Ramiz müəllim, getmək
lazımdır!
Əslində bu məsələ hər kəsi
düşündürməli, hamını narahat etməlidir. Çünki
Azərbaycanın fikir mərkəzi olan Milli Elmlər
Akademiyası yalnız orada çalışanların deyil,
hamımızındır. Bu bilik
ocağı XX yüzildə xalqımızın
qazandığı ən mühüm sərvətlərdəndir
və yeni minillikdə, təzə əsrdə də həmin
sərvət yüksək dəyərini saxlamaqdadır.
O səbəbdən də Elmlər Akademiyamızda bu gün
yaşananlar, yaşı yüz ilə çatan bu mötəbər
Elm Məbədində naşı, səriştəsiz və
yöndəmsiz idarəçiliyin törətdiyi pat vəziyyəti
gedişatdan xəbərdar olanları mat qoymaya, qan qaraltmaya
bilmir.
Lap
başlanğıcdan – tikilib
istifadə verildiyi 1913-cü ildən etibarən Azərbaycanın
ilk xeyriyyə cəmiyyətinə qucaq açan, həmişə
divarları arasında Vətən və millət amallı
aydınları birləşdirən, bu gün Elmlər
Akademiyamızın Rəyasət Heyətinin yerləşdiyi
“İsmailiyyə” sarayı var olduğu müddətcə daim
xalqın və yurdun taleyi ilə bağlı ən ümdə
istəklərin dilə gətirildiyi, müqəddəs
sayılası məkan kimi tanınıb.
O əziz
imarətin keşməkeşli tarixçəsini xəyal
aynasında canlandıran böyük ədibimiz Seyid Hüseyn
yazırdı ki, “burada nə qədər qəmli və
sevincli günlər olub!”.
Elmlər
Akademiyamızın təvəllüdü onun Sovet
İttifaqı Elmlər Akademiyasının filialı kimi,
SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il
23 yanvar tarixli sərəncamının imzalandığı
ildən götürülsə də, həqiqətdə həmin
başlanğıcın 1923-cü ildən, Əbdürrəhim
bəy Haqverdiyevin rəhbərlik etdiyi Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyətinin təsis edilməsindən
hesablaması daha düzgündür. Çünki
1932-ci ildə
SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan
Şöbəsinə, 1935-də Filialına çevrilən
də, təməl olaraq elə
həmin Tədqiq və Tətəbbö Cəmiyyəti idi,
sonrakı müstəqil Akademiyamız da “Azfan” kimi məşhur
olan Filialın, deməli, Tədqiq və Tətəbbö Cəmiyyətinin
varisi idi.
Xalqımıza tarixin qədimlərindən qismət
olmuş coşqun zehin enerjisi məhz XX əsrdə bu mərkəzdə
cəmlənərək səmtləndirilib, şaxələndirilib.
Onillər
boyunca
Akademiyamızda güclü alimlər ordusu
yetişib, bu işıqlı insanlar həm
xalqımızın, həm ölkəmizin qüdrətinin
artırılmasına əvəzsiz töhfələr veriblər,
həm də millətimizin bütün dünyada
üzünü ağardıblar.
Elmlər Akademiyamız arxada qalan dövrdə həm
şərəfli, həm də çətin,
enişli-yoxuşlu bir yol keçib.
Bu tarixçənin uğur dolu, qürur gətirən,
fərəhli səhifələri ilə yanaşı dramatik
anları, nigaran çağları da olub.
Vaxtlar olub ki, illərlə min zəhmət bahasına
yaradılmış bu qiymətli qurumu parçalayıb
dağıtmaq təhlükəsi də yaşanıb. Həm də
o hadisələr uzaq günün sözü deyil.
Akademiyanın
bağlanması, ləğv edilməsi bəyanatları və
hədələrinin bütün ciddiyyəti ilə səsləndiyi
nəhs 1992-ci il əl çatacaq qədər
yaxındır.
Təfəkkürü,
qələmi, ixtiraçılığı,
icadçılığı ilə güclüdən
güclü ola bilən alimlər,
yazıq ki, bu qəbil şərlər, qısma-boğmalar
qarşısında, adətən, müqavimətsiz
qalırlar.
