noyabr 1942-ci ildə Bakıda, milli təsviri
sənət tarixində özünəməxsus yer tutan iki
tanınmış rəssamın - Həsən Haqverdiyev və
Güllü Mustafayevanın ailəsində dünyaya göz
açıb.
Zemfira xanım uşaqlıq illərini qədim
İçərişəhərdə yaşayıb və
onların qonşuluğunda yaşayan bir sıra tanınmış
ziyalı ailələri ilə mehribancasına dostluq etmələri
onun hafizəsində xoş bir xatirə kimi indi də
qalmaqdadır. Dayıları - bəstəkar
Ramiz Mustafayev və dirijor Faiq Mustafayev, habelə müğənni
Firudin Mehdiyev bu qonaqpərvər ailənin daim qonaqları idi.
Zemfira xanımgilin evindən tez-tez musiqi sədaları
eşidilərdi: məlahətli səsi olan anası
Güllü Mustafayeva xalq mahnıları ilə yanaşı,
sevdiyi ariya və romansları həvəslə ifa edər, rəssam
atası isə gözəl tar çalardı. Ailə
məclislərində və şənliklərində öz
gözəl ifaları ilə qonaqları valeh edən
Güllü Mustafayeva və Həsən Haqverdiyevin bu
istedadı onların övladlarına-gələcəyin məşhur
opera müğənnisi Əli Haqverdiyevə və görkəmli
musiqişünas Zemfira Qafarovaya sirayət etmişdi. Onu da qeyd edək ki, bəzən Zemfira xanım
pianinonun arxasına keçərək gözəl soprano səsi
ilə şövqlə çalıb-oxuması onu dinləyənləri
valeh edir.
Zemfira xanımın musiqi biliklərinə yiyələndiyi
ilk təhsil ocağı hazırda Rəşid Behbudovun
adını daşıyan 2 nömrəli 7 illik musiqi məktəbi
olub.
1957-ci ildə
Asəf Zeynallı adına Musiqi Texnikumuna
daxil olan gənc musiqiçi, təhsilini əla qiymətlərlə
başa vuraraq, 1961-ci ildə Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət Konservatoriyasının (indiki
Bakı Musiqi Akademiyasına) Tarixi- nəzəriyyə fakultəsinə
daxil olur.
O, təhsil
illərini hər zaman böyük sevgi və ehtiramla
xatırlayır: "...O dövrün Konservatoriyası əsl
musiqi məbədi idi. Buraya gələndə sanki müqəddəs
məbədə daxil olurmuş kimi, qəlbimizdən kövrək
bir həyəcan və şükranlıq hissləri baş
qaldırırdı... Biz indi də o illəri
konservatoriyanın "renessans" dövrü kimi yad
edirik..."
1966-cı ildə Konservatoriyanı əla qiymətlərlə
başa vuran Zemfira Qafarova, artıq müəllimləri tərəfindən
istedadlı bir musiqiçi kimi tanınır və ona bu
qocaman təhsil ocağında müəllimlik etmək təklifi
irəli sürülür. Gənc musiqişünas bu illərdə
təkcə pedaqoji sahədə çalışmaqla kifayətlənmir:
elmə olan həvəsi onu AMEA-nın Memarlıq və
İncəsənət İnstitutuna gətirir və 1968-72-ci
illərdə burada aspiranturada oxuyur. Hələ gənc ikən
Z. Qafarovanın musiqişünas istedadı özünü ən
müxtəlif istiqamətlərdə büruzə verir: o həvəslə
araşdırmalar aparmaqla yanaşı, konsertlərdə
ön sözlə çıxış edir və annotasiya və
resenziyalar yazmağa başlayır. Elə bu illərdə
onun ölməz Üzeyir Hacıbəyli irsinə
marağı yaranır və görkəmli
tarixçi-musiqişünas Qubad Qasımovun məsləhəti
ilə o, "Koroğlu" operasını özünün
elmi-tədqiqat işi kimi seçir. 1984-cü
ildə Zemfira xanım uzun illər ərsəyə gətirdiyi
namizədlik dissertasiyasını Daşkənd şəhərində
böyük uğurla müdafiə edir.
Konservatoriyada işləyərkən elmi fəaliyyətini
genişləndirir, habelə Bəstəkarlar
İttifaqının gündəlik işində əzmlə
iştirak edir.
