Dul qadının tənhalığı
(Əvvəli ötən şənbə
sayımızda)
Aynur oğlanın onunla olan söhbətini
bütünlüklə bacısına danışdı. O karıxır, fikrini
başa çatdıra bilmirdi. Gözləmədiyi halda,
Ruhiyyə gülüb, onu qucaqladı və dedi:
- Səni
təbrik edirəm. Bu, mənim üçün
yaxşı xəbərdir. Anamızın
da ruhu şad olacaqdır ki, sən başqa yolla getdin,
böyük bacının əzablarından uzaq oldun və
indi sənə ailə qurmaq barədə ciddi təklif olunur.
Mən çox şadam, İlqara de ki, valideynləri
ilə danışsın, onlar nə vaxt gələcəklərsə,
heç olmazsa üç gün qabaq bizə bildirsin ki,
hazırlıq görək, qonaqların yanında biabır
olmayaq. Bizim heç kimimiz yoxdur. Ona görə də mən istəyirəm, Yusif
müəllimi dəvət edəm ki, o, biz tərəfdən
çıxış etsin. Toyumda məni
öz qızı adlandırmışdı, bacım da onun
qızı sayılmalıdır. Düzdür,
son vaxtlar tez-tez xəstələnir, hətta kafedra
müdirliyindən öz xahişi ilə azad olunmuşdur.
Ancaq mənim dəvətimi diqqətsiz
qoyacağına inanmıram.
Bir aydan sonra Ruhiyyə evində rayondan gəlmiş
İlqarın valideynlərini onun öz müşayiəti ilə
qarşıladı. Məclisdə ağsaqqal kimi iştirak edəcək
Yusif müəllim özünün sərraf gözü ilə
bacısının nişanlısına qiymət verəcək,
müsbət qiymətləndirsə, bu izdivaca xeyir-dua diləyəcəkdi.
İlqarın
valideynləri nisbətən cavan idilər, anasının
başında yaylıq var idi, atası arıq, uzunboylu kişi idi. Ruhiyyə və Aynur onları
süfrə hazırlanmış otağa dəvət etdilər
və qonaqlar Yusif müəllimlə tanış
oldular.
Ruhiyyənin qulluqçusu süfrəyə çay,
mürəbbə gətirir, əvvəldən isə vazada
meyvələr, çərəzlər
düzülmüşdü. Ruhiyyə ev
sahibi kimi mürəbbələri balaca nəlbəkilərə
töküb Yusif müəllimə, qonaqlara təklif etdi. Aynur utandığından qızarmışdı,
lakin bacısı demişdi ki, əgər
nişanlandığın oğlan iştirak edirsə, sən
də məclisdə olmalısan, çünki oğlanın
valideynləri də səni görməlidir, oğullarına
kor-koranə şəkildə qız ala bilməzlər.
Yusif
müəllim bir-iki qurtum çay içdikdən sonra
üzünü qonaqlara tutub dedi:
- Yenə
də sizə xoş gəlmişsiniz demək istəyirəm.
Xoş məqsəd üçün, iki ailənin
qohumluğunun təməlini qoymaq üçün təşrif
buyurmusunuz. Ruhiyyə mənim
qızımdır, onun bacısı da mənə yad deyildir.
Ona görə də mən sizin vəzifənizin
icrasına müdaxilə edə bilmərəm, sözü
sizə verirəm.
İlqarın
atası əvvəlcədən hər şeyi öyrəndiyinə
görə dedi:
- Hörmətli
professor, biz çox şadıq ki, bizim xeyir işimizə
sizin kimi ağsaqqal, böyük elm adamı xeyir-dua verir. Siz təkcə Ruhiyyə xanımın atası
deyilsiniz, həm də bizim ağsaqqalımızsınız.
Mən köhnə qaydada, hansısa zərb-məsəldən
istifadə etməklə danışmayacağam. Oğlum İlqar sizin qızınız Aynuru sevir və
onunla ailə qurmaq istəyir, cavanların bir-birinə məhəbbəti
bu xeyir işin təməlidir və bu körpü
olmasaydı, biz bura gəlməzdik. Ona
görə də valideynlər kimi professor sizdən, Ruhiyyə
xanım sizdən bu xeyir işə razılıq vermənizi
xahiş edirik, oğlumuza görə isə biz sizə
qarantiya verməyə hazırıq.
Yusif
müəllimə İlqarın atasının sözləri
xoş gəldi:
- Sağ
olun ki, oğlunuz barədə qarantiya verirsiniz. Ən
möhkəm qarantiya isə gələcək ailənin
xoşbəxtliyinə yol açan bu iki gəncin sevgisidir.