Heç bunu təsəvvürünüzə gətirməyinizi
istəməzdim. Amma bir qorxulu yuxu kimi xəyalımdan keçirəndə ki, birdən həmin
qaragüruhun istəyi baş tutaydı, Akademiya
qapadılaydı, Akademiya kimi bir Mehraba, Bilik Yuvasına
toplaşmış alimlərimiz dərbədər
düşsəydilər, sonramız necə olardı, nə qədər
mağmunlaşardıq, acizləşərdik?!
Unudulmaz
Heydər Əliyev 1993-cü il
sentyabrın 21-də növbəti dəfə çox sevdiyi,
həmişə məmnuniyyətlə təşrif gətirdiyi
Elmlər Akademiyasında idi.
Bu alimlər, ziyalılar yığıncağı əzəmətli
"İsmailiyyə"də – Elmlər Akademiyası Rəyasət
Heyətinin yerləşdiyi binanın böyük zalında
keçirilirdi. Söz dövlət
başçısına verildi. O zamanlar həmin zalda
xitabət kürsüsü səhnənin lap sağında bir
qıraqda idi və Heydər Əliyev tribunaya sarı getmədi,
ayağa qalxaraq nitqini yarızarafat-yarıciddi elə yerindəncə
başladı: “Siz tribunanı küncə qoymusunuz. Məni də o küncə sıxmaq istəyirsiniz.
Mən həmişə mərkəzdə olmuşam, elə
indi də mərkəzdən danışacağam!”.
Heydər Əliyev Azərbaycan dövlətinə rəhbərlik
etdiyi illərdə, müstəqilliyin sınaqlı,
mübarizəli başlanğıc dönəmində imkan
vermədi ki, Azərbaycan elmini, Azərbaycan alimini, Azərbaycan
Elmlər Akademiyasını miskinləşdirsinlər,
küncə sıxsınlar, çökdürsünlər.
O, Azərbaycan
elmini də, alimini də, Elmlər Akademiyasını da
ictimai-siyasi həyatın tən mərkəzinə gətirdi,
onlara daim diqqət, nəvaziş göstərdi, havadar oldu. Çünki ağıllı insan idi, müdrik
şəxsiyyət idi, cəmiyyətşünaslığın,
siyasətin, dövlətçiliyin mütəfəkkir
bilicisi idi.
Elmə, alimə həyatı uzunu rəğbətlər
bəsləmişdi – bunlar öz yerində. Təbii,
orasını da gözəlcə anlayırdı ki, elmsiz,
alimsiz, biliksiz xalq və dövlət tərəqqi edə,
yüksələ bilməz. Lakin Heydər
Əliyev yalnız böyük vətənpərvər deyil,
həm də müstəsna peşəkarlığa malik
dövlətçi olduğuna görə elmi də dövlət
işinin, əzəmətli dövlət
maşınının ümdə amillərindən, vasitələrindən
biri kimi qəbul edirdi, bu səbəbdən də hər an
elmin, alimin yanında idi.
"Heç vaxt imkan vermək olmaz ki, kimsə, o cümlədən,
prezident Akademiyanı dağıtsın. Ola bilər
başqa prezident dağıtsın. Ola bilər
başqa prezident bunu etsin, amma mən heç vaxt bunu edə
bilmərəm”.
Heydər Əliyevin hafizəmdə əbədilik həkk
olmuş bu sözlərini sanki onun səsində,
özünün təkrarsız intonasiyasında eşidirəm.
Unudulmaz Heydər Əliyevin bu millətə və
dövlətə ən böyük hədiyyələrindən
və xidmətlərindən biri də bu oldu ki, macal vermədi
elmi, alimi və Akademiyanı gözdən salsınlar,
sındırsınlar.
O, alimin,
elmin, Akademiyanın hörmətinə hörmət, nüfuzuna
nüfuz artırdı. Bunlar unudulan deyil!
Və həmin nəcib xətti Heydər Əliyev yolunun
sadiq davamçısı Prezident İlham Əliyev də ləyaqətlə
davam etdirdi, etdirməkdədir.
Və indi Azərbaycan Milli Elmlər Akademiyası
küncə sıxılıb, günbəgün də həmin
böhran dərinləşməkdədir və səbəb də
kənarda deyil, Akademiyanın öz içərisindədir, rəhbərliyindədir
və 2019-cu ilin sonlarından etibarən bu arzuolunmaz macəra
davam etməkdədir.
