Basqal: I əsrdən XXI əsrə  

 

"Basqalda yaşayan vətəndaşlarımız üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq".

 

İlham Əliyev,

 

Azərbaycan Respublikasının Prezidenti

 

***

 

Azərbaycanda bir neçə elə iri yaşayış məntəqələri mövcuddur ki, onlar orta əsr şəhər mədəniyyəti elementlərini bu gün də özündə yaşadır. Daha çox diqqət mərkəzində olan həmin yaşayış məntəqələri Bakı (İçərişəhər), Şəki, Ordubad, Lahıc və Basqaldır. Onlardan da tarixi baxımdan ən az öyrəniləni məhz Basqaldır. Əfsuslar olsun ki, müstəqillik illərinədək Basqalın qədim tarixinin elmi cəhətdən öyrənilməsi istiqamətində demək olar ki, ciddi bir addım atılmayıb.

 

 

 

Basqal mənzərələri

 

 

 

Doğrudur, ayrı-ayrı müəlliflər tərəfindən Basqalın tarixinə dair elmi-kütləvi xarakterli bir neçə kitab yazılıb. Amma Basqalın ən azı orta əsrlər mənzərəsini öyrənmək və onu yenidən mümkün qədər canlandırmaq məqsədilə orada nəinki əsaslı, heç kəşfiyyat xarakterli arxeoloji tədqiqat işləri aparılmayıb.

 

Basqal iki əsas hissədən - qədim Basqaldan və son 70-80 ildə Basqal çayının sağ sahilində salınmış "O tay"dan, yəni müasir Basqaldan ibarətdir. Bir ucu Həsənxan bağına, bir ucu Əmrəki dağının ətəyinə, bir ucu da qədim "Qalalar" ərazisinə çatan "O tay"da bir-birindən yaraşıqlı çoxsaylı villalar ucaldılıb. Basqal çayının sol sahili boyunca uzanan yamacda salınmış qədim Basqal isə plan və memarlıq quruluşu baxımından Lahıca bənzəyir. Qədim Basqalın baş küçəsi Bazar meydanından Kəlfərəc yolunadək uzanır. Orta əsrlər dövrünün yadigarı olan mükəmməl kürəbəndi-kanalizasiya şəbəkəsi bu gün də qəsəbənin işinə yarayır.

 

Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr olunmuş iclasdakı çıxışında Basqal qəsəbəsinin timsalında ölkəmizdə tarixi-mədəni irsin qorunmasına və yaşadılmasına dövlət səviyyəsində nə dərəcədə böyük əhəmiyyət verildiyindən və bu məsələnin qarşıdakı illərdə də prioritet istiqamət olacağından bəhs edərək demişdir: "Mənim sərəncamımla tarixi Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələrin icra olunması məqsədilə xüsusi proqram hazırlanır. Çünki Basqal da qədim tarixi kənddir, qədim yaşayış yeridir, yaşayış məskənidir. Həm Basqalda yaşayan vətəndaşlarımız üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq".

 

Söhbət cənab Prezidentin "Basqal Dövlət Tarix Mədəniyyət Qoruğu haqqında" imzalamış olduğu 03 oktyabr 2018-ci il tarixli sərəncamdan irəli gələn vəzifələrdən gedir. Ölkə Prezidentinin bu sərəncamı Basqal camaatının doğma yurdun işıqlı  sabahına olan inamını daha da artırdı. Bu sərəncam Basqalın sosial-iqtisadi inkişafına və tarixi-mədəni irsinin layiqli səviyyədə mühafizəsinə, təbliğinə, bərpa və konservasiyasına göstərilən dövlət qayğısının birbaşa təzahürüdür.  Sərəncama əsasən, ilkin olaraq qoruq ərazisindəki tarix və mədəniyyət abidələri bərpa-konservasiya edilməli, rekonstruksiya işləri aparılmalı, mühəndis-kommunikasiya təminatı sisteminin və xəttinin, yol-nəqliyyat infrastrukturun təmiri və yenidən qurulması, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsi, istirahət və turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması, yeni iş yerlərinin açılması nəzərdə tutulurdu.

