Dövlətə, dövlətçiliyə,
xalqa sədaqət örnəyi...
Ötənlərə, yaşanılmışlara xatirə
deyirik. Xatirə həm də
tarixdi.
Yaxın-uzaq ellərin yaddaşında
təkcə xatirə
kimi deyil, həm də tarix kimi qalan
xatirələr oxunmuşların
da tarixidi, eşidilənlərin də,
görünənlərin də. İlləri
el-obaya ad olan xatirələrin işığında
yaşamaq necə xoşdu! Oğlunu yaxından tanıdığın
atanın xarakteri haqqında düşüncələrində
o qədər nizamlı,
o qədər ehtiramlı,
sevgiyə dönən
duyğular yaranır ki!
Atası Kərbəlayı Məmmədxan
yüzbaşı idi. Sovet hökuməti bu vəzifəyə görə
minlərin taleyində
yel əsdirmişdi...
Şəfaət Mehdiyev 1912-ci ildə Qubadlı rayonuun Qəzyan kəndində anadan olmuşdu. Nəfəsi
ata nəfəsi ilə cəmi üç il
isindi Şəfaətin.
Buna yetimlik deyirlər;
bir atalar sözünü xatırlayıram:
"Yetim böyüyür,
əzrayılın paxıllığı
özünə qalır"...
Anası Sara oğlunun təhsil alması üçün
bütün çətinliklərə
qatlaşır. O illərin güzəran sıxıntılarını səbriylə,
dözümüylə, ana
qüdrətiylə yumşaldır.
Şəfaətin təhsil almasını
qardaşları da sevgilərlə istəyir;
Şəfaət oxuyur.
Azərbaycanda 1920-ci il adlı sovetləşmə yelləri
əsdi. Bu yellərin
hardan əsdiyi bəlli idi, necə əsdiyi görünürdü, necə
əsəcəyini kimsə
güman edə bilməzdi. Şəfaət Müskanlı orta
məktəbini bitirdi.
Qardaşı Mehdixan geniş
dünyagörüşlü cavan kimi sovetləsmənin
təhsillə bağlı
olduğunu, təhsildən
kənarda düz-əməlli
gün-güzəran olmayacağını
duyurdu. Bu duyumun mahiyyəti zamanın "nəbzini tutmaq" idi. Bu mahiyyət ötən əsrin 20-ci illərinin yaşam fəlsəfəsi
idi və bu fəlsəfə sabahlara hesablanmış niyyətə açar idi...
Mehdixanın məsləhəti ilə
Şəfaət 1927-ci ildə
Quba rayonunda Kənd Təsərrüfatı
Texnikumunda təhsil almağa gedir. Savad sovetləşmənin
əzəli etimadı
idi və Məmmədxan qardaşının
bu etimadla etibarlı şəkildə
əhatələnməsini istəyirdi. Şəfaət bu əhatələnmədən
təkcə özünün
deyil, həm də ailəsinin - əzizlərinin yaşantılarına
işıq düşməsini
arzulayırdı. Şəfaətin dünyaduyumu ilə, təhsilə marağı
ilə, zəhmətə
qatlaşma qüdrəti
ilə bu işıq səxavətini
zərrəcə əsirgəmədi.
Şəfaət təhsilini 1932-ci ildə tamamladı. Aqronom idi. Torpağı sevmişdi, bundan sonra torpaqla daha incəliklə kəlmələşəcəkdi. Torpağı öldürə-öldürə,
yəni becərə-becərə
dirildənlərin məsləhətçisi
olacaqdı. Camaat dədə-baba
əkib-becərmə üsullarıyla
bir sırada torpağın elmi əