"Sənin gücün yalnız sənin
öz yaratdığına çata bilər"
İRADƏ
TUNCAY: "ƏXLAQDAN NAQİS ADAMLARIN YETİŞDİYİ
CƏMİYYƏT QORXULU CƏMİYYƏTDİR"
Budəfəki həmsöhbətim tanınmış
yazıçısı, publisist, "Ədalət" qəzetinin
baş redaktoru, Əməkdar jurnalist İradə Tuncay olacaq. Bir halda ki,
çağdaş jurnalistika, onun tələbləri və
mövcud reallıqlar mövzusunda söhbət etmək istəyirsən,
həmsöhbətin də gərək bu peşənin
peşəkarı olsun. Bu niyyətlə İradə
xanımın iş yerinə - "Ədalət" qəzetinin
redaksiyasına üz tutdum.
***
- İradə xanım, çağdaş jurnalistika sizin
nəzərinizdə hansı mövqedədir?
-
Bugünkü jurnalistika elə olmalı olduğu
ünvandadır. Bilgi çatışmır,
dil bilgiləri isə ümumiyyətlə, çox
aşağı səviyyədədir. Tək
Azərbaycan dilini bilməklə heç bir yerə gedib
çatmaq olmaz. Gərək informasiyan, xəbərin
çox olsun, dünyanın gedişatından, tarixdən,
coğrafiyadan xəbərdar olmalısan. Əgər
kiminləsə həmsöhbət olmaq istəyirsənsə,
almaq istədiyin nəticəyə çatmaq
üçün çalışmalısan ki, daima öyrənəsən.
Bugünkü jurnalistika ağır bir prosesin
içərisindədir. Baxın, son illər
nə qədər hadisələr baş verib, bir sistem
dağılıb və cəmiyyət yeni bir sistemin
qurulmasına doğru gedir. Təsəvvür
edin, biz həm əsrin, həm də minilliyin sonunu
gördük. Formasiya dəyişir, amma cəmiyyət
hara gedəcək, necə olacaq, bax bunu bilmirik. Bilməmək isə insanlarda
çaşqınlıq yaradır.
- Bilməmək
nədən irəli gəlir? Ümumiyyətlə,
insanlar nəyə görə hər şeyin hazırına
nazir olmağa çalışır və maariflənə
bilmirlər, kitab, qəzet, jurnal oxumağa o qədər də
meyl göstərmirlər? Sadəcə
fakt əldə etmək istəyirlər, vəssalam.
-
Hazır fakta gəlib çıxmaq üçün kök
araşdırılmalıdır. Araşdırılmalıdır
ki, o fakt nədən doğdu, onun yaranmasına hansı səbəblər
vəsilə oldu? Amma məsələ
burasındadır ki, insanlar bunu öyrənməyə maraq
göstərmirlər, hətta bir abzaslıq mətni belə
oxumaq istəmirlər. Halbuki o bir
abzasın altında müəyyən fikirlər yatır və
o fikirləri araşdırıb tapmaq çox vacibdir. Bunun üçün də insanların ölkədə
və dünyada baş verənlərdən məlumatı
olması lazımdır. Məlumatsızlıq
adamı qaçırır. İnsanlar
bilmədikləri şeyi öyrənməyə cəhd
göstərmirlər. Ən böyük
problem də budur. Amma bir əmma da var: lap belə öyrənsə,
nə olacaq ki?
- Necə
düşünürsünüz, mediada çıxan
yazılarda lakoniklik ön planda olmalıdır?
- Mütləq.
Bu gün cəmiyyət böyük
yazıları, böyük məlumatları, necə deyərlər,
həzm etmir. Ona görə də mətləbi
oxucuya yığcam şəkildə çatdırmaq
lazımdır. Blez Paskal hələ XVII əsrdə
bir məktubunda yazmışdı ki, bu məktubu həmişəkindən
uzun yazdım, çünki daha qısa yazmağa vaxtım
yoxdur. Yəni əgər sən bir mətni
lokanikləşdirə bilmirsənsə, deməli, o barədə
məlumatın ya yoxdur, ya da yetərli deyil. Əgər toxunduğun mətləbi oxucuya, necə
deyərlər, həzm elətdirə bildinsə nə
yaxşı, əks halda oxuyan olmayacaq. Çox
çalışırsan ki, oxucuların sayı artsın,
amma baxanda görürsən ki, bir xəbərə maksimum
400-500 baxış olur. 10 milyonluq respublika
üçün bu, dəhşətli mənzərədir.
Amma təəssüf ki, reallıq belədir.
- Oxuyan təbəqə
kimdir görən - dövlət adamları, rəsmi şəxslər,
yoxsa daha çox gənc nəsil? Statistika ilə
bağlı hansısa məlumatınız varmı?