 

O vaxtdan Basqalda həyat yenidən canlanmağa başladı. Ölkə Prezidentinin birbaşa tapşırığı əsasında nəinki Basqalın yolu, eləcə də yolu Basqaldan keçən Zeyvə, Tağlabiyan, Kəlfərəc, Mücü, Kürdüvan, Xan kəndi, Sulut və onun ətrafındakı kəndlərin yolu tarixində ilk dəfə asfalt örtük gördü. Basqal qəsəbəsi daxilində eyni vaxtda bir sıra iri tutumlu infrastruktur layihələrinin icrasına başlanıldı. Bir sözlə, Basqal bütün tarixi boyu heç vaxt olmadığı qədər intensiv bir tikinti, quruculuq, konservasiya və abadlıq meydanına çevrildi. Məqsəd də, vəzifə də ecazkar təbiəti və orta əsr şəhər mədəniyyəti elementlərini özündə birləşdirən bu tarixi məkanı həm də beynəlxalq standartlara cavab verən cəlbedici turistik məkana çevirməkdən ibarətdir.

 

Xatırladaq ki, Basqalın şəhər tipli yaşayış məntəqəsi olduğu, daha dəqiq desək, şəhər mədəniyyəti elementlərinə malik olduğu qismən də olsa yazılı qaynaqlarda, həmçinin, yerli əhalinin yaddaşında müvafiq izlər qoymuşdur. Məsələn, XIX əsrin sonlarında orada olmuş rus şərhçisi Konstantin Lebedev "Qafqaz" qəzetinin 1882-ci il 310-cu sayında dərc edilmiş qeydlərində yazır: "Basqal şəhərinə qəza mərkəzi Şamaxıdan Rusiya atlarından kiçik, lakin zərif və iti yerişli kəhər atla gəldik. Basqal şəhərinə axşam vaxtı yetişdik. Neft lampaları evlərin eyvanını, həyətlərini kifayət qədər işıqlandırırdı. Melodik səs ruhumuzu oxşadı. Çarvadar Məşədi Əzim kişi bu səsin məscid minarəsindən gələn azan səsi olduğunu mənə başa saldı".

 

Basqalda hər birinin özünəməxsus tarixi olan neçə-neçə ictimai bina, məhəllə və bulaq var. Dəmirçibazar, Qoşabulaq, Qəlibgah, Xarabiyan, Qalabaşı, Dərəməhəllə... Hər birinin nəinki daşında, divarında, hətta adında belə böyük və incə mənalar uyuyan həmin məhəllələr bu gün də Basqalın qədim tarixinə şahidlik edir. Əslində Basqalda hər bina, hər döngə özü bir tarixdir. Fərqi yoxdur, istər hamam olsun, istər məscid, istər bulaq, istərsə də dükan və ya şəxsi mülklər. Basqalı həmin tikintilər olmadan necə təsəvvür etmək olar?! Söhbət o tikililərdən gedir ki, onlardan bir çoxunun ən azı 2-3 əsrlik tarixi var. Onlar Basqalın, doğma Azərbaycanımızın canlı tarixidir.

 

