Eldar Muğanlı - "duyğuları
üşüyən, nəğmələri dara çəkilən"
şair
Arazın o tayından havalanan, xalqımızı mənəvi
birliyə, bütövlüyə səsləyən nəğmələrin
sorağıyla üzümüz yenə Güneyədir. XX əsrin
birinci yarısından etibarən Güney Azərbaycanda yaranan
söz sənəti ana dilimizə məxsus gözəlliklərin
bədii estetik funksiyasıyla yanaşı cəmiyyətin həyatında
siyasi mübarizə vasitəsi kimi rol oynayır. Bu sənətin fərqli bir cəhəti də onun
yaradıcılarını yaratdıqları müqabilində
hansısa bir qonorar, mükafat, təltif deyil, sürgün və
zindanlar, təhdid və təqiblərin gözləməsi
idi. Çağdaş Güney Azərbaycan
ədəbiyyatı bu gün də sələflərin yolunu
davam etdirir. Bu mübariz ədəbiyyatın
nümayəndələrindən biri də çətin,
keşməkeşli həyat yollarını ürəyinin
işığıyla addımlayan tanınan və sevilən
şair-publisist Eldar Muğanlıdır (1960).
"Sevgi
bir dəryadır, sakit dayanmaz,
İnsanı sevməyən onu duyammaz.
Sevgisi
olmayan şair olammaz,
Şairin
qüdrəti məhəbbətdədir,
- deyən Eldar
Muğanlı necə də bir lazımi mənaya, gərəkli
istəyə toxunur. Odur ki, elə başlanışında
deyir: - Sevgisi olmayan insanı duymayacaq. Düzü,
elə bu məna, məncə, düzgün fikir, insani
amaldır. Ona görə ki, necə olar
sevgini düşünmədən, duymadan insani amalı
daşıyasan? Hələ qalsın ki, Eldar deyən
kimi tam mənada desək, məhəbbəti olmayan şair
olammaz" - bu sətirlər
Əlirza Miyanalının E.Muğanlının 90 lirik
şeirini ehtiva edən "Şeir məcmuəsi"
adlı ilk kitabına həsr etdiyi məqaləsindəndir.
Muğanlının şeirlərinin bir hissəsi
1990-cı ildə görkəmli ədəbiyyatşünas Yəhya
Şeydanın ön sözü ilə "Həyat
yollarında" adlı kitabında nəşr edilmişdi. O vaxtlar gənc şairin
ürəyindəki işığı sezən ustad Yəhya
Şeyda kiçik ön sözündə yazır: "Həyat
yolları eniş-yoxuşlu, dönüm-döngəlidir. Bu yolun karvanı sədaqət və məhəbbət
kilavuzu ilə məqsədə çata bilər. Həyatın yollarının ayrımında
müxatirələr, boğuntular və sıxıntılar
pusquda yatıb. Onu ötən yolçuda
səbr, istiqamət və dözüm gərəkdir.
Yoxsa, əyri-buruq, ilan kimi bir-birinə qıvrılmış
keçidlərindən salamat can qurtarmaq mümkün deyildir.
"Həyat yollarında" adlı bu məcmuə
Eldar Muğanlının taleyini, keçdiyi həyat
yollarını əks etdirir. O, bu həyat yollarında
xeyli məziqələrə tuş olub, kövrək qəlbi
sıxıntılar və əzablar çəkmişdir. Lakin ümid və inamla kora yolları keçib
sınaqlardan alnıaçıq, üzüağ və
müzəffər çıxmışdır". Cənubi
Azərbaycanda yaranan ədəbi-bədii irsin ciddi
araşdırıcılarından biri olan, tanınmış
tənqidçi-ədəbiyyatşünas Sabir Nəbioğlu
özü "Şairin mənalı həyat yolu" (2003)
adlı məqaləsini E.Muğanlının "Həyat
yollarında" şeirlər toplusundan ilhamlanaraq
yazdığını etiraf edir. Topluya daxil olan şeirləri
ədəbi-tənqidi müstəvidə təhlil süzgəcindən
keçirən tənqidçi Muğanlı
poeziyasını yüksək qiymətləndirmiş, onun
misralarının həyati cövhərə malik olduğunu
yazmışdı: "Onun poeziyaya baxışında diqqəti
cəlb edən çalarlardan biri sənəti müasirlərinin
həyat və hadisələrə baxışlarının
ifadəçisinə çevirmək cəhdidir... Bu istedadlı şairin yaşadığı
mühit onun doğma xalqı, doğma yurdu ilə
bağlı istəklərini açıqlamağa ciddi ehtiyac
doğurur. Bu, keyfiyyət formasından, tərənnüm
obyektindən, həcmindən asılı olmayaraq Eldarın
poetik töhfələri üçün aparıcı motivi
təşkil etmişdir".
