FRAQMENTLƏR
Esse
Onları
kim tanımır
ki...
Məhəmməd Füzulinin yubiley tədbirinə fəxri qonaq kimi dəvət
olunmuşdu. Mən də həmin tədbirdə çıxış
edib dahi şairə həsr etdiyim
"Rüşvət deyil"
deyib,
şair, almayanlar salamını,
Beş-on
ilin döngəsində
ilim-ilim itdi-batdı"
-
beytli şeirimi söyləmişdim. Mərasim bitdikdən
sonra ağlıma da gəlməzdi ki, bu qonaq
mənə yaxınlaşıb
yaxşı çıxışıma
görə təbrik edib əlimi sıxar. Amma bu, baş vermişdi...
Məktəbimizin təqdimatı ilə bağlı mötəbər
bir məclisdə məruzə edirdim. Fəaliyyətimizdən danışmalı, nailiyyətlərimiz
haqqında məlumat verməli idim. Elə bunu da edirdim.
Çıxışımın əvvəlində məktəbimizin məzunu
olmuş tanınmışların
arasında, həm də başda onun adını çəkdim. Diksindi
elə bil, komissiyanın sədri özünü saxlaya bilməyib: "O, doğrudan
da, bu məktəbi
bitirib?" -soruşdu
və haqqında bir neçə cümlə xoş söz söyləyərək
xeyli də heyifsləndi. "Bizim
ən yaxşı yoldaşlarımızdan idi"
- dedi...
Televiziya verilişinə dəvət
olunmuşam. Ölkənin tanınmış görkəmli alimlərinin
də söz deyəcəyi verilişə.
Unutmuşam, unutmuşam ki,
burda mən də nəsə deməliyəm. Sadəcə dinləməyə gəlmişəm
elə bil. Aparıcının müraciətindən sonra çaşqınlıqla
başlayıram bildiklərimdən
deməyə. Rayonumuzun adını
çəkirəm. Həmin
andan elə bil bu böyük
alimlərin məni daha diqqətlə dinlədiklərini hiss edirəm.
Sanki doğmalaşmışam
onlara.
Çəkiliş bitir. Yenə onun adı.
Həmin
o həmyerlimizin. Oradakı
görkəmli alimlərdən
biri məni təqdir edərək:
"Müəllimimin həmyerlisi
belə də olmalıdır" - deyərək,
onun barəsində xatirələrini bölüşür.
Həmyerlim, ən yaxşı yoldaş, görkəmli alimin müəllimi Samət Əlizadə. Həmin tanınmışlarsa
Misir Mərdanov və Nizami Cəfərov. Titullarsız yazdım. Onu da, onları da kim tanımır ki?!
"O Adam"ı tapmaq
Düşünüb-daşınmışam. Az yox, lap xeyli. Bir problemin həllindən
ötrü. Öncə düz
hesab etdiyim fikirlərimdə yanlışlıq
tapıb dəyişmişəm
də. Qəti əminlik yaranıb
verəcəyim qərara.
"Bundan yaxşısı
da ola
bilməz" düşüncəsilə
çağırmışam onu yanıma. Tapşırıqlarımı verməyə. Sakitcə dinlədi məni. Səbirlə, bircə kəlmə
də danışmadan,
heç nə sormadan.
İşimi bitmiş hesab edib tapşırığımı
icra etməyi tapşırdım. Susub durub, üzümə
baxırdı. Nəsə demək
istədiyini duydum.
"Axı nə
deyəcək ki!
- düşüncəmlə.
- Nə qədər tez başlasaq, bir o qədər yaxşı olar. Onsuz da çox gecikmişik".
Baxışları ilə sanki
"bəlkə məni
də dinləyəsən"
- deyir.
- Hə, bəlkə bir sözün var? - soruşuram.
Cavabında:
- Hə, var, - deyib başlayır. Elə ilk cümləsində mənim
günlərlə fikirləşib
verdiyim qərarın yanlışlarını anladır
mənə. İndi mən
susub onu dinləyirəm - heyrətlə.
Çıxış yolu göstərir,
daha asan, daha ağıllı çıxış yolu.
"Bundan yaxşısı
ola bilməz"
- düşüncəmlə nəsə oyuncaq tapmış uşaq təki sevincək: "Onda bildiyin kimi
et" - və tez-tələsik
də səhvimi düzəldirəm: "Onda
sən deyən kimi edək" - deyirəm.
Özümdən ötrü daha
vacib olan qərarı verirəm:
"Deyəsən, bütün
çətin məqamlarımda
məsləhətləşə biləcəyim adamı tapmışam axı..."
