Vaqifdən vaqifliyə gedən yol  

 

Azərbaycan ədəbiyyatına realizm, xəlqilik, humanizm, gözəllik, ədalət, bəşəri sevgi idealları, milli-mənəvi dəyərlər, xalqımızın zəngin və çoxəsrlik folklorundan süzülən bulaq suyu kimi dupduru, təmiz şeir dili gətirən Molla Pənah Vaqif XVIII əsr poeziyasının yeni mərhələsini yaradan novator şair, ağıllı dövlət xadimi kimi ictimai- siyasi və ədəbi-mədəni fikir tariximizdə müstəsna rol oynayıb. Akademik İsa Həbibbəylinin 2021-ci ildə "Sənətkarın elmi pasportu" seriyasından (23-cü kitab) çap etdirdiyi "Molla Pənah olan Vaqif" kitabı şairin Azərbaycan xalqının ictimai-siyasi və ədəbi-mədəni həyatındakı rolunun geniş panoramını verən dəyərli və sanballı bir tədqiqat əsəri kimi diqqəti cəlb edir. Kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.

 

Bu monoqrafiyanı akademik İsa Həbibbəylinin yaradıcılığında tamamilə yeni bir səhifə kimi dəyərləndirmək olar. Monoqrafiyanın girişində "Hər oxuyan Molla Pənah olmaz" müdrik xalq deyimini epiqraf seçən müəllif, bütövlükdə tədqiqat boyunca bu fikrin məna siqlətinin özünü doğrultduğunu təsdiqləməyə müvəffəq olub. Alim tədqiqatda Molla Pənah Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti, diplomatik fəaliyyəti haqqında müfəssəl məlumat verərək, XVIII əsrdə Azərbaycanın xanlıqlar dövrünü əks etdirən mürəkkəb bir mərhələsinin dolğun mənzərəsini yaradır, Qarabağ xanlığının taleyi, qonşu dövlətlərin əbədi və əzəli torpaqlarımıza qarşı işğalçılıq siyasəti, bu mürəkkəb və çətin situasiyada diplomat Vaqifin rolu, hadisələrə ayıq münasibəti konkret faktlara istinad edilərək aşkarlanır. Üç yüz illik bir mərhələ keçən Qarabağ xanlığının tarixi taleyi 10 Noyabr Zəfər gününədək ardıcıl və sistemli şəkildə izlənilir. Çox böyük keşməkeşlərdən adlayaraq son yüzillikdə dəfələrlə erməni təcavüzünə məruz qalan Qarabağımızın çətin sınaqlardan keçməsi, vaxtilə Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğıkeşliyi sayəsində Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin Şuşada ucaldılmış heykəllərinin düşmən gülləsinin qurbanına çevrilməsi, nəhayət, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin müdrik siyasəti, uzaqgörənliyi, müzəffər və yenilməz ordumuzun qəhrəmanlığı və misilsiz şücaəti ilə yenidən doğma, əsrarəngiz yurdumuza qayıdışın təmin olunması yüksək vətənpərvərliklə və müfəssəl şəkildə tədqiqatda işıqlandırılıb.

 

Monoqrafiyada Molla Pənah Vaqifin poetik dünyasına ekskurs edilir, o, Azərbaycan ədəbiyyatında novator bir sənətkar kimi dəyərləndirilir: "Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli ilə Mirzə Fətəli Axundzadə arasında fərqli bir sənət zirvəsidir". Müəllif göstərir ki, Vaqifin zəngin və çoxçalarlı poeziyası xalqın həyat və məişətindən, aşıq şeiri tərzindən süzülüb gələn, folklora söykənən milli və bəşəri bir sənətkarlıq nümunəsidir.

 

Akademik İsa Həbibbəyli bir çox tədqiqatlarında olduğu kimi, bu monoqrafiyada da sələf-xələf prinsipinə sadiq qalıb, özündən əvvəl Molla Pənah Vaqif irsinə müraciət edən görkəmli alimlərin, tədqiqatçıların şair haqqında fikirlərinə istinad edir, onların irəli sürdüyü mülahizələrə yaradıcı münasibət bəsləyir və özünün şəxsi qənaətlərini faktlar əsasında açıqlayır. Qeyd edir ki, Molla Pənah Vaqif çoxəsrlik Azərbaycan şeirində ilk dəfə olaraq "qəzəli-aşiqanə" dən fərqli bədii formada və realist keyfiyyətlərə əsaslanan yeni tipli gerçək məhəbbət şeirləri yaratdı.