Cənub
poeziyasında milli demokratik ədəbiyyatın ilk dönəmlərinə
xas olan pafos, çağırış, üsyan, haray
nidaları sakit və səssiz təbiətli
Muğanlının yaradıcılığının əvvəllərində
yazdığı şeirlərinin əsas motivini təşkil
etsə də, onun haray və etirazları pafosdan, hay-küydən,
çığırtı və epotajdan uzaq, bir qədər
içədönük və bədbin əhval-ruhiyə ilə
müşayiət edilirdi. Baş mövzuları
vətən, ana dili, milli kimlik, milli azadlıq, əmin-amanlıq,
sülh, məhəbbət, təbiət gözəllikləri
və sair olan bu şeirlər, adətən, klassik heca və əruz
vəznlərində yazılıb. Bu ruh halı
sarsılmaz iradəli, prinsipial xarakterli şairin
yaradıcılığının sonrakı mərhələlərində
onun poetik təxəyyülünün dərin psixoloji qatlara
enib, yeni bədii ifadə, forma, məzmun və mənalarla
üzə çıxıb.
Tənqidçi-ədəbiyyatşünas
Əhməd Şaya Alav Muğanlının "Həyat
yollarında" kitabına həsr
etdiyi "Eldar Muğanlının həyat yolları"
adlı məqaləsində şairin eyni adlı şeirini
belə izah etmişdi: "Həyat yollarında"
ünvanlı şeiri insanın həyat fəlsəfəsini
tərənnüm edir. Eldar həmin şeirində insanın
dirçəliş prosesini təbiət obrazlarının
simasında göstərir və qəm-kədərə
qapanmış adi insanın təkamülünü təsvirə
çəkir:
Durğun
bir su idim, səssiz-səmirsiz,
Nə gediş var idi, nə gəliş məndə.
Həyatım
keçirdi qəmdə, kədərdə,
Nə sevinc var idi, nə gülüş məndə.
Zavallı insan yalnız yemək və qarnını
fikir etdikdə, həyatın dəyərini yalnız pulla, var-dövlətlə
ölçdükdə nə qədər aciz olur, təkamül
üçün çalışan insanın isə həyatı
sevinc və fərəhlə dolur. Təkamül
döyüşü al Günəş tək insanın
qaranlıq yollarına qızıl şüalar
saçır".
Zaman göstərdi ki, qələm dostlarının və
xüsusən də ustad Y.Şeydanın xeyir-duası gənc
şairə düşərli oldu. Güney poeziyasına yeni səs,
yeni rəng qatan Muğanlı çətin, sərt, keşməkeşli
"həyat yollarını" büdrəmədən qət
edərək "ümmanların sorağında"
"axan ulduzlarla" azadlıq Günəşinə
doğru irəliləyir:
Sayrışır
səmada yenə ulduzlar,
Sanki bu fikrimə gülümsəyirlər.
Fikrimdə
fikrimdən bir fikir doğar;
Elə
bil ulduzlar belə deyirlər:
Yandırır
odumuz zülmətin kökün,
Yandıqca bəzən də yox oluruq biz.
Bu gərgin
döyüşdə axsaq da hər gün,
Günəşə yol açır bu
axmağımız.
"Axan
ulduzlar" adlı şeirində doğma ana
torpağının qucağında vətən, azadlıq
uğrunda canlarından keçən fədailər,
mücahidlər, şəhidlər səmanın
döşündə sayrışan ulduzlara bənzədilərək
kiçik bir mətn parçasında iki - "Ulduz"
konsepti ilə "Fədai" konseptinin assosiasiyasından
"Ulduz İnsan" və "Ulduzların
axışı" (İnsanın öz amalı uğrunda
mücadiləsi - yanması) ilə - irəliləmənin (Təkamül)
"Yaşamaq yanmaqdır" konseptual metaforası
yaranıb. Bu metaforalar burada "Ulduz" və
"Ulduzların axışı" konseptlərinin "Fədai"
və "Təkamül" konseptlərinin köməyilə
anlanılmasında öz koqnitiv funksiyasını yerinə
yetirirlər.
