Güneyli şairlərin Qarabağ nidası

 

 

Azərbaycanda ədəbi-bədii, mədəni-ictimai həyat hər zaman Güney ədəbiyyatına təsir göstərir. İkinci Qarabağ savaşı zamanı (27 sentyabr-9 noyabr 2020-ci il) İranda yaşayan cənublu qardaşlarımız haqqın bərpasını - Qarabağın Azərbaycana birləşdirilməsini ürəkdən dəstəklədilər. 30 il idi ki, Qarabağ dərdi Güneydəki soydaşlarımızın da qəlbinin bir tərəfində yara bağlamışdı. Bu savaşın qələbə sevincindən onlar da şad oldular. Bu müharibədə şəhid, qazi olmuş hər bir qeyrətli Azərbaycan balası üçün onların da ürəyi alışıb yandı. Baş verən bu hadisələrdən təsirlənərək İkinci Qarabağ savaşından  sonra İranda yaşayan azərbaycanlı şairlər ana dilimiz - Azərbaycan türkcəmizdə Qarabağa həsr etdikləri şeirləri bir yerə toplayaraq "Araz şaqqıldayır damarlarımda" adlı kitab çap ediblər. Kitab İranın Tehran şəhərinin "Avaz" nəşriyyatında (noyabr, 2021-ci il) işıq üzü görüb. Kitaba Təbriz, Ərdəbil, Urmiya, Sərab, Əhər, Qaradağ sair şəhərlərdən şairlərin şeirləri toplanıb.

Şükranə Aləmin "Mən Vətənəm", Cəfər Purrəzəvinin "Canım, canım, Azərbaycan!", Əbdüləli Ayrumlu Vəfanın "Torpağım", Əbülfəz Kəriminin "Azərbaycanım", Əli Cavadpurun "Vətən" digər şeirlərdə "Qarabağ Azərbaycandır!" ideyasının bədii ifadəsini oxuyuruq:

 

Hər zaman yadıma düşür Qarabağ,

Yarpaqtək qüssədən titrəyir dodaq.

("Ayrılıq zamanı", Muxtar Sədrməhəmmədi)

 

Bilirik ki, İkinci Qarabağ müharibəsi başlayan ilk gündən Xarıbülbül Azərbaycan xalqının mübarizə rəmzinə çevrildi. "Xarıbülbül" sözü işləndikdə həmişə mövzunun Qarabağa aid olduğu aydın olur. Kitabın üz qabığında verilmiş dəmir yumruq həmçinin Xarıbülbül rəmzi səciyyəlidir. Dəmir yumruq - güc, həmrəylik, birlik simvolu, Xarıbülbül - şəhidlərimizə olan hörmət ehtiram, həmçinin, şeirlərin Qarabağ mövzusunda olması anlamında verilib. Bu seçimi ədəbi duyarlılıq böyük həssasiyyətin nəticəsi kimi başa düşmək olar.

 

Məhəmmədrza Şücai ("Şuşa"), Hacıağa Əmcədi ("Qarabağım"), Bayraməli Hüseynzadə ("Qarabağ"), İdris Qəmgin ("Baxdı qayıtdı"), Mustafa Quluzadə Əliyar ("Qarabağ"), Nadir İlahi Meşkinşəhr ("Qarabağ"), Duman Bəxtiyari ("Qarabağım"),  Saqib Rəştəbadi "Qarabağım, ağlama"), Əlirza Əmbaz ("Can Qarabağ"), Qiblə Arbatan ("Qarabağ"),  Yəqub Nami ("Qarabağ"), Gəştasb Əbbasvənd ("Qarabağlı bayatısı", "Xarı bülbül"), Vəhid Sultanzadə ("Qarabağ"), Maral Təbrizli ("Ay Qarabağım"), İmamverdi Samani ("Qarabağda röya"), Mehdi Əzimi ("Qarabağ"), Saleh Səccadi ("Qarabağ") başqa müəlliflər şeirlərini "Qarabağ şikəstəsi", "Xarıbülbül", "İsa bulağı", "Cıdır düzü" kimi birləşmələrlə bəzəyirlər ki, bunlar həmin şeirləri daha rəngarəng, təbii edir, oxucunun gözləri qarşısında gözəl Qarabağ diyarının mənzərəsini canlandırır:

 

Kəsəcəyəm düşmən səsin,

Sındıracağam qəfəsin.