Onlar bizdən xəbərsiz bir-biriylə tanış,
dost olmuş və bu dostluq sonra inkişaf edərək məhəbbətə
çevrilmişdir. Onları birləşdirən
qızıl saplarla həyat şirəsi axır. Biz də çox arzu edirik ki, bu sap ürəyə
qan gətirən damardan da daha intensiv fəaliyyətli olsun,
onların məhəbbətini nəinki sönməyə,
azacıq da olsa belə, solmağa da qoymasın.
Yusif
müəllim Ruhiyyənin nəsə demək istədiyini
öyrənmək üçün ona müraciət etdikdə
o, professora dedi:
- Siz olan
yerdə mənim danışmağım artıqdır. Siz, mən ailə quranda da, Hüseynlə
nikahıma xeyir-dua vermisiniz və bizi məhəbbətdə
yaşamağa səsləmişdiniz. Bu
gün də sizin xeyir-duanız bacıma qismət olur və mən
əminəm ki, sizin xoş sözlərinizi bu iki cavan mantra
kimi təkrar edib, onlara nəsihətiniz bir-birinə olan məhəbbəti
axıra qədər qoruyub saxlamağı təlqin edəcəkdir.
Allah hər ikisini bir yerdə xoşbəxt eləsin, uzun illər
ərzində onlar hər günü nikaha girdikləri an kimi əzizləsinlər.
Yusif
müəllim dedi:
- Ruhiyyə,
səndən çox razıyam, indi dediyin bu sözlərin
altından da imza atmağa hazıram. Aynur
qızımız və İlqar oğlumuz təmiz qəlblə
bir-birinə vurulmuşlar, qoy bu sadə hisslər uzun illər
boyu onları idarə etsin, ailə səadətlərini səhvlərdən,
bir-birini başa düşməməkdən qorusun. Qoy
bu od zərdüştlülərin qoruyub saxladığı
od kimi daim onların könlünü qızdırsın,
öz işığı ilə onların ömrünə
bir an da olsun qaranlığın
çökməsinə imkan verməsin.
Elçilərə cavabım yalnız
"razıyıq" sözlərindən ibarət
olacaqdır. Qoy onlar xoşbəxt olsunlar və buna görə də
onlara xeyir-dua verənlər isə daim öz qərarları
üçün iftixar hissləri ilə yaşasınlar.
İlqar və Aynur, biz çox istəyirik ki, siz xoşbəxt
olasınız, ona görə də ucadan demək istəyirik:
"Sizin qarşıdakı nikahınız mübarək
olsun!"
İlqarın
atası alnının tərini dəsmalı ilə silib dedi:
-
Çox sağ olun. Bizə
olduqca böyük hörmətlə yanaşdınız.
Oğlumun xoşbəxtliyi bundan sonra bu
bağlanan ittifaqdan asılı olacaqdır. Biz isə kənardan
ancaq ona dəstək verəcəyik və onların xoş
günlərindən bizə də pay düşəcəkdir.
Çay
süfrəsi yığışıldı və stolun
üstünə yeni ağ süfrə
salındı. Qulluqçu iri buludlarda plov, səbzi,
qızardılmış ət və toyuq, ləvəngi,
yarpaq dolması gətirdi. Ruhiyyə boşqablara xörəklərdən
qoyub məclisin ağsaqqalına, qonaqlara verdi.
Özünə və Aynura da plov və səbzi
çəkdi. Aynurdan və
nişanlısından başqa hamı iştahla yeyirdi. Sonra boşqablar təzələndi, qonaqlar başqa
xörəkləri də daddılar.
Axırda iri tort gətirildi və bıçaqla kəsilib,
əvvəlcə nişanlılara, sonra isə Yusif müəllimə
və İlqarın valideynlərinə verildi. Ümumi qayda
kimi, yenə çay verildi.
İlqarın atası hörmətlə
qarşılandıqlarına görə
razılığını bildirdi. Yusif müəllim məclisə
yekun vurdu:
- Mən Aynurla İlqarı ürəkdən təbrik
etmək istəyirəm. Mənə elə gəlir ki, mənim
doğma yuvamdan Ruhiyyədən sonra ikinci quş uçur və
başqa yerdə özünə yuva salacaqdır. Buna mən çox sevinirəm. Arzum
budur ki, cavanlar xoşbəxt olsunlar, biz də bu ittifaqın
baş tutmasında iştirak etdiyimizə görə,
sonrakı uğurlarla özümüzü də təbrik edək.