Bundan
başqa elə həmin mətnin sadəcə bir "Fikrimdə
fikrimdən bir fikir doğar" misrasında üç dəfə
təkrarlanan "f" samitinin qüvvətli alliterasiyası
fikrin, düşünmənin fonetik obrazını yaradır
və bununla baş verən hadisənin bədii təsirini
daha da artırır.
Ümumiyyətlə,
Muğanlı yaradıcılığının son mərhələsinə
aid olan əksər ("Yarımçıq söz"(1997,
mübariz şeirimizin bayrağdarı ustad Həbib Sahirin
nisgilli ölümünü anarkən), "Üşütmə"
(2009), "Küçələrə açılan
yaşıl qapılar" (2010), "Torpaq ögey olmaz"
(2011), "Bənövşə" (2011, Nüsrət Kəsəmənlinin
"Yumul bənövşəm, yumul"şeirinə nəzirə),
"Sevgi günümüz" (2012), "Bu torpaq vətənimdir"
(2012), "Qaranquş" (2013), "Bütövlük"
(2013), "Qaşla göz arasında" (2018), "İtgilər"
(2020) və s.) şeirlərində belə assosiativ ifadə
üsuluna rast gəlmək olur.
Əlbəttə,
təkcə müharibə və inqilabları ilə deyil, həm
də sənət əsərlərinin hüdudsiz dəyişim
və müxtəlifliyilə tarixdə qalan XX əsrin
övladı olaraq get-gedə bərkdən-boşdan
çıxıb təcrübələnən, püxtələşən
Muğanlının şeirləri də ideya-bədii, forma və
məzmun cəhətdən kamilləşir, sonralar sərbəst
şeir formasında siyasi motivli fəlsəfi-psixoloji şeirlərə
daha çox üstünlük verir.
Eldar Muğanlı lirik şairdir. Muğanlı
lirizminin bütün cazibədarlığı, sirri-sehri isə
onun ideya gücündə, rəngli məcazlarında,
çox funksiyalı metaforik anlamlarında, oksimoron ifadələrindədir.
Sakit, mülayim, təmkinli və təvazökar təbiətli
şairin daxili iztirablarının, dərin psixoloji
çatışmalarının məhsulu olaraq ortaya
yumşaq-kəskin bir lirizm çıxır: Qan ağlayan
sevinc, aşikar sirr, kiçik böyüklük, məğlub
qəhrəman, həsrətli vüsal və s. Bu ifadə
xüsusiyyəti şairin poetik təxəyyül və təfəkkür
boyutlarının sonsuzluğunu, üslubunun bənzərsizliyini
təmin edir.
"Üşütmə" şeirində həzin-həzin
üşüyən lirik məni ürəyinin başına
yağan qarın soyuqluğundan çox kirliliyi
üşüdür və bu üşütmə ilə
oxucunun ürəyində elə bir atəş yaxır ki, onu
yalnız parçalanmış vətənimizin
azadlığı və bütövlüyü sevinci
söndürə bilər.
Qar
yağır...
Qar
yağır ürəyimin başına
İçini
itirmiş
Tamını
unutmuş
Qara bir
qar;
Qəribədir
ruzigar..!
Şair sadəcə yazmır, yazdıqlarını
yaşayır, yaxud da yaşadığı anları yazır
və yaşadıqlarını oxucuya yaşatmağı, onu
düşündürməyi də bacarır. Odur ki,
misraları üşüyən dünyanın
üşüyən anlarında donub əbədi diri
qalır. Bu məhrəmliyi, bu həzinliyi
isə oxuçuda yalnız E.Muğanlı kimi həssas,
kövrək ürəkli, dərin düşüncəli, səssiz
duyğuyüklü sənətkarlar yarada bilir.
Qar
yağır ürəyimin başına,
Qara bir qar.
Bulanır
ağ çiçəkli qızıl
aynam,
Üşüyür bənövşəli dünyam.
Canlanır
aynamda
Qasırğaya
düşmüş cılız bir dağ;
Ətəyi
çırkab,
Başı çılpağ.
Yazığım
gəlir belə dağa,
Belə havaya.
Yazığım
gəlir belə qara,
Belə
ruzigara...