-
Açığı, statistikanı deyə bilməyəcəyəm,
amma əslində, hansısa bir idarənin, məsələn,
1000 nəfər işçisi varsa, onun, heç olmasa, 800 nəfəri
oxumalıdır. Amma oxumurlar.
- Ötən
dövr jurnalistikası ilə müasir dövr
jurnalistikası arasında hansı fərqlər var?
- O vaxt
oxucu kütləsi var idi. O zamanlar başqa əyləncə
növləri çox olmadığından insanlar qəzet
oxuyurdular. O vaxtlar qəzetlər də fərqli cəviyyələrdə
çap olunardı. Moskvada çap olunan mərkəzi
qəzetlər var idi, republika miqyasında dərc olunan nəşrlər
var idi. Hətta küçələrdə
xüsusi lövhələr vardı, hər gün yeni qəzetləri
ora yapışdırırdılar, insanlar küçədə
durub qəzetləri oxuyar, məlumat alırdılar.
- Oxucu
kütləsini bir qırağa qoysaq, peşəkar jurnalist
kimi fəaliyyət göstərmək istəyib yeniliyə
açıq olmaqla köhnə dövrü qoysaq, bununla
tariximizi, keçmişi də kənara qoymuş
olmarıqmı?
-
Jurnalistika həm də mətbuatın tarixi, ölkənin
tarixi deməkdir. Bu tarix ölkədə baş
verən hər bir hadisəni özündə ehtiva edir.
Onu məlumat bazası kimi gələcək
üçün yığıb saxlayır. Ona görə də mütləq qorunub
saxlanılmalıdır. Amma kim bunu
qoruyub saxlayacaq? Bu, çox maraqlıdır...
- Köhnə
dövrdən söz düşmüşkən, o dövr
tarixiliyi, indiki dövr isə dinamikliyi ilə seçilir. Nə tarixiliyimizi unutmaq, nə dinamiklikdən geri
qalmaq üçün qızıl orta deyilən balansı necə
saxlamaq olar?
- Əgər bu dinamikliyin əsasını
savadsızlıq təşkil edəcəksə, onun zəngin
məlumat bazası olmayacaqsa, onda buradan nəsə gözləmək
əbəsdir.
Bilirsiniz indi dinamiklik nədir? -
"Şok... Şok... Şok... Kim isə kimisə
öldürdü...", "Filankəs kiminsə evindən
skelet tapdı". Bunun axırı necə
olacaq? Axı, hara kimi? Bütün
xəbərlər konseptual əsasa dayanmalıdır.
Proses "Filan müğənninin kiminləsə davası
düşdü" şəklində getməli deyil. Təəssüf
ki, bu proses təkcə Azərbaycanda yox, dünyanın
çox yerində gedir. Moskva mətbuatına
baxırsan, çox hörmətli Sovet ulduzudur, amma
özünə və ailəsinə böhtan atırlar.
Bu günün trendi budur.
- Bəzən
deyirlər ki, düzgün yol oxucunun arxasınca getmək,
zamanla ayaqlaşmaqdır. Bəzənsə tam əksi
ilə - oxucunu öz ardınca aparmalısan kimi fikirlərlə
rastlaşırıq. Doğru olan hansıdır
bəs?
-
Çalışmaq lazımdır ki, oxucu mətbuatın
arxansınca getsin. Mətbuat heç vaxt oxucunun
səviyyəsinə düşə bilməz. Subyektiv fikrimdir.
-
Jurnalistika peşəsinə yiyələnmək
üçün əsas yaradıcılıq nəzərə
alınır, yoxsa təhsil?
- Təhsil
ön planda deyil. Bu gün mühəndislik ixtisasını
bitirib çox gözəl yazı qabiliyyətinə malik ola bilərsən. Jurnalistika
ixtisasını bitirənlərin hamısı jurnalist
olası deyil. Jurnalistika çoxşaxəli
olmalıdır. Əvvəllər bu var
idi. Məsələn, mədəniyyət
sahəsində yazanlar bu sahənin adamı olardı, kənd
təsərrüfatından yazanlar o sahənin adamı olurdu və
s. Düşünürəm ki, belə ixtisaslaşmanın
olması daha doğrudur. Bu gün bizə
hərbi sahəni bilən jurnalistlər lazımdır.
Ümumiyyətlə, yazı qabiliyyəti olan hər bir kəs
jurnalist ola bilər.
- Bu
gün jurnalistikaya, jurnalistlərə münasibət, sizcə,
hansı səviyyədədir?
- Biz gələcəyin
sahələrini, ixtisaslarını öyrənib onlarla
maraqlanmalıyıq. Gedib hansısa bir
universiteti bitirib diplom alıb savad ala bilmirsənsə,
oxumağın sadəcə vaxt itkisidir. Jurnalistika
bu sahələrin yayılmasına, populyar olmasına zəmin
yaradır.