Ruhiyyə, qızım, darıxma, toyu da ürəyin
istəyən kimi edəcəyik. Əsas məsələ
odur ki, mənə görə sən yaxşı bir ailə
ilə qohum olursan, bacını qabiliyyətli bir oğlana ərə
verirsən. Buna yalnız sevinmək,
şadlanmaq lazımdır. Mən güman
edirəm, çox inanıram ki, Ruhiyyə, bacın da ürəyi
açıqlıqda, saflıqda sənə oxşayır və
onun gələcək əri ilə birgə qurduğu ailə
xoşbəxt olacaqdır. Mən
İlqarı, onun valideynlərini təbrik edirəm. Mən Aynuru və onun böyük bacısı
Ruhiyyəni təbrik edirəm. Qoy bu yeni
ailənin xoşbəxtliyindən biz həzz alaq və
özümüzü də qiymətləndirək ki, bu
prosesin başlanğıcında biz də iştirak
etmişik. Qonaqlarımıza yaxşı
yol arzulayıram və xahiş edirəm ki, gələn dəfə
mənim də qonağım olasınız.
Qonaqlar gedəndən sonra Aynur da otağı tərk
etdi və Hamnet içəri girib, yüyürə-yüyürə
özünü Yusif müəllimin üstünə atdı. Professor onu
qucaqlayıb öpdü və dərslərinin necə
keçdiyini soruşdu:
- Hamnet, əziz
nəvəm mənim, sən gələcəyin
adlı-sanlı alimi, ziyalısı olacaqsan. Sənin
atan da, anan da istedadlı adamlardır, onlar qarşıya
qoyduğu məqsədlərə çatmaq üçün
hər cür əziyyətlərə qatlaşmış, istədiklərinə
nail olmuşlar. Onların övladı da
estafeti başqalarından deyil, öz valideynlərindən
götürməlidir. Anan da, baban kimi mən
də səndən bilik sahəsində igidlik göstərməyini
gözləyirik. Sən bizim
etimadımızı doğrultmalısan. Həyat
təkcə bilikdən ibarət olsaydı, onda çox
şeyə nail olmaq mümkün idi. Yaşa
dolduqca həyatın saysız-hesabsız çətinlikləri
ilə üzləşməli olursan, ona görə də cəsarətli
olmalısan, çətinlikdən qorxmamalısan. Heç bir təhsil sistemi qorxağı qəhrəman
edə bilmir.
Hamnet
cavab verdi:
- Sizə
də, anama da söz verirəm ki, yaxşı oxuyacaq,
yalnız əla qiymətlər alacağam. İcazə
verirsinizsə, mən gedim, dərslərimi hazırlayım.
Bu sözlərdən sonra o, otaqdan çıxdı. Ruhiyyə dedi:
- Yusif
müəllim, Hamnet sizi çox sevir, bu məsələdə
məndən geri qalmır. Sizi sevməyən
olarmı, üzünüzdən nur tökülür. Siz bədbəxtlərə kömək əli
uzatdığınıza görə heç də müqəddəs
Fransiskdən geri qalmırsınız. Rəvayətə
görə, o, canavarın da dilini bilirdi, onun yaxındakı kəndə
ziyan vurmağına son qoya bilmişdi. Mənə
görə, siz bütün ikiayaqlı yırtıcı vəhşi
heyvanların dilini bilirsiniz, onları köməksiz, zəif,
müdafiəsiz adamlardan uzaqlaşdıra bilirsiniz. Hüseyn də sizin müqəddəs insan olduğunuzu
daim təkrar edir, sizə böyük məhəbbət bəslədiyini
gizlətmirdi.
Ruhiyyənin
öz xilaskarının məsləhətinə ehtiyacı
vardır
Yusif
müəllim stolun arxasından qalxıb getmək istəyəndə,
Ruhiyyə yalvarışlı bir səslə dedi:
-
Qızı atasını çox az-az görür, daim ondan
ötrü darıxır. Bu gün Aynurun xeyir
işinə görə sizinlə görüşə bildim.
Rica edirəm, yarımca saat da oturun, söhbət
edək, mənim sizin məsləhətlərinizə həmişə
ehtiyacım olub. İndi də bu xəzinədən
nəsə götürməyi umuram.
