Ənənəyə sədaqət, yenilik istəyi və yaradıcılıq şövqü
ŞƏKİ
DRAM TEATRININ FƏALİYYƏT YOLUNA BİR NƏZƏR
Dəyərli sənət ənənələrinə
malik səhnə kollektivlərindən olan Şəki Dövlət
Dram Teatrı 1975-ci ildə
görkəmli ədibimiz,
şəkili dramaturq Sabit Rəhmanın adı verilməklə fəaliyyətə başladı
və 1976-cı ildə
Mirzə Fətəli
Axundzadənin "Hacı
Qara" komediyası ilə geniş əks-səda doğurdu.
Professor İlham Rəhimli
Şəki Teatrının
yaradıcılıq salnaməsini
üç mühüm
hissə ilə detallı izah edib. İlkin etap olaraq "Teatrın təşəkkül və
inkişaf yolu"
(1879-1933), "Mirzə Ələkbər
Sabir adına
Nuxa Dövlət Dram Teatrı" (1933-1949), "Dram dərnəyi və xalq teatrı"
(1975-2015). Maraq dairəmi müstəqillik
dövrünə fokusladığım
üçün III bölmə
üzrə fikir yürüdərək, Şəki
Teatrının keçdiyi
yola nəzər salmaq qərarındayam. 1990-cı ildən bu günə
qədər də, Şəki teatrı böyük səy və maraqla, o cümlədən, yaradıcı
heyətin çalışqanlığı
və istedadlı aktyorların yaradıcılıq
nümayişi ilə
özünü yüksək
səviyyədə təqdim
edib. Teatr kollektivi ölkəmizin Tovuz, Ucar, Zərdab,
Kürdəmir, Oğuz,
Qəbələ, Qax,
Balakən, Zaqatala, Kəlbəcər, Ağdam,
Lənkəran, Mingəçevir,
Sumqayıt, Gəncə,
Naxçıvan kimi bölgələrində qastrol
səfərlərində olub.
Bununla kifayətlənməyib,
Rusiya Federasiyası, Gürcüstan, Özbəkistan
və Türkiyənin
bir neçə şəhərində də
tamaşalar nümayiş
etdirib, həmçinin,
festivallarda böyük
həvəslə iştirak
edib. Müxtəlif illərdə Avropa
dramaturgiya festivallarında
uğurlu çıxış
sərgiləyib. Əlbəttə ki, mükafata layiq görülüb, fəxri yerlər tutub.
Şəki tearında kiçik tamaşaçılar da unudulmayıb, uşaq tamaşaları da hazırlanıb. Uşaqlar üçün hazırlanmış "Hərənin bir ulduzu" tamaşası poetikasının əlvanlığına, şuxluğuna, ideya aydınlığına görə Hüseynağa Atakişiyevin quruluş verdiyi digər tamaşalardan tamam fərqlənir.
Şəki Teatrı son 40 ildəki fəaliyyətində mövzu aktuallığını ardıcıl təmin edib. Bu mövzu düyünlərinin mərkəz nöqtəsində, insan, cəmiyyət və şəxsiyyət problemi durur. Kollektivin aparıcı rejissorları Cahangir Novruzov, Hüseynağa Atakişiyev və Mirbala Səlimli təzadlı konfliktlərin forma və məzmun ahəngdarlığını, zaman və məkan xronotopunu qorumağı vacib sənət qayəsi kimi qəbul ediblər. Vaqif Səmədoğlunun "Uca dağ başında", "Bəxt üzüyü", Rəhman Əlizadənin "Kəndimizin narları", "Doğmalar", "Dadaşbala əməliyyatı", "Tıq-tıq xanım", Ramiz Rövşənin "Axşam dərsi", Arif Abdullazadənin "Evlərin axşamları", Əkrəm Əylislinin "Vəzifə", Fikrət Qocanın "İkimərtəbəli adam", "Tilsimli dairə" və bir çox pyeslər ilk dəfə olaraq məhz Şəki Teatrında tamaşaya qoyulub. Həmçinin, yerli müəlliflərin də bir çoxunun müxtəlif mövzu və janrda olan əsərləri repertuarda özünəməxsus yer alıb. Vaxtaşırı teatrda Sabit Rəhmanın da komediyaları oynanılıb. Səhnə təcəssümü verilən əsərlərdən "Aşnalar", "Toy", "Xoşbəxtlər", "Nişanlı qız"a hər dəfə fərqli fikirlərlə müraciət olunub. Azərbaycanda ilk dəfə Şəki Teatrında əsərləri uğurla qoyulan əcnəbi dramaturqlar vardır ki, onlardan Türkiyə ədəbiyyatının klassiki Haldun Taner, Polşa dramaturqu Slavomir Mrojek, ispan dramaturqu Xose Eçeqaray, özbək dramaturqu Şərəf Başbəyov, Avstriya ədibi Ferdinand Brunker, Suriya dramaturqu Saadalla Vannus, rus ədibi Mixayıl Bulqakov, moldovan nasir və dramaturq İon Drutse, serb yazıçısı Meşa Səlimoviç, ingilis şair və dramaturq Marlonun adını çəkmək mümkündür. Şəkidə teatr böhran keçirə bilər, enmələr, qabarmalar ola bilər. Ancaq Şəkidə teatr heç vaxt ölməyəcək, həmişə yaşayacaq. Çünki Şəki təbiətinə görə də, adamlarına görə də, teatrına görə də respublikamızın ən teatral şəhərlərindən biridir. Şəkidə ilk teatr tamaşasından söz düşəndə vurğulamaq lazımdır ki, ilk tamaşa barama anbarı olan bir binada göstərilib. Oynanılan tamaşa Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyası olub. Hacı Qara rolunu Rəşid bəy Əfəndizadə ifa edib. Rəşid bəy Əfəndizadə pedaqoq, dramaturq olub. Rəşid bəy Tiflisdə Qori seminariyasında təhsil alıb. O vaxtdan