“Tağıyev Zərdabiyə görə
Nərimanova əsəbiləşib, tələbələrin
pulunu kəsəcəyini deyir”
525.az Milli Azərbaycan Tarixi Muzeyinin
icraçı direktoru, tarix üzrə fəlsəfə
doktoru Fərhad Cabbarovun APA-ya müsahibəsini təqdim edir:
Bir dəfə Hacı Zeynalabdin Tağıyevlə
bağlı qalmaqallı mətləblərə toxunan
yazı yazmışdım. Təbii ki, həmin mətləblərə
toxunmağın cəzası kimi yaxşıca tənqid də
olunmuşdum. Ancaq həmin vaxt hələ
tanımadığım Fərhad müəllimdən gələn
mesaj mənim üçün böyük stimul olmuşdu.
O məni tənqid etmir, əksinə cəsarətimə
görə təqdir edirdi. Fərhad müəllimi
də, elə onun Tağıyev sevgisini də özüm
üçün ilk dəfə onda kəşf etmişdim.
O gündən sonra isə Tağıyevlə bağlı məni
maraqlandıran suallarla müraciət etdiyim ilk mənbə məhz
Fərhad müəllim olub. İndi də
Tağıyev də daxil olmaqla bir çox Bakı
milyonçusu haqqında suallarımı “götürüb”
yollandım Fərhad müəllimin
çalışdığı Milli Azərbaycan Tarix Muzeyinə.
Muzeyə
girər-girməz Fərhad müəllimə belə bir sual
verdim:
- Görəsən,
Tağıyevin ruhu narahat deyil?
- Niyə
narahat olsun ki?
-
Mülkü Tarix Muzeyinə çevrildiyinə görə...
- Əksinə, onun ruhu indi şaddır. Çünki
Tağıyevin adı burada yaşayır,
yaşadılır. Bir də ki, bu bina
ondan hələ 1920-ci ildən alınmışdı.
Artıq may ayında ailə buradan
köçürülmüş, iyunda muzey təsis
edilmişdi. Hazırda isə binada ona aid doqquz
otaq var ki, həmin otaqlar Tağıyevin xatirə muzeyi kimi fəaliyyət
göstərir. Burada onun adına tədbirlər
təşkil olunur, kitablar nəşr edilir. Muzeyə
gələnlərin əksəriyyəti buranı Tağıyevin
evi kimi tanıyırlar. Bir sözlə,
onun evi etibarlı əllərdədir.
Fərhad
müəllimin otağında demək ola
hər tərəfdə Tağıyevin şəkillərini
görmək mümkündür. Elə bu
nüansdan çıxış edərək növbəti
sualımı verirəm.
- Siz
Tağıyevi bütləşdirmisiniz ki...
-
Əsla! Mən ümumiyyətlə, hansısa
tarixi şəxsiyyəti bütləşdirməyin əleyhinəyəm.
Ancaq tarixi faktlara söykənərək olan
şeyləri mütləq qeyd etmək lazımdır. Onun haqqında onsuz da hansısa fantaziyalara söykənib,
nələrsə söyləməyə ehtiyac yoxdur,
çünki deyilə biləcək kifayət qədər təqdirəlayiq
məqam var.
Bakıda
Aleksandr Nevski başkilsəsinin tikintisinə ən çox
Bakı milyonçuları kömək edib
- Bu məqamlardan
danışacağıq. Ancaq söhbətimizə
Bakı milyonçuları ilə bağlı məni ən
çox maraqlandıran bir sualla başlamaq istəyirəm.
Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım,
gördüklərim” kitabında yazır ki, Tiflis şəhərinin
bələdiyyə rəisi ildə 4 min manat maaş
aldığı halda, Bakı milyonçuları
lovğalıqla Kursk şəhərindən ildə 20 min
manat maaşla Rayevi bələdiyyə rəisliyinə dəvət
edibmişlər. Süleymanov Bakı
milyonçularının bu avam “səxavəti”nin
dəfələrlə qəzet felyetonlarında lağa
qoyulduğunu yazırdı. Siz bu məsələni
necə şərh edərdiniz?
