"Yuxundakı dünya"nın poetik əlvanlığı
Hər hansı
şair ədəbiyyata
gələndə özü
ilə təzə nəfəs, hələ edilməmiş ifadə formaları və çalarları gətirməsə,
sənətdə ayaq
tutub yeriyə bilməz. Sənətkar təzə söz
və təzə duyğularla özünü
ifadə edəndə
öz üslubunu yaratmış olur. Yaradıcılığının sonuna kimi şair öz üslubuna sadiq qalır. Onore de Balzak da "Üslub güzgüyə
bənzəyir, nə
qədər çox silsən, o qədər çox parıldayar"
- deyəndə yaradıcılıq
üçün üslubu
əsas şərt kimi göstərir.
Bu yaxınlarda gənc
şair Gündüz Sevindiyin üçüncü
kitabı - "Yuxundakı
dünya" əlimə
keçdi. Kitabdakı şeirləri oxuduqca
şairin üslub özünəməxsusluğunun, aydınlığının və
möhkəmliyinin şahidi
oldum. Öz üslubun varsa,
demək sən şair kimi varsan.
Gündüz Sevindik lirik şairdir!
Ədəbiyyatımızda "kökü ulu qaynaqlara bağlı"
(Qoca Xalid) olan lirikanın çoxəslik ənənəsi
var. Dayanmadan çağlayan
bir ümmanın - zəngin lirik dünyanın içindən
çıxıb öz
üslubunu yaratmaq günümüzdə təqdir
olunası hadisədir.
Gündüz Sevindiyin üslubunu şərtləndirən amillərdən
biri şeirlərindəki
yığcamlıqdır. Onun şeirlərində hissi,
duyğunun az
sözlə çatdırmaq
minimum səviyyədədir.
Orası doğrudur ki, tədqiqatçılar lakonikliyi
yaradıcılıq üçün
üslubi məqam, üslub şərti kimi göstərmirlər. Ancaq nəzərə
alsaq ki, yığcamlıqda obrazlılıq
daha güclü olur. Ədəbiyyatın ən başlıca
meyarının lakonik
lirikada ehtiva olunması onun üslub şərti kimi dəyərləndirilməsinə
zəmanət verir.
Çünki "lirika ani və
qüvvətli həyəcanların
məhsuludur" ("ədəbiyyat
nəzəriyyəsi" dərsliyi).
Deməli, əsl şeirin
mayasını qüvvətli
həyəcanlar təşkil
edir. Qəlbi titrədən əlahəzrət
həyəcan isə uzun-uzadı ola
bilməz.
Lirik şeirdə
söz sahibinin poetik duyumdan artıq dediyi nə varsa, bu iki ölçü
artıq geyilən paltara və ya əldə altıncı barmağa bənzəyir.
Ümumiyyətlə, yığcamlıq şeir
sənətinin mahiyyət
və təzahür aspektidir və yüzilliklərin bədii
təcrübəsində təsdiq
olunub.
Gündüz Sevindiyin Somalidən
olan ac uşağa ünvanladığı şeirdə
sevgi də var, dərd var, can yanğısı da, sözə məhəbbət də:
Sənin
göz yaşın qurumaz,
Mənimsə duam, diləyim.
Sənin
gözünü doyurmaz,
Mənim bu yavan çörəyim.
Şeirdəki misralar və misralardakı sözlər
bir-birinə pərçimlənib. Şeirdəki daxili intonasiya və ritm məzmuna köklənib.
Sanki lirik qəhrəman Somalili ac uşağı qucağında yatdırmağa tələsir. İntonasiya yüyürəkdir,
itidir. "Dön quşa", "beləcə"
sözlərinin özündə
xəfif bir yel yüngüllüyü
var.
Aşağıdakı məzmunun bədii həllinə nəzər salaq:
Yalanlar bal dadıb keçdi,
Keçənlər aldadıb keçdi...
Üstümdən adladı keçdi,
Böyründən keçmədiklərim.
Yol bilib keçdilər məni,
Ölçdülər, biçdilər
məni,
Fərq
qoyub seçdilər məni,
Fərq qoyub seçmədiklərim.
Bu gözünüz, bu qaşınız,
Bu başınız, bu daşınız...
Nəyim
var, halal xoşunuz,
Ay suyun içmədiklərim.
