Özümüzdən
danışaq...
Biz kimik?
Bu suala cavab tapmaq heç də həmişə
mümkün olmur. Çünki bəzən elə
özümüzün də haqqımızda bilmədiklərimiz
var. Həmin fikri səsləndirəndə düşünə
bilərik ki, bu, nə qədər çətin ola bilər, lakin cavab vermək vaxtı
çatanda çətin olduğunun fərqinə
varırıq. Bu zaman sual yarana bilər ki, bizi bizdən daha
yaxşı kim tanıyır? Sadəcə xarakter baxımından deyil, eyni zamanda
kimliyimiz baxımından da ətraflı məlumatımız
yoxdur. Əgər məsələyə
kimliyimiz baxımından yanaşsaq tərcümeyi-hal buna
kifayət etməyəcək. Səbəbi
isə aydındır, yaranmışların ən alisi insan
özünü dərk etdiyi andan etibarən hansı mənşəyə,
xalqa, nəslə aid olduğunu müəyyənləşdirməyə
çalışır. İnsanın
kimlik axtarışı onu bütün həyatı boyu
müşayiət edir. Bu axtarış
zamanı insan uzun bir yol keçərək, dilini, dinini,
irqini, sosial qrupunu və digər xarakterli məlumatları təyin
etməyə çalışır. Ancaq
bu məlumat hər zaman əlçatan olmur. Bir çox hallarda insan özünün hansı
irqi, milli-mədəni və əxlaqi-dini sferaya mənsubiyyətini
dəqiq müəyyənləşdirə bilmir. İkinci halda, məsələyə xarakter
baxımından yanaşsaq, yenə də
özümüzün bunu təyin edə bilməyəcəyimiz
aydın olacaq. Ən çox zaman
keçirdiyimiz insanların - ailəmiz,
dostlarımızın bu barədə bir fikir bildirməsi daha
doğru olar. Çünki onlar bizi bizdən
daha yaxşı tanıyırlar. Atalar
demişkən "əyri oturaq, düz danışaq",
axı heç kəs öz ayranına turş deməz.
Digərləri bizi müşahidə etməklə
bütün xarakterlərimizdən agah ola
bilər. Bu bir çox hallarda
mümkündür. Ola bilər ki, əksinə,
onların haqqımızda tam dolğun fikirləri olmasın.
Amma qeyd edək ki, istisnalar qaydaları pozmur.
Gəlin fərqli bir yanaşmaya nəzər salaq. Mütləqdir
ki, hər kəsin reallaşmasını çox gözlədiyi,
sidq-ürəklə istədiyi arzusu var. Kimi məşhur
olmaq, kimi zəngin olmaq, kimi də hər yerdə sözü
keçən, hörmət sahibi olmaq niyyətindədir.
Bunun kimi yüzlərlə fərqli arzu
mövcuddur. Nəticə etibarilə, insan
özünə daima hər şeyin ən
yaxşısını arzu edir. İmkan
yarandıqca sərfəli olan hər bir şeyi əldə
etmək qayəsinə düşür. Və
arzular çin olduqca istəklərin sayı durmadan artır.
Bir zamanlar bu gün sahib olduqlarımızın xəyalını
qurduğumuzu unudaraq, əlimizdəkilər ilə kifayətlənmirik. Bəzən nələrisə qazandıqca eyni zaman
kəsiyində, həm də nələrisə itiririk. İnsan özünü itirir, nəfsi bütün
mənliyinə qalib gəlir. Bundan daha
böyük məğlubiyyət olarmı? Suala
anında cavab verək: əlbəttə, yox! Belə
bir nəticəyə gəlmək olur ki, insanlar özlərinin
nə istədiklərini bilmədən yaşamaqdadırlar.
Yeri gəlmişkən, bir məşhur atalar
sözünü qeyd edə bilərik: "Çox istəyən,
azdan da olar".
Bəzən televiziyada müxtəlif maraqlı kontentləri
olan layihələri izləyirik. Həmin verilişlərdə
keçirilən oyunlarda qalib gələn
iştirakçıların göz yaşlarının
şahidi oluruq. Eyni zamanda onların əksəriyyəti:
"mən bu nəticəni gözləmirdim", - söyləyir.
Bəzən insanlar özləri də inanmadan
uğur qazanırlar. Kimisində də bu, əksinə
alınır. Əslində qazanılan hər
bir uğur qazanılacaq olan digər bir uğurun
qapısını açır.
Özümüzü yetərincə
tanıyırıqmı? Bir şeyi əldə
edərkən əminliklə söyləyə bilirikmi ki, mən
bunu bacararam? İlkin olaraq, birinci sualın
cavabını əvvəlki yanaşmamıza əsasən
cavablandırsaq, aydın olur ki, kifayət qədər
tanımırıq. İkinci suala cavab
olaraq, düşünürəm ki, bu, böyük inancdan, məsuliyyətdən,
qarşıya qoyulmuş ən mötəbər məqsəddən,
hədəfdən və ən əsası çəkilmiş
əziyyətdən irəli gələn bir situasiyadır.