- Bu məsələni
şərh edərkən bir məqamı xüsusilə
vurğulamaq lazımdır ki, o vaxt Bakıya rəhbərlər
kənardan dəvət edilirdi. Onlar da çox
vaxt gəlmək istəmirdi.
- Niyə?
- İlk növbədə şəhərin iqliminə
görə. Digər tərəfdən, şəhərin həmin
dövrdə problemləri çox idi. Bakı
Şəhər Duması vəziyyətdən
çıxış yolu kimi məvacibi
qaldırmışdı ki, heç olmasa bunun hesabına kimisə
gətirmək olsun. Axı o vaxt şəhər
başçıları azərbaycanlı ola
bilməzdi. İstisna kimi bir neçə azərbaycanlını
çıxmaqla, əksər şəhər
başçıları digər millətlərdən olub.
O dövrdə şəhərin başçısı Duma tərəfindən
seçilirdi. Dumada da əksəriyyət neft
milyonçuları idi. Elə olub ki,
Rusiyanın şəhərlərindən bura
başçılar gəlib. Yəni bu səxavətdən
yox, onları cəlb etmək üçün atılan
addım idi.
- Yəni
səbəb təkcə bu idi?
- Bir də
o vaxt yad bir dövlətin tərkibində idik və bizə
qarşı böyük etimadsızlıq vardı. Bəlkə də milyonçular bu yolla sədaqətlərini
göstərmək istəyiblər. Başqa
bir nümunə deyim. Bakıda Aleksandr
Nevski başkilsəsinin tikintisinə ianə
yığılan zaman ən çox kömək edənlər
məhz Bakı milyonçuları olub. Çünki
müsəlman şəhərində ən böyük
pravoslav kilsəsi kimi Aleksandr Nevski başkilsəsi çox
möhtəşəm olmalı idi.
- Deyilənə
görə, tikinti zamanı təkcə milyonçular yox,
şəhər sakinləri də kilsə zənginin hazırlanması
üçün öz qızıllarını veribmiş.
- Bu məqam
birbaşa yuxarıda qeyd etdiyim etimad məsələsi ilə
bağlıdır.
Tağıyev
Səttarxan hərəkatına kömək edib, hərəkat
vaxtı ora ərzaq göndərib
- Rusiya ilə
münasibətlərdən söz düşmüşkən,
Sizcə Bakı milyonçularında Qərbə meyl daha
güclü idi, yoxsa Şərqə?
- Mən
onların heç birinə qərbpərəst deyə bilmərəm.
Biz dövrün mesenatlarının fəaliyyətinə
baxanda həm məscidə, həm də teatra dəstək
olduqlarını görürük. Onların
tikdirdiyi binalarda həm Şərq, həm də Qərb
elementlərini görə bilərik. Yəni
burada konkret fikir söyləmək mümkün deyil.
- Bakı milyonçularının Səttarxan hərəkatına kömək etdiyi barədə də iddialar var. Bununla bağlı konkret faktlar var?
- Bəli, belə faktlar var. Tağıyev Səttarxan hərəkatına kömək edib, hərəkat vaxtı ora ərzaq göndərib. Hətta bəzi polis məlumatlarında silah göndərdiyi də deyilir. Düzdür, bu tam təsdiqini tapmayıb. Ümumiyyətlə, o vaxt Cənubda gedən proseslərə burada böyük rəğbət vardı. Ona görə də bizim milyonçularımız onlara kömək edirdi. Yardımla bağlı sənədlərdə Musa Nağıyevin də adı keçir.
- Milyonçuların dinə münasibəti necə olub?
- Onların əksəriyyəti dindar idi. Mən deməzdim ki, fanatik dindar olublar. Ancaq məsələn, Dadaşov hacı idi, İsrafil Hacıyev kərbəlayı idi. Şəmsi Əsədullayevlə, Murtuza Muxtarov barədə dəqiq nəsə deyə bilmərəm, amma Tağıyev dəqiq dindar idi. Baxın, görün hacının ətrafında nə qədər dindar toplanmışdı, özü də geridə qalmış mollalar yox, qabaqcıl din xadimləri. Quranın tərcümə olunmasında Tağıyevin maliyyə dəstəyi verməsini də unutmamalıyıq. Kərim Mircəfərzadə tərəfindən edilən tərcüməni Tağıyev maliyyələşdirib.