 

Tədqiqatçı Azərbaycan ədəbiyyatında qəzəldən qoşmaya keçidin, əruz vəzninin heca ilə əvəzlənməsinin məhz Vaqif yaradıcılığı ilə reallaşdığını və onun yaradıcılığında kulminasiya nöqtəsinə çatdığını, bununla da ədəbiyyatımızın sonrakı mərhələsinə güclü təsir göstərdiyini diqqət mərkəzində saxlayır. Azərbaycan ədəbiyyatında dövrləşmə konsepsiyasını müəyyənləşdirən alim "Molla Pənah Vaqif erkən yeni dövr Azərbaycan ədəbiyyatı mərhələsinin yaradıcısı, erkən realizm ədəbi cərəyanının banisidir" ideyası ilə özünün çoxəsrlik milli ədəbiyyatımızın sərhədlərinin dəqiq müəyyənləşməsindəki novator baxışlarını reallıqla əks etdirir. Şairin yaradıcılığında özünəməxsus yer tutan "Bax" qəzəli və "Görmədim" müxəmməsində tənqidi realizmin işartılarını görən alim bu örnəkləri XIX əsrin sonu və XX əsrin əvvəllərində formalaşan tənqidi realizm cərəyanının ilkin mənbələrindən hesab edir. Görkəmli ədəbiyyatşünasların Vaqiflə bağlı araşdırmalarını diqqətlə nəzərdən keçirən alim məntiqi şəkildə "Vaqif realizmini Azərbaycan ədəbiyyatında realizm ədəbi cərəyanının mükəmməl bədii müqəddiməsi" adlandırır, Vaqifi isə "erkən realizm ədəbi cərəyanının banisi" məqamında qərarlaşdırır.

 

Akademik İ.Həbibbəyli Vaqif poeziyasının ecazkar sehrinə düşərək səmərəli axtarışlar aparmış, "Qarabağnamələr"i diqqətlə sərf-nəzər etmiş, Mirzə Camal Qarabaği, Mirzə Yusif Qarabaği, Mir Mehdi Xəzani, Mirzə Fətəli Axundzadə,Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi və başqa görkəmli alimlərin, yazıçı və mütəfəkkirlərin əsərlərinə istinadlar etməklə arxiv materialları və qiymətli sənədlər əsasında elmiliyə dayanan realist, lirik və romantik səpkili monumental bir monoqrafiya ərsəyə gətirib, ədəbiyyat tariximizin açılmamış qatlarını çoxsaylı oxucularımıza tanıtdırmağa və sevdirməyə nail olub. Monoqrafiyada diqqəti cəlb edən məqamlardan biri də müəllifin ədəbiyyatımızın Vaqif mərhələsində xalq-aşıq şeirinin klassik lirika ənənələrini üstələyərək arxada qoyması faktını dərin elmi mülahizələr əsasında təhlilə cəlb etməsidir. Tədqiqatçı şairin yaradıcılığında xüsusi önəm daşıyan "Bayram oldu" şeirindən "Görmədim" müxəmməsinədək keçən yaradıcılıq yolu Molla Pənah Vaqifin və onun banisi olduğu erkən realizm ədəbi cərəyanının təkamül və inkişaf mərhələsini əks etdirir" tezisi ilə həm şairin keçdiyi böyük inkişaf yolunu, həm də Azərbaycan ədəbiyyatının bu tarixi prosesdəki təkamülünü obyektiv qiymətləndirə bilmişdir. Molla Pənah Vaqifin "Bayram oldu" şeiri Füzulinin məşhur "Şikayətnamə"sindəki dövrdən, zəmanədən, mövcud şəraitdən, hakim dairələrin özbaşınalığından və ictimai formasiyadan giley-güzarının sərt şəkildə olmasa da, yumşaq bir tərzdə izharıdır. Şair XVIII əsr Azərbaycanındakı mövcud situasiyanı, xalqın həyat və məişətinin, güzəranının acı reallıqlarını bu lakonik nəzm parçasında həqiqətin özü kimi əks etdirir:

 

Bayram oldu, heç bilmirəm neyləyim,

Bizim evdə dolu çuval da yoxdur.

