"Gözəlliklər kameranın
gözüylə..."
AZƏRBAYCANIN
İLK KİNO OPERATORU, ƏMƏKDAR İNCƏSƏNƏT
XADİMİ NƏRİMAN ŞIXƏLİYEV BU
GÜNLƏRDƏ DÜNYASINI DƏYİŞDİ
...Gözlərini ekrandan çəkə bilmir. Kadrlar bir-birini əvəzlədikcə
otaqda var-gəl edir. Şuşanın işğaldan azad
edilməsinə ürəkdən,
candan sevinir, gözlərindən süzülən
yaşları əlinin
arxasıyla silib, yenidən nəzərlərini
ekrana zilləyir.
Uçulub dağılmış
evlər, Vaqifin məqbərəsi, Xan qızı Natəvanın
xaraba qoyulmuş mülkü... Hər qarışında tarix yaşayan yaralı Şuşa...
"- Lənətə gələsiniz sizi! Vəhşilər,
vandallar! Necə qıydınız o gözəlliklərə? Tarixin bu canlı abidələrini viran qoymağa əliniz necə gəldi?! O yerlərin hər daşında, hər qayasında bir möcüzə vardı.
Allah cəzasını versin
mərdimazarların... Var olsun cənab Prezidentimiz! Görün nə gözəl deyir:
"Əziz Şuşa,
sən azadsan!
Əziz
Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
***
Kadrlar dəyişir. Ekranda
30 il əvvəlki
Şuşadan görüntülər
yayımlanır. Vaxtilə o yerləri
qarış-qarış gəzmiş,
əsrarəngiz gözəlliyi
olan məkanları lentin yaddaşına köçürmüşdü. "Şuşa",
"Nəğməkar Bülbül"
filmini Şuşanın
dağlarının, Cıdır
düzünün, İsa
bulağının göz
oxşayan mənzərəsini
ürəyinin səsi,
Bülbülün avazıyla
ərsəyə gətirmişdi. Yaxşı ki, o kadrlar var. Yaxşı ki, o yerləri görməyənlərə
təbiəti necə
sevməyi, onu necə qorumağı öyrədir həmin filmlər...
Neçə illərdi, bu arzuyla yaşayırdı Nəriman müəllim. Addım-addım gəzdiyi o yerləri bir daha görmək
istəyirdi. Çəkə bilmədiyi, xəyalında
yaşatdığı ana
təbiətimizin o dilbər
guşələrini bir
daha tamaşaçıya
göstərmək keçirdi
könlündən.
- Yaxşı ki, 30 illik həsrətə son qoyuldu. İndi bu işi gənclərimiz, yetirmələrim
həyata keçirəcəklər.
Yetirmələri isə nə az, nə
azacıq, onlarladır.
Amma bu sənətin ilki olmaq onun
taleyinə yazılıbmış.
***
- Oğlum, sən kinostudiyada nə işləyirsən?
- Operator assistenti.
- Burada, bizdə televiziyada necə, işləmək istəyərsənmi?
- Fikirləşərəm...
- Yaxşı, qərarını
bizə bildirərsən...
Xalası qızı Kübranın
təklifi ilə kinostudiyada yenicə işə başlayan Nəriman günlərin birində kinooperator
Vladimir Koryaqinlə süjet
çəkmək üçün
o vaxt yenicə yaradılmış Bakı
televiziyasına gəlmişdi. Çəkiliş
vaxtı xalqımızın
dəyərli ziyalısı,
o dövrdə Televiziyada
sədr müavini vəzifəsində çalışan
gözəl insan Ənvər Əlibəyli
gənc Nərimanın
peşəsinə necə
can yandırdığını görüb onu televiziyaya işə dəvət etdi. Çox keçmədi, Nəriman Şıxəliyevin
əmək kitabçasına
belə yazıldı: Televiziya operatoru. Yanvar, 1957-ci il. Və o vaxtdan da Nəriman Şıxəliyevi
tanıyanlar onun filmlər çəkə-çəkə
elə öz həyatının da filmə bənzədiyinin
fərqinə vardılar.
***
Həyatın ötüb keçən anlarını əbədiləşdirmək
arzusu Nərimanda hələ orta məktəbdə oxuyanda yaranmışdı. Atası Səttar həkimin ad günündə ona hədiyyə etdiyi "Komsomolets" fotoaparatı
ilə uşaqları,
tədbirləri çəkər,
sonra şəkilləri
məktəblilərə, rəhbərliyə
təmənnasız verərdi.
Elə o
vaxtlar tanıyan, bilən Nərimanı
"foto-müxbir" deyə
çağırardı. Və onda heç kimin ağlına gəlməzdi ki, gün gələcək, Nəriman Şıxəliyev
gələcəyin mahir
fotomüxbiri, rejissoru
olacaq, neçə-neçə
sənədli, bədii
filmə sənətkar
möhürü vuracaq. Məktəbdə onu idmançı
kimi də tanıyırdılar. Amma taleyində Azərbaycanın
görkəmli şəxsiyyətlərinin
həyatını, yaradıcılığını
əbədiləşdirmək, əsrarəngiz yurd yerlərimizi lentlərin yaddaşına köçürmək
varmış...