E.Muğanlının
əksər şeirlərində misra özündən
öncəki misranın açması kimi gəlir, ona görə
də oxucuda maraq doğurur, həyəcan yaradır, onu fikirlərinin
arxasınca çəkib apara bilir:
Şəhərin
ruhuna hopur
Susuzluğa
axan bahar;
Yaşıllaşır
qapılar
Yaşıllaşır
küçələr;
Yaşıllaşır xəzəllənmiş şəhər.
"Ana" şeirində isə şairin ana, vətən,
azadlıq, xoşbəxtlik, vüsal həsrətləri həsrət
obrazında birləşir və burada intim lirika yenə də
qüvvətli vətənpərvərlik motivləri ilə kəsişir.
Ayrılığın
od qalayır sinədə,
Alovlanır görüşünə ürəyim.
Arzularım
gül açmasa, yenə də
Vüsal eşqi gərəyimdir, gərəyim.
Köhnə həsrətləri ilan kimi soyulub
qabıqdan çıxan lirik mən artıq yeni bir
arayış izindədir; çox "sevdiyi Səttarxanın
bayrağını" dalğalandırmaq üçün
yeni Səttarxanlar istəyir.
Küçələrə
açılan qapılarda
Bahar
qoxusu var,
Payız
qorxusu var;
Küçələrə
açılan qapılarda
Neçə
ildir döyüşür
Payızla bahar.
E.Muğanlı
romantikası yüksək xəyali əhval-ruhiyyəni, həyatın
parlaq cəhətlərinin səciyyəsini əks etdirən
keyfiyyətdir və realist şairin həyatın bu və ya digər tərəflərinə münasibətini göstərir. Odur ki, sənətkarın real zəminlə əlaqəsi
heç kəsilmir. Muğanlı
poeziyasında həyat həqiqəti prinsipi zamanının
mütərəqqi ideyalarına bağlı olduğundan
özünün daha dolğun ifadəsini tapır.
"Yarımçıq söz" şeirində
qaranlıq, zülm, zülmət, şər
simvollarını ifadə edən kölgə obrazı rəmzi
obrazıdır və eyni zamanda mənbə domen - zülm
maşını, mexanizmi, güc konseptidir. Misradan misraya keçdikcə
libasını dəyişir və metoforikləşir:
Kölgələr
sərilib şəhərin üstünə
Ürəyi
irinli,
Gözü
kinli,
Nəfəsində
zülmət qoxusu,
Səsində
gecə qorxusu...
və
metaforadan metaforalar doğulur. Ancaq burada mənbə domenin
anlaşılması hədəf domenlərin
anlaşılmasından o qədər də asan deyildir. Mənbə
domenin örtü, insan, qorxu, ruh və s. hədəf domenləri
vasitəsilə konseptuallaşması mənbə domenin daha
aydın anlanılmasına, nakam şairin (Həbib Sahirin)
ölüm anının daha orijinal və təsirli təsvir
və tərənnümünə kömək edir.
Dalğasız
bayraq kimi
Asılı
qalır ey
vandan
Barmaqları
düyünlü,
Gözləri
səhərin pəncərəsinə tikili,
Ağzı
açıq,
Sözü
yarımçıq;
Boğazında
düyünlənən "AH" sözümü,
yoxsa
"AZA...".
Muğanlının ana laylası tək həzin və
kövrək lirikasının özəyində siyası
motivlər durur. Bu isə şairin siyasi məfkurəsinin
iliyinə qədər işlədiyinə, pozitiv və saf
enerjilər kodlanmış hiss və duyğularına tamamilə
hakim olduğuna dəlalət edir.
Üşüyür
duyğularım,
Közündən
pay umuram.
Görünməz yuxuların.
Gözündən
pay umuram.
Düşübdür
dilə sevgim,
Aylara, ilə sevgim.
Pozulur belə
sevgim,
İzindən
pay umuram.
Gecikib ilk
baharım,
Talanıb sevgi varım.
Çoxuna
yox qərarım,
Azından
pay umuram.
Əriyir
yerə kölgəm,
Oynadır atını qəm.
Çəkilib
dara nəğməm
Sözündən
pay umuram.
Ürəkdə
bitənimsən,
Gül
üstə ötənimsən,
Pay verən
vətənimsən,
Özündən
pay umuram.
"Duyğuları üşüyən, sevgisi dilə-dişə
düşüb hicrandan pozulan, nəğməsi dara çəkilən"
lirik mən ən çətin anında ürəyində
bitən vətən eşqinə sarılır, ondan kömək
umur. Burada intim lirika qüvvətli vətənpərvərlik
motivləri ilə kəsişir.