Qarabağın şikəstəsin

Çalacağam Qarabağda.

("Qarabağda", Qızılqələm)

 

Şeirin yaranma səbəblərindən biri qəmdir. Xocalı fəryadının böyük kədər hissindən yaranan "Xocalı" şeirində Əyyub Şəhbazi İşıq Qaradağlı xocalıların ağrı-acısını dilə gətirir, erməni cəlladlarının amansız rəftarlarına qarşı etiraz səslərini ucaldırlar. Həmçinin igid Azərbaycan oğullarının düşmən - ermənidən qisas almasını yazırlar.

 

"Araz şaqqıldayır damarlarımda" kitabı Şimal Cənubu ədəbiyyat müstəvisində birləşdirən mənəvi bağ, təqdirəlayiq bir addımdır. Bu kitabın mədəniyyət incəsənət tarixində öz yeri var. Həmin şeirlər gələcək nəsillərə Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu aşılayan poetik mənbələrdəndir.

 

 

 

Cəbrayıl Cəfərpur ("And ola"), Yəqub Nikzad ("Vətən"), Əbutalin Allahyarı Tutqun ("Bir addım torpağın qalmasın gərək"), Mehdi Nəcəflu ("Qarabağın ürək dağı"), Fatimə Əbdi Könül ("Sual-cavab"), Əli Rəşrbər ("Payız günəşi"), Huşəng Cəfəri ("Oralıyam mən"), Vüqar Nemət ("Qarabağ"), Hüseyn Rəmzi ("Qarabağ kimi"), Səid Muğanlı ("Qarabağ"), Behruz Sədiq ("Qarabağ"), Tohid Namvər, Qulamrza İmaməlizadə ("Qarabağ"), Mirdavud Mirməhəmmədzadə ("Qarabağdadı"), Hüseyn Seyfheris Ağyarlı ("Təbrizdən"), Əmir Daryani ("Qarabağ anadır"), Arif Sasani ("Qarabağ"), Haray Ərkin ("Sən o tayda, mən bu tayda") başqa şairlər qeyrətli Azərbaycan oğullarının şücaətindən fəxrlə bəhs edirlər, bənzətmə üçün tarixi keçmişə səyahət edib Koroğlu, Babək, Xətai kimi qəhrəmanları yada salırlar, sevincimizə şərik, kədərimizə həmdərd olurlar:

 

Qarabağda güllə dəyəndə sənə,

Ürəyim dolurdu kədərə, qəmə.

Bu cür deyim güllə dəyirdi mənə,

And olsun şərəfə, həqqə, vətənə,

Dil birdir, din birdir, istəyimiz bir.

("Qarabağ", Qiblə Ərbatan)

 

Təbriz şairi Muxtar Sədrməhəmmədi ön sözdə yazır: "Ermənilərin Azərbaycanın tarixi hüquqi ərazisi olan Qarabağda müsəlman xalqa qarşı törətdiyi cinayətlər İranda olan azərbaycanlı şairlərin ruhunda çox dərin təəssürat yaratdı. O dönəmdə humanitar yardımlar təşkil etmək hədəfi ilə xalqdan pul toplanıb, hətta bir çox insan Qarabağda könüllü əsgər kimi müharibəyə hazır olduğunu açıqladı. Bu arada, əlbəttə ki, şairlər bu vəziyyətə qarşı laqeyd qalmayıb dəyərli şeirləri ilə xalqda yaranan hissiyyatı bədii cilvələrlə əbədiləşdirdilər".