Dügiylə yağ hamı çoxdan tükənmiş,

Ət heç ələ düşməz, motal da yoxdur.

    

Vaqif yaradıcılığının ilkin mərhələsindən şairin poeziyasında taledən və zəmanədən şikayət motivlərinin mövcudluğunu nəzərə çarpdıran akademik İsa Həbibbəyli özünün obyektiv yanaşmasında bu ictimai məzmun və siqlətə malik əsərin şairin yaradıcılığında və ümumən Azərbaycan ədəbiyyatındakı yerini dəqiq müyyənləşdirir: "Bayram oldu" şeiri Molla Pənah Vaqifin şikayətnaməsidir. Burada ayrılıqda götürülmüş bir adamın, yaxud konkret bir ailənin deyil, bütövlükdə ölkədə mütləq əksəriyyət təşkil edən kasıb təbəqənin real həyat tərzi öz əksini tapdığı üçün "Bayram oldu" şeirini XVIII əsr Azərbaycan ədəbiyyatının da şikayətnaməsi adlandırmaq olar".

 

 

 

Akademik İsa Həbibbəyli Molla Pənah Vaqifin Azərbaycan və eləcə də Şərq ədəbiyyatı konteksində qərarlaşdığı uca məqamın yerini doğru, dürüst müəyyənləşdirir və göstərir ki, şairin "Vidadi ilə müşairə" şeirini "Azərbaycan ədəbiyyatında erkən realizmin sənət prinsiplərinin bəyannaməsi, manifesti" adlandırmaq olar. Müəllif iki fərqli dünyagörüşə malik olan şairin həyata və cəmiyyətə, real və irreal aləmə baxışındakı paradoksallığı göstərməklə erkən realizmin formalaşması dövründə ədəbiyyatda yaranan və stabilləşən nikbinlik ruhunun ön plana keçməsi zərurətinə aydınlıq gətirir və onun nəzəri-estetik prinsiplərinin səciyyəvi xüsusiyyətlərini bütün təfərrüatı ilə açmağa müvəffəq olur. Vaqif yaradıcılığı üçün xarakterik olan nikbin notlar, real dünyanın gözəl və işıqlı tərəflərini görmək, xoş ovqata köklənmək tendensiyası Vidadidə arxa plana keçir, sanki real aləmə fikir, qəm yükü çəkmək üçün gələn şairin dini-fəlsəfi görüşlərinə ortodoksal poeziya üçün səciyyəvi olan bir bədbinlik hissi, tərki-dünyalıq hakim kəsilir:

 

Ağlamaq möminin əlamətidir,

Nəbinin dininin xoş adətidir.

Əgər bilsən, həqqin kəramətidir,

Ta gedincə, nuri- bəşər ağlarsan!

    

Vaqifin dostu Vidadiyə cavabında onun mövcud aləmə, gerçək yaşantılara ayıq gözlə baxan mütəfəkkir münasibəti parlaq şəkildə özünü göstərir, insanın hər bir dərd-qəm üzərindəki qələbəsi və təntənəsi ideyası təlqin edilir:

 

Toy-bayramdır bu dünyanın əzabı,

Əqli olan ona gətirər tabı,

Sənin tək oğlana deyil hesabı,

Hər şeydən eyləyib qubar ağlarsan!

