"Adın şərəflidir sənin..."
ÖGEY ANANIN
"DOĞMALIĞI" (?!)
Yəqin
razılaşarsınız ki, "Azərbaycan kinosunda
yaradılan ən xeyirxah, ən mərhəmətli, ən
yaxşı qadın obrazı hansıdır" - sualına
birmənalı cavab var: "Əlbəttə ki, "Ögey
ana" filmindəki Dilarə!" Doğrudan
da, bu obraz elə bir sxemdə düşünülüb və
elə bir planda yaradılıb ki, onun fövqəlməziyyətləri
hətta yuxarıda sadaladığım insani dəyərlərin
sərhədlərini də aşıb keçir, bu qadın
qüsursuz, heç bir mənfi keyfiyyəti olmayan ideal
varlıq səviyyəsinə yüksəlir. Dilarə sanki yerdəki insanlar arasında yox,
göydəki mələklərin əhatəsində
böyüyüb, onlardan əxlaq, mənəviyyat dərsi
alaraq özü də xeyirxahlıq mələyinin yerdəki
kölgəsinə çevrilib. Bəlkə
elə buna görə onun danışıq leksikonu, nitqinin ahəngi,
sintaksisi yer adamlarınkından daha çox, göydən, səmadan
enən ideal bir qadının insanları yalnız
yaxşılığa, şəfqətə səsləyən
aforizmlərlə süslənmiş nitqini yada salır.
Yada salaq: "Mənim həyatda ən böyük arzum budur
ki, İsmayıl mənə ana desin və mən də ona
yaxşı ana olum", "Mən bu evə ana kimi gəlmişəm"
və s. və i.a.
Əlbəttə, bu cümlələri, sözləri
kontekstdən ayırıb onlara ayrıca baxanda qulağa da,
ürəyə də xoş gəlir və istər-istəməz
Dilarəni alqışlamaq və sevmək istəyirsən. Amma iş burasındadır
ki, bu sözləri 1001 sifətini gördüyümüz
dünyadakı Dilalələrdən biri yox, filmdəki Dilarə
deyir və filmdəki Dilarə ilə real həyatdakı Dilalələr
arasına bərabərlik işarəsi qoymaq istəyəndə
iş qəlizləşir, tərəzinin gözlərini
heç cür bərabərləşdirmək mümkün
olmur.
Mən nə üçün belə deyirəm?
İlk növbədə ona görə ki, reallıq və
həqiqətlə arzulanan şeyi reallıq və həqiqət
kimi qələmə verməyi eyniləşdirmək caiz və
mümkün deyil - bunlar fərqli şeylərdir. Dilarənin,
onun davranışının, əxlaq-mənəviyyat
kriteriyalarının, bütövlükdə analıq fəlsəfəsinin
arzulanan reallıq olduğunu görmək üçün isə
həm həqiqətin, həm də Dilarənin gözlərinin
içinə dik baxmaq lazımdır - onda tərəzinin
gözləri öz yerlərini tapıb dayanacaq.
Filmdə Dilarənin bu sayaq
ideallaşdırılmasının səbəbi
aydındır - bu dul qadının boynuna çox çətin
bir missiya qoyulub. O, nəyin bahasına olursa-olsun özü kimi dul bir
kişinin 8-9 yaşlı İsmayıl adlı oğlunun
doğma anası statusuna yiyələnməli, hamıya -
bütün ögey, hətta bəzi doğma analara da
nümunə olmalıdır. Kim deyə bilər
ki, bu, yaxşı, humanist missiya deyil? Amma bu çətin
missiyanın yerinə yetirilməsi üçün tapılan
və tamaşaçılara "yedizdirilən"
nüanslar təbii və real görünmür - əksinə,
bu nüanslar bir obraz kimi az qala əvvəlcədən
proqramlaşdırılmış Dilarənin həyatiliyinə,
səmimiliyinə xələl gətirir, İsmayılın və
nənəsinin təbiiliyi, səmimiliyi, ən
başlıcası isə reallığı müqabilində
Dilarə şablon və solğun təsir
bağışlayır - nə qədər ritorika ilə,
pafosla və ürəkdən danışsa da.
Mən bu xüsusda etdiyim ötən qeydlərimin birində
vurğulamışdım ki, analıq ilk növbədə
bioloji anlayışdır. Bu ali hiss
insanın ağlının, şüurunun yox, instinktlərinin
məhsuludur. Ana-övlad münasibətləri
də məhz bu instinktlər üzərində qurulur.