Məscidlərin tikintisində isə bir çox milyonçular iştirak edib. Əlbəttə, burada cəmiyyətin həmin dövrdə dinə münasibətinin mühüm rolu var. Din hökmran idi. Başqa cür mümkün də deyildi. Məsələn, Rusiyada da milyonçular kilsələrə kömək edirdi. Onu da xüsusi olaraq qeyd etmək istərdim ki, milyonçular təkcə məscidlərə yox, həm də kilsə və sinaqoqlara kömək edirdilər.
- Məncə bu multikulturalizm təkcə ibadət evlərinin təmiri ilə məhdudlaşmır, milyonçuların içərisində digər millətlərdən olan xanımlarla evlənənlər də vardı.
- Elədir, Muxtarovun xanımı və Şəmsi Əsədullayevin ikinci həyat yoldaşı başqa millətdən idi. Ancaq bizim əksər milyonçularımız öz xalqımızın nümayəndələri ilə evlənib. Əgər bu suala məndən dürüst cavab istəyirsinizsə, deyim. Nərimanov yazırdı ki, Avropada qonaq gələndə evin xanımları uşaqlara deyirlər ki, keç o biri otaqda oyna. Bizdə isə qadınlar qonaq gələndə uşağı gətirib oturdurlar qucaqlarında, uşağın yanında qeybət qırırlar. Analardan söhbət gedir… Nərimanov söhbəti qadınların təhsilinə gətirib çıxarırdı, yəni Tağıyevin qız məktəbinə.
Qız məktəbi yaratmaq Tağıyevin nəyinə lazım idi? Onun qızları yaxşı yerdə oxumuşdu, istəsə ondan da yaxşı yerlərdə oxuda bilərdi. O, heç qız məktəbini açdırmaya da bilərdi. Ona görə açdırdı ki, bu millətin gələcəyini düşünürdü. Qızlar təhsil alsın, bu kimi hallar çoxalmasın. Bu arada onun hər iki xanımı müsəlman olub.
- Murtuza Muxtarovun özünü öldürməsi. Bu barədə nə deyə bilərsiniz? (Deyilənə görə, 1920-ci ildə XI Qırmızı Ordunun silahlıları Murtuza Muxtarovun yaşadığı evin, indiki Səadət sarayı, qapısını sındırıb zala daxil olurlar, ondan təslim olmasını tələb edirlər. O, bolşeviklərin atla evinə daxil olmasını özünə təhqir hesab edir və tüfəngi götürüb birinci gülləni Anasov adlı bolşevikə atıb onu öldürür, ikinci gülləni isə özünə vurur).
- Bu, versiyadır. O vaxt belə bir söhbət gəzirdi, böyük ehtimalla da həqiqətdir. Bəlkə də Musa Nağıyevlə Şəmsi Əsədullayevin vəfat etməsi onları belə şeylərdən xilas etdi. Əgər 1920-ci ilə qədər sağ qalsaydılar, onları da belə bir aqibət gözləyəcəkdi.
- Yeganə kimə toxunmadılar məlumdur.
- Hacıya toxunmadılar. Qalan milyonçular ya
qaçdılar, ya həbs olundular, ya da Muxtarov kimi…
- Onda belə
çıxır ki, “Hacı o çətin dönəmdə
qaçmadı” deyənlər, “Hacıya toxunmadıqları
üçün qaçmadı” sözünü də fikirlərinə
əlavə etsinlər.
-
Yanılırsınız. Hacı istəsə
1920-ci ildə də, 1921-də də, hətta sonralar da
Bakıdan qaça bilərdi. Çünki
onu nə gözlədiyini bilmirdi. Hər
halda Tağıyevi evindən
çıxarmışdılarsa, ona münasibət pis olub və
daha da pis addımla da nəticələnə bilərdi.
Tağıyev
əsəbiləşib deyir ki, tələbələrin
hamısı nankordur
- Əgər
Nərimanov gəlməsəydi...
