Parçalanmış Türküstanı
gəzib tanıdıq... Bəs bütov Türküstan?
2021-ci il oktyabrın 15-də Bakıda keçirilən
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının 7-ci Zirvə toplantısında Türk
Dövlətlər Birliyi adlı beynəlxalq bir təşkilat
yaradıldı. Həmin günlərdə AMEA Folklor
İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlunun
(İmanov) layihə rəhbərliyi ilə "Elm və təhsil"
nəşriyyatında "Parçalanmış
Türküstanı gəzərkən" adlı kitab nəşr
edildi. Kitabdakı məqalələr 21 il
öncə yazılmağa başlansa da, yeni yaradılan təşkilatın
ideyasına xidmət edir.
320 səhifəlik kitaba Əli Şamilin Qazaxıstan,
Qırğızıstan, Özbəkistan və Türkmənistanda
keçirilən elmi toplantılara gedərkən qələmə
aldığı yol qeydləri daxil edilmişdir. Simpozium və konfranslar
haqqında yazılan məqalələr, adətən,
toplantılar haqqında hesabatı xatırladır:
toplantını kim açdı, kimlərin
məruzə və çıxışları dinlənildi,
qapanış toplantısından sonra bədii hissədə
kimlər çalıb-oxudu, toplantıdan sonra haralara gəzinti
təşkil edildi...
Kitaba daxil edilmiş məqalələr ənənəvi
qəlibdən fərqlənir. Orada müəllifin yolboyu
rastlaşdığı hadisələrdən,
görüşdüyü insanlarla olan söhbətlərdən, şəhərlərin
tarixi, gəzməli-görməli yerlərindən bəhs edən
parçalar elmi toplantılar haqqında verilən bilgiləri
üstələyir. Lakin bu yazıları
bütovlükdə səyahətnamə də adlandırmaq
olmur. Çünki müəllif bəzən
Türk dünyası aydınları ilə elmi polemika və
müzakirələrə geniş yer ayırır. Bəzən
də türksoylu xalqların tarixdə və
günümüzdə yaşadığı gerçəkliklərdən,
onların hazırkı qayğılarından, sıxıntılarından
söz açmaqla oxucunu ümumtürk coğrafiyasında
yaşayanların şanlı keçmişilə
bağlı düşündürür, eləcə də
onları gələcəyə, ümid dolu sabahlara - Türk
Birliyini, Turanı qurmağa səsləyir.
Müəllif Türküstan deyərkən Xəzər
dənizindən Çin səddinə kimi uzanan əraziləri,
əsasən, türklərin yaşadığı bölgələri
nəzərdə tutduğunu göstərir. O, parçalanmış
Türk ellərinin tarixini öyrənməyin, Türk millətinin
keçmişdəki və günümüzdəki
mövqeyini müəyyənləşdirməyin vacibliyini
göstərir. Türk birliyinin yaranması
üçün gənclərə hansı işləri
görmək lazım olduğunu sətiraltı mesaj şəklində
ötürür.
BDU-nun
professsoru Vaqif Sultanlının kitaba yazdığı
"Türküstan yaşantıları" adlı əhatəli
ön sözdə müəllifin oxşar mövzuda
yazdığı "Tanıdığım insanlar"
(2000), "Dastanlaşmış ömürlər" (2001),
"Quzey Kıbrıs" (2001), "Aşıq İsgəndər
Ağbabalı" (2006), "Uyğur, Qaqauz, Quzey Qafqaz
türklərinin folkloru və ədəbiyyatı" (2011),
"Krım sevgisi" (2012), "Axısqalı Xəstə
Hasan" (2012), "Türkçülüyün
qurbanları" (2013), "Colan türkmanları" (2014),
"Qaşqaylar və onların folkloru" (2020) kitabları
haqqında da bilgi verilib.