-
Müsahibələrinizin birində demişdiniz ki,
yazmamağınızın səbəbi ümidsizlikdir. Ümid nədən yaranır?
- İndi insanlar ümidsiz olub, sabahının necə
olacağından nigarandır. Bu, həm də həyat
tərzidir. Optimist adamlar da var. Son zamanlar nə qədər
optimist olmağa çalışsam da, ola
bilmirəm. Gənclər xüsusilə optimist
olmalıdır, onların güclü, enerjili, həyata
ümidlə baxan vaxtlarıdır. Həyatın
bizə nə bəxş edəcəyini bilmirik. O qədər
qeyri-müəyyənlik var, düşünürsən ki,
ilahi, axı bunu niyə belə edirlər? Elə
şeylər baş verir, düşünəndə
görürsən ki, bunu edən böyük qüvvələr
var və onlara yaxın olmalısan.
- Gənc
nəslin potensialını necə qiymətləndirirsiniz? Yazıları ilə diqqətinizi çəkənlər
olurmu?
- Təbii
ki, var. Gənclərə ümid etmək, inanmaq
lazımdır. Bunun yoxluğu ümidin itirilməsidir.
Həyatı ancaq onlar irəli apara bilərlər.
Yaşlı nəsillərə sadəcə
hörmət etmək lazımdır, güc isə ancaq gənclikdədir.
- "Ədalət" qəzetinin baş redaktorusunuz. Oxucular bu
gün yazılı mətbuatdan daha çox, sosial şəbəkələrə
meyl göstərirlər. Sizcə, bu, nədən
irəli gəlir?
- Sosial
şəbəkələrdə hər hansı mövzu ilə
bağlı yazılar çəkici başlıqlarla
paylaşılır. Bu zaman isə insanlar özlərinə
faydalı ola biləcək məlumatla
maraqlanmırlar. Kimsə öz
qayınanasını öldürübsə, bunu
paylaşmaqla nə qazanırsan? Cinayətkarlığı
təbliğ edirsən? Bu məsələdə
mənim qəbul etmədiyim çox məqamlar var. Amma bunlar
tək mənim deməyimlə də düzələsi də
deyil. Ümumiyyətlə, əsaslı
ideologiya mütləq və vacibdir. Yoxsa
biz bu şəkildə hara gedirik? Trend nədir?
- Niyə
insanlar üzdə olan simaları hədəf götürməyə
çalışırlar? Hansısa
başlıq altında onları əzməyə
çalışmaq istəyi nədən irəli gəlir?
- Fərz edin ki, ikimiz şəhərə çıxırıq və qarşımıza bir tanınmış sima çıxır və qışqırır. İndi biz onu o şəkildə təqdim eləsək, görün ona nə qədər adam baxacaq. Məşhurdur, axı. Məşhur insan barəsində müsbət yazı yazılsa, baxış sayı az olacaq, amma onun haqqında hər hansı bir yalan məlumatı mediaya sızdırsan, çox oxunacaq. Hələ o şəxs barədə öz düşüncələrini də əlavə edəcəklər. Bu, düşünürəm ki, insan xislətindən irəli gəlir. İnsan özü qazana bilmədiyi nələrisə kimdəsə görəndə qıcıqlanır, əsəbləşir və ona hər cür iftira atmağa meyilli olur.
- Ölkədə mediaya nəzarət üçün aidiyyatı orqanlar var. Bəs sosial şəbəkələrə nəzarət olunacaqmı?
- Bütün dini kitablar insanları haqq yoluna
çağırır. Ona qulaq asan, əməl edən var? Xeyr. "Qurani Kərim"ə, "İncil"ə əməl
etməyənlərin MEDİA Agentliyinə qulaq
asacaqlarını düşünmürəm. Mədəni səviyyə artmalıdır.
- Bu
problemi cərimə yolu ilə aradan qaldırmaq olarmı? Məsələn, pandemiyanın sərt günlərində
küçəyə çıxmaq, maska taxmaq, qapalı məkanlarda
toyların keçirilməməsi kimi qadağalarla
qarşılaşdıq. Bu şəkildə
hər birimiz bir hədəfə vuraraq bu bəlanı
üstümüzdən ata bildik. Bu
üsul sosial şəbəkə üzərində də tətbiq
edilsə, vəziyyət düzələ bilərmi?
-
Düşünürəm ki, cərimələr həyatımızda
çox şeyi həll edə bilər. İndi
maşın sürənlərin hər biri kəmərdən
istifadə edir. Yaxud siz qeyd etdiyiniz kimi,
karantin qadağaları. Cərimə
insanların davranışına çox böyük təsir
göstərə bilir.