Bu gün biz unudulmaz sənətkarlarımızı - Seyid Şuşinskini, Qurban Pirimovu, Rəşid Behbudovu, Münəvvər Kələntərlini,
Səid Rüstəmovu
- daha kimləri onun sayəsində ekranlarda seyr edir, gələcək nəsillərin də bu şəxsiyyətləri
məhz bu nadir görüntülər hesabına
tanıyacaqlarına sevinirik. Axı, hər bir sənətkar xalqın milli sərvətidir.
Bu sərvəti bizə ərməğan edənlərdən birinə
- Əməkdar İncəsənət
xadimi, "Tərəqqi"
medallı mərhum Nəriman Şıxəliyevə
minnətdarıq.
***
Azərbaycan Televiziyasının ilk kinooperatoru
olan Nəriman Şıxəliyev 140-dan çox
bədii və sənədli film çəkib.
Onun rejissor və operator kimi yaratdığı "Bu, Səttar
Bəhlulzadədir", "Mikayıl Müşfiq",
"Fəhlə yataqxanası"
və başqa filmləri televiziya və kinofestivallarda diplomlara, mükafatlara layiq görüldü.
Adətən filmin nümayişi başa çatdıqdan sonra titrlərdə yaradıcı heyətin kimlərdən ibarət olması maraqlandırır
tamaşaçını. Bu qəbildən Nəriman müəllimin ekran həyatı verdiyi filmlərin bəzilərində
onun adının qarşısında rejissor-operator
yazıldığının şahidi oluruq. Bu isə
onun işinə olduqca yaradıcı yanaşması deməkdir.
"Film çəkən yaradıcı işçilər
zamanla ayaqlaşmalı,
zamanın ruhunu tutmağı bacarmalıdırlar.
Kinooperatorun silahı onun
kamerasıdır. O, bu
kameranın gözlüyündən
dünyaya müxtəlif
rakurslardan baxmalı, lazım olan detalları, ən incə ştrixləri belə bir-birindən seçməlidir" - deyirdi
Nəriman müəllim.
Nəriman Şıxəliyev 63 illik
yaradıcılıq fəaliyyəti
dövründə bu kriteriyalara sadiq qaldı və bunları indi istər Azərbaycanın,
istərsə də dünyanın bir çox ölkələrinin
teleməkanlarında çalışan
yetirmələrinə aşıladı.
***
2010-cu ildə yaxın
dostları Nazim Məmmədbəyov və
Nəriman Bağırov
Nəriman Şıxıliyev
haqda "Əbədiyaşar
gözəllik fədaisi"
adlı bir kitab çap etdiriblər. Həmin kitabdan bir məqam
diqqətimi cəlb etdi. Onu oxuculara çatdırmağı
özümə borc bildim.
Kitabdan sətirlər:
"- Bizə yaxşı
bəllidir ki, sənin çəkmədiyin,
lentin yaddaşına köçürmədiyin maddi
varlıq qalmayıb. Nələri,
kimləri lentə almamısan... Üst-üstə
yığsan, iki ömürlük iş görmüsən, Nəriman!
Düzdür, dostlar! Amma çəkməyi
arzuladığım bir
neçə tarixi məkan, tarixi abidə qalıb. Kaş onları çəkə
biləydim.
Neçə il əvvəl Gədəbəy dağlarında
Koroğlunun mübarizə
yolu haqda film çəkirdik. Yolun başlanğıcında Koroğlu qalası idi. Qaladan başlanan yol
çox maraqlı yerlərdən, abidələrdən
keçirdi. Onları lentə
ala-ala xəyalım Kəlbəcəri,
Laçını, Cəbrayılı
dolaşırdı. Kəlbəcərdəki
Sümüklü dərəni
çəkə bilsəydim... O dərədə
vəhşi ermənilər
minlərlə soydaşımızı
qətlə yetirib. Orda tökülüb qalan insan sümüklərini
dilə gətirmək
lazımdır. Azıx mağarası, Şuşa
qalası, Cıdır
düzü... Ən böyük arzum onların görüşünə
getməkdir...
Bunları illərlə əvvəl
arzulamışdım. Bu gün müzəffər
Ali Baş Komandanımız
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi o yerləri ekranda gördükcə qəlbim qürurla döyünürdü. Yaşım və sağlamlığım
özümün o yerlərə
getməyimə imkan verməsə də, bilirəm ki, o məkanları lentə köçürənlərin arasında
mənim şagirdlərim
də var.
Əllərinə sağlıq!"
Biz də bu gün sizin cüzi bir hissəni qələmə aldığımız filmə bənzər taleyinizə işıq salmağa çalışdıq, unudulmaz Nəriman müəllimin ömür kitabını vərəqlədik. Ruhuna dərin ehtiramla.
Aybəniz MƏMMƏDƏLİYEVA,
Azərbaycan Televiziyasının əməkdaşı,
Həsən bəy Zərdabi Mükafatı
laureatı
525-ci qəzet.- 2022.- 5 fevral.- S.20.