İnam olduqdan sonra imkansız olan hər
şeyi bacarmaq mümkün olacaq. Bu ifadə bəlkə
də ən böyük motivasiyamız ola
bilər. İmkansızı bacararam, möcüzə bir az zaman alar. Həqiqi məqsədlər
insanları hədəflərinə çatdırır.
Məsuliyyəti unutmayaq, o, ən əsas şərtlərdən
biridir və məsuliyyətin olduğu yerdə hər şey
gözəldir. Nəticəsi isə
olduqca xoşagələndir. Əziyyət olduqdan sonra da
iş tamamdır. Artıq şübhələrə
ehtiyac qalmır.
Bəs yaxşı, özümüzü necə
tanıyaq? Bilirəm, çoxları bu sualı eşidəndə
təəccüblənər.
Öz-özlüyünüzdə: "Buna ehtiyac yoxdur, onsuz
da mən özümü yaxşı tanıyıram", -
dediyinizi eşidirəm. Çox olub ki, keçmişi yada salanda bəzi hərəkətlərimiz,
davranışlarımız, söylədiklərimiz məhz
öz təəccübümüzə səbəb olur. Cavab tapa bilmirik, "axı niyə bunu etmişəm"
və ya "necə etmişəm" deyə fikirlərə
qərq oluruq. Bu o deməkdir ki, insan özünü nə
qədər yaxşı tanısa da, elə situasiyalar ola bilər ki, həmin an necə reaksiya verməli
olacağını bilməz. Yaxud da qabaqcadan əminliklə
söyləyə bilməz ki, mən olsam, belə edərdim.
Qısacası, insan yaşamadıqca anlaya bilməz.
Demək istədiyim: öncə keçmişimizə baxaq,
onda etdiklərimizdən, seçimlərimizdən, bacara
bildiyimiz və ya bilmədiklərimiz, münasibətlərimizdən
nəticə çıxardaq. Bu zaman gələcəkdə
nələr edə biləcəyimiz bilinəcək.
Bu suallara
nəzər salaq: Biz özümüzü necə bilirik? Bəs
başqaları bizi necə bilir? Bizim
bildiklərimizlə başqalarının fikirləri
üst-üstə düşsə, demək ki, doğru qənaətdəyik.
İndi isə, məsələyə tamam fərqli bir
aspektdən yanaşaq. Hər şey özümüzü
tanımaqla bitirmi? Xeyr, bitmir, əksinə,
bu dəfə sahib olduqlarımızı problemə
çeviririk. Belə ki, əksəriyyət
insanlar ya öz xarakterlərindən, yaxud da fiziki, zahiri
görünüşlərindən razı deyillər. Daim dəyişmək arzusundadırlar. Əslində, bu fikirlə yaşamamalıyıq ki,
biz başqalarından fərqli olaq, daha üstün olaq.
İnsanlar bizi müşahidə edərkən
gözəl görünək, digərləri bizi sevsin deyə
dəyişmək düşüncəsi bizi xoş olmayan nəticələrlə
qarşılaşdıra bilər. Yaşamağa
özümüzü sevməklə başlayaq,
özümüzə dəyər verək. İçimizdəki təəssüf hisslərini,
peşmanlığı dəf edərək,
keçmişimizlə barışaq, bu gün əzmlə
davranaq, sabahımız üçün ümidli, səbrli
olaq. Gələcəyimizə inanmaq bizi
möhkəm tutar, sevgi üçün yetərli səbəb
olar. Özümüzü sevmək isə
özümüzü qəbullanmaqla başlayır. Sırf başqalarından fərqlənmək
üçün deyil, özümüz üçün nələrsə
etməyi istəyək. Daim öyrənmək,
araşdırmaq, daha çox bilmək lazım olduğu halda,
bildiklərimizlə, bacardıqlarımızla, öyrəndiklərimizlə
kifayətlənməyək. Belə ki,
yaxşı vaxt keçirib, özümüzü inkişaf
etdirək. Dünyanı gözəlləşdirmək
üçün elə özümüzdən başlayaq.
Bu zaman istər-istəməz
başqalarının fikrini cəlb etmiş oluruq, bir daha qeyd
edirəm ki, həqiqətən istəsək,
çalışsaq, özümüz üçün bu
mümkün olacaq. Özünü sevən
insan yaşam bölgüsünün əsas hissəsini
özü üçün ayırar, digər hissəsini isə
başqaları ilə ünsiyyət qurmaq və vaxt
keçirmək üçün. Yaşam
bölgümüzü düzgün qurmalıyıq, hər
anımızın qiymətli olduğunu unutmayaq. Ən əsası düşünməliyik ki, bu həyata
bir dəfə gəlirik, bu şans bizə bir dəfə
verilir, təkrarı olmayacaq. Buna görə
də ən düzgün şəkildə həyatımızı
qiymətləndirək. Çünki bu şəkildə
həyatımızın daha maraqlı və dəyərli
keçəcəyinə əmin ola bilərsiniz.
