"Hər kim yüz il yaşamasa..."
RESPUBLİKA
MÜHARİBƏ, ƏMƏK VƏ SİLAHLI
QÜVVƏLƏR VETERANLARI TƏŞKİLATININ SƏDRİ
FATMA SƏTTAROVANIN 100 İLLİK YUBİLEY
TƏDBİRİNDƏN QEYDLƏR
Ömür xalq üçün, dövlət
üçün, dövlətçilik üçün
yaşanılmış illərdir. Belə
yaşanılan illər zaman keçdikcə daha
duyğusallıqla, bəzən örnək olaraq
xatırlanır. Onda bu günə,
yaşanılan tarixə dünənlərlə sabahlar
arasında mənəvi bağlılıq deyirsən.
İkinci Dünya müharibəsinin
iştirakçısı, Respublika Müharibə, Əmək
və Silahlı Qüvvələr Veteranları Təşkilatının
sədri Fatma Səttarovanın 100 illiyinə həsr
olunmuş yubiley tədbiri bu düşüncələrin haləsiydi
sanki. Müdafiə Nazirliyinin təşkilatçılığıyla
keçirilən tədbirin layihə müəllifi Əməkdar
incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü
Abdulla Qurbani belə tədbirlərin bilavasitə vətənpərvərlik
tərbiyəsində stimul olduğunu qeyd edərək -
ömrü ömürləşdirən illərin fəlsəfi
mahiyyətindən, fərdlərin necə şəxsiyyətləşməsindən,
şəxsiyyətlərin cəmiyyətdəki mövqeyindən
danışır. Bildirir ki, Fatma Səttarova
Böyük Vətən müharibəsinin ilk günlərindən
könüllü olaraq döyüşlərə yollanıb.
Moskva ətrafında, Leninqradın mühasirəsində
döyüşənlərə ilk tibbi yardım göstərənlərin
sırasında olub - bu, onun döyüşü idi. Qanlı savaş meydanlarında yaralananlar da olur.
Leytenant Fatma Səttarova yaralıların təxliyyə
edilməsində, onların həyata qaytarılmasında fəal
iştirak edib.
Böyük Vətən müharibəsindən sonra o da
tərxis edildi, Azərbaycan Dövlət Universitetinin
İqtisadiyyat fakültəsini bitirdi, uzun müddət məsul
vəzifələrdə çalışıb. Müharibə
və əmək veteranları hərəkatının
öncüllərindən olub. Ulu öndər Heydər
Əliyevin digər veteranlar kimi Fatma Səttarovaya da xüsusi
rəğbəti vardı...
Milli
mentalitetimizin ağsaqqallığa, ağbirçəkliyə
ehtiramı düşür yadıma; ağ
birçək ağbirçəklik deyil, xalq ağbirçəyinin
tövsiyələrini, məsləhətlərini ehtiramla dinləyir,
onu yerinə yetirməyi özünə mənəvi borc
bilir...
Tədbir iştirakçılarının
baxışlarında nizamlı ehtiram dalğası
görürəm. Bu, yaşanılmış illərə
görə bir ömrə rəğbətin təzahürüdü.
"İstiqlal" ordeni ilə təltif ediləndə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə
bir yerdə çəkilmiş şəkil yubilyarın diqqətindən
yayınmır. Dövlət başçısı
qürurludur ki, layiqli bir vətəndaşı da təltif
edib, vətəndaş qürurludur ki, belə bir yüksək
təltif bu səviyyədə tarixləşib. Fatma
xanım plakat önündə müntəzir dayanır, Azərbaycana
xidmətinə görə minnətdarlıq edir ölkə
başçısına, azərbaycançılığa
xidmətinə görə, Vətən müharibəsində
qazanılan Zəfərə görə minnətdarlıq
edir...
Plakatın
solunda dövlət başçısının kəlamları
düşüncələrin yönümünü müəyyənləşdirir:
"Siz bizim üçün nümunəsiniz. Siz
İkinci Dünya müharibəsində qəhrəmanlıq
göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz.
Siz öz həyatınızla
ideallarınızı tərənnüm etmisiniz və
müstəqillik dövründə sizin fəallığınız,
sizin səyiniz, qətiyyətli addımlarınız dövlətçiliklə
bağlı gördüyünüz işlər bizim
üçün çox əzizdir və nümunədir".
Fatma xanım İkinci Dünya müharibəsində də,
müharibədən sonra da, yaşının ağbirçəklik
çağında da yüzlərlə insanın mənəvi
bacısı, anası olub, indi yüzlərin könül
dünyasının xoş ovqat cəfakeşidi. Bu təltif
Fatma xanımın döyüş yolundan sonrakı illərində
Vətənə xidmətinə görə verilib. Bu təltifi minlər öz təltifi ovqatında
yaşayır. Belə bir sevgi ilə əhatələnib
Fatma xanım...