  

Vaqifin Vidadiyə verdiyi cavabda onun dərin fəlsəfi baxışları, insanın böyük gücə və qüdrətə malik olması ideyası "olum"la "ölüm" arasındakı antoqonist münasibətlərin mahiyyətini sərgiləyən idraki bir proses təsiri bağışlayır. Akademik şeirin bütün bu bəşəri mahiyyətini yüksək dəyərləndirir, iki qüdrətli şairin dialoqu əsasında qurulan "Vidadi ilə müşairə"ni "Azərbaycan ədəbiyyatının Məhəmməd Füzulidən sonrakı və Mirzə Fətəli Axundzadədən əvvəlki erkən yeni dövrünün şeirlə ifadə olunmuş mənzum nizamnaməsi", "Azərbaycan ədəbiyyatında Molla Vəli Vidadinin sənətə baxışı ilə Molla Pənah Vaqifin həyat və ədəbiyyat fəlsəfəsinin özünüifadəsi", "erkən yeni dövr Azərbaycan ədəbiyyatının və erkən realizm ədəbi cərəyanının manifesti və nəzəriyyəsi" kimi xarakterizə edir. Bütün bunlar şeir haqqında söylənilən ən yüksək fikirlərin məntiqi yekunu və Azərbaycan Vaqifşünaslığının məcmusudur.

 

Vaqif yaradıcılığının hər bir mərhələsini və bu zaman daxilində şairin yaradıcılığında baş verən təbəddülatları, enmə və qalxma dönəmlərini, onun həyatında və geniş ictimai-siyasi fəaliyyətində baş verən mühüm tarixi hadisələrin ədəbi prosesə təsirini dərin təfəkkür işığında analiz edən müəllif, Vaqifin timsalında bütöv bir epoxanın əhəmiyyətli və yaddaqalan salnaməsini yaradıb. Akademik şairin lirikasından elə nümunələri tədqiqata cəlb etmişdir ki, bu örnəklər əsasında nəinki Vaqif yaradıcılığının səciyyəvi xüsusiyyətlərini əxz etmək, eləcə də dövrün böyük ədəbiyyatı, onu formalaşdıran mühit və söz sənətkarlarının bu mərhələdəki rolu haqqında geniş təsəvvür əldə etmək mümkündür. Akademik İsa Həbibbəyli Vaqif poeziyasının əsl mahiyyətini, onun estetik prinsiplərini, insanın daxili gözəlliyi ilə xarici gözəlliyi arasındakı harmoniyanın, vəhdətin tam uyarlıq yaratmasının önəmliliyi məsələlərinin zəruriliyini diqqət mərkəzində saxlayaraq yazır: "Molla Pənah Vaqifin yalnız gözəlləri vəsf edən sənətkar kimi təqdim olunması onun yaradıcılığının mahiyyətini tam əhatə etmir. Molla Pənah Vaqif xalq həyatının bütün reallıqlarını və incəliklərini milli mahiyyəti və zəngin etnoqrafik çalarları ilə birlikdə dərindən dərk edən və şeirlərində geniş şəkildə əks etdirən qüdrətli sənətkardır. Molla Pənah Vaqifin gözəllik fəlsəfəsi geniş anlayış olub, həyatın, insanın və milli-mənəvi dəyərlərin bütün reallıqlarını əhatə edir. Eyni zamanda, Vaqifin gözəllik düşüncəsi həyatilik və təbiilik prinsiplərinə əsaslanan, gözəlliyi realist şəkildə təsvir və tərənnüm edən həyat eşqi fəlsəfəsidir". Azərbaycan ədəbiyyatında realizmin əsasının Vaqifin yeni tipli poeziyası ilə başlaması fikrini irəli sürən akademik sonralar bu yolun Mirzə Fətəli Axundzadənin "Təmsilat"ından, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"ndan, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sindən, Səməd Vurğunun lirikasından keçərək uğurla davam etdirilməsi konsepsiyasını çox doğru vurğulayır və böyük ideallara doğru irəlilədiyini obyektiv səciyyələndirir: "İlk dəfə olaraq Azərbaycan milli-mənəvi varlığını, "ellər yaraşığı, ölkə gözəli"ni, Kür qırağı obasını, "Qış günü qışlağı Qıraqbasanı" ədəbiyyatın əsas mövzusuna çevirmiş Molla Pənah Vaqifin yaradıcılığı ədəbiyyatda azərbaycançılıq təfəkkürünün ən mühüm qaynaqlarından, mənbələrindən biridir. Deməli, Azərbaycan ədəbiyyatında azərbaycançılıq ideyası Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır. Molla Pənah Vaqif milli ədəbiyyatın tarixində ilk dəfə olaraq azərbaycançılığın möhkəm poetik təməllərini yaratmışdır". Akademik ədəbiyyatımızda azərbaycançılıq ideologiyasının ilk rüşeymlərinin, qığılcımlarının Vaqif yaradıcılığında təzahür etməsi kimi taleyüklü bir məsələni fakta çevirir. XVIII yüzilliyin xalqımızın tarixində, ictimai-siyasi həyatında mühüm rol oynamasının olduqca önəmli bir mərhələ olduğunu xüsusi nəzərə çarpdırır. Böyük dövlətçilik ənənələrinə, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının, onun ayrılmaz bir parçası olan Qarabağ xanlığının milli məfkurəyə əsaslanaraq digər xanlıqlarla birlikdə çağdaş Azərbaycanımızın özülünün təminatçısına çevrilməsi ideyası tədqiqatın məzmun və mündəricəsini, tarixi əhəmiyyətini daha da artırır. Bütün bu incə məqamlar Vaqif şəxsiyyətinin üzərinə işıq salır və onun Azərbaycan xalqının tarixi taleyindəki rolunu obyektiv qiymətləndirməyə imkan verir.