Ümumiyyətlə, Əli Şamilin Türk
dünyası ilə bağlı yazdığı hər bir
kitab və məqalədə milli dəyərlərə
bağlılığı, vətəndaş təəssübkeşliyi
açıq-aydın görülür. O, ümumtürk
coğrafiyasında gəzib gördüyü yerləri
özünün doğulub böyüdüyü
Göyçə mahalı ilə müqayisə edir, həmin
ərazilər arasında bənzər xüsusiyyətlərin
olduğunu göstərir. Qırğızıstandakı
Isık gölü ilə Göyçə gölü
arasındakı bənzərliyi vurğulayan müəllif, gənclik
illərinə dönür. Xatirələrinə
hopub qalmış bölgənin təbii gözəlliyindən
söz açır, 30 ildən artıq gedə bilmədiyi kəndlərini
ürəkağrısı ilə yad edir. Doğma yer-yurd həsrətli, nisgilli bu parçalar
oxucunu kövrəldir.
Kitabda
Əli müəllim Türkmənistan Respublikası ilə
türksoylu dövlətlər arasındakı mövcud viza
rejiminin çətinliyindən, dövlətlərarası və
şəhərlərarası birbaşa uçuşların
olmamasından, təyyarə biletlərinin
bahalığından, gediş-gəliş zamanı sərhədlərdə
yaradılan bürokratik əngəllərdən, Türk
xalqlarının ortaq ünsiyyət dili məsələsindən,
ana dilinin müqəddəsliyi və ana dilli təhsilin
vacibliyindən bəhs edir. Bu məsələləri
ən kiçik detalına qədər təsvir edən
müəllif, sanki türksoylu dövlətlər arasında
canlı körpü olmağa cəhd edir, bürokratik əngəllərin
aradan qaldırılması yollarını arayır.
Müəllif, getdiyi şəhərlərdə Stalinin əmri
ilə 1937-38-ci illərdə Azərbaycandan sürgün
edilmiş, SSRİ-nin müxtəlif bölgələrinə
səpələnmiş mənəvi sərvətlərimizin
- aydınlarımızın həyatı, sonrakı taleyi ilə
maraqlanır.
Onların nəslindən yadigar qalanları
arayır, axtarır, evlərində qonaq olur, orada azərbaycanlıların
tikdirdiyi məscidlərə gedir, soydaşlarımızın
ailə arxivləri ilə, elmi yaradıcılıqları, əsərləri
ilə bağlı dəyərli araşdırmalar aparır.
Həmçinin, kütləvi sürgünə
məruz qalmış Axıska türkləri və 40 ilədək
axtarışını davam etdirdiyi Xəstə Hasan irsi ilə
bağlı araşdırmasını davam etdirir.
Səfər
zamanı Əli müəllim ötən əsrin
başlarında Türk dünyasının
tanınmış aydınlarından olmuş Xalid Səid
Xocayevin doğulduğu kəndə, böyüdüyü ata
ocağına (Koşkurqan kəndinə) gedir, gözəl
yazıçımız Yusif Vəzir Çəmənzəminlinin
bir zamanlar çalışdığı ali məktəbi
(Xarəzm Pedaqoji İnstitutu), Əhməd Yəsəvi
adına Uluslararası Türk-Qazax Universitetini, Əhməd Yəsəvi
türbəsini ziyarət edir. Bütün bunlar
Əli müəllimin milli təəssübkeşliyindən
qaynaqlanır.
Türk
dünyasının məşhur elm adamlarını - Tahir
Kahharı, Gulam Karimini, Jumaboy Yusupovu, Törə Mirzəyevi,
Bəxtiyar Kərimovu, Nəsrəddin Məhəmmədiyevi və
digər onlarla ziyalını Əli müəllimin
"Parçalanmış Türküstanı gəzərkən"
kitabından qiyabi şəkildə tanımaq olur.
Müəllif,
həmçinin, getdiyi şəhərlərdə qədim
tarixi abidələrin - Almatı
yaxınlığındakı "Qızıl geyimli
şahzadə" kurqanının, Balasaqun xarabalıqları
və Burana minarəsinin, Ata-Beyit memorial kompleksinin, Ruh Orda
muzey kompleksinin və digər abidələrin təsvirini
vermişdir. Oxucu həmin təəssüratları
oxuduqca sanki o abidələri şəxsən
özünün ziyarət etdiyini düşünür, bu
abidələr və onların tarixiylə bağlı insanda
müəyyən təsəvvür yaranır.