Yaşam tərzimizi dəyişməyə bu gündən
başlayaq, sabah hər şey
üçün gec ola bilər. Bəzən
insanlar tanıyırıq ki, heç bir şərt
altında həyata bədbin baxmır, pessimist ruhlu deyil.
Həyatın çətin tərəflərinin şahidi
olsa da, bunu
hiss etdirmədən, həyatını sevərək, daim
nikbindir. Nəticədə, onlar sağlam,
hüzurlu, uzun ömürlü həyat tərzi keçirirlər. Etiraf edirəm ki, həmin
insanlara heyran oluram.
Daha bir fərqli yanaşmaya nəzər salaq, bu dəfə məlum sualların cavabları əsasında danışaq. Düşüncələrimizi pozitivə nə cür yönləndirək və ya bu bizdən asılıdırmı? Yuxarıda qeyd etdiyimin əksində insanlar pessimist də olurlar. Buna bir çox şey səbəb ola bilər. Ətraf mühitdə baş verən xoşagəlməz hadisələr, münasibətlər, ailə-məişət problemləri və ya səbəb kimi havanın özünü də misal göstərə bilərik. Bu zaman insan mənfi düşüncələrə qapılır, həvəsdən düşür, həyatın imkansız olduğuna inanır, bacarıqlarını, istedadlarını yerinə yetirmir. İnsanlar həmin an kiminsə onları motivasiya etməsini gözləyirlər, amma özümüz özümüzün ən yaxşı motivatoru ola bilərik. Gücümüzə inanıb, bacarıqlarımızı sərgiləyək, daim inanaq. Yaxşı olanı arzu etmək kafi deyil, gərək onu əldə edəcəyinə inanasan, əvvəldə də qeyd etmişdim ki, güclü inamın olduğu yerdə hər şey mümkündür. Psixoloqlar tövsiyə edirlər ki, həyatımızı dəyişməyin ilkin yolu düşüncələrimizi dəyişməkdir. Beynimizdə daim düşündüklərimiz gündəlik həyatda qarşımıza çıxır. Həqiqətən də hər şey düşüncələrlə başlayır. Günümüzü daha pozitiv keçirmək üçün gün ərzində xoşumuza gələn məşğuliyyətləri yerinə yetirib, bizə gərgin situasiya yarada biləcək hər şeydən qaçmalıyıq. Bəzən insanlar pozitiv düşüncə deyəndə, sadəcə olaraq hər şeyin yaxşı tərəflərini nəzərdə tuturlar, lakin pozitiv düşüncə istənilən situasiyadan asılı olmayaraq yaranmalıdır, pozitiv düşünüb real vəziyyəti pozitiv idarə etməliyik.
Bəs insan özünü necə motivasiya edə
bilər? Yenə də həqiqi istəklərimizə
sığınaraq bunu edə bilərik. Arzu etmək
əvəzinə, həyatdan əslində nəyi istədiyimizi
bilmək bizə ən doğru yolu göstərəcək, həyatımıza
rəngarəng yön verəcək. Çünki bir hədəfimiz
olanda özümüzü motivasiya edə bilərik əks
halda, bu çətin olacaq. Hədəfimizə
çatmağın yollarını tapmağı, səbrli və
sabit fikirli olmağı, hədəflərimizi
gözümüzün görə biləcəyi hər yerə
qeyd edib, tez-tez özümüzə bunu təkrarlatmağı
bacarmalıyıq. Rejimli yaşamaq üçün əlimizdən
gələni əsirgəməyək.
Uğurlarımızı qiymətləndirək, ən
kiçik uğurlarda belə özümüzü
mükafatlandıraq. Başqalarından bəxşiş
gözləmək əvəzinə, özümüz
özümüzə hədiyyə alaq. Məsələn,
özünüzə sonuncu dəfə nə vaxt hədiyyə
almısınız? Cavabını
xatırlamırsınızsa, elə bu gündən
başlayın, öncədə dediyim kimi, sabah hər şey
üçün gec ola bilər. Hədəf hər nə
olursa-olsun, onu həyata
keçirmək üçün qərarlı olmağı
bacarmaq, eyni zamanda doğru davranmaq lazım gəlir. Yalnız
hərəkət olan yerdə bərəkət var. Fikrimcə,
Əhməd bəy Ağaoğlunun "Mən kiməm"
adlı əsərini oxusaq, bu mövzuya necə gözəl
aydınlıq gətirdiyinin şahidi olarıq.
Lalə
PAŞAYEVA
ADU
Filologiya fakültəsinin Beynəlxalq Jurnalistika ixtisası
üzrə 4-cü kurs tələbəsi
525-ci qəzet.- 2022.- 9 fevral.- S.23.