Ə.Məmmədxanlının dahiyanə "Buz heykəl"
hekayəsini yada salaq: orada ana ağlının gücünə
fikirləşmir ki, körpəsini xilas etmək
üçün mütləq soyunub özünü qurban verməlidir.
O, sadəcə içindən, ruhundan qopub gələn
instinktlərin diktəsi altında bunu edir: nə vaxt edir, nə
üçün edir? - bunu heç
özü də bilmir.
Yaxud
"Dədə Qorqud" filmində bu fikri təsdiqləyən
başqa bir epizod: Tural anasına tapşırır ki,
atasının şərəf və ləyaqətini qorumaq
naminə kimliyini düşmənə bildirməsin və onun
ətindən bişirilən qovurmanı yesin. Lakin az sonra
düşmənin "Burla xatun hansınızdır" -
sualına ilk reaksiya verən elə Burla xatunun özü olur.
Təbii ki, o, bu səhvi qeyri-ixtiyari olaraq
analıq instinktinin təsiri altında edir.
Bunlar əslində, Tanrının yazdığı bir
"ssenari"dir, qadınlara əta etdiyi xoşbəxtlikdir
və onu pozmağa, redaktə etməyə heç kimin haqq yoxdur
- hətta ideal qadın olan Dilarənin də.
Amma biz nə
görürük: bu qadın təbiətin (və Allahın)
qanunlarının hakim olduğu bir mühitə, məkana
daxil olaraq öz doğma anasının isti nəfəsi,
doğma qucağı üçün darıxan
İsmayılın yaralarının közünü
qoparır, dolayısı ilə ona deyir ki, sən doğma
ananı, onun xatirəsini və indi sənə analıq edən
nənəni unut və mənə ana de! Çünki
mən yaxşı qadınam.
Bu, təbii, real bir qadından çox, bağçada tərbiyəçi
işləyən, hansısa kitablardan hansısa cümlələri
əzbərləyib öz pafoslu nitqi ilə yalnız
sentimental, xəyalpərəst adamları kövrəldən
bir qadının ritorik çıxışlarına bənzəmirmi?
Məgər bu, təbiətin qanunlarına zidd getmək
deyil?
Bu mənada Dilarə yaxşı ana statusu uğrunda yox,
sadəcə yaxşı qadın, yaxşı xala statusu
uğrunda çalışsaydı, daha təbii və
inandırıcı alınardı və onda "mənlə
danış, gül, oğlum" sifariş-əmrini lirik bir
avazda oxumağa da lüzum qalmazdı.
Çox qəribədir, filmin məhz o epizodları təbii
təsir bağışlayır ki, orada İsmayıl, onun nənəsi
bu sifarişə dirəniş göstərirlər və
boynuma alıram ki, mən bu filmə baxanda İsmayıla, onun
nənəsinə daha çox haqq qazandırıram.
Amma
İsmayılın təbii hissləri, yaşantıları
üzərindəki bu zorakılıq, ona qarşı yönələn
bu amansız həmrəylik sonda öz "bəhrəsini"
verir - İsmayıl Dilarəyə nəinki "ana", hətta
"anacan" deyə müraciət edir.
Amma İsmayıl bunu ürəyinin hökmü ilə
öz seçmir, o, buna sadəcə məcbur edilir (!!)...
...Və
həmin o anda, məncə, köhnə bir qəbirdə bir
qadının sümükləri üşənir, göylərdə
dolanan ruhu diksinir...
...Bir dəfə
dostlarımdan biri ilə bu mövzuda söhbət edəndə
dedi ki, filmin müəllifləri son epizodu maraqlı bir
üsulla əsaslandırıblar - İsmayıl Dilarəyə
bu qadının qanı onun damarına yeridildikdən sonra ana
deyir. Təbii ki, məni gülmək tutdu,
çünki ögey ananı belə asanlıqla doğmaya
çevirən bu üsul gözə kül üfürmək təsir
bağışlayır və bu məntiqə görə, sən
demə, Dilarənin bu qədər əzab-əziyyət
çəkməsinə və İsmayıla da bu qədər
əzab verməsinə də ehtiyac yox imiş. Nə
çətin imiş elə kəndə gəldiyi
günün gecəsi öz qanından çəkib
İsmayılın qoluna vurmaqla bu problemi biryolluq həll etmək!