Yaddaşımda
Ulu Öndərin mətin səsi dalğalanır: “Heç
vaxt imkan vermək olmaz ki, kimsə, o cümlədən
prezident Akademiyanı dağıtsın!”.
Dağıdılır
axı!
2019-cu ilin sonlarında Akademiya prezidenti dəyişdi,
Ramiz Mehdiyev təyin edildi. Və az sonra
Covid -19 pandemiyasının doğurduğu təcrid ayları
gəldi.
Akademiya idarəçiliyi ilə bağlı indi qalxan və
hər gün də daha artıq şiddət və həyəcanla
üzə çıxan növ-növ şikayətlər, tənqidlər,
açıqlamalar elə bu intensivliklə 2020-nin əvvəllərindən
də başlaya bilərmiş. Aranı səngidən
sən demə, elə Covid imiş. Covid pərdəsi
olmasaydı, eyiblər daha erkən pırtlayıb
çıxarmış. Diqqətlə baxılırsa,
Akademiyanın yönəldiciliyində arxadakı 2 il boyunca elə COVİD-ə bənzərlik
simptomları hər qarışda sezilməkdədir:
süstlük, halsızlıq, biganəlik. Və
Covid-19-un əsli-kökü, mənşəyi, mahiyyəti
sonacan tam bilinmədiyi kimi Akademiyada da nədən ibarət
olduğu anlaşılmayan impulsiv, xaotik, pərakəndə,
qeyri-peşəkar idarəçilik hökm sürür.
Elmlər Akademiyasının hər bir strukturu canlı,
işlək, gündəlik fəaliyyətdə olan
orqanizmdir.
Yeni idarəçilik ordan başladı ki, bütün
institutların kadr siyasətini qıc vəziyyətinə
saldı. Elmi kadrlardan, hətta vəfat etmiş, Bakıdan
köçüb getmiş və əvəzlənməsi
istehsalat zəruriyyəti ilə bağlı əməkdaşın
boş ştatına yeni işçi götürmək
yasaqlandı. Elmi kadrlardan tutmuş texniki
personala qədər institutların yeni işçi qəbul
etmək səlahiyyəti əlindən alındı.
Elmi
koordinasiyanı təmin edən, dissertant və
doktorantların araşdırma mövzularının ilkin
ekspertizası sayılan, bir neçə ilin ardıcıl təkmilləşdirmələrindən
sonra yetərincə işlək və faydalı mexanizmə
çevrilmiş Əlaqələndirmə Şuraları ləğv
edildi, gənc elmi kadrların yetişməsi, sabahın elmində
tənzimləmə və dürüst istiqamətləndirməni,
təkrarçılıqdan qaçmanı
stimullaşdıran, peşəkarlığa söykənən
həmin Şuralar işbilməzlik nəticəsi olaraq bəsit
və formal qeydetmə ilə əvəzləndi. Bu naşı, nabələd yanaşmanın fəsadları
yaxın gələcəkdə bütün bəd nəticələrilə
üzə çıxacaq.
İdarəçilikdəki digər korafəhmi
yanaşma guya Akademiya üzrə əsaslı struktur
islahatı başlamaq, bütün institutların ştat
vahidlərini vahid prinsipə uyğunlaşdırmaq oldu. Zahirən, belə
təsir oyanar ki, müasir, müsbət yanaşmadır.
Lakin predmeti bilməyəndə, Akademiyanı
tanımayanda, müxtəlif müəssisələrin
özünəməxsus xüsusiyyətləri nəzərə
alınmayanda guya koordinəyə xidmət etməli olan belə
cəhd qeyri-peşəkarların ifası və icrasında
yalnız xaos yaratmağa, dağıdıcılığa səmtlənmiş
olur.
Belə ki, indiyədək Elmlər Akademiyası müəssisələri
bu kəmsavad idarəçilik və struktur islahatı məngənəsində
çırpınmaqda, bir çox suallara hələ də
anlaşıqlı cavab tapmaqçün baş
sındırmaqdadırlar.