-
Jurnalistika dördüncü hakimiyyət hesab olunur. Bu fikirlə bağlı nə deyə bilərsiniz?
- Hakimiyyətin
müxtəlif qolları var. Mətbuat da bu qollardan biridir. Demokratiyanın tüğyan etdiyi yerlərdə də
bu var. Məsələn, hansısa bir hadisə olur və
öncədən məlumat verilir ki, biz bunu edəcəyik,
hansısa mətbuat orqanı da bu barədə yazacaq. Məsələn, Amerika İraqa girir və bu barədə
ancaq CNN yaza bilər. Yəni hər bir
toplumun öz maraqları və bu maraqlara uyğun da
adamları var. Bütün dünyada bütün ideologiyalar
da məhz mətbuat vasitəsilə yayılır. İndi insanlar böyük həcmli kitablar
oxumağa maraqlı deyil. İlk məqam
olur ki, jurnalistika dördüncü yox, hətta deyərdim ki,
elə birinci hakimiyyətdir.
- Bu
hakimiyyət yaxın gələcəkdə nə kimi fəsadlar
verə bilər, yaxud uğur qazandırar?
- Fəsadlar
göz qabağındadır. İnsanlar
artıq doğru sözə qulaq asa bilmir. Doğru sözün maraqlı olmamasının
özü elə bir fəsaddır.
- Sosial
şəbəkələrin müxtəlif qolları var -
feysbuk, instaqram və bir də nisbətən daha bayağı
forması - tik-tok var. Sizcə, ola bilməzmi
ki, o bayağı formanı elmi formaya gətirə bilək? Məsələn, sitatlar paylaşılsın,
elmi-kütləvi yazılar paylaşılsın. Bu yolla izləyicilərin bayağılığa
meylini azaldıb düzgün istiqamətə kökləmək
olmazmı?
- Bununla
bağlı xüsusi institutlar fəaliyyət göstərir.
Bu, onların işidir və buna onlar nəzarət
etməlidir. Tik-toku Çin, o biriləri
Amerika yaradıb. Sənin gücün
yalnız sənin öz yaratdığına çata bilər.
Yoxsa ki, yalnız dilə yeni sözlər gətirməklə
bu, mümkünsüzdür, "şpilka"ya "ipəzor"
deməklə iş bitmir.
- Siz xeyli müddət televiziyada çalışmısınız və bir sıra maraqlı, uğur qazanmış layihələriniz olub. Bu gün teleməkanlarda gedən verilişlər sizi qane edirmi?
-
Yazılı mətbuatda da, teleməkanda da eyni proses gedir. Ağıllı sözü eşidə biləcək
tamaşaçı bu gün yox səviyyədədir. Bizim dövrdə həmişə şairə,
sözə inanmaq kimi bir ənənə var idi. Bəzən nəsrin populyar olmadığı
dönəmlərdə böyük elmi əsərlər
şeir dilində yazılardı. Biz bu
gün mədəni mühitdən uzaqlaşırıqsa,
düşünürəm ki, o zaman həbsxanalar tikmək
üçün vəsait ayırmalıyıq. Əxlaqdan naqis adamların yetişdiyi cəmiyyət
qorxulu cəmiyyətdir. Ona görə də
mütləq şəkildə ideoloji əsaslar
yaratmalıyıq. Təəssüflər
olsun ki, televiziyalar şəxsi meyarları nəzərə
alır. Amma birinci növbədə
milyonların sevgisini qazanmaq lazımdır.
- Söhbətimizi
sevimli Xalq şairimiz Məmməd Arazın bu misraları ilə
tamamlamaq istərdim:
Səndən
mənə bir ömürlük xatirə,
Məndən
sənə nə qalacaq, nə bilim...
İradə Tuncaydan jurnalistikada nələr qalacaq?
- Bu barədə
danışmaq çətindir. Özümə
müəllim hesab etdiyim şəxsiyyətlər olub. Mütaliəmi beynimdə sistemləşdirə
bilmişəm. Adam var ki, çox oxuyur,
lakin tətbiq edə bilmir. Amma mən hər
kəsin yerinə də bir söz deyə bilmirəm. Bu gün gənclərin bir qisminin mənə meyilli
olması xoşdur. Həmişə
çalışmışam ki, gənclərə nəsə
kömək edim. Özümüzü
qorumağı bacarmalıyıq. Bunun əsas
yollarından biri də mətbuatdır. Leninin gözəl
bir fikri var: "Oxumaq, oxumaq, yenə də oxumaq". İstərdim ki, gənclərimiz çox oxusunlar,
oxumağa ərincəklik etməsinlər. Arzu edirəm ki, hər şey yaxşı olsun.
Şəlalə
CAMAL
525-ci qəzet.- 2022.- 5 fevral.- S.10;11.