- Bəli,
əgər Nərimanov Hacını himayə etməsəydi...
Bu artıq aksiomdur ki, Nərimanova görə
ona dəymədilər. Yeganə
milyonçu Tağıyevdir ki, onun bağ evini saxladılar.
Heç olmasa yaşamağa yer verdilər.
Digər milyonçuların isə bütün
mülkləri müsadirə olunmuşdu.
- Məşhur
Nərimanov-Tağıyev qalmaqalında sizcə günahkar kim idi?
- Obyektiv
deyək, hər ikisinin günahı var idi. Tağıyev
böyük kimi gərək o sözü deməyəydi.
Nərimanov da gərək kiçikliyini
gözləyib o cür danışmazdı.
Hadisəni detallı danışmasını xahiş
edirəm.
- Deməli,
1906-cı ildə müəllimlərin qurultayı
keçirilir, iclasın sədri Zərdabi idi. Həmin
iclasda çox problemlər müzakirə olunur, axırda qərara
alınır ki, ana dilində təhsil, həmçinin digər
məsələlərlə bağlı hökumətə
müraciət olunsun. Nərimanov da cavan
oğlandır, inqilabçıdır, durub iclasda deyir ki, bəsdirin
xahiş etdik. Gəlin qərara yazaq ki, biz
hökumətdən tələb edirik. Zərdabi
də deyib ki, biz ora yazsaq ki, tələb edirik, onlar hər
şeyin üstündən xətt çəkəcəklər,
hökumətlə hökumətlik etmək olmaz. Gəlin yazaq ki, xahiş edirik, onlar da heç deyilsə,
beşindən ikisini etsinlər.
Mübahisə əsnasında kimsə Zərdabi
haqqında deyir ki, yaşlıdır, fikir verməyin. Bu sözü
Nərimanovun, yoxsa bir başqasının deməsi dəqiq
deyil. Bir sözlə, bu “yaşlı”
sözü Zərdabiyə toxunur. O da inciyib qurultayı
tərk edir. Bu xəbər Hacıya
çatır. Hacı da zala girib deyir ki,
ay camaat, bu Nəriman kimdir ki, siz onun dalınca gedirsiniz?
Bu adam mənim pulumla oxuyub, onun cibində
bir qəpik pulu da olmayıb. Bu sözü deyəndə
Nərimanov durur ayağa, deyir mən bilmirdim Hacı tələbələrə
pulu ona görə verir ki, həmin tələbələrin
sonra öz mövqeyi olmasın. Mən də
burda hamının yanında elan edirəm ki, o pulu son qəpiyinə
qədər özünə qaytaracağam. Tağıyev də əsəbiləşib deyir ki,
tələbələrin hamısı belə nankordur. Bundan sonra bütün tələbələrin pulunu
kəsəcəyəm. Sonra Hacıya
yaxınlaşıb deyirlər ki, Nəriman cavandır, o birilərin
günahı yoxdur, onların pulunu niyə kəsirsən?
O da yumşalıb sözünü geri götürür. Bu münaqişə haqqında çox
yazılıb, Sovet vaxtı bu məsələni çox
şişirtmişdilər.
Çox maraqlıdır ki, Nərimanov sonra o pulu
Tağıyevə qaytardı. Nərimanovun Tağıyevə məktubu
var. Orda yazılır ki, mən hər dəfə kontorunuza gəlib
pulu qaytarmaq istədiyimi deyəndə sizin müdir mənə
deyir Hacı dedi sonra qaytarar. Görünür,
Hacı da üstünü vurmağı çox istəmirmiş
ki, indi sözdür də, əsəbiləşib demişəm.
Amma Nərimanov axıra qədər iradə
göstərir və o pulu Tağıyevə son qəpiyinə
qədər qaytarır. Təsəvvür
edin, 1906-cı ildə aralarında o boyda qalmaqalın
yaşanmasına baxmayaraq, Nərimanov 1908-ci ildə təhsilini
tamamlayıb Bakıya qayıdandan sonra Tağıyevin qız
məktəbində bir müddət həkim işləyir.