 

Akademik İsa Həbibbəyli əsərin sərlövhəsindən çıxış edərək Molla Pənahdan Vaqifədək böyük, təlatümlü, eyni zamanda, zəngin və keşməkeşli bir həyat yolu keçən qüdrətli Azərbaycan şairinin ucalma və təkamül prosesini, klassik Şərq ədəbiyyatı ilə modern Avropa ədəbiyyatının mütərəqqi ənənələrinin sintezini yaradan novator bir şair kimi çoxəsrlik ədəbiyyatımızdakı özünəməxsus yerini müəyyənləşdirərək Vaqif şəxsiyyətinin və onun ədəbi irsinin mükəmməl təsnifatını verir: "O, bir neçə sahədə: müəllimlik, mirzəlik, müxtəlif elm sahələrinə yiyələnmək, şairlik və dövlət xadimi olmaq sahələrində Molla Pənah olmağı bacarmışdır... Molla Pənah olan Vaqif Molla Pənah olduqdan sonra Vaqif olmağın üstünlüyü və ucalığının ifadəsidir... Molla Pənah olan Vaqif-dünənin, bu günün və gələcəyin Molla Pənah Vaqifidir... Molla Pənah olan Vaqif ölməz sənəti və idealları ilə mənsub olduğu xalqın tarixində və ədəbiyyatında böyük xidmətlər göstərdiyi kimi, ölkəsinin müasir inkişafına və daha xoşbəxt gələcəyə gedən yollarına əsərləri ilə gur işıq salan qüdrətli sənətkardır".

 