Bu şeirin həcmi
mövzunun boyuna biçilib. Yəni forma ilə məzmun
vəhdəti yetərincə
həll olunub.
Gündüz Sevindiyin kitabını dərdlə hörülmüş
çələng adlandırmaq
olar. Bu dərdi bənd-bənd, misra-misra,
hətta söz-söz
incələdikcə düşünürsən
ki, insanın mənəvi iztirabları,
ictimai dərdi sonsuzdur, ölçüsüzdür.
Çəkməliyəm axıradək,
Ömrümə hördüyüm dərdi...
...Dərd doğulur sətir-sətir,
Yağır sözümdən süzülür...
***
Bulanıq ömrümdən göz
yaşı kimi,
Min dəfə süzüldüm,
duruldum axı.
Qara kəsək kimi, çay daşı kimi,
Dərdin
divarına hörüldüm
axı....
İctimai dərddən, xəyalda canlanan dərddənsə,
görünəni ifadə
etmək və oxucunu bu dərdə
şərik qoşmaq
daha çətindir. Bu dərdi yaşamalısan ki, sözün bədii gücü möcüzə yarada bilsin.
Məşhur bir rəssamdan soruşurlar: atın şəklini çəkmək
asandır, yoxsa şeytanın? Rəssam deyir, əlbəttə
şeytanın. Çünki atı hamı tanıyır. Çəkib göstərsən, hərə
bir qulp qoyacaq. Şeytanı
isə görən
olmayıb. Nə cür çəksən,
inanacaqlar.
Gündüzün mücərrədçilikdən
tam uzaq olan dərd obrazı yaşadığımız günün
dərdidir:
Kəsir
vücudunu qışın
sazağı,
Yatdığı yerdəcə donur
az qala,
Hardasa görmüşəm mən
bu uşağı -
...Xocalı...
Mən səni tanıdım, bala!!!
Gündüz Sevindik müraciət etdiyi janrların bolluğu ilə öyünə bilər. Qoşma, gəraylı,
çarpaz dördlük,
sərbəst şeir,
qəzəl, təxmis,
bəhri-təvil, mənsur
şeir, aforizm kimi janrlar Gündüzün
poetik təfəkkürünün
özünü ifadə
formalarıdır.
Şeirin,
ümumiyyətlə, bədii
ədəbiyyatın nisbətən
az oxunduğu
günümüzdə onlarla
(bəlkə yüzlərlə)
şeir kitabını
oxuyub arasından əsl bədii nümunələri seçəsi
oxucu yox səviyyəsindədir. Əlbəttə, söhbət mütəxəssisdən
deyil, kütləvi oxucu auditoriyasından gedir.
Bəsit və yarımçıq
duyğulardan doğulan
bədii nümunə
oxucunu, təbii ki, yarıtmır. Şerin yazılışı
birbaşa ruhla bağlı olduğu üçün oxunuşu
da ruhla bağlıdır. Ruhu təmin
olunmayan kəs elə həmin andaca şeirdən "küsür".
Xüsusən, bu xalqın ruhunu min illər boyu həm məzmun,
həm də formaca zərgər dəqiqliyi ilə yazılan şeirə kökləyiblər.
Şeirin ən başlıca vəzifəsi insanların
zövqünü oxşamaqdır. Zövqləri oxşayıb ürəklərdə
qərar tutan şeir yüksək obrazlılığa söykənir.
Obrazlılıq məcazlar
sisteminin (daha çox təşbeh və metaforların) şeirin mətninə və ahənginə maksimum uyğun tapılmasıdır.
Gündüz Sevindiyin "Leylalar"
şeirindən alınmış
kiçik bir parçada yerləşən
sözlərin məna
cəhətdən bağlanması
çox təbii görünür:
Biz doğulanda dünyadan
Çiçək qoxusu gəlirdi.
Biz doğulanda müharibələrin,
Sərhədlərin, raketlərin
Yuxusu gəlirdi, yuxusu...
Hakim idi dünyanın hər şeyinə
Leyla çalan
çiçək qoxusu.
Həkim
idi qırğınların,
Müharibələrin əbədiyyət
yuxusu...