Basqal əsrlər boyu Şirvanın, bütövlükdə Azərbaycanın çox mühüm ipək istehsalı mərkəzlərindən biri olub. Görkəmli Azərbaycan tarixçisi Sara Aşurbəyli yazır ki, hələ XII-XIII əsrlərdə Şirvan şəhərləri, xüsusilə də Şamaxı özünün ipək məmulatı və ətraf kəndlərdə yetişdirilən ipəyi ilə şöhrət qazanmışdır. Burada istehsal olunan xammal və ipək məmulatı daxili ehtiyacları ödəməkdən başqa, həm də Qafqazın başqa şəhərlərinə, habelə Şərq ölkələrinin bazarlarına çıxarılırdı. XVIII əsrdə isə Şirvan ipəyi artıq İtaliya və Fransaya da ixrac olunurdu. Fikrimizcə, Basqal məhz elə o vaxtdan Azərbaycanın çox mühüm ipək istehsalı mərkəzi kimi tarixə düşüb. Yəni o vaxt Şamaxı ətrafında Basqaldan savayı, bu funksiyanı öz üzərinə götürə biləcək ikinci bir mühüm sənətkarlıq mərkəzi yox idi. İranda və Azərbaycanda olmuş venesiyalı səyyah Marko Polo yazırdı: "Burada şəhər və qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada ipək və zər-xara parçaları toxunur, belə gözəl parçaları dünyanın heç bir yerində görməzsən". İtaliyalı səyyahın bu təsviri çox güman ki, Şirvana aiddir. Şirvanda isə ipək və zərxara istehsalı mərkəzi məhz Basqal olub. Ümumiyyətlə, orta əsrlər dövründə ipəyi ilə Azərbaycanı məşhur edən Şirvan olub. Şirvan deyəndə isə başlıca olaraq Şamaxı şəhəri nəzərdə tutulub. Lakin ədalətlisi odur ki, özünün zəngin ipəkçilik ənənələri ilə Şirvanı da, Şamaxını da məşhur edən məhz Basqal olub. Basqaldan olan ustalar, tacirlər və iş adamları sonralar Azərbaycanın, bütövlükdə Qafqazın bir çox başqa yerlərində də ipəkçiliyin intişar tapıb yayılmasında təşəbbüsçü olublar.  Məmmunluq hissi ilə bildirməliyəm ki, bu gün Dövlət Turizm Agentliyinin işgüzar kollektivi cənab Prezidentin tapşırıqlarına uyğun olaraq Basqalda olduqca gərəkli layihələr həyata keçirməkdədir. Həmin uğurlu layihələrdən biri də Basqalın tarixinin arxeoloji cəhətdən öyrənilməsi layihəsidir. Məlumat üçün bildirim ki, məhz Dövlət Turizm Agentliyinin sifarişi əsasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən Basqalın tarixinin elmi cəhətdən araşdırılması istiqamətində önəmli işlər görülməkdədir. Qalabaşı ərazisində şimal qala divarları və Basqal hamamının kürəbəndinin qismən öyrənilməsi, Şeyx Məhəmməd məscidi adı ilə tanınan Basqal məscidi və onun ətrafında, habelə məscidin yan otağı və həyətində arxeoloji tədqiqatlar nəticəsində minillik bir dövrü əhatə edən zəngin mədəni təbəqə - yaşayış qatı olduğu müəyyənləşdirilmişdir. Basqal yaşayış yerinin mədəni təbəqəsi ümumi qalınlığı 2-2.5 m. olan 6 mühüm tikinti qatından ibarət formalaşmışdır. Bəzi nöqtələrdə isə tikinti qatlarının sayı hətta 7-8-ə çatır. Bu isə o deməkdir ki, Basqalda X əsrdən başlayaraq 1000 il ərzində təqribən hər 120-150 ildən bir mövcud tikililər dövriyyədən çıxmış və onların üzərində yeni tikililər meydana gəlmişdir. Bu isə o deməkdir ki, arxeoloji cəhətdən öyrənilən həmin ərazi bütün dövrlərdə sıx yaşayış sahəsi olmuşdur. Tikinti qatlarının çoxluğu, əksər hallarda bir-biri ilə kəsişdiyi, demək olar ki, boş nöqtələrin olması buna sübutdur.

 

Basqalın orta əsrlərə aid əksər tikililəri yonulmuş çay daşı, qaya daşı və palçıq məhluldan istifadə edilməklə inşa olunub. Yalnız bəzi yerlərdə, özü də nisbətən son dövrə aid tikililərdə az miqdarda bişmiş kərpicdən istifadə olunub. Həm də bişmiş kərpicdən inşaat materialı kimi daha çox binaların giriş hissəsinə aid tağların inşasında istifadə olunub. Tədqiqatlar zamanı ayrı-ayrı nöqtələrdə kərpic döşəməyə də təsadüf olunub.

 

Şeyx Məhəmməd məscidi daxilində tədqiqatlar davam etdirilərkən orada, həmçinin, dəmirçi emalatxanası, hovuz, saxsı borulardan və daş kürəbəndlərdən ibarət su və kanalizasiya xətlərinin qalıqları da aşkar olunmuşdur. Hovuzun yanındakı ətrafı və içərisi daşla səliqəli döşənmiş yerin isə ibadət edən insanların dəstəmaz aldığı yer olduğu ehtimal edilir.

 

 

 

Basqalda arxeoloji qazıntılar

 

 

 

Məscidin yan otağında və həyətində tədqiqatlar davam etdirilərkən bir neçə yerdə həm əsaslı, həm də yardımçı bina qalıqları aşkar olunmuşdur. Həmin tikililərin XVI əsrə aid Şeyx Məhəmməd məscidi ilə əlaqəli olduğu daha inandırıcıdır. Məscid həyətində aşkar olunmuş bina qalıqlarının isə daha çox məhz ehsan mərasimlərinin icra edildiyi yer olduğu ehtimal olunur.

 

Basqal tədqiqatları zamanı aşkar olunmuş çoxsaylı maddi mədəniyyət qalıqları içərisində bir neçə daş kitabə xüsusilə maraq doğurur. Əfsuslar olsun ki, onlar sındırılmış vəziyyətdə olduğundan mətnlərini hələlik tam olaraq oxumaq mümkün olmamışdır.

