"Təhsillə bağlı neqativ xəbərlərdən məkrli kampaniya qoxusu gəlir"

 

"İLLƏRDƏN BƏRİ ÜST-ÜSTƏ QALANMIŞ QÜSURLARIN HAMISINI GƏNC NAZİRƏ BAĞLAMAQ HAQSIZLIQDIR"

 

Azərbaycanda 4400-dən çox məktəb, 150 min müəllim, 1 milyon 600 min şagird və təxminən bu qədər də valideyn var. Çoxmilyonluq qrupda mütəmadi olaraq hər hansı neqativ halların baş verməsi labüddür. Sistem o qədər böyükdür ki, hansısa müəllim, direktor və ya valideyn, eləcə də şagirdlər arasında konfliktin olması qaçılmazdır. Baş verən hər hansı bir neqativ hala Təhsil Nazirliyinin dərhal reaksiya verməsi və problemin araşdırılaraq onun həllinə çalışılması mühüm amildir. Problemin ədalətli həllinə nail olmaq üçün ictimai dəstəyin rolu vacibdir.

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bu fikirdədir ki, ölkənin təhsil sektoru ilə bağlı neqativ xəbərlərin son dönəmlər sistemli xarakter alması, bəzi "cəfakeşlərin" ifrat canfəşanlığı adamda istər-istəməz müəyyən şübhələr yaradır, bu cansıxıcı havadan mütəşəkkil, çirkli, məkrli kampaniya qoxusu gəlir: "Təhsilin inkişafını hansısa şəxsi maraq güdmədən, ürəkdən arzulayan insanların narahatlığı təbii və anlaşılandır. Amma illərdən bəri üst-üstə qalanmış qüsurların hamısını aparıb gənc nazirə bağlamaq haqsızlıqdır. Sadə bir ailədən çıxmış, öz savadı, bacarığı sayəsində nazir pilləsinə yüksəlmiş bir məmuru açıq, birbaşa və səmimi fikirlərinə görə hədəfə almaq, onu bütün çatışmazlıqların baiskarı qismində qələmə vermək ədalətsizlikdir.

 

Belə baxanda, nazir bu vəzifəyə vur-tut ilyarım əvvəl təyinat alıb. Yəqin razılaşarsınız ki, kimdənsə təhsil sektoru kimi ağır və məsuliyyətli, həm də kifayət qədər problemli bir sahəni bu müddətdə hər birimizin arzuladığı səviyyəyə gətirməyi istəmək məntiqdən uzaq və absurd olardı. Bir yandan da, bu ilyarım ərzindəki fəaliyyətinə, ayrı-ayrı çıxış və müsahibələrinə diqqət yetirəndə açıqca görünür ki, nazir təhsil sahəsindəki mövcud vəziyyətdən yetərincə məlumatlıdır və ən əsası da xoşniyyətlidir. İctimai rəydə guya problemləri, çatışmazlıqları aradan qaldırmaq görüntüsü yaratmaq xatirinə hansısa radikal və utopik eksperimentlər həyata keçirməyə, bu dalğada yaxşını da pisin gözünə qatıb olan-qalan müsbət tendensiyaları da uçurub-dağıtmağa meylli deyil.  Reallıqları bilir və ona uyğun olaraq da təmkinlə davranaraq nəzərdə tutulmuş islahatları mərhələ-mərhələ, səbrlə gerçəkləşdirməyə çalışır.

 

Söz var, "xəstə tələsər, armud vaxtında yetişər". Əgər doğrudan da ölkəmizin təhsil sistemində nələrinsə yaxşıya doğru dəyişməsini ürəkdən istəyiriksə, gənc və aydın düşüncəli nazirə nəfəs dərməyə, nəzərdə tutduğu islahatları həyata keçirməyə vaxt və imkan verməliyik. Yoxsa ki, sizdən, bizdən - hamımızdan biri olan, sadə, aydın bioqrafiyaya malik bir adamı addımbaşı qaralamaq pisniyyət qrupların dəyirmanına su tökməkdən başqa bir şey deyil.

 

Səbrli, ədalətli və təmkinli olmaqda fayda var!".