Əli
müəllimin getdiyi yerlərdə maraqlandığı
işlərdən biri orada təhsil alan azərbaycanlı
tələbələrlə görüş olub. O, getdiyi
şəhərlərdə yeni nəslin nümayəndələri
- tələbə gənclərimizlə, onların
qayğıları ilə maraqlanıb, onlara mənəvi dəstək
verib. Həmçinin, Türküstanda Azərbaycanın
mədəniyyət elçisi sayılan Qulu Kəngərli ilə
görüşlərindən, maraqlı söhbətlərindən,
birgə getdiyi tədbirlərdən fraqmentləri qələmə
alıb.
Türksoylu
xalqların ortaq folklorunun və mədəniyyət abidələrinin
qorunması üçün müxtəlif konfransların və
elmi toplantıların təşkil edilməsində azərbaycanlı aydınlar əzmkarlıq
göstərirlər. Bu məsələlər kitabda
qabarıqlığı ilə deyil, sətirarası incə sözlərlə
verilir. Necə deyərlər, ilk baxışda qısa və az yer tutan cümlələrdə Azərbaycanın
Türkiyə ilə Türküstan arasında bir
körpü rolu oynadığı görülür.
Türkiyədə keçirilən elmi toplantılarda
Türküstan araşdırıcılarının, eləcə
də Türküstanda keçirilən toplantılarda
türkiyəli araşdırıcıların
iştirakçılarının səbəbkarı həmyerlilərimiz
olduğunu oxuduqda sevinməmək olmur. Türkiyədəki ali təhsil ocaqlarının, elmi idarələrin
vəsaiti, eləcə də orada işləyənlərin gəlirləri
Azərbaycanla müqayisədə dəfələrlə
çoxdur. Buna baxmayaraq, az gəlirli azərbaycanlı
araşdırıcılar onlara rəhbərlikdən göstərişlər
verilməsini, yol məsrəflərinin, kommunal xərclərinin
ödənilməsini gözləmədən könüllərinin
səsinə qulaq asaraq səfərə çıxır,
birgə toplantılar keçirilməsinə, kitabların nəşrinə,
layihələrin reallaşmasına səbəb olurlar.
2009-cu
ilin oktyabr ayında Türkiyənin Bolu şəhərində
təşkil edilmiş "I Uluslararası Koroğlu, Bolu
tarix və kültürü simpoziumu"nun baş tutması dediklərimizə
nümunə ola bilər. Türkiyənin Bolu şəhərindəki
Abant İzzet Baysal Universitetinin professoru Ali Yamanla, universitetin
rektoru, professor Atilla Kılıçla görüşlər
və müzakirələrdən sonra, Əli müəllim
Türk aydınlarını bir araya gətirərək ortaq dəyərlərimizdən
olan "Koroğlu"nun tədqiq edilməsinə vəsilə
olub, Orta Asiyadan alim və professorların bu tədbirə gəlişi
üçün xeyli çaba göstərib. Bu
zaman bəzi bürokratik əngəllərlə
qarşılaşmasına rəğmən konfrans yüksək
səviyyədə keçirilib.
Əli Şamil ömrünü mənsubu olduğu
türk xalqlarının tarixini, etnoqrafiyasını, folklorunu
araşdırmağa, tanınmış ədəbi şəxsiyyətlərini,
onların yaradıcılığını tədqiq etməyə
həsr etmiş aydınlarımızdandır. O, uzun müddətdir ki,
AMEA Folklor İnstitutunun "Xarici ölkələrlə əlaqələr"
şöbəsinin müdiri vəzifəsində
çalışır. Üzərinə
götürdüyü bu məsuliyyətli işin öhdəsindən
uğurla gəlməyi bacaran Əli müəllim, daim
türksoylu xalqların yaxınlaşması
üçün, sahib olduqları ortaq kimliyin, ortaq mədəniyyətin
bir tam şəkildə öyrənilməsi, tədqiqi və
təbliği üçün can atmışdır.