Mən bu mövzu ətrafında fikirləşəndə
xalq ruhunun yaddaşı olan folklor örnəklərimizi - əfsanələrinizi,
nağıllarımızı yada saldım və nə qədər
qəribə də olsa, yad qadının doğma anaya
çevrilməsinə şəhadət verən burcə
örnək belə tapmadım. Bütün
nağıllarımızda ögey analar qurucu yox,
dağıdıcı funksiya daşıyırlar, xalqın
yaddaşındakı kosmik harmoniyanı pozmaqla məşğuldurlar
- biri ögey qızını evdən qovur, digəri təndirdə
gizlədir, bir başqası meşədə azdırır...
Hansını deyəsən?
İndi biz kimə inanaq - bu nağılları qoşan
xalqa, nağıllardakı kin-küdurət
dağarcığı olan ögey analara, yoxda göylərdən
enmiş mələyəbənzər Dilarəyə?
Məncə, filmin adı kimi seçilən söz birləşməsinin
özü də situasiyanın absurd mahiyyətinə bir
parodiya kimi səslənir. Dilimizin izahlı
lüğətində "ögey" sözü
"doğma olmayan" mənasını verir. Onda kimə
isə doğma olmayan qadından ona necə ana ola
bilər? Axı "ana" sözünün
kökündə ilk növbədə bioloji doğmalıq
anlayışı dayanır. Yəni
ana-övlad münasibətləri mənəvi
bağlılıqdan öncə bioloji bağlılıq səciyyəsi
daşıyır. Ana - övladı olan (yəni
doğan) qadına deyilir və məhz bu doğmalıq
"ana dili", "ana Vətən" kimi ifadələrin
də yaranmasına rəvac verib. Elə isə "doğma
olmayan" sözünün sinonimini ("ögey"
sözünü) doğma anlayışı ilə
bağlı olan sözlərin ("ana", "Vətən",
"dil") hər birinə necə calamaq olar?
Belə çıxmırmı ki, "ögey ana" ifadəsini işlədiriksə, "ögey Vətən", yaxud "ögey ana dili" kimi absurd ifadələrin də varlığına haqq qazandırırıq? Axı mənaca bir-birinə zidd olan 2 anlayışdan 1 anlayış düzəldəndə yalnız "canlı meyit", "ölü canlar" kimi məcazi mənalar alınır.
Elə isə "ögey ana" hansı məcazi mənanı verir?
Təbii ki, bu qeydlərdə söhbət analıq hissindən məhrum olan, övladını zibilliyə atan, yaxud yaşlı analarını Qocalar evinə verib can qurtaran məxluqlardan getmir. Çünki belələri insanlıq anlayışından, Allahın qoyduğu qayda-qanunlardan kənar canlılardır və onların faciəsini, mənəvi iflasını Bəxtiyar Vahabzadə "Atılmışlar" poemasında çox təsirli boyalarla əks etdirib.
Nəhayət, mənim bu qeydlərim nə filmin rejissoru Həbib İsmayılovun, nə də Dilarə rolunun ifaçısı Nəcibə Məlikovanın işinə zərrə qədər də kölgə salmamalıdır - onların hər ikisi öz işinin öhdəsindən ustalıqla gəlib. Mənim iradlarım isə birbaşa filmin ədəbi materialından - ssenaridən gələn boşluqlarla bağlıdır.
Və sonda: çox istərdim ki, bu qeydləri oxuyanlar məni mərhəmət, şəfqət hisslərinin varlığına şübhə edən adam kimi qınayıb, skeptizmdə günahlandırmağa tələsməsinlər. Mən sadəcə, həyatda olduğu kimi, sənətdə də solğun imitasiyanın, süni pafosun, plakatçılığın əleyhinəyəm. Bu dəfə sizinlə "ögey analıq" fəlsəfəsi ilə bağlı fikirlərimi bölüşdüm və bu fikirlərin birmənalı qarşılanmayacağına da əminəm. Bu isə təbiidir - hər kəsin hər hansı bir problemə öz baxış bucağından baxmaq, düzgün hesab etdiyi sonunclara çıxmaq haqqı var. Amma bir şərtlə ki, öz qənaətlərini tutarlı arqumentlərlə əsaslandırsın, 2-ci, 3-cü anaların əsl, doğma ananı əvəz edə biləcəyini sübut etsin.
Vəssalam...
(Ardı
var)
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2022.- 4 fevral.- S.12.