 

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli deyir ki, ölkədə və o cümlədən, Bakı şəhərində  məktəblərin sayı kifayət qədərdir və bunların hər birində gündəlik xoşagəlməz nəsə ola bilər: "Heç kim yaxşı nümunələri paylaşmır. İnsanlar hamısı nöqsanları yaymağa çalışır. Əlbttə ki, bu cür videoları yaymağın bir məqsədi var: Məktəbi, təhsili gözdən salmaq. Neqativləri yaymaq. Azərbaycan məktəbi haqqında yanlış təsəvvür yaratmaq".

 

Qulu Məhərrəmlinin dediyinə görə,  bu videolarla da sanki belə fikir yaranır ki, məktəblərin hamısında neqativ hallar var, müəllimlər şagirdlərə təzyiq edir, şagirdlər özlərini pis aparır və s:

 

"Buna da ancaq təəssüflənmək olar. Bu cür videolar, əlbəttə ki, konkret məqsədlə paylaşılır və yayılır. Belə videoların heç bir əhəmiyyəti, mənası yoxdur. Yəni, bu videolar nəyi təlqin edir, hansı məqsədi güdür, arxasında hansı "işıq" dayanır, bütün bunları görmək olmur. Yalnız qaranlıq, yalnız neqativ, məktəbi, təhsili, müəllimi, ümumiyyətlə, sistemi gözdən salmaqdır".

 

Professor bildirib ki, media bunlara ciddi diqqət yetirməlidir: "Çünki bir şeyi çox müzakirə etdikcə, o başqalarını da həvəsə gətirir, stimullaşdırır. Bəzən belə şeyləri süni şəkildə təşkil edib, çəkib yayırlar. Ciddi məsələlər varsa, buna diqqət yetirmək lazımdır. Amma bəzən çox mənasız epizodlar var ki, bunları bu qədər yaymaq, münasibət bildirməyin özü də məqsədəuyğun deyil".

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirir ki, oxşar hadisələr əvvəllər də olub. Sadəcə indiki kimi ictimailəşdirilməyib. Onun sözlərinə əsasən,  şagirdlərin təhsil müəssisəsində özünü idarə formasına görə təhsilalanın özü və məktəblə yanaşı, valideyn də məsuliyyət daşıyır: "Yuxarı sinif şagirdlərinin elə bir yaş dövrüdür ki, bəlkə də onlar bunu qəhrəmanlıq kimi qəbul edirlər. Burada ailənin, cəmiyyətin, məktəbin və dövlət orqanlarının əlaqəli işi olmalıdır ki, belə hadisələrin qarşısını alaq, baş verdiyi halda onun nəticələrinin daha zərərsiz olması üçün çalışaq. Bu məsələ ilə Təhsil Nazirliyi məşğul olur. Biz də töhfə verməyə çalışırıq. Ümumilikdə bütün qurumlar, ailə və cəmiyyət buna töhfə verməlidir. Hər kəsin hüququ olduğu kimi vəzifələri də var. Məktəblilərin təhsil müəssisəsində şagird kimi öhdəlikləri var. Valideynlər evdə onların hüququnu başa saldığı kimi öhdəliklərini də anlatmalıdır".

 