Z.Qafarovanın yeni əsərlərə,
tamaşa və konsertlərə ilk resenziya və məqalələri
Ümumittifaq və respublika əhəmiyyətli nüfuzlu mətbu
orqanlarında işıq üzü görür. 2008-ci ildə nəşr edilmiş "Azərbaycan
musiqi incəsənəti" kitabında onun 1969-2008-ci illər
ərzində qəzet və jurnallarda, habelə elmi dərgilərdə
çap olunmuş çoxsaylı məqalələri,
oçerk və resenziyaları toplanıb. Topluda sanki
"refren" rolunu oynayan Üzeyir Hacıbəylinin
çoxşaxəli yaradıcılıq məqamları ilə
yanaşı, müəllif burada oxucuları XX əsr boyu zəngin
musiqi sənətimizin bütöv bir simalar qalereyası ilə
tanış edir.
Keçən əsrin 70-ci illərində Bəstəkarlar
İttifaqının fəaliyyətində maarifçilik
istiqaməti geniş vüsət almışdı. Bu dövrdə
Zemfira xanım müxtəlif müəssisə və təşkilatlarda
maraqlı mühazirələrlə həvəslə
çıxış edirdi. Onun xanımın təşəbbüsü
ilə 1978-ci ilin fevralında Bəstəkarlar İttifaqı
tərəfindən Bakının Əhmədli qəsəbəsindəki
48 nömrəli məktəbdə "Gözəlliklə
görüşlər" adı altında musiqi
lektoriyası fəaliyyət göstərməyə
başladı. İstedadlı musiqişünas
həmin dövrün məhşur bəstəkar və
ifaçılarını bu məşğələlərə
dəvət etmişdi. Onun "Gözəlliklə
görüşlər"inə Tofiq Quliyev, Süleyman Ələsgərov,
Nazim Əliverdibəyov, Oqtay Zülfüqarov, Şəfiqə
Axundova, Emin Sabitoğlu, Sevda İbrahimova, Ramiz Mirişli və
Azər Dadaşov kimi tanınmış bəstəkarları
dəvət edilirdi.
Zemfira Qafarovanın maarifçi-musiqişünas kimi fəaliyyətində
1983-85-ci illərdə Daxili İşlər Nazirliyinin nəzdində
yaradılmış Mədəniyyət Universitetində
rektorluq dövrü və Azərbaycan Dövlət
Konservatoriyasının Şamaxı şəhərində
açdığı Musiqi Mədəniyyəti Universitetində
lektorluğu da xüsusi qeyd olunmalıdır.
Zemfira
Qafarova Moskva, Kiyev, Tblisi, Daşkənd, Səmərqənd,
Düşənbədə keçirilən nüfuzlu elmi məclislərdə
maraqlı məruzələrlə çıxış edib,
rəsmi opponent qismində bir sıra dissertasiya müdafiələrinin
fəal və səriştəli iştirakçısı
olub. 1981-1991-ci illərdə Azərbaycan
Dövlət Konservatoriyasında Tarix-nəzəriyyə
fakültəsinin dekanı kimi fəaliyyətində təşkilatçılıq
bacarığını, təşəbbüskarlığını
da ən müxtəlif formalarda təzahür etdirib. Xoşbəxtlikdən, mənim də tələbəlik
illərim həmin dövrə düşüb, Zemfira
xanımın tələbələrə qarşı tələbkarlıqla
yanaşı, qayğıkeş və səmimi münasibətinin
də şahidi olmuşam. Tanınmış
musiqişünas Fərəh Əliyevanın 2002-ci ildə
vaxtilə müəllimi olmuş Zemfira Qafarovaya
ünvanladığı təbrikdəki fikirləri burada
xatırlamaq yerinə düşər: "Əziz Zemfira
xanım, Siz 80-ci illərdə Tarix və nəzəriyyə
fakültəsinin dekanı olduğunuz dövrlərdə həmkarlarınızı
da, elə tələbələrinizi də həmişə
bir şey təəccübləndirirdi. Axı
dekanlıq kimi zəhmətli, çox məsuliyyətli bir
işə gününün çox vaxtını sərf edən
Zemfira xanım həm də yaradıcılıq işləri
üçün necə vaxt tapırdı?! Bu ərəfədə monoqrafiya çap etdirir,
broşürlər yazır, məruzələrlə
çıxış edir, gözəl mühazirələr
deyir, mətbuat səhifələrində musiqi həyatının
yeniliklərini məqalə və resenziyalarla
işıqlandırırdınız. Siz
bütün bu işləri sanki birnəfəsə
görürdünüz. Lakin bu
yüngüllüyün arxasında böyük zəhmət
və istedad dururdu. Bir də peşəsinə, musiqiyə
vurğunluq..."