100
yaşlı yubilyara xitabən deyilir ki, sən Osman Sarıvəllinin
əzbərimizdə olan bu misralarını böyük həyat
eşqi ilə yerinə yetirdin:
Hər kim yüz il yaşamasa
Günah onun özündədir.
Sən
100 il yaşadın, Fatma xanım.
Ömrün on səkkizindən Azərbaycan üçün
yaşadın, bu gün də Azərbaycan üçün
yaşayırsan...
Fatma xanım müharibəyə tibb bacısı kimi
gedib. Leytenant rütbəsində. Moskva
altında gedən döyüşlərdə iştirak edib,
sonra Leninqradın mühasirəsində. Bu
məqam tarix müstəvisində tarixi məqam kimi təqdim
edilir. Bu təqdimi Üzeyir Hacıbəylinin
"Şəfqət bacısı" mahnısı
tamamlayır. Mahnını o illərin
şəfqət bacısı geyimində hərbi
qulluqçu Leyla Qəhrəmanova ifa edir. Və
səslər qoşalaşır. Bu gözlənilməz
qoşalaşma Leylanın səsiylə Fatma xanımın səsi!
Şəfqət bacılarına sayğıdı,
ehtiramdı! Yüz yaşlı səsin azalmayan-sozalmayan
sevgisidi bu! 80 yaşlı duyğular 100
yaşlı Ananı bir qədər kövrəldir də.
"Böyük bəstəkarın
Böyük Vətən müharibəsində iştirak edən
azərbaycanlı şəfqət bacılarına sevgisidi bu
mahnı. Fatma xanım da onların
sırasındadı. Neçə-neçə 18
yaşlı azərbaycanlı tibb bacıları bu mahnıda
o qədər sevgilərlə obrazlaşıb ki! "Şəfqət
bacısı"nı Fatma xanım da
öz mahnısı kimi dinləyir...
Tədbirin
bu biçim könüləyatımlılığı tədbirin
mahiyyətinə ehtiramıdı: İkinci Dünya müharibəsi
iştirakçısına o illəri xatırlatmaq,
duyğuları incələşdirmək, kövrəkliyə
söykənikli qürur yaşatmaq (və yaşamaq!).
80 ilin o üzündə qalmış döyüşlər
xatırlanır, Leninqradın mühasirəsini, Ladoqa
gölü ilə ağır yaralıların təxliyyəsi
xatırlanır, təxliyələrin hansı səviyyədə
olduğu yada salınır və sual dolu baxışlar Fatma
xanımın baxışlarına qarışır. Belə təxliyyələrin
birində ağır yaralı əsgər son nəfəsində
"Ana" deyib 20 yaşlı tibb bacısına. Sözün doğmalığına görə, səsin
doğmalığına görə, ruhun eyniliyinə görə
və son nəfəsi Azərbaycandan çox-çox uzaqlarda
azərbaycanlı qızına əmanət etmək istəyinə
görə. Həmin anlar Fatma xanımı illər sonra
indi də yandırıb-yaxır - döyüşçü
yaşaya bilmədi, yanıb-yaxıla-yaxıla anır -
qardaşı kimi oxşamışdı
döyüşçünün qana bələnmiş
saçlarını, son nəfəsinə "Can bala..."
demişdi, bu kəlmələr
döyüşçünün son nəfəsinə kəfən
olmuşdu...
Fatma
xanımın baxışları nəhayətsizliyə
dikilir, nəhayətsizliyə baxdıqca baxır, bəlkə
azərbaycanlı döyüşçünün Ladoqa
gölündə eşitdiyi səsini bir də eşitmək
keçir könlündən, yoxsa möcüzələrdən
o səsin yiyəsini təbrikə gələnlərin
sırasında görməkmi?..
Bu yaşantılar da tədbirin səmimiliyinin qüdrətindədi;
"Sev ki, seviləsən, xatırla ki, xatırlanasan,
yaşat ki, yaşayasan" fəlsəfi ricəti tədbirin
ecazkarlıq naxışına dönür. Fatma xanım 80 ildi
xatırlayır, ona görə bunca ehtiramlarla
xatırlanır, Fatma xanım dili söz tutandan bəri Vətən
deyir, Azərbaycan deyir, sevir, ona görə bunca sevilir...
Respublika
Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının sədr müavini
ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyir ki, təşkilatın
dövlətçiliyə, dövlətin daxili və xarici
siyasətinə məsuliyyətli fəaliyyətinin təşkilində
Fatma Səttarovanın xidmətləri böyükdür. O,
istər təşkilatın, istərsə də təşkilatın
üzvlərinin fəaliyyətinin gənc nəslin vətənpərvərlik
tərbiyəsinin formalaşmasını təmin edən fəaliyyət
mühitinin yaşadılmasının cəfakeşlərindəndir.