Nərimanovun “Bahadır və Sona”sı
Tağıyev teatrında oynanılır. Sovet hökuməti
qurulan vaxt Nərimanov Mərdəkanda olarkən Hacını
soruşur, Hacının yaxşı olmadığını
öyrənəndə deyir: “Mən gedib ona dəyməliyəm,
baxmayaraq ki, bizim aramızda belə bir hadisə olmuşdu. O,
çox böyük insandır, gedib onu mütləq görməliyəm”.
Baxın, küsülü də olublar,
aralarında böyük problemlər də olub, ancaq onlar bunu
ümumxalq işinə qarışdırmayıblar.
Fərhad müəllimlə Tağıyevin heykəli
barədə də danışdıq.
Heykəlin qoyulmağı özlüyündə əlbəttə,
yaxşı haldır, ən azından insanlar ziyarət edir,
xatırlayır. Ancaq mən heykəli başqa yerdə və
başqa cür görmək istəyərdim. İstiqlal abidəsi var ha, bax, onun yerində.
Mart
qırğınları zamanı müqavimətin göstərilməsində
qoçuların mühüm rolu olub
-
Qoçular və milyonçular məsələsi də
olduqca maraqlı, eyni zamanda, az
danışılan mövzudur.
- Bir
neçə milyonçu qoçu saxlayırdı, amma
Tağıyevin qoçusu yox idi. Onun ümumiyyətlə
qoçulardan xoşu gəlmirdi. Hacı
haqqında xatirələrin hamısında yanında
qoçu saxlamadığı vurğulanıb.
- Bəs
onu kim qoruyurdu?
- Kimdən
qoruyasıydılar, neyləyəcəkdilər ona?
-Musa Nağıyev kimi onu da oğurlaya bilərdilər.
- Hə,
qoçular Musa Nağıyevi oğurlamışdılar. Bu baxımdan Nağıyev istisnadır. Ancaq mən sizə bir şey deyim ki, ümumiyyətlə
tanınmış milyonçuların qoçuları
olmayıb. Həm də qoçu saxlamaq təhlükə
məsələsindən çox özünü göstərmək
məqsədi daşıyırdı. Məsələn,
bu gün bizdə müğənnilər toya mühafizəçi
ilə gəlir, halbuki baxırsan heç elə
tanınmış müğənni də deyil, di gəl,
neçə mühafizəçi ilə gəzir. Elə bil ki, bu müğənniyə nə edəcəklər
(gülür).
Ancaq biz qoçulara birmənalı
yanaşmamalıyıq. Yəni qoçu obrazı bizim
üçün təkcə “O olmasın, bu olsun”dakı
Qoçu Əsgərdən ibarət olmamalıdır.
- Bəlkə
bu yanaşmanı dəyişmək üçün elə
mart qırğınları zamanı qoçuların göstərdikləri
şücaətləri danışmaqla başlayaq.
- Bəli,
o qırğınlarda müqavimətin göstərilməsində
qoçuların mühüm rolu olub. Çünki
onların silahı vardı, qorxmaz, cəsur idilər.
Yeri gəlmişkən, qoçular haqqında biz çox az şey bilirik. Həm 1905-ci il,
həm də 1918-ci il qırğınlarında onların
mühüm rolu olub. Ancaq bizim bu barədə çox az məlumatımız var, çünki mənbə
yoxdur. Biz ümumiyyətlə, belə
xalqıq. Tarixi yaratmağı sevirik,
yazmağı yox.
- Fərhad
müəllim, gələk Tağıyev və Ərəblinski
məsələsinə. Tağıyev
haqqında danışırıqsa, bu mövzuya toxunmağa məcburuq.
