Orhan Arasın kitablaşan Azərbaycan sevgisi
Orhan Arası
çoxdan tanıyırdım. "525-ci qəzet"də və başqa mətbuat orqanlarında onun yazılarını tez-tez
və maraqla oxuyurdum. Amma yaxından görüşməmişdim.
Bir dəfə onunla
"525"də qısa görüşümüz
oldu. Sonra ona kitablarımı
verdim. "Sevgi Allahı" adlı şeirlər kitabım haqqında yazdığı məqaləni
çox bəyəndim.
Məqalə "525-ci qəzet"də dərc edilmişdi. Sətirlərindən anladım ki,
o, bizim ədəbiyyatımızı
çox yaxşı tanıyır.
Sonralar onunla sıx-sıx yazışdıq. Bakıya gələndə
dəfələrlə görüşdük.
Bir dəfə Orhan bəy mənə yeni yazdığı, hələ
çap olunmamış
"Helenendorfun sonuncu
şahidi" adlı
kitabının elektron
yazısını göndərdi.
Kitabı oxuduqdan sonra
onu Azərbaycan türkcəsinə çevirmək
istədim. Orhan bəy də razılıq verdi.
Bu yaxınlarda isə
Orhan bəyin daha bir "Biz Azərbaycanı çox sevdik" adlı esse-memuar kitabını dilimizə uyğunlaşdırdım.
Bu kitablarına qədər onun mənəvi dünyasını
və ölkəmizə
olan dərin sevgisini, burada və xarici ölkələrdə vətənimiz
üçün apardığı
mübarizə haqqında
məlumatım yox idi.
Və bu yaxınlarda Orhan
Arasın "Biz Azərbaycanı
çox sevdik" adlı yeni kitabı "Mücrü"
nəşriyyatında gözəl
tərtibatla işıq
üzü gördü.
Kitabın üzərində işləyərkən bəzən
çox emosional olurdum. Orhan Arasla başqa-başqa
ölkələrdə doğulsaq
da, anamıza, atamıza, elimizə-obamıza,
tayfamıza olan həsrətimiz, hisslərimiz,
düşüncələrimiz eyni idi. Onun Türkiyədə uşaqlıqdan
başlayan Azərbaycana
sevgisi, tələbəlik
illərində ədəbiyyatımıza,
folklorumuza bağlılığı,
"Azərbaycanı, heç
vaxt görmədiyi bir ölkə" haqqında xəyalları,
düşüncələri məni çox təsirləndirdi.
Yetmişinci və səksəninci illərdə görmədiyimiz
Türkiyə həsrətimiz
və marağımız,
demək olar ki, qarşılıqsız
deyilmiş. Türkiyədə
yaşayan Orhan Aras kimi insanlar da
bizi düşünür,
həsrətlə bizə
qovuşmağı gözləyirmişlər.
İki yüz altı səhifəlik kitabda Türkiyədən
başlayan Azərbaycan
sevgisi, həsrəti Avropaya qədər uzanır, 1989-cu ildən Azərbaycanın hüquqlarını
müdafiə edən
yazıçının savaşına
çevrilir.
1990-cı
ildəki ilk görüş,
daha sonra qanlı 20 Yanvar hadisəsi ilə Avropada başlayan mitinqlər, daha sonra Orhan Arasın
müharibəni öz
gözləri ilə görmək üçün
Almaniyadan yola çıxıb çətinliklə
Gürcüstandan keçərək Azərbaycana səfəri, Azərbaycanda
şahidi olduğu xaos və qarışıqlıq,
rəngarəng və
axıcı dildə yazılıb.
Orhan Arasın
Azərbaycanda tanıdığı
yazıçı və
şairlər, onlar haqqında verdiyi qısa məlumatlar da ədəbiyyatımız
üçün önəmlidir.
Özü də bu gözəl əsərdə
hisslərini belə ifadə edir:
"İyul və avqust aylarında İğdırda çox isti olardı. Məktəbdən gələndə evdə yata bilmir, yatağımı götürüb dama çıxardım. Səhər tezdən damda oyananda ilk işim səmaya baxmaq olardı. İlk baxışda şərqdə parlayan parlaq bir ulduzu görərdim. Xalqın "Çoban ulduzu" adını verdiyi o ulduza baxar dərin fikirlərə dalardım. Səhərin sərinliyində, sükutunda öz işığı ilə şərqdən mənə mesajlar verən bu ulduzun Azərbaycan olduğunu düşünürdüm. O vaxtdan bəri nə vaxt bir Azərbaycan xalq mahnısına qulaq assam, bir Azərbaycan şeiri oxusam, bir Azərbaycanca söz eşitsəm o ulduz yadıma düşür və gülümsəyirəm. Çünki səhərlərimi işıqlandıran o ulduzda arzularım, ümidlərim, uşaqlığım gizlənmişdi.
Bu kitabı yazarkən tez-tez o çoban ulduzu yadıma düşdü. O çoban ulduzunun işığında İğdırdakı uşaqlığım, 1990-cı ildən sonra Azərbaycan torpağı və xalqı ilə qucaqlaşdığım an, 1993-cü ildə Tovuza yaxın rayonlar və kəndlərdə keçirdiyim üç həftə, Avropada Azərbaycan üçün keçirdiyimiz görüşlər, konfranslar kino səhnələri kimi gözümün önündən keçdi".
Nə yaxşı ki, uşaqlığımda hər səhər o ulduzu gördüm, o uzaq ölkəni sevdim və bu sevgi ilə bu günə qədər yaşadım.
Bu kitab,
Türkiyədə böyüyən bir
insanın "Çoban ulduzu"
izləyərək uzaqdan sevdiyi
Azərbaycan sevgisindən bəhs edir.
Ürəyində bu sevgini
böyüdən hər bir insan bu kitabda
öz hisslərindən bir
parça tapacaq".
Nazim
ƏHMƏDLİ
525-ci qəzet.- 2022.- 8 fevral.- S.13.