da Şəkinin teatr həvəskarları böyük həvəslə maarifçilik yönümlü məclislərdə tamaşa göstəriblər. Tamaşaların oynanılmasından yığılan pul isə məktəblilərə xərclənilirdi. Tək maarifçilik üçün deyil, bayram günlərində də nümayiş olunurdu. Daha sonralar, təqribi 1918-ci ildən sonrakı dönəmdə, Azərbaycan kifayət qədər müstəqil inkişaf dinamikası yaşayanda Şəkidə də xüsusi tərəqqi özünü göstərdi. O dövrdə şəhərdə yeni məktəblər açılıb. Xaricdə təhsil alan bir neçə ziyalı vətənə qayıdıb. Onlar öz işləri ilə paralel maarifçilik hərəkatında və teatr tamaşalarının nümayiş etdirilməsində yaxından iştirak ediblər. Bakıdan gələn artistlər də həmçinin Şəkiyə qastrola gedəndə yerli həvəskarlarla birgə çalışırdılar. Tamaşalar əsasən "Cəmiyyət evi"ndə, məktəblərdə, Məşədi Yusif Həsənovun evində göstərilib. Sözü gedən cəmiyyət kiçik kitabxana da təşkil etmişdi. Maraqlısı bu idi ki, həvəskarlar müntəzəm alınan qəzetlərdən Bakıda gedən teatr prosesindən xəbərdar olub seçim dairələrini genişləndirirdilər. Sonrakı illərdə də Şəkidə teatr mühitində canlanma səngimək bilmirdi. Yeni-yeni həvəskar gənclərin teatra cəlb olunması müsbət hal idi. Fəhlə klubu ayrı, hətta, qadınlar və fəhlə klublarında da dram dərnəkləri yaradılmışdı. İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Məmməd Bürcəliyev, Lütfəli Abdullayev, Sədayə Mustafayeva sənətə doğru ilk addımlarını məhz Şəki dram dərnəyində atıblar.
Sənət ocağının ağır bir dövrü də var idi. Tamaşaçıların uzaqlaşması, maliyyə problemləri əsasən özünü 1980-ci illərində büruzə verdi. Kollektivdə parçalanma müşahidə olundu. Hətta elə bir dönəm gəldi ki, teatrın qapıları yalnız şəhərdə tədbir keçiriləndə açılırdı. Rusiyanın paytaxtı Moskva şəhərində rejissor işləmiş Mirbala Səlimli teatra rejissor işləmək üçün gələndən sonra müəyyən irəliləyişlər sezildi. Rejissor M.Səlimli pyes müəllifinin əsas fikrini tamaşaçılara canlı, aydın, təsirli səhnə dili, səhnə obrazları ilə çatdırmağı bacarıb. M.Səlimli aktyorların formadan düşməməsi üçün xarici dramaturgiyaya tez-tez müraciət edirdi. Bunu, aktyorların formadan düşməməsi daha müasir olmaqları üçün etdiyini vurğulayırdı.
Uşaqlıqdan ruhumda rolları ilə iz qoyan, real obrazları ilə qəlblərdə yer alan və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru kafedrasının müdiri, professor Gülşad Baxşıyevanın da Şəki teatrında əvəzolunmaz rolları və zəhmətli günləri olub. Kollektivin və tələbələrin rəğbətini qazanan Gülşad xanım öz spesifik yaradıcılığı və eyni zamanda pedaqoji fəaliyyəti ilə nümunədir. Təyinatla Şəki teatrında yaradıcı fəaliyyətə başladığı kollektivin rejissoru Vaqif Abbasov idi. Sənət ocağı Azərbaycan hökümətinin qərarı ilə fəaliyyətə başlayandan sonra 5-6 il ərzində hər mövsüm yeni istedadları qəbul edirdi. Şəki teatrının kollektiv olaraq yüksək yaradıcılıq meyilləri bu gün də aktualdır. Dövr etibarilə müəyyən axsamalar olsa da, həmişə müasirliyə can atan teatrın fərqli repertuarı, istedadlı heyəti olub. Teatrın sintezçilik prinsipi və eyni zamanda bədii rəhbərə ehtiram tərifə layiqdir. Rayon teatrları arasında bəstəkarla işləməyə üstünlük verən sənət ocaqlarındandır.
Belə nəticəyə gələ bilərik ki, Şəki teatrının tamaşaçısı səhnəyə qoyulan pyeslərdən yetərincə bəhrələnir. Dünya xalqlarının həyat tərzi və düşüncələrilə tanış olur. Məlumdur ki hər şeyi tək aktyor oyununun üzərinə qoymaq düz deyil. Tamaşanın bütövləşməsi üçün bütün komponentlər - musiqi, səhnə geyimləri, tərtibat və sair - göz oxşamalıdır. Bu tərəfdən də Şəki teatrında problem yoxdur, qazanılan uğurlarda payı olan sadaladığım komponentlər də burada öz yerini tutub. Hətta bəzən paytaxt teatrlarında belə görünməsi çətin olan tərəflər məhz Şəki teatrında mövcud olub. Əyalət teatrlarının içərisində Şəki Dram Teatrı öndə gedib, sədası ölkə xaricindən gəlib. Bakıya olan qastrollarda Şəki Dram teatrının tamaşaları daim anşlaqla keçib.
Şəhla Heydərli
525-ci qəzet.- 2022.- 5 fevral.- S.14.