Millət vəkili Kamilə Əliyevanın fikrincə, hazırda təhsildə baş verən hadisələr kütləvi xarakter almayıb. Cəmiyyətin bütün təbəqələrinin məktəbə dəstək verməsi  olduqca əhəmiyyətlidir. Məktəb yalnız tədris yeri deyil, həm də tərbiyə məkanıdır. İkisi də olmalıdır, lakin məktəb daha çox tədris yeridir. Tərbiyə məsələsində məktəb müəyyən qədər rol oynasa da, buna daha çox ailə və uşaqların kontakda olduğu mühit də təsir edir. Cəmiyyət bu məsələlərdə fərqli davranmalıdır. İctimai qınaq olmalıdır, lakin bir-iki hadisəyə görə bunu totallaşdırmaq doğru deyil: "Müəllim şərəfli peşədir, o müqəddəs varlıqdır. Uşaqların şəxsiyyət olaraq formalaşmasında  təhsil işçilərinin əvəzsiz xidmətləri var. Çünki onlar öz həyatlarını xalqın  gələcəyinə həsr edirlər. Bu peşə məsuliyyət tələb edir. Çünki gələcək nəslin tərbiyə edilməsində  həlledici rol oynayır. Ulu Öndər  deyib ki,  müəllim yeganə şəxsiyyətdir ki,  cəmiyyət öz gələcəyini, yəni uşaqların tərbiyəsini yalnız ona  etibar edir. Nəzərə alsaq ki, o,  gözünün nurunu, qəlbinin  odunu, ürəyinin sevgisini  və ən əsası isə  illərin zəhmətini  şagirdlərlə paylaşır, o, ən yüksək ad və hörmətə layiqdir. Ona görə də müəllimin üzərinə bu qədər getməyək. Hansısa sosial şəbəkə hesablarında yerləşdirilən  videoları əsas götürərək müəllimi  alçatmayaq, obyektiv olaraq, şiddət və tənbehi bir-biri ilə qarışdırmayaq. Bir çoxumuzu etdiyimiz hərəkətlərə görə evdə valideynlərimiz tənbeh edib, yaxud da qulağımızı dartıb. Müəllim də hər bir şagirdə öz övladı kimi yanaşır. Lazım gəldikdə isə onu səhv hərəkətinə görə tənbeh də edə bilər. Bu, şiddət deyil. Valideynlərimizin də vəzifələrindən biri odur ki, övladlarında müəllimə qarşı sevgi və hörmət aşılamağı öyrətsinlər. Eləcə də müəllim davranış, geyim,  əxlaqı, həmçinin, bilik və savadı ilə nümunə olmalıdır. Son günlər  müəllim-şagird münasibətlərini  bu cür mənfi yöndə şişirtməyi düzgün hesab etmirəm".

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərovanın dediyinə görə, hazırda Nazirlikdə əsas düşüncə budur ki, problemin üstünü örtməklə həll etmək olmaz: "Təhsil Nazirliyi yanında İctimai Şura olaraq biz problemin səbəblərini tapmaq üçün hər ay ictimai dinləmələr keçirəcəyik. Təhsil ekspertləri ilə müsabiqələr təşkil edəcəyik. Valideyn-müəllim-məktəb tərəfdaşlığını möhkəmləndirmək üçün yeni modellər gətirəcəyik. Nə valideyn, nə cəmiyyət, nə də məktəb məsuliyyəti geri çəkməlidir. Bu kimi halların narahatedici məqamı kampaniyalaşdırılması oldu. İnsanlar məsələnin həll edilməsi müzakirəsindən daha çox, qabardılıb fərqli formata gətirilməsində maraqlıdırlar. Təhsil müəssisələrində ciddi qaydaların tətbiq edilməsi ilk vaxtlar effekt göstərməsə də, daha sonra müsbət nəticə əldə oluna bilər: "Məktəb müəssisələrində smartfonlardan istifadəyə icazə verilməsi doğru deyil. Bununla yanaşı, valideynlər övladlarının giriş etdiyi sosial şəbəkələri nəzarətdə saxlaya bilər. Övladlarının nələrə baxdığını, nələr ilə maraqlandığını öyrənə bilərlər. Amma bu uşaqları nədəsə məhdudlaşdırmaq anlamına gəlmir. Dünya elə sürətlə inkişaf edir ki, biz nəyisə məhdudlaşdırsaq, o, əks effekt verəcək. Əsas məsələ gəncləri sosial platformalardan doğru istifadəyə yönəltmək lazımdır. Burada valideyndən çox təhsil müəssisəsi böyük rol oynamalıdır. Çünki hər bir valideyndə internet biliyi, bacarığı yoxdur. Təhsil müəssisələrinin belə nəzarət etməsi daha kütləvi ola bilər. Daxildə ciddi qaydaların qoyulması bir müddət sonra öz effektini göstərəcək".

 

Şura sədri əlavə edib ki, təhsil sistemində problemlər var və hazırda bunu Təhsil naziri hamıdan gözəl bilir: "Bu problemlərin ortaya qoyulması, onların həlli mexanizmlərinin göstərilməsi, aparılan islahatlardakı qüsurlar barədə tənqidlər yazmaq şübhəsiz lazımlı və xeyirli bir işdir. Lakin təhsil sistemində hazırkı nazir şagird olan dövrdən yığılmış problemləri belə onun üzərinə yükləyib nifrət nitqi sərgiləmək sosial və siyasi ədavətdən başqa bir şey deyil".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 4 fevral.- S.6.