Elmlər Akademiyalarının mövcud olduğu və
uğurla fəaliyyət göstərdiyi xeyli ölkənin təcrübəsi
bir-birini döyən, təkrarlayan, yaxud biri o birindən
cüzi fərqli strukturları qovuşdurmağa
üstünlük verir. Eləcə də izafi və faydasız yüklərdən
xilas olmaq, az əhəmiyyətli
şöbələrdən, hətta institutlardan təmizlənərək
daha işlək universal qurumlar bərqərar etmək, bu
minvalla Akademiya və müəssisələr daxili koordinasiyanı
bir az da mükəmməl və səmərəli gerçəkləşdirmək
təşəbbüsləri vüsət almaqdadır.
İş
bilənlər, müasir dövrün nəbzindən tutmaq
niyyətində olanlar belə edir, belə etməyə heyi, həvəsi
və qabiliyyəti çatmayanlarsa, son 2 ildə bizdə -
Akademiyada olan kimi edirlər!
Real imkanları nəzərə alınarsa, hər
hansı ciddi perspektivdən məhrum və müvafiq səriştəli
mütəxəssislərlə təmin olunmayan yeni
şöbələr bir-birinin ardınca yaradılır,
üstəlik, bu qəbildən olan yenilərini
açmaqçün də tədarüklər
görülür.
Bir müddət
əvvəl məhz daha optimal koordinasiya niyyətləri əsas
götürülərək İctimai Elmlər və Humanitar
Elmlər bölmələri birləşdirilmişdisə,
indi təzədən izahsız-filansız, zəruriyyəti əsaslandırılmadan
geriyə daha bir səriştəsiz addım atılır, ləğv
edilən bərpa olunur, bu addıma uyğun da kadr
seçilir.
Struktur
islahatlarındakı hərdəmxəyallıq,
plansızlıq, proqnozlaşdırma prinsiplərindən bixəbərlik,
kadr siyasətindəki meyarsızlıq, seçim
uyğunsuzluğu, ümumakademik maraqlardan uzaqlıq,
hansısa anlaşılmaz, qeyri-obyektiv prinsiplərə
görə dəyərli kadrların kənarda
saxlanılması və bir silsilə belə arzuolunmaz hallar
Akademiyanı illərcə doğma evi bilmiş neçə
alimi işdən soyudur, başqa müəssisələrdə
iş axatrmağa sövq edir, illərcə
formalaşmış kadr potensialının sıraları durmadan seyrəlir.
Elə bir dövrdür ki, Akademiyada gərək elmi həyat
qaxsımaya, çağlaya.
Gərək indi perspektivli elmi tədqiqatların müəyyənləşdirilməsindən
ötrü ard-arda tədqiqat qrupları yaradıla, onların
analitik hesabatları əsasında planlar tərtib edilə,
araşdırmalar başlana.
İstedadlı insanlarımız həmişə bol
olub, yenə var və gələcəkdə də olacaq. Dünya elmində
o ölkələr irəli gedir ki, Akademiyalarında, ya bu qəbil
iri elmi birliklərində strateji araşdırmalara
üstünlük verirlər, elmi tədqiqat və
innovasiyaların təmayülləri və perspektivlərini
öyrənmək üçün xüsusi institutlar
yaradırlar.
Üfüqləri müəyyənləşdirirlər
və kor-koranə deyil, hara getdiklərini yaxşı bilərək
inamla tədqiqatlarına start verirlər.
Bizdəsə sükunət, ətalət. Sanki məqsədli
şəkildə bir mürgülü, avtopilot rejimli atmosfer
formalaşdırılır.
Akademiyada indi elə bil baş ayrı, bədən
ayrıdır və başdan da bədənə impulslar,
siqnallar çatmayan kimidir.
Bu və yüzlərlə belə qüsur olmaya bilərdimi,
yenilikçi, dünya elminin hazırkı
çağırışları ilə səsləşən
neçə-neçə ideyanı gerçəkləşdirmək
mümkünmü?
Əlbəttə
ki, bəli! Fəqət bunun üçün gərək
durmadan çalışasan, axtarasan, iş görməyə,
sənə tapşırılan sahəni dirçəltməyə,
irəli aparmağa həvəsli olasan, təşəbbüskarlığın
tükənməyə.
Bunların heç biri olmayanda Elmlər Akademiyasında
bu gün rastlaşdığımız ürək göynədən
mənzərələr zühur edir.