 

Doğrudur ki, şairlər ürəyinin nəğmələrini söyləyirlər. Ön sözdən gətirdiyimiz sitat cənublu qardaşların 30 il boyunca nisgilə dönmüş Qarabağı azad görmək istəyinin ifadəsi, bu şeirlər isə onların könül nəğmələridir. Ön sözdə bu da qeyd olunur ki, Qarabağa dair şeirləri müxtəlif ixtisas, peşə sahibləri yazmışlar. Bu, gözləniləndir: Qarabağ sevgisi hər kəsin qələminə güc, ürəyinə qüvvət verə, şair edə bilir.

 

"Araz şaqqıldayır damarlarımda" kitabındakı şeirlər dil-üslub xüsusiyyətlərinə görə maraq doğurur. Bu şeirlərdə diqqətə gələn "umud", "ğəm", "rahət", "eyliyib", "vırax", "ğəzəl" kimi sözlər Cənub dialektinə məxsusdur. Xalq danışıq dilindən alınmış bu sözlər həmin şeirlərə daha obrazlılıq, canlılıq, təbiilik gətirir. Burada assonans, alliterasiya, təkrir, epitet, təşbeh s. kimi vasitələrdən istifadə edilmiş, qafiyənin gözəl nümunələri yaradılmışdır.

 

Cənub ədəbiyyatı, folkloru, dialekti mütəmadi öyrənilən sahədir. AMEA-da hələ Sovet dövründə böyük təşəbbüslə Cənubi Azərbaycan şöbəsi yaradılmışdı. Bu gün də Güneydəki ədəbiyyat, onun araşdırılması, tədqiqatı sahəsində uğurlu işlər həyata keçirilir. Almaz Əliqızı-Məmmədova, Esmira Fuad Şükürova, Pərvanə Məmmədli, Sayman Aruzbaşqa tanınmış imzalar Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatçılarıdır. Şair və yazıçılarımız Cənub mövzusuna ədəbiyyatda mütəmadi müraciət etmişlər. Həmçinin, Güneydə doğulub-yaşayan şair və yazıçıların Quzey Azərbaycan ədəbiyyatında çox böyük mövqe tutmalarını bilirik. Bu zirvəni fəth edən ustad Şəhriyarın Quzey Azərbaycan ədəbiyyatına əvəzsiz təsiri və yerini xüsusi vurğulayırıq. Şəhriyar ana dilimiz barədə gözəl yazmışdı:

 

Türkün dili tək sevgili, istəkli dil olmaz.

Bir yad dilə qatsan, bu əsil dil, əsil olmaz.

(M.Şəhriyar)

 

Zamanında Şəhriyarın hamımızın adından bu şeirdə digər şeirlərində ana dilinə verdiyi önəmin davamı olaraq, çağdaş dövrdə Güneydə ana dilimizdə şeirlər, əsərlər yazılması ənənəsini yaşatmaq, həmçinin, "Araz şaqqıldayır damarlarımda" kitabını çap etdirmək vətənpərvər, dilimizi uca tutan bütün şairlərin, söz-sənət, ədəbiyyat adamlarının mənəvi qələbəsidir.

 

Cənubla Şimal arasındakı bədii-mənəvi körpünü möhkəmləndirən, Qarabağ torpağına sonsuz sevgiləri olan İrandakı azərbaycanlı şair bacı-qardaşlara  ədəbi bağlılığı inkişaf etdirmək istiqamətində bu fədakarlıqlarından dolayı Bakıdan ehtiram və salamlarımızı göndəririk. Kitabın ərsəyə gəlməsində xüsusi təşəbbüsü olan Təbriz şairi Muxtar Sədrməhəmmədə bu uğurlu nəticəyə görə təşəkkür edir, kitabı Təbrizdən mənə göndərən Leyla bacıma sonsuz sevgilərimi bildirirəm! 

 

 

Yeganə QURBANOVA-XANLAROVA

Filologiya üzrə fəlsəfə doktoru,

BDU-nun əməkdaşı

 

525-ci qəzet.- 2022.- 8 fevral.- S.14.