Riyakar
Tərifləyir, hey öyür məni. Sözləri, cümlələri bir-birinə
calaya-calaya, dil boğaza qoymadan. Çöhrəsində süni
təbəssüm: "Sənin
kimilər tək-təkdir,
tayın-bərabərin yoxdur,
hamı etdiyin yaxşılıqlardan, xeyirxahlığın,
lütfkarlığından danışır" - deyir.
Olan, olmayan keyfiyyətlərimi
sayır şişirdə-şişirdə.
"Görkəmli, tanınmış" epitetlərini
yapışdırır adımın
yanına. Bu tərif mərasiminin bitməsini gözləyirəm.
O isə uzadır, uzadır. Alnımı puçur-puçur xəcalət təri basır. Utanıram...
Utanıram onun əvəzinə.
Bu saxtalığına görə. Bilirəm, dəqiq-dürüst
bilirəm, arxada isə bu dediklərinin
əksini dönə-dönə
söylədiyini və
məndən ayrıldıqdan
bir neçə dəqiqə sonra tamam başqa sözlər danışdığını.
Ağır-ağır nəfəs aldığımı
görüb, təəccüblə
baxır üzümə.
Anlayır, elə bil oxuyur ürəyimdən keçənləri.
Düşüncəmdəsə bircə,
tək bircə söz təkrarlanır:
"Riyakar, riyakar, riyakar..."
"Sən bizə qonaq gəlmə"
Təsadüfi olmuşdu ünsiyyətimiz. "Tam demokratik" kimi qələmə verilən
bir dövlətin vətəndaşı idi.
Ehtiyatla davranır, adi məişət söhbətlərindən
kənara çıxmırdıq.
Dil çətinliyimiz də vardı. Birtəhər anlaşırdıq. Ancaq zaman keçdikcə isinişdik. Nəsə fərqli
səmimiyyət görürdüm
onda. Təbii ki, söhbətlərimizin
mövzusu da dəyişirdi yavaş-yavaş.
Məni maraqlandıran suallara cavab almaq istəyirdim
ondan. O da eləcə. Mənim işim ona nisbətən asan idi. O, bizim ölkəmizdə idi. Hər şeyi öz gözləri ilə görürdü. Mənsə ondan
nələrisə eşitməli
idim. Maraqlı idi onların
həyat tərzi, düşüncələri, böyük
ölkənin vətəndaşı
kimi imkanları, maraqları və sair. Dünyaya keçdikləri "demokratiya dərsləri"
haqqında sualıma
"Bizim ölkədə
demokratiya yoxdur" deyə cavab verməsi heyrətləndirdi
məni. "Bəs
onda..." Fikrimi bitirməyə imkan
verməyib məyus şəkildə başını
buladı. Böyük kədər
gördüm baxışlarında.
Daha da inandım onun səmimiyyətinə.
Hamı ilə qaynayıb-qarışmışdı
qısa bir müddətdə. Deyib-gülür, söhbətləşirdi. Şənlənir, az qala hər
kəsi bağrına
basmaq istəyirdi. Əlinə düşən imkandan doyunca bəhrələnmək
istəyirdi sanki.
Nəhayət, yetişdi ayrılacağımız
gün. Gözləri dolmuşdu. "Sizləri çox, lap çox sevdim. Gözəl insanlarsınız. Burda
hamı məni öz doğması bilirdi - dedi. - Həyatımın ən xoş günlərini yaşadım Azərbaycanda"
- əlavə etdi. "Mən də
sizin ölkəni görmək istərdim"
deməyimlə çöhrəsinə
kölgə çökdü
elə bil. Dəyişdi səsinin tonu.
Məni bağrına
sıxaraq yavaşca qulağıma pıçıldadı:
"Sən bizə qonaq gəlmə, - dedi, çox təəccübləndirdi məni.
- Biz sizin kimi deyilik. Mənim ölkəmdə olsan, onda bizə
nifrət edərsən,
yaxşısı budur,
sən bizə qonaq gəlmə".
Sanki yalvarırdı mənə:
"Sən bizə qonaq gəlmə". İndi yazığım gəlirdi ona - böyük "demokratik"
ölkənin "azad"
vətəndaşına...
Allahım, qoru bizi belə aqibətdən, qoru bizi Allahım!