 

Tapıntılar içərisində ayrı-ayrı dövrlərə aid rəngarəng çeşidli keramika nümunələrini xüsusi olaraq qeyd etmək lazımdır. Bunlar şirsiz, şirli və inşaat keramikası nümunələridir. Həmin tapıntıların, əsasən, yerli istehsala aid olduğu əsla şübhə doğurmur. Bu isə daha çox ipək istehsalı ilə şöhrətlənən Basqalda dulusçuluq sənətinin də yetərincə inkişaf etdiyindən xəbər verir.

 

Uzun illər idi ki, basqallılar da, Basqalın tarixi və etnoqrafiyası ilə məşğul olanlar da olsa-olsa onun son 2-3 əsrlik keçmişindən bəhs edə bilirdilər. Son illərin arxeoloji tədqiqatları isə artıq Basqalın 1000 illik tarixindən, mədəniyyətindən, sənət və məişət dünyasından xəbər verir. Lakin vaxtı ilə Basqala aid "Qalalar" adlı yaşayış yerindən, habelə yaxınlıqdakı Kürdüvan kəndi ərazisindən tapılmış Qafqaz Albaniyası dövrünə aid maddi mədəniyyət qalıqları olaraq daha qədim tarixə malik Basqalın şəhər tipli yaşayış məntəqəsi olduğunu ehtimal etməyə əsas verir. Lap bu yaxınlarda Basqala bitişik Zeyvə kəndi (ona xalq arasında Basqal Zeyvəsi deyirlər) ərazisində təmizləyici qurğu üçün yer hamarlanarkən də alban dövrünə aid xeyli maddi mədəniyyət qalıqları üzə çıxmışdır. Əfsuslar olsun ki, inşaatçılar Basqalın 2000 illik tarixinin yadigarları olan həmin tapıntıları bulduzer və ekskavatorların ağzına verərək insafsızcasına dağıtmışlar. Nə qədər qəribə olsa da, o zaman hadisə yerində olan Basqal qəsəbə sakini Anar Hüseynov dağıntılar içərisindən götürdüyü bir neçə ədəd qədim silah və məişət əşyalarını Basqal Dövlət Tarix və Mədəniyyət Qoruğuna təhvil verənədək hər kəs susub. Maraqlıdır ki, təmizləyici qurğu tikiləcək torpaq sahəsinin mülkiyyətçisinin təkidi ilə ərazidəki ona məxsus cavan qoz ağacları texnika ilə bir-bir çıxarılaraq səliqə ilə kənardakı boş sahələrdə əkilib. İş prosesində təsadüfən üzə çıxmış tarixi yadigarlara isə sahib duran tapılmadığından onlar dağıdılaraq məhv edilib. Halbuki tikinti və ya torpaq işləri görülərkən qədim tapıntılara aid ilk nümunə üzə çıxan kimi həmin ərazidə işlər dərhal dayandırılmalı idi. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikası Qanunu"nda bu xüsusda deyilir: "İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilirsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər. İnşaat və digər təsərrüfat işləri tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir".

 

Tarixi-mədəni dəyərlərə münasibətdə qanunun tələblərindən irəli gələn vəzifə və borclarını unudan və yaxud da bundan bixəbər olan rəsmilərin diqqətinə çatdırmaq istərdik ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununda deyildiyi kimi, "qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlarına yardım göstərməlidirlər".

 

Ərazidə torpaq işləri görən şirkətin məsul nümayəndəsi ilə telefon danışığımızdan belə anladım ki, bu insanların analoji hallarda necə hərəkət etmək barədə təsəvvürləri belə yoxdur. O, mənə izah etməyə çalışdı ki, işə başlamazdan əvvəl ərazi geoloqlar tərəfindən 7 metr dərinliyədək öyrənilib! Nə qınayaq, adam arxeologiya nədir, geologiya nədir ayırd edə bilmir. Onun aləmində geoloji suxurlarla qədim tarixi yadigarlar arasında da fərq yoxmuş! Dəhşətə bir baxın, nə iş icraçısı, nə onun tabeliyində olanlar, nə də Basqalın 2000 illik tarixindən xəbər verən maddi mədəniyyət qalıqlarının dağıdılaraq məhv edilməsinin sadəcə seyrçisi olanlar baş verənlərin fərqində deyil.

 

Nə qədər təəccüblü olsa da, reallıq belədir!

 

Xatırladaq ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində göstərildiyi kimi, abidələrin qorunması ilə bağlı qanunvericiliyin tələblərini pozan şəxslər müvafiq olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

 

Qafar CƏBİYEV

AMEA Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor

 

525-ci qəzet.- 2022.- 5 fevral.- S.18;19.