Samuray mənəvi ruhu yaşayır  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Poeziyadakı standartlar və yapon bağları

 

Yaponiyada avropalıya təəccüblü gələn təkcə samuray döyüşçülərinin tarixən mövcudluğu və yaponların fərqli görünən həyat tərzi deyildir.  Axırıncının tərkib hissələrinə diqqət yetirdikdə, biz başqa maraqlı cəhətlərə də rast gəlirik. Bu fərqli hadisələri, varlıqları və münasibətləri saymaqla qurtarmaq mümkün deyildir. Ona görə də bəzi buraya ilk dəfə gələnlər başqa planetə düşdüklərini güman edirlər. Onlardan yalnız ikisi - yapon poeziyasının xüsusiyyətləri və şəhər bağları haqqında olan məlumatlar Yaponiya ilə Avropa arasındakı fərqin az qala məsafənin ölçüsünə yaxınlaşdığını hiss etməyə imkan verir.

 

Dünyada bir sıra xalqlar vardır ki, özlərini poetik xalq hesab edir və hətta istedadlı millət olduğunu da vurğulamaqdan çəkinmirlər. Yaponiyada isə poeziya xalqın həyatına daxil olmuş, onun mənəvi dünyasının başlıca hissəsinə çevrilmişdir. Burada çox adam, uşaq da, gənc də, qoca da, ölümə gedən də şeir yazır. Lakin yapon şeirini yazmaq da asan məsələ deyildir, çünki burada müəyyən standartlar vardır ki, onlar pozula bilməz. Onlara riayət etməklə yazmaq isə tanış olmayanlara olduqca çətin görünür, yəqin ki, ən istedadlı avropalı və ya asiyalı şair də bu məhdudiyyətlərin hakim kəsildiyi qaydada şeir yaza bilməzdi. Hətta Firdovsi, Nizami, Bayron, Hote, Puşkin, Hüqo kimi dahilər də özlərini bu dar çərçivə daxilində sınamağa cəsarət etməzdilər.

 

Yapon poeziyasının qafiyəsiz janrları olmaqla, xokku və ya xayku üç sətirli, tanka isə beş sətirli şeirləridir. Hər iki növdə hətta sətirlərdəki hecaların sayı və ardıcıllığı qaydası mövcuddur. Xokkudakı sətirlər 5-7-5 heca sayı sırası ilə gəlir. Axırıncı sətirə iki sətir əlavə olunduqda tanka əmələ gəlir. Tankada isə sətirlər 5-7-5-7-7 heca ardıcıllığı ilə düzülür. Beləliklə xokkuda 17, tankada isə 31 heca olur.

 

Qədim Yaponiyada kübar məişətində hər iki cinsdən olan gənclər üçün tanka yazmaq məcburi bacarıq hesab olunurdu, sevgililər arasında bu şeirlərin mübadiləsi gedirdi. Xokkudan fərqli olaraq tankada mahiyyət daha çox açılır. Üç sətirdən ibarət olan xokku isə genetik olaraq tankaya çıxmaqla yanaşı, poetik dilin sadəliyi, sərbəst ifadə tərzi ilə seçilir. Həm də xokkuda hisslərin bütün çalarları və rəngləri, coşğunluq və fikirlər öz əksini bütünlüklə tapmaqla, emosionallıq daha güclüdür. Olduqca dəqiq standartlara əsalanan şeir yazmaq elə də asan məsələ deyildir, az qala riyazi bərabərliyi həll etmək zəhmətinə bərabərdir. Yalnız qafiyəsiz olması yaradıcılığa olan həvəsi artırmamış qalmır. Azərbaycan aşıq poeziyasındakı təkcə dodaqdəyməzlər çətinliyinə görə yapon poeziyası nümunələri ilə müqayisə oluna bilər.

 

Bu mürəkkəbliyinə baxmayaraq, ölkədə poeziya yaradıcılığı geniş yayılmışdır. Burada poeziya yarışı adi hal xarakteri daşıyır. Hətta özünü seppuku etməyə hazırlaşanlar da qarşıdakı ölümü unudub, öz düşüncələrini şeirlə ifadə edirdi. Yapon üçün həyatın mənası həyatın özündən qiymətlidir. Ona görə də ömrün yoluna fəlsəfi baxış şeirin qayəsini təşkil edir. Yapon poeziyasındakı ömürün faniliyi ideyası Bibliyanın "Ekkliziast" kitabındakı  mülahizələrlə üst-üstə düşür. Bir daymyo cəza növü kimi özünü intihar etməkdən əvvəl yazdığı şeirdə insan həyatını kəpənək yuxusuna bənzətmişdi.