Almatının
50-60 kilometrliyindəki İssıq vadisindəki “Qızıl
geyimli gənc (Altun adam)” kurqanı
yanında ucaldılmış xatirə abidəsi. Şəkildə
soldan BDU-nun professoru Vaqif Sultanlı, AMEA Folklor İnstitutunun
Beynəlxalq Əlaqələr şöbəsinin müdiri
Əli Şamil, Türkiyə Qazi Universitetinin professoru Fatma
Açıq və İsveçdəki Uppsala Universitetinin
professoru Birsel Karakoc.
"Parçalanmış
Türküstanı gəzərkən" kitabını
oxuduqca hiss edirsən ki, Türk xalqları soyca eyni olsalar da,
onların yaxınlaşması, ortaq məxrəcə gəlməsi
heç də asan deyil. Çünki insanlar
keçmişdən, uzun illər davam edən müstəmləkə
siyasətinin təsirindən uzaqlaşa bilmirlər. Belə ki, uzun illər Qazaxıstanda,
Qırğızıstanda, Özbəkistanda, Türkmənistanda
yaşamış insanlar hələ də rus dilində
danışmaları ilə qürurlanırlar. Bir-iki aya öyrənə biləcəkləri
doğma dillərini öyrənmək istəmirlər,
çox vaxt da ana dillərinə yuxarıdan aşağı
baxırlar. Zamanın gedişini də
düzgün dəyərləndirə bilmirlər. Yerli xalqların dillərinin dövlət dili
olmasına ruslardan daha çox müqavimət göstərirlər.
Dövlət dilini bilmədiklərinə
görə işdən uzaqlaşdırılmalarını
milli ayrı-seçkilik kimi qiymətləndirirlər. Yaxud da qonaqlıqlarda, məclislərdə Stalinin,
Qorbaçovun sağlığına badə
qaldırmaları ilə qürurlanırlar.
Sovetlərin dağılmasından sonra müxtəlif
yollarla qazandıqları pulları kef məclislərinə həvəslə
xərclədikləri halda maarifçiliyə, dərnəklər
yaratmağa, təşkilatlanmağa pul xərcləmək istəmirlər. Buna görə
də sayları çox olsa da, təəssüf ki,
ictimai-siyasi həyatda saylarına layiq yer tuta bilmirlər.
Bilikləri, qabiliyyətləri olsa da, təşkilatlanmağa
önəm vermədiklərindən aralarında
deputatların, dövlət idarələrində işləyənlərin
sayı olduqca azdır.
Bir adamı, hansısa vacib bir faktı bəzən illərlə,
aylarla axtarırsan, onu tapa bilmirsən. Bəzən də
heç axtarmadığın, gözləmədiyin halda
maraqlı insanlarla qarşılaşırsan. Buna "bəxti gətirmək" deyirlər.
Əli Şamilin yol qeydlərini oxuyanda onun da bəxti
gətirmiş müəlliflərdən olduğunu söyləmək
olar. Oxucu üçün maraqlı olacağını
nəzərə alıb "Parçalanmış
Türküstanı gəzərkən" kitabından bir
parçanı aşağıda veririk:
"Özbəklər Xivəni nisbətən
yaxşı qoruyaraq açıq səma altında muzeyə
çeviriblər. Əlvan kaşılarla bəzənmiş
binalar göz oxşayır. Günümüzədək
gəlib çatmış bu binaların hər birinin tarixindən
bir kitab yazıla bilər. Bələdçiliyi
Cumabay etsə də, ya vaxtın darlığından, ya da
buraya çoxlu qonaqlar gətirdiyindən şəhər və
binalar haqqında o qədər geniş bilgi verməyə
çalışmır. Ədəbiyyatdan,
gündəlik məsələlərdən, Azərbaycanın
durumundan söhbət edə-edə gedirik. Arxadan gələn "Azərbaycanlı!"