Adətkərdə olduğundan vaz keçmək, təbii
ki, müşküldür. Ancaq keçmişdə
inzibati amirlik üsulları ilə icra hakimiyyətlərini və
strukturlarını icra edən sayaq elmi işçini də
qabağına qatmaq mümkün olmaz. O köhnə icra strukturlarında
çalışanlardan fərqli olaraq Akademiya şəbəkəsindəkilər
daha səbirsiz, daha sərbəstdirlər, mütəmadi təzyiqlərə,
küncə qısnamalara, hikkəyə dözməyəndirlər,
haqsızlıq, ədalətsizlik, süründürməçilik,
ifrat bürokratizm, nimdaş idarəçilik üsulları
ilə qarşılaşanda barışmayandırlar, səriştəsizliklər
gördükcə buna yalnız abırlarına salıb
haçanacansa göz yumandırlar, səbirləri tükənincə
etirazlarını ortaya qoyandırlar. Necə ki,
artıq edirlər.
Müəyyən müddətəcən susurdular, tab gətirirdilər,
“bəlkə düzəldi” ümidi ilə
yaşayırdılar. Ancaq baxırlar ki, yox düzəlmir, getdikcə
böhran daha da dərinləşir, sistem xarakteri alan bu cür hallar mötəbər elm
ocağını sarsıdır, içəridən iflic
edir, iflasa aparır. Həm də belə vəziyyətlə barışmazlığın
qətiyyətli sədaları artıq yalnız
Akademiyanın içərisindən deyil, kənardan da
ucalır, bu qurumu milli sərvət sayan, baş elm
ocağımızın miskin kökə salınmasına
qeyzlənən ictimaiyyət də artıq dilə gəlib.
Akademiya o yer deyil ki, guya gendən heç nə
görünmür xülyasına uyaraq başını kolun
içərisinə salasan və köhnə süst
yerişinlə vaxt öldürməklə işləri xala xətrin
qalmasın yola verəsən. Hər şey ovuc
içərisindəki kimi aydın görünür və hər
növbəti xətalı addım (addımlarınsa elə
hamısı belədir) kəskin ictimai müzakirə hədəfinə
çıxır.
Dövlət düşüncəsinə malik bir insan
olaraq bu həssas məqamı akademik Ramiz Mehdiyev hər kəsdən
daha artıq duyar, yaxud duymalıdır.
İnkişafa
sadəcə əngəl yox, ciddi maneəyə
çevrildiyini görüncə və artıq bununla
bağlı etirazları da eşidincə həmin
etirazların bir az da gurlaşmasını gözləmədən,
bu çağırışların tənqid, etiraz səviyyəsindən
tələb həddinə çatmasına imkan yaratmadan, ən
azı indiyəcən qazanılmış nüfuzu, xətir-hörməti
tamam itirmədən üzüsulu kənarlaşmaq zəruridir.
Məhz
yolumuz, xəttimiz sağlam olsun, hər cür fəsadlardan
uzaq qalsın deyə görəndə ki, o yolun, o xəttin
sürətləri ilə ayaqlaşa bilmirsən, ayaqlaşmaq
bir yana, irəliləyən ayaqları tutub saxlayırsan,
buxova dönürsən, dərhal qırağa duraraq mane
olmamağı seçmək mənəvi borcdur.
İnanmaq
istərdim ki, məhz belə də ediləcəkdir!
Bu gerçəklərsə, nə qədər təlx
olsa da, qəlb ağrıtsa da, söylənməlidir.
Bu da bir başqa vicdan vəzifəsidir.
Akademik
Ramiz Mehdiyev yol keçmiş, təcrübəli insandır və
dövlətçi düşüncəyə malik şəxs
kimi, əlbəttə, gərək hər kəsdən
yaxşı hiss edə ki, Azərbaycan baş elm məbədinin
bu kökə salınması yalnız elmimizə deyil,
bütövlükdə düşüncə həyatımıza,
ümumi xəttimizə də ziyan vurur.
Artıq
bu ahəngdə narahat səslər də eşidilir və həmin
çağırışların hərəkətə
çevriləcəyi ağır saatacan süründürmədən,
Akademiya Rəyasət Heyətinin yığışaraq
növbədənkənar iclasında “Get!” qərarı verməsinəcən
məsələni çürütməyərək iradə
göstərmək, heç də xoş olmayacaq həmin
sonluğu qabaqlamaq məsləhətdir.
Ramiz müəllim, getmək lazımdır!
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2022.- 4 fevral.- S.8;9