Yusif
müəllim qalxmayıb, ev sahibəsinin
xahişini diqqətsiz qoymaq istəmədi. O,
çoxlarına yaxşılıq etməyə
çalışmışdı, bəzilərində bu
müsbət sonluqla nəticələnsə də,
başqalarında o qədər də uğurlu
olmamışdı. Ruhiyyənin həyatda əldə
etdiyi dəyişikliklərə görə o, çox şad
idi. Bu qızın da ona bəslədiyi
minnətdarlığın, uca hisslərin həddi yox idi,
mübaliğəsiz olaraq, onları, nəhayətsiz hesab etmək
olardı.
Ona
görə də Ruhiyyənin yenə sözlü olduğunu
görüb, çətinliklərini ona etiraf etməyi
sezdiyindən, özü sualla müraciət etdi:
-
Yaxşı, de görüm, necə yaşayırsan,
Hüseynsiz həyata alışa bilirsənmi,
tənhalıq səni sıxmır ki? Hüseynin sənin
üçün kim olduğunu Şekspirin
"Dəlisov qızın əhilləşdirilməsi"
pyesindəki sözləri ilə demək istəyirəm: O,
"sənin ərin, sənin ağan, sənin həyatın"
idi. "Səni saxlayan, sənin başın,
hökmdarın, yeganə qayğı göstərənin, səni
dəstəkləyən idi". Güman edirəm ki, mərhum
ərin barədə mən Şekspirdən yaxşı deyə
bilmərəm.Tənhalıq deyəndə isə incimə, ərini,
ya arvadını itirən adam nə qədər
firavan yaşayıb, ətrafın bol xoş hisslərinin
burulğanına düşsə də, yenə
özünü yetim, tənha hiss edir. Axı mən
özüm də səndən çox-çox əvvəl
bu taleyi yaşamağa başlamışam. Yaxşı haldır ki, oğlun sənin
başını qatır, onun qayğıları ilə məşğul
olmaq səni əzici düşüncələrdən
bütünlüklə olmasa da, azad edə bilir.
Sən həyatda hər şeyi görmüsən, pisi də, yaxşını da, bədbəxtliyi də, səni dağın zirvəsində təmiz hava almağa çıxaran xoşbəxtliyi də. Sən həyata bədbinliklə baxmağa alışdığın halda, birdən xoşbəxtlik tufanına, tornadosuna düşdün, özün də bu sehrə məəttəl qalmışdın. Sən qəribə, ölçüsü olmayan bu metamorfozanı bir mistika əlaməti, mifik hadisə kimi qarşıladın. Uzaq diyardan gəlib Füsunkar Yelenanı qaçıran və ona odlu məhəbbətin nə olduğunu göstərən Paris kimi, Hüseyn də sənin həyatında peyda oldu, könlünün pas basmış guşələrini özünün isti nəfəsi, hisslərinin tüğyana qalxması ilə təmizlədi, səni reinkarnasiyaya məruz qoydu və əvvəlki fağır, acı taleyi ilə barışmaq məcburiyyətində qalan bir köməksiz qızın yerində yeni Ruhiyyə doğuldu, ona yeni həyatında doğan günəşin ziyalarının işıq saçması, hərarəti hesabına donmuş hisslərinin coşqunluğa qayıtmasına yol açdı. Sən özün də gözləmədiyin halda bir qızğın məhəbbətin odunda yanmağa başladın, ağlına gəlməyən bir şiddətlə sevildin və əslində, bu məhəbbət, cansıxıcı mühitin sıxıb taqətdən saldığı bir qıza yeni nəfəs verdi, onun damarlarında axan qan da təbiətini dəyişib, dağ selini andırmağa başladı. Və bu xoşbəxtlik sənin bütün bədbəxtliklərini arxada qoydu, sənə cənnət qapılarını açdı. Sən bunları günəşin işığında süzülən bal kimi maye qızıla bənzədirdin və həyatında baş verən bu füsunkar dəyişikliyə inanmaq da istəmirdin. Lakin həyat bədbəxtlik bəxş edəndə geri çəkilmədiyi, yalvarışlara, göz yaşlarına məhəl qoymadığı kimi, xoşbəxtlik gələndə də eyni qaydada qapıları geniş açmağı tələb edir. Yaz havası, yaz günəşi, ətrafda ağacların, kolların çiçək açması və bunların əvvəlki şaxtalı günləri də unutdurması adamı məcbur edir ki, həyata yeni gözlə olmasa da, yeni baxışlarla baxsın və üzərinə çökmüş bu ətirli mühiti qəbul etsin, onun həyatı rövnəq şəkildə təqdim edən qoxusundan həzz almağı öyrənsin.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 5 fevral.- S.22.