Fatma xanımı həm 100 illik yubileyi
münasibətilə, həm də "İstiqlal" ordeninə
layiq görülməsi münasibətilə təşkilatımızın
çoxsaylı üzvləri adından təbrik edir.
Hərbçi-solist
Vüsal Ağayev Vətən müharibəsinin
döyüşçüsü obrazında, yaralı əsgər
obrazında "Vətən bayatıları"nı oxuyur. Kövrəkliklə dinlənilən
mahnı sona çatar-çatmaz Fatma xanım ifaçıya
xitabən, "Sən yaralananda xəbər yutsaydım
quş qanadında da olsa özümü sənə yetirərdim,
can bala...", - deyir. Səsində qəhər
var. Bu qəhəri Vətən müharibəsi
iştirakçılarının bir qrupunun səhnəyə
dəvəti yumşaldır. Onlar 100 yaşlı
Böyük Vətən müharibəsi veteranına Vətən müharibəsi
iştirakçıları adından hesabat verirlər. Fatma xanım hərbi qulluqçuları
oğullarını dinləyən kimi dinləyir. 2020-ci ilin 10 noyabrında qazanılan Zəfərin
sevinci 14 aydan sonra da Azərbaycan Ordusunun Təlim və Tədris
Mərkəzinə sığmır.
İfaçı
Ananın havadan asılı qalmış əlinin hərarətini
şərti yarasına məlhəm eləyir...
"Sinəsində
Azərbaycan boyda ürək döyünən" Fatma Səttarova
Səməd Vurğunun "Azərbaycan" şeirini o qədər
sevgilərlə, o qədər duyğusallıqla deyir ki!..
Bu tədbir tarixin tarixləşmiş illərini yada
salır.
İkinci
Dünya müharibəsində Bakıda, Montin adına
zavodda çox sayda hərbi sursat istehsal olunurdu - zavod
müharibəyə səfərbər edilmişdi. Bu zavodda
istehsal olunan "Katyuşa"lar
düşmənin başına odlar ələyirdi. Ötənlərə ehtiram kimi "Katyuşa"
mahnısı təqdim edilir. Və yenə möcüzə!
Mahnını misra-misra Fatma xanım da ifa edir! Bu
nədir? - ötənlərin yenidən
yaşanılmasımı, "Katyuşa"lar faşizmi necə
sarsıtmışdısa, 82 ildən sonra
"Bayraktar"ların düşməni elə
sarsıtmasının, işğalı
sonlandırmasının qürurumu? Azərbaycan əsgərinə
ana xeyir-duasının ifadəsimi?..
Fatma Səttarovanın söhbətlərə müdaxiləsi
(səmimi və gərəkli müdaxiləsi!) tədbirin səmimi
ünsiyyətə düzülməsinə şərait
yaradır (bu da belə tədbirlərdə yenilik (gərəkli
yenilik!) yaratma missiyasının nəticəsidir).
Fatma
xanım mənəvi borc kimi bildirir: Leninqrad şəhər
qubernatoru ilə telefon əlaqəsi saxladım. Ona xatırlatdım ki, Leninqradın mühasirəsində
yüzlərlə azərbaycanlı hərbi qulluqçu həlak
olub. Onlara abidə qoyulması 77 ildir yada
düşmür. Bu, İkinci Dünya
müharibəsində qazanılan qələbəyə xəyanətdir.
Qubernator abidə qoyulacağına söz verdi.
100
yaşın gərəkli tələbi azərbaycançılığın
təzahürüdür, şübhəsiz...
Müdafiə
Nazirliyi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat
İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor
Bəkir Orucov Fatma Səttarovanı Müdafiə Nazirliyinin rəhbərliyi
adından təbrik edir, qiymətli hədiyyələr təqdim edərək
deyir: "Vətən müharibəsində sizin
davamçılarınız kimi yüzlərlə gənc
qız döyüşlərdə, hospitallarda xidmət etdi. Bu, sizin timsalınızda yaşadılan vətənpərvərliyin,
nümunənin, örnəyin nəticəsidir. Nəsillər
dəyişəcək, bu nümunə, bu örnək daha
böyük sevgilərlə yaşadılacaq..."
Hərbi qulluqçular "İstiqlal"
ordenli, İkinci Dünya müharibəsi
iştirakçısı, 100 yaşlı Fatma Səttarovanın
"Salam, əsgər!"
görüş-salamlaşmasını da, "Sağ ol, əsgər!"
sağollaşmasını da uzun müddət unutmayacaqlar...
Rəşid
FAXRALI
525-ci qəzet.- 2022.- 4 fevral.- S.10.