 

Yapon mədəniyyətinə çinlilərin təsiri böyük olmuşdur. Onlar Çindən ieoroqlif yazısını götürmüş, hətta Çin dilindəki sözləri də əxz etmişdilər. Axı qədim Çin dili uzun müddət ərzində yaponların əsas yazı dili olmuşdu. XVIII əsr almanlarında və XIX əsr ruslarında da epistolyar janrda fransız dili aparıcı yer tuturdu.

 

Yaponlar təbiətə də qayğıkeşlik və sevgi qaydasında yanaşırlar. Çiçəkləri və ağacları seyr etməklə cuşə gəlmək isə milli ənənəyə çevrilmişdir. Albalının - sakuranın çiçəklənməsinə tamaşa etmək ən gözəl milli bayram hesab olunur. Sakuranın çiçəklənməsi cənubda apreldə başlamaqla, tədricən şimala keçir və bu proses ölkə ərazisində iki ay davam edir. Hər en dairəsi bu bayramda iştirak etmək imkanı qazanır və kütləvi pərəstişkarlar bu sevincə şərik olurlar. Payızda isə adamlar ailələri ilə birlikdə uzaq məsafədəki dağlara gedirlər ki, ağcaqayın meşələrinin qızılı və qırmızımtıl rənglərindən həzz alsınlar. Çiçəklərə, ağaclara qayğı ilə yanaşmağa yaponlar kiçik yaşlarından tərbiyə olunurlar və bu hissi ömürlərinin axırına qədər qoruyub saxlayırlar. Xokku üslubunda yazan məşhur yapon şairi Basyo (XVII əsrdə yaşayıb yaratmışdır) təbiətə vurğunluğuna görə, həyətindəki banan kolunun adından (yapon bananı "musa basyoo" adlanır) özünə ləqəb götürmüşdü.

 

Sakuraya gəldikdə, bu ağac Yaponiya florası üçün xarakterik olan albalı növüdür və meyvə vermir. O, gur çiçək açması ilə seçilir, çiçəklərin təmiz rəngi, efemer olması, qısa müddət yaşaması, onlara heyranlıqla tamaşa etmək həvəsini artırır. Sakura çiçəklənməsinin sevinclə, həzz almaqla seyr etmək "hanami" adlanır və bu, həm də xrizantema və qlitsiniyanın çiçəklənməsinə tamaşa etməyə də aid edilir. Xrizantemaya da xalqda xüsusi sevgi vardır.

 

Təsadüfi deyildir ki,  Yaponiyada Yüksək Xrizantema ordeni mövcuddur, onu 1876-cı ildə Meydzi təsis etmişdir. Bu orden Yaponiya təbəələrinə yalnız ölümündən sonra təqdim olunur. Xarici dövlət başçılarına isə istisna qaydasında orden xüsusi şərəf əlaməti kimi verilir. Almaniya kansleri Otto fon Bismark da Yüksək Xrizantema ordeni ilə təltif olunmuşdu. İmperator Hirohito isə sarayındakı bağda çox növdə xrizantema yetişdirməklə məşğul olurdu.

 

Təbiətə vurğunluq heç də bu xüsusi münasibətlə məhdudlaşmır. Yaponlarda "aydan həzz almaq" və qış vaxtı "qardan həzz almaq" kimi başqa qeyri-adi  anlayışlar da mövcuddur.

 

Lap qədimdən təbiət mənzərəsini miniatür şəkildə yaratmaq həvəsi burada kök salmış, yayılmışdı. Bu, ya evin yanında kiçik, karlik bağcıqlar, ya da özünəməxsus, daha çox oyuncağa bənzəyən kiçik landşaft - bonkey şəklində olan süni mənzərəni yaratmaq yaradıcılığıdır. Bonsay adlanan karlik ağacların həmin ölçüyə salınmasına böyük əmək sərf edilir. Landşaft mədəniyyəti və estetikası, dekorativ bağçılıq, parkların və qoruqların yaradılması yapon xalqının həyatına lap çoxdan daxil olmuşdur.

 

Yaponların təbiətə sevgisi avropalılardan fərqlidir. Klassik yapon bağının estetikası da bütövlükdə X-XI əsrlərdəki Çin bağçılıq sənətinə gedib çıxır. Bunun əsasında isə klassik Çin rəssamlarının əsərlərində təsvir etdikləri mənzərələri yaratmaq dururdu. Bağ sənətkarlığına müxtəlif formalardakı landşaft bağları, "daş bağları" (onun məşhur nümunəsi Kiotodakı Royandzi daş bağı hesab olunur, onda səpələnmiş şəkildə 15 daş olduğu halda, hansı tərəfdən baxırsansa, yalnız onlardan 14-ü görünür) mövcud idi. Daş bağları qumdan və mamır basmış daşlardan ibarət idi və yaşayış dənizinin rəmzi hesab olunurdu.

 

Digər sevimli məşğuliyyətlər isə ikebana - çiçəklərdən və kiçik quru budaqlardan gül dəstəsi düzəltməkdir, rəngkarlıq   kalliqrafiya isə yaponların ruhi aləminə orta əsrlərdə daxil olsa da, indi də yapon həyat tərzinin tərkib hissəsi olaraq qalır.