Tağıyev, Ərəblinski və Sona xanım…
- Birinci onu deyirlər ki, guya Hüseyn Dərbənddə qastrolda olarkən Sona Ərəblinskini görüb, ona aşiq olub və Ərəblinski ləqəbini götürüb. Halbuki Hüseyn Ərəblinski o təxəllüsü özünə götürəndə Sona xanım artıq Dərbənddə yaşamırdı, Bakıda Tağıyevin arvadı idi. İkincisi, Ərəblinskinin öldürülməsi ilə bağlı istintaq aparılıb və sübut olunub ki, onu məişət zəminində öz qohumu öldürüb. Ən əsası, Ərəblinski öldürüləndə Tağıyev heç o hayda da deyildi ki, durub o haqda fikirləşəydi. Bu hadisə Cümhuriyyət dövründə olub. O qətldən qısa zaman öncə Tağıyevin oğlu Lənkəranda “rus ruletkası” oynayaraq özünü öldürdü. Onun nəşi “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilərkən bolşeviklər gəmidə olan zabitləri tərk-silah edir, bu da münaqişəyə səbəb olur. Xalq deyir ki, necə olur şəhərdə ermənilər, ruslar silahla gəzir, ancaq müsəlmanlar tərk-silah olur? Bu münaqişə birbaşa Mart soyqırımına gətirib çıxardı. Təsəvvür edin ki, ailədə bu cür faciə baş verib. Yazırlar ki, Sona xanım oğlunun vəfat xəbərini eşidəndə havalanmışdı. Siz o hadisədən sonra Hacının şəkillərinə baxın, hamısında saç-saqqalı ağdır. Oğlu öləndən sonra Hacı nə saçına, nə də saqqalına həna qoyurdu. Təsəvvür edin ki, o cür faciə baş verib, soyqırımı bir tərəfdən, arvadının xəstəliyi digər tərəfdən və həmin vaxt Hacının yadına düşüb ki, vaxtilə Hüseyn Ərəblinski ilə Sona xanım arasında nəsə olub və bir qoçu tapıb Ərəblinskini öldürtdürür.
Digər tərəfdən, əgər onların münasibəti pis idisə, əgər Tağıyevin ondan xoşu gəlmirdisə, Ərəblinski onun teatrında necə aktyor kimi çıxış edir, rejissorluq edirdi? Deyilənlər başdan-ayağa cəfəngiyat, şayiədir. Sona xanımın Tağıyevlə evlənəndə 16 yaşında olması məsələsinə gəldikdə isə, biz bunu qəbul etməyə bilərik, bizə qəribə gələ bilər, 50 və 16 yaş arasında fərq çox görünə bilər. Lakin gəlin baxaq görək, bizim dində bu qadağa var? Yox! Hacı da dindar adam idi. Deyirlər ki, Sona xanım Tağıyevin puluna görə ərə gedib. Məgər Sona xanım Ərəblinskaya kasıb ailədən idi? Çar ordusunun generalının qızı idi. Hələ bilmək olmaz ki, bu izdivacda kim daha çox şöhrət qazandı, kəndli balası Tağıyev, yoxsa general qızı Ərəblinskaya? Nəhayət üçüncüsü, Sona xanımın məktubu var. Həmin məktubda deyilir ki, mən özüm könüllü şəkildə Tağıyevə ərə getmişəm. Həmçinin orada Tağıyevin niyə Sonanı seçməsi göstərilir.
- Niyə?
- Bildiyiniz kimi, Tağıyev oğlu ilə bacanaq idi. O deyir gəlinimiz Nurcahanın evi, təsərrüfatı idarə etməsini görürəm və bilirəm ki, Sona da bu cür qadın olacaq.
Mən Tağıyevin ədalətsiz olduğu məqamları da dilə gətirirəm
- Deyirlər, Hacı bu binanı da Sona xanımın şərəfinə tikdirib. Bəlkə söhbətimizi elə binanı gəzə-gəzə davam etdirək?
Və belə də edirik.
Bina iki hissəyə bölünüb. Bir hissə yaşayış yeri üçün, digəri iş məqsədilə gələnlər üçün istifadə olunub. Deyilənə görə, bina tikilən zaman 101 otaqdan ibarət olub. Sonradan müəyyən dəyişikliklər edilib. Otaqlar bir-birindən gözəldir. Onu da deyim ki, otaqlar ailə albomundan götürülən şəkillərə əsasən Tağıyevin dövründəki kimi bərpa edilib. Söhbətimizə də Tağıyevin kabinetində davam edirik.