çağırışı ikimizi də geri döndərir.
Divar dibindəki köhnə stollarda oturub
söhbət edənlərdən ən yaşlısı
ayağa qalxmağa çalışır. "Azərbaycanlı!" deyə arxadan bizi səsləyənin
o olduğunu bilib yanına gedirik. Salamlaşdıqdan
sonra bizə oturmağa yer göstərir, çay sifariş
etmək istəyir. Biz çay içməyəcəyimizi
bildirsək də, yanında otururuq. Məlum olur ki,
Cumabayla bir-birini
tanıyırlar.
Onun
özbək və mənim Azərbaycan türkcəsində
olan və heç bir tərcüməçiyə ehtiyac
duymadığımız söhbətimiz yadımda belə
qalıb:
- Məni
tanıdınmı?
- Yox.
- Ola bilməz!
Yaddaşımı itiləşdirməyə
çalışıram. Tanıdığım
özbəkləri yada salıram. Heç
birinə bənzədə bilmirəm. Onun sual dolu
baxışlarından yaxa qurtarmaq üçün:
- Görünür, qocalıq öz işini görüb. Sizinlə harada tanış olduğumu xatırlaya bilmirəm, - deyərək vəziyyətdən çıxmağa çalışıram. O, yenə məni suala tutur
- Nəsimi filminə baxmısanmı?
- Baxmışam.
- Məni yenə tanımadın?
- Yox.
- Mən Nəsiminin cəlladıyam!..
Onun bu sözünə məndən çox Cumabay heyrətlənir. "Azərbaycanfilm"in 1973-cü ildə çəkdiyi Nəsimi filminə bir neçə dəfə baxsam da, onu xatırlaya bilmirəm. Hazırda Özbəkistan Fənlər Akademiyası Xivə tarixi filialında işləyən, tarix elmləri namizədi Şıxnəzər Mətrəsulov Nəsimi filminin Xivədə çəkilməsindən, Həsən Seyidbəylinin onu kinoda epizodik rol olsa da, Nəsiminin cəlladı rolunda çəkməsindən, dostluqlarından maraqla danışdı. Azərbaycandakı dost və tanışlarını xatırladıqca kövrəldi. Onun dost və tanışları arasında elm adamları da vardı, sənət adamları da, futbolçu da. Fərqli peşə adamları ilə onu bağlayan xətt Azərbaycan sevgisi idi. Həsən Seyidbəylini, veteran futbolçu Kazbek Tuayevi xatırlayanda kövrəldi də. Bir neçə tanış və dostunun halını xəbər alanda mən "Allahın rəhmətinə qovuşub", "Dünyasını dəyişib", "Dünyadan köçüb" və s. deyəndə yazıq-yazıq və kədərlə üzümə baxaraq "Hamısı gedib, mən qalmışam?" deyə cavabsız bir sual verdi. Sualı mənəmi verirdi, ətrafındakılaramı, yoxsa özünəmi? Onu bilmək çox çətin idi.
Əlaqələrimizin zəiflədiyindən, gediş-gəlişin azaldığından gileyləndi. Özünün cib telefonu işlədə bilmədiyini söylədi. Oğlanları Laçının və Nadirin cib telefonlarının nömrəsini verdi. Xahiş etdi ki, azərbaycanlılar gələndə ona zəng vursunlar, onlarla oturub söhbət etsin, ötən günləri xatırlasın".
Ürək yanğısı ilə
yazılmış "Parçalanmış
Türküstanı gəzərkən" kitabındakı
yazılar bölgəni tam əhatə etmir. Müəllif
Doğu Türküstanın, Güney Türküstanın,
Quzey Türküstanın adlarını çəksə də,
onlar haqqında oxucu fikrinə aydınlıq gətirəcək
bilgilər vermir. Arzu edirik ki, müəllifin qələmindən,
gələcək məqalə və kitablarından
Türküstanı bütövlükdə əhatə edən
dolğun yazılar oxuyaq.
Aynurə
SƏFƏROVA
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 9 fevral.- S.16;17.