Poetik aləminin dərinliklərinə qəvvas tək
baş vuran Muğanlı yaradıcılığının
bütün dönəmlərində zəmanəsinin və
yaşadığı cəmiyyətin həyatında baş
verən bəşəri və sosial hadisələrinə, mədəni-tarixi
məsələlərinə öz münasibətini
bildirmişdir.
"Bayrağa çevrilmiş səhər" (2020)
şeiri lirik qəhrəmanın konkret ruhi vəziyyətinin
təzahürüdür. Lakin Muğanlı
yaradıcılığında ümumiyyətlə,
şairin şəxsiyyəti ilə onun lirik qəhrəmanı
arasında möhkəm əlaqə və vəhdət
mövcudluğu bu qəhrəmanın fikir və həyəcanlarını
nəinki şairin mütləq özünün, hətta
bütöv millətinin və bəşəriyyətin fikir
və həyəcanları kimi qəbul etməyə əsas
verir.
Ayağa
qalxıb dərindən köks ötürdü,
Yürüdü
dan yerinin keçidinə,
Səhərin sərin nəfəsi sızdı sinəsinə.
Üfüqin
dərinliyində
açılırdı bənövşənin laylay
açılışı,
Laylalara
qoşulurdu
torpağın gözündə yaralı uçuşu,
Halqalanmışdı
qan boyalı
şəfəq günəşin boynuna,
Yerlə-göy
arasında
tikili
qalmışdı baxışı ona.
Bu cür mətnlərdə şairin poetik təxəyyülü
dil və düşüncə proseslərinin mürəkkəb
əlaqə sisteminin yaradıcısına çevrilir. Oxucu
mübaliğələr, epitetlər, təşbehlər,
metaforlar, obrazlar bolluğunda, adətən, qeyb olur. Metaforalar burada müxtəlif koqnitiv (poetik, semantik,
linqvistik) funksiyaları yerinə yetirir.
Səhər
əmizdirdikcə baxışlarını,
Tamsındı
beynində ləpələnən
qızılı illərini, mavi nisgillərini.
Gözlərində
gilə-gilə göyərdi işıq qoxusu,
Ürəyində ərim-ərim əridi gecə
qorxusu.
Daraldı
şəfəq, sıxıldı günəş,
Yayıldı
bənövşənin açılışına
torpaq
boyalı diləklər,
Dalğa-dalğa
dalğalandı,
bayrağa çevrilmiş səhər.
Bu mətndə ritmlilik daşlaşmış sintaktik paralellərlə yanaşı, buradakı bütün qrammatik formaların assosiativ semantikasından yaranır. Ritmik nitq parçasını isə daha çox ovqat tamamlayır.
Təhlillərimiz belə bir qənaətə gəlməyə əsas verir ki, E.Muğanlı poeziyası avanqard meyilli, fəlsəfi düşüncə poeziyasıdır və bu düşüncə dünyası bütünlüklə sosial-siyası motiv daşıyır. Örnək şeir nümunələrindən də gördüyümüz kimi bu poeziya mental fondda mövcud olmayan yeni mənalar üçün əlverişli mühit yaratmağa qadir Eldar Muğanlı dilində gerçəkliyin yeni təqdimatıdır.
Bu poeziyasının estetik kamillik dərəcəsi isə daima yeni poetik məzmun və məna axtarışlarında olan şairin zəngin mənəvi aləmi, güclü təxəyyül və təfəkkür qabiliyyəti, əsərlərinin ideya gerçəkliyinin əhəmiyyətilə şərtlənir.
Ömrünün məhsuldar
dövrünü yaşayan, "qızıl aynasını
mavi gözlü bahar gözəlinin qızılı
saçlarından asan", yaşadığı çətinliklərə
baxmayaraq yorulmadan irəliləyən, gələcəyə
inam və ümidlə baxan şair Muğanlıya sevgi dolu
dünyasının baharlanmasını arzu edir, ona şərəfli həyat yolunda uğurlar
diləyirik. Ədəbi-mədəni tariximizdə ləyaqətli
yer tutan Eldar Muğanlı və məsləkdaşlarının
həyat və yaradıcılıqlarının daha geniş
və hərtərəfli şəkildə tədqiq ediləcəyinə
inanırıq.
Qəndab
ƏLİYEVA
Filologiya
üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu
525-ci qəzet.- 2022.- 10 fevral.- S.14-15.