Molla Pənah Vaqif lirikasının leytmotivini təşkil edən qoşmalarda real Azərbaycan qızlarının bütün gözəllikləri yüksək şairanəliklə vəsf olunur. Tədqiqatda bu önəmli məsələyə xüsusi diqqət yetirən müəllif sanki oxucunu xəyalən o əsrarəngiz aləmə, Vaqif dövrünə aparır. Şairin qoşmalarından seçdiyi şah beytlərin, təşbeh, epitet, metafora və digər bədii təsvir və ifadə vasitələrinin geniş epik lövhələrini sərgiləyir: "Molla Pənah Vaqifin çox vaxt ümumiləşmiş şəkildə "gəlin", yaxud "şamama" adlandırdığı gözəllərdə Azərbaycan qızlarının bütün özünəməxsusluqları, gözəlliyi və dərin mənəviyyatı tam yeni bədii vasitələrlə canlandırılmışdır: maral baxışlı, saçları "iki dəstə tər bənövşə tək", "yasəmən qoxulu", "nazik əllərində innabi həna", "sözləri qənd, ağızları piyala", "yanağı lalədən ziyadə göyçək" "həyası üzündə, əqli başında!". Vaqif bu qənaətdə idi ki, "Lalə zənəxdanlı, qönçə dodaqlı" gözəllərdə "adamlıq ədası" olmazsa, onlar "könül aşinası" deyildilərsə, onda şeir rübabı "hayıf ki, yoxdur" nidası ilə narahat həyəcanları ifadə etməlidir. Budur, Molla Pənah Vaqif mərtəbəsinə çatdıran, yaxud Vaqifi Molla Pənah edən yeni ədəbiyyat! Molla Pənah Vaqifin ədəbiyyata təqdim etdiyi bədii obrazın zahiri gözəlliyi kimi mənəvi keyfiyyətləri də Azərbaycan gerçəkliyinin təzahürüdür".  Akademik İsa Həbibbəyli Molla Pənah Vaqifin xalqın nəfəsi, ruhu duyulan şeirlərini "həyatın bənzərsiz tamaşası" adlandırır. Alimin şairin zəngin söz xəzinəsindən seçib tədqiqat orbitinə daxil etdiyi şeirlərdə gözəl və gözəllik haqqında düşüncələri mozaik səciyyə daşımır, ülviyyətə, mənəvi kamilliyə, ucalığa, xeyirxahlığa, alicənablığa səsləyən bəşəri hiss və duyğuların tərcümanına çevrilir. Tədqiqatçının Vaqifin gözəllərə ünvanladığı söz çələngindən seçdiyi rəngarəng misralarda belə qənaətə gəlinir ki, "Şairin Yanağı laleyi-baharı kimi, Ləbləri yaqutun kənarı kimi, Bir dənə nasüftə mirvari kimi, Zülfü ya bənəfşə, ya səmən kimi" ilhamla vəsf etdiyi Azərbaycan gözəli həm də ağıllı-kamallı, "işarə anlayıb, hal bilən" olmaları ilə klassik romantik lirikadakı "sevgili-canan" lardan fərqlidir". Müəllif göstərir ki, şairin "Azərbaycan gözəllərinə aid etdiyi "yaşılbaş sona" obrazı ədəbiyyatda qadın gözəlliyinin obrazlı təcəssümündə Molla Pənah Vaqifin möhürüdür". Eyni zamanda, tədqiqatçı Vaqif qoşmalarında konkret olaraq öz adları ilə vəsf olunan Azərbaycan gözəllərini klassik ədəbiyyatımızın simvollarına çevrilən Leylilərdən, Züleyxalardan fərqləndirir, şairin yaratdığı silsilə qadın obrazlarını xalqımıza məxsus həyat və məişət tərzini bütün çalarları ilə özündə təcəssüm etdirən real, təbii surətlər kimi təqdim edir. Müəllif bu təqdimatının mabədində Molla Pənah Vaqifin böyük sənətkarlıqla, yüksək şeiriyyətlə, ilhamla vəsf etdiyi zərif, incə, ağıllı, cazibədar Azərbaycan, Qarabağ gözəllərini klassik poeziyamızda stabilləşən Şərq qızlarına deyil, daha çox xalqımızın əvəzsiz söz abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının qadın qəhrəmanlarına bənzədir: "Milli qadın obrazları yaratmaq baxımından Molla Pənah Vaqifin tərənnüm etdiyi gözəlləri klassik poeziyadakı qadın surətləri ilə yox, "Kitabi-Dədə Qorqud" eposundakı Burla xatunlarla, Banuçiçəklərlə müqayisə etmək olar. Vaqifin şeirlərində yaşadığı dövrün Burla xatunlarının obrazı yaradılmışdır. Molla Pənah Vaqifin "ellər yaraşığı, ölkə gözəli" olan Pərisi sanki Qazan xanın və İç Oğuzun dayağı olan Burla xatunu, "bir üzü gül, rəngi lalə, zülfü tər", "gözəllikdə tamam xəlqi mat etmiş" Bənəfşəsi isə Bamsı Beyrəyin Banu Çiçəyidir. Bütövlükdə Molla Pənah Vaqifin "ağ əlləri əlvan hənalı" olmaqla bərabər, "el-oba içində həm adlı-sanlı" gözəlləri Dədə Qorqud eposundakı zahiri gözəlliyi mənəvi dəyərlərini tamamlayan qadın qəhrəmanlarının yeni tarixi şəraitdəki davamı təəssüratı yaradır".