 

Yapon bağının gözəlliyi dörd elementdən - sudan, yerin relyefindən, yaşıl bitkilərdən, arxitektura qaydasında bəzədilməsindən yaranır. Su hövzəsi gölməçə kimi olmalıdır, oval şəklində düzəldilir, ona fərqli forma verilir. Gölməçənin suyu elə şəffaf olmalıdır ki, onda sahillə birlikdə xırda adacıq da həmin suda aydın əks olunsun. Sahildə isə söhbət etmək üçün köşk, gölməçəni əhatə edən salxım söyüd ağacları olmalıdır. Bundan başqa, dağdan sürətlə axan suyun gölə çevrilməsi və şəlalələr gözə çarpmalıdır. Əgər bağ dağın fonunda yerləşirsə, oradan təbii və süni şəlalələrin suyu aşağı töküldükdə, belə bağ daha yüksək qiymətləndirilirdi. Tuareqlər isə şəlalə çoxluğunu görsəylidər, suyun belə bədxərcliklə sərfinə görə buna yol verənləri qınayardılar, necə ki, Fransa Alpında, Qrenobl yaxınlığında turist səfərində olanda onlar dağdan süzülən iri şəlaləni gördükdə təəccüblərini gizlədə bilməyib, qışqırmış, hay-küy salmış, hətta Yaradanı da belə israfçılığa görə qınamışdılar. Buna qədər isə Parisdə ilk dəfə gördükləri təəccüb doğuran şeylər, mənzərələr onlarda elə bir təəssürat yaratmamışdı. Axı Saxara səhrasında yaşayan bu adamları qınamaq da düzgün deyildir, onlara suyun bol şəkildə mövcudluğu tam naməlumdur, həmişə yalnız onun qıtlığından əziyyət çəkmişlər, ona görə də sudan onlar müstəsna olaraq içmək üçün istifadə edirlər, bədənlərini isə daim qumla yuyurlar. Belə yuyunmanın nəticəsi kimi paltarlarının indiqo rəngi dərilərinə də hopur və qolları, sinələri göy rəngdə olur.

 

Gölməçədəki adacıq isə adətən, süni surətdə yaradılırdı, tökmə torpaqdan düzəldilməklə şam ağacı ilə haşiyələnirdi və ya diqqətlə seçilmiş daş yığınından ibarət olurdu. Klassik orta əsr bağındakı bitkilərə yalnız çiçəkləməyən kollar və ağaclar daxil idi, axırıncılar sırasında hökmən əcaib qaydada əyilmiş, həmişəyaşıl şam ağacı olmalı idi. Hansısa bir çiçəyin olmasına icazə verilmirdi. Beləliklə, rəng qamması çox xəsis və ciddi olurdu - şam ağaclarının tutqun yaşıllığı, sarımtıl qum, açıq rəngli su, boz, mamır basmış daşlar bu mənzərəni tamamlayırdı.

 

Belə bağların gözəlliyi zərif olmaqla, bəzən hətta xətlərin simvolik harmoniyası, hissələrin düzgün mütənasibliyi, süni qaydada əyilməyə məruz qalmış şam budaqları, qəribə daşlar, gölməçənin işıqlı səthi hesabına əldə edilirdi. Əlbəttə, belə bağlar fasilə tanımayan qulluğa möhtac idi, çünki nəzərdə tutulduğu yerində olmayan kol, olduğu vəziyyəti yana tərəf dəyişmiş daş - bunlar xətlərin həmin şərti harmoniyasını poza bilirdi.

 

Lakin sonralar belə bağın klassik sərt sadəliyi digər növdən olan estetikanın hücumu ilə şəklini dəyişdi. İlk müdaxilə bağda çiçəkləyən ağacların tətbiqi ilə baş verdi. Axı Yaponiyada çiçəklərə məhəbbət də geniş yayılmışdır.

 

Yaponların həyat və düşüncə tərzi avropalılara bənzəmədiyi kimi, məişətlərində tam əks olan qaydalar mövcuddur. Bunlar əsrlər ərzində meydana gəlmiş və yapon həyatının ayrılmaz hissəsinə, öz ardıcıl təkrarı ilə ənənəyə çevrilmişdir. Şərqdə də yaponlar, ənənəni az qala dini sitayişə çevirmələri ilə fərqlənirlər. Bəzi ənənələr digər xalqın nümayəndələrinin gözündə gülünc və ya xoşa gəlməyən kimi görülə bilər. Onu yaşadan və tətbiq edən xalq üçün isə onun hər bir nümunəsi əzizdir, qiymətlidir və az qala həmin əhalinin gözündə müqəddəslik haləsi qazanır.

 

 (Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 9 fevral.- S.21.