- Burda katibləri onun üçün qəzet oxuyurlarmış. Müasirlərinin sözlərinə görə, Tağıyev söhbətlərində tez-tez “filan qəzetdə oxumuşam” ifadəsini işlədirmiş. Baxın, “mənə oxuyublar” demir, “mən oxumuşam” deyir. Görün, nə qədər güclü yaddaşı olub və ona oxunana necə diqqətlə qulaq asıb. Özü oxuya bilməsə də, rus hökumətinin bütün qanunlar toplusu, lüğətlər toplusu onda varmış.
Kabinetdə olduğumuz vaxt Fərhad müəllim bir neçə dəfə xatırladır ki, yerə sərilmiş xalçadan kənara ayaq qoymayaq, çünki döşəmə orijinaldır. Ümumiyyətlə, o, burda elə gəzir, hər əşyaya elə ehtiyatla yanaşır, sanki öz evini qoruyur.
Sonra o məşhur
zala daxil oluruq... Burada çox mühüm hadisələr
yaşanıb. Məsələn,
Tağıyev Nuru Paşanı burada qarşılayıb.
Erməni-müsəlman davası olanda, 1905-ci
ildə barışıq iclası burada keçirilib. Nəsib bəy Yusifbəyli xarici qonaqları burada
qarşılayıb. Ancaq mənim üçün bu zalı
özəlləşdirən məhz “Əli və Nino”da olan
o məşhur bal səhnəsinin burada
baş verməsidir.
Zalda gəzişərkən diqqətimi çəkən
əsas məqam istər memarlıq, istərsə də
ab-hava baxımından Şərq və Qərb elementlərinin
vəhdətidir. Fərhad müəllim bunu belə əsaslandırır:
Binanın memarı polyak Qaslavski, işləyən
ustalar isə yerli imiş. Bu məqam da ümumi
mənzərəyə təsirsiz ötüşmür.
Sovet dövründə bu zal “Xalqlar dostluğu”
adını daşıyıb, belə ki, Azərbaycana hədiyyə
olunan əşyalar burada nümayiş edilirdi.
Bu qızın isə - Fərhad müəllim pilləkənin
sürahisinin başında qoyulmuş qız heykəlini
göstərir - əlində qızıl məcməyi
varmış.
Burda xeyriyyə tədbirləri keçiriləndə
bu məcməyinin içərisinə qızıl
qoyurlarmış.
Tağıyevin
istirahət otağına daxil olanda heyrətimi gizlədə
bilməyib deyirəm:
- Fərhad
müəllim, Hacı pis yaşamayıb.
- Pis
yaşamayıb yox e, əla yaşayıb (gülür). Əcnəbilər buranı görəndə
çaşıb qalırlar ki, deməli, sizdə də dəbdəbəli
həyat yaşayan adamlar olub. Amma zövq məsələsi
də əhəmiyyətlidir, Hacının çox
yaxşı zövqü olub.
- Hər
mövzuda da Tağıyevi haqlı bilirsiniz.
- Xeyr, mən
onun ədalətsiz olduğu məqamları da dilə gətirirəm.
- Məsələn?
- Məsələn, cümhuriyyət vaxtı o, Nəsib bəy Yusifbəyliyə məktub yazaraq cümhuriyyətin iqtisadi siyasətini tənqid edir. Burada subyektiv tənqid var və ədalətli deyil. Axı o özü sahibkar idi, ona dövlət nəzarəti sərf etmirdi.
- Bu nədir belə? (bufetə yaxınlaşıram)
- Bu ailənin servizidir. Servizin üzərinə öz adını yazdırıb.
- Buna nə lüzum varmış ki?
- Siz hələ onun çəngəl-bıçağını görməmisiniz.
Sonra çəngəlləri göstərir. Onların da üzərində Tağıyevin inisialı yazılıb.
Və nəhayət binanın ən gözəl nöqtəsində qərar tuturuq, Sona xanımın otağının qarşısında.
- Deyəsən, Tağıyev Sona xanımı çox sevib axı?
- “Deyəsən”, artıqdır, Aytac.
Aytac Sahəd
525-ci qəzet.- 2022.- 9 fevral.- S.10-11;12.