Gündüzün şeirlərində işlənən "Ömür
od üstə bişməkdə", "Sevgi
yükdü, bəxtin
qapan", "Gəl
indi zövq alaq dərd-sərimizdən",
"Özümü əlimdən
salıb itirdim",
"Saçım-saqqalım da sözünü dedi", "Əridim bir şirin baxışın altda",
"Ruha möhürlənmiş
nəfəs", "Vətənin
şeirini Mübariz yazdı" və başqa çoxlu sayda məcazlar məzmun-məqsəd-ahəng müvazinətini
tamamlayan bədii kəşflərdir.
1960-cı illərdə qismən, 70-ci, 80-cı illərdə
daha sürəkli şəkildə şeirə
gələn və oturuşan novellaçılıq
bu gün də bədiiliyin, emosionallığın yüksək
faizlə təminatını
təşkil edən amillərdəndir. Şeirin mətləbi finalda
açılır, oxucunun
gözləmədiyi şəkildə
tamamlanır. Bu mənada cavan şairimizin şeirlərini
"lirik novellalar"
adlandırmaq olar.
Gündüz Sevindiyin şeirlərində
novellalıq günün
və poeziyanın tələbi kimi öz missiyasını yerinə yetirir.
"Gözlərim yada düşmədi", "Söz...söz", "Qoru məni", "Ağlama",
"Məni səbrimdə
az sına" və başqa şeirlərində gözlənilməz
sonluqlar sanki möhürlənmiş naxışlardır.
Belə şeirlər orijinal görünür və şairin üslubunu müyyənləşdirməkdə bir növ açar
rolunu oynayır. Şeir boyu
lirik ovqat öz adi və
sadə axarında gedir və birdən
finaldakı heyrət şairin cəsarəti effektini verir. Gündüzün "At ili" şeirində
olduğu kimi. Şeirin finalında şairin poetik tapıntısı maraq doğurur:
Zülmdə, ağrıda tapırsan
məni,
Adın kəm bəxtimə səddi, qənimdi.
35 ildir ki, "çapırsan" məni,
Yetər, ay "At ili", növbə mənimdi.
Gündüz Sevindiyin qəzəlləri,
təxmisləri və
şeirlərində küçə
obrazı başqa bir yazının mövzusu olduğu üçün kitabda əhəmiyyətsiz kimi görünən bir-iki iradımı deməklə
kifayətlənirəm.
Orası doğrudur ki, şairə şeir yazmağı yalnız şair öyrədə bilər. Başqasının buna səlahiyyəti çatmır. Mən də bu fikirdən tamamilə uzağam. Amma atalar deyib ki, eyibsiz gözəl olmaz.
Şairin qəzəllərinin birində "Qoy qalsın" rədifi ağır səslənir. Düzdür, rədifdə "q" səsinin yaratdığı alliterasiya görünür. Özü də, istər xalq danışıq dilində, istərsə də bədii mətndə "q" samitinin alliterasiyası digər samitlərin səs harmoniyasından güclü olur. Amma bu qəzəldə "qoy qalsın" rədifi tələffüz çətinliyi yaradır:
Gətir, "yox" söyləmə, saqi,
demə peymanə qoy qalsın,
Ki, canım bir ömürlük
məst ola məstanə, qoy qalsın.
Kitabdakı "Hələ çox kiçikdi dünya" şeirində birinci bəndin son iki misrası belədir:
Bir ev həsrətimi çəkməz,
Axtarmaz, itirməz məni.
Nəsnələr itirilir, sonra axtarılır. Xalqın dilində də "heç məni itirib-axtarmırsan" şəklindədir.
Mənim şairlə şəxsi tanışlığım yoxdur (olsa, yaxşı idi). Və bu yazıda xırda-xuruş qüsurları göstərməyə də bilərdim. Ancaq şair şeirində görünər. Şeirlərinin içindən onun insanı anlayan mərd çöhrəsinin boylandığını gördüm...
Gündüz bədii sözün əsgəridir! Əsl poeziyanın ağır yükünü çiynində daşımağa hazır dayanmış müsəlləh əsgər. Öz şəxsiyyəti və poeziyası ilə milli zəminə, kökə bağlı olan cavan şairimizə sağlam həyat və yeni yaradıcılıq uğurları arzulayıram!
Yahya Abbasov
525-ci qəzet.- 2022.- 8 fevral.- S.15.