Cılızlığın avtoportreti
"Kəndçidir, geridəqalmışdır" - düşünür barəmdə, bilirəm. İmkan yaradıram bu "şəhərli"yə özünü lazımınca "təqdim etməsi" üçün. Susub dinləyirəm. Şablon cümlələrlə göstərmək istəyir öz "üstünlüyünü". Sayır bir-bir cılız "nailiyyətlərini". Tanınmışlarla əlaqələrindən bəhs edir. Bəzən bir fikri digərini təkzib etsə də, usanmır onları ipə-sapa düzməkdən. "Filankəslə filan yerdə çay içmişik", "filankəsin iştirak etdiyi məclisdə olmuşam, hətta onunla şəklim də var", "bir dəfə filan məşhur öz çıxışında mənim adımı çəkib", "filankəs rəhmətlik atamla söhbət edib" və sair. Başımı tərpətməklə guya təqdir edirəm onun uğurlarını. Gedir yavaş-yavaş daha böyük ucuzluğa. Qazanclarını sayır, imkanlarından şişirdə-şişirdə bəhs edir. Hər cümlədə özünün ürəkbulandıran portretini çəkir elə bil. Gözləyirəm ürəyimdə gülə-gülə, gözləyirəm "yaratdığı avtoportret"in bitməsini. O isə durmadan vurur onun yeni ştrixlərini. Heç bir mahir rəssamın görə bilməyəcəyi bir işi görür. Daha dinləmirəm onu. Hazırdır portreti, görürəm hər şeyi. Bütün varlığıyla əks olunub kasad ağlı, cılız düşüncəsi. Yəni böyüklüyü yox, "yekəliyi", yaramaz xisləti. Onun adına nə ola bilərsə, hamısı əks olunub bu "avtoportret"də: elə məni "kəndçi, geridəqalmış" hesab etməsi də... "Malades!"
Görmədi özünü
İnamdan, etibardan bəhs edən bir verilişi izləyirdik. Tanınmış bir alim də qonağıdır bu verilişin. Qısa müqəddimə verdikdən sonra bir süjetə baxmağı təklif edirlər. Elə bil biz ikimizik bu verilişin qəhrəmanları. Təkcə adlar fərqlidir. Ürəyimdən keçənləri söyləyirlər sanki, yanımdakının üzünə. Müşahidə edirəm onu. Axı eynən onun "üslub"undan - davranışlarından, danışıq tərzindən, bir sözlə, yaramazlığından bəhs edirlər. Diqqət kəsilib. Əlindəki stəkandan qurtum-qurtum çay içməklə daha yaxına keçib oturur. Sevinirəm. Ürəyimdən keçənləri, abrıma, həyama qısılıb deyə bilmədiklərimi sayırlar onun üzünə. Göstərdilər, ekrandan tanıdırlar özünü ona. Belə hərəkətlərin adının yalnız yaramazlıq olduğunu deyərək qınayırlar. Çəkdikləri nümunələrin hamısı cəmlənib yanımdakının varlığında. Yalan da var, etibarsızlıq da, vecsizliyininsə həddi-hüdudu yox. Dinləyir, az qala nəfəs almadan dinləyir. Mənsə sevinirəm. "Nə yaxşı oldu! Yəqin bunu görüb nəticə çıxarar özü üçün". Rahatlıq gətirir mənə bu düşüncə. Təşəkkür edirəm ürəyimdə, bu verilişi ərsəyə gətirənlərə. "Çox sağ olun, deyə bilmədiklərimi ünvanına çatdırırsınız" düşüncəsi ilə sevinirəm, minnətdar oluram. Amma qəfil diksinirəm onun naqolay hərəkətindən. Ekranda özünü müdafiə edən tipinə hiddətlənir, əlini dizinə vuraraq, mənə müraciətlə ucadan deyir: "Tfu! Görürsən əclafı?!"
Donub qalıram yerimdə.
Əlim üzümə yapışır. "Görməyib
özünü, görməyib,
tanımayıb". Bu fikirlə
sustalıram. "Düzəlməz, yox,
düzəlməz". Heyfim gəlir bayaqdan alqışladığım
yaradıcı heyətin zəhmətinə. Qandıra bilmədilər
bu özünü
görə bilməyəni. Amma onlar nə etsinlər?! Axı beləsində
özünə hesabat vermək qabiliyyəti
yoxdur. Yoxdur öz nöqsanını görüb
nəticə çıxarmaq qanacağı. Demək "nəsə"
çatmır. Bax bu
çatmayanısa ona heç
kim kənardan gətirib verə bilməz.
Yoxdur o "nəsə",
olmayacaq da...
Nəcməddin MÜRVƏTOV
525-ci qəzet.- 2022.- 9 fevral.- S.20.