Molla Pənah Vaqif poeziyasının ecazkarlığının, xalq tərəfindən sevilməsinin bir mühüm səbəbi də onun digər yüksək məziyyətləri ilə yanaşı, əsrlərdən süzülüb gələn sadə, anlaşıqlı və cazibədar dilə sahib olmasıdır. Şair xalqdan götürdüyünü poetik bir dillə bəzəyərək, süsləyərək daha emosional, füsunkar şəkildə yenidən xalqa qaytarmışdı. Ülviləşən, paklaşan Vaqif dili zaman keçdikcə ədəbi dilimizin əsl təminatçısına çevrilib, tarixləşib və Azərbaycan dilinin zənginləşməsində müstəsna rol oynayıb. Şairin yaradıcılığında xüsusi önəm daşıyan bu məsələ tədqiqatda da öz ifadəsini tapıb. Akademik İsa Həbibbəyli şairin Azərbaycan ədəbi dilinin formalaşmasındakı rolunu və qərarlaşdığı məqamı göstərərək yazır: "Vaqif - xalq danışıq dili əsasında formalaşan milli ədəbi dilin yaradıcısıdır. İzzəddin Həsənoğlu XIII əsrdə ana dilində yazdığı qəzəllərlə ümumi şəkildə Azərbaycan ədəbi dilinin əsasını qoymuşdursa, Molla Pənah Vaqif XVIII əsrdə onu xəlqi-milli koloritlə, canlı xalq danışıq dili ilə qaynadıb-qarışdırmışdır".

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsi əsası Pənahəli xan tərəfindən qoyulan Qarabağ xanlığının mərkəzi olan Şuşa şəhərinin Azərbaycanın gözəllik məbədi, mədəniyyət beşiyi, yüzlərlə dahi yetirən müqəddəs bir məkan, alınmaz bir qala olduğunu göstərməklə yanaşı, həm də qüdrətli şair və diplomat kimi bu coğrafi ərazidə böyük fəaliyyət göstərmiş Molla Pənah Vaqif şəxsiyyətinə və onun ölməz ədəbi irsinə verilən yüksək dəyərin bariz nümunəsidir.

 

Akademik İsa Həbibbəylinin "Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dağıdılmış məqbərəsinin yenidən əzəmətlə ucaldılması əbədi olaraq Molla Pənah Vaqif olmağın isbatıdır. Şuşa qalasında ucalan Molla Pənah Vaqif məqbərəsi Qalib Ölkənin və Böyük Sənətin alınmazlıq qalasıdır" - kimi dəyərli aforizmləri "Söz"ü Füzuli zirvəsində görməyin akademik meyarıdır.

 

Vaqif poeziyasının polifonikliyi fonunda bütövlükdə ədəbiyyatımızın XVIII əsr mərhələsinin spesifikasını verən akademik İsa Həbibbəyli "Molla Pənah olan Vaqif" monoqrafiyası ilə təkcə ədəbiyyatşünaslığımızda deyil, həm də nəzəri-estetik və fəlsəfi fikir tariximizdə yeni ədəbi hadisəyə çevrilən monumental və sanballı bir tədqiqat əsəri ilə yeni baxış və düşüncə formalaşdırıb. Akademikin zəngin məxəzlər, mötəbər mənbələr və arxiv materialları əsasında ərsəyə gətirdiyi monoqrafiya həm Molla Pənah Vaqifin böyük yaradıcılıq yolu keçərək Vaqiflik zirvəsinə ucalmasını, həm də ədəbiyyatşünaslıq elminə, ədəbiyyat nəzəriyyəsinə dərindən bələd olan, ictimai-siyasi və ədəbi-nəzəri fikir zənginliyi ilə seçilən alimin Vaqifliyindən xəbər verən monumental bir əsərdir. Azərbaycan oxucularını, ziyalılarımızı və eləcə də geniş oxucu auditoriyasını öz sanballı və dəyərli araşdırmaları ilə sözün əsl mənasında heyrətləndirməyi bacaran, bitib-tükənməyən yaradıcılıq şövqü ilə yazıb-yaradan Ustadımız akademik İsa Həbibbəyliyə Azərbaycan Vaqifşünaslığına verdiyi bu böyük töhfəyə görə minnətdarlığımızı bildirir, gələcək işlərində yeni-yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayırıq!

 

Gülbəniz BABAYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 5 fevral.- S.16-17.