1986-cı ildə Bakıda dahi Üzeyir Hacıbəylinin
adını daşıyan Zaqafqaziya, Orta Asiya və
Qazaxıstan respublikaları xalqları arasında Xalq
çalğı alətləri ifaçılarının
müsabiqəsi keçirildi. Qeyd edək ki, bu
müsabiqə Şərq aləmində unikal bir mədəniyyət
hadisəsi idi. Zemfira xanım bu müsabiqənin
əsas təşəbbüskarı və təşkilatçılarından
biri kimi fəaliyyət göstərib. Mədəniyyət
tariximizdə dərin iz qoymuş bu möhtəşəm
hadisənin təfsilatlarını Zemfira xanım ayrıca bir
yazıda qələmə almışdı. Məlum
olduğu kimi, hazırki dövrdə Şərq
xalqlarının musiqisinə həsr olunmuş müsabiqə
və simpoziumların, o cümlədən, dahi Ü. Hacıbəylinin
adı ilə bağlı festival və konfransların
keçirilməsi illərdir ki, xoş bir ənənəyə
çevrilib. Sovetlər dönəmində isə
belə tədbirlərin keçirilməsi nadir hallarda baş
tutardı. Ü.Hacıbəyli adına
ilk ifaçılıq müsabiqəsi ifaçılıq
tariximizin şərəfli səhifələrindən birini təşkil
edir və Zemfira xanım indi də bu müsabiqədəki
iştirakını həyatının ən önəmli məqamlarından
biri sayır.
Zemfira Qafarovanın tədqiqatları içərisində
ən yüksək yeri də, Üzeyir Hacıbəylinin
yaradıcılıq irsinə həsr etdiyi
araşdırmaları və bilavastə "Koroğlu"
operası ilə bağlı monoqrafiyası tutur. Monoqrafiyanın
mündəricəsində eyniadlı el dastanının tarixi
təkamülündən tutmuş, operanın bütün
komponentlərinin ardıcıl surətdə təhlilə cəlb
edilməsinin şahidi oluruq.
Z.Qafarova Ü. Hacıbəylinin novator musiqi dilini,
melodika, lad-məqam, ritm, harmoniya, polifoniya və orkestr vasitələrinin
xüsusiyyətlərini konkret nümunələr əsasında
və inandırıcı dəlillərlə açıb
göstərmiş, dəyərli elmi nəticələrə
gəlmişdi.
Zemfira Qafarova o dəyərli musiqişünaslardandır ki, elmi yaradıcılığı və fəaliyyəti yalnız bir mövzu çərçivəsində qalmır. O, 50 ilə yaxın davam edən fəaliyyəti dövründə bir sıra görkəmli bəstəkarlarımızın yaradıcılıq irsinə, ilk dəfə olaraq, monoqrafik tədqiqatlar həsr edib.
Tanınmış elm xadiminin Azərbaycan Bəstəkarlar İttifaqının katibi kimi də fəaliyyəti çox dəyərlidir. Zemfira xanım vaxtaşırı Bəstəkarlar İttifaqının rayonlarda fəaliyyət göstərən yaradıcı təşkilatları ilə sıx əlaqə yaradıb öz dəyərli məsləhətlərini verir. O, xoşbəxt bir alimdir ki, tələbələri onu gözəl pedaqoq və sənətkar kimi qiymətləndirərkən, Zemfira xanımın yüksək insani keyfiyyətlərini, alicənablığını qiymətləndirməyi də özlərinə borc bilirlər.
Azərbaycanda elə bir musiqi təhsili ocağı olmaz ki, orada Zemfira Qafarovanın tələbələrinə və yaxud onu qayğıkeş dekan kimi minnətdarlıq hissi ilə xatırlayan Konservatoriya məzunlarına rast gəlinməsin. Hazırda bizim nəslin də müəyyən uğurlar əldə etmiş nümayəndələri arasında məhz Zemfira xanımdan dərs almış, bilavasitə onun xeyir-duası ilə musiqişünaslığa gəlmiş mütəxəssislər az deyil. Zemfira xanımın diqqət və qayğısı üzərimizdən heç vaxt əskik olmur və onun müdrik məsləhətlərinə, tövsiyələrinə ehtiyac duyuruq.
Dəyərli musiqi xadimimiz Zemfira xanım Qafarovaya möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, uzun ömür arzulayıram!
Bənövşə RZAYEVA,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
(AMEA-nın Folklor İnstitutu)
525-ci qəzet.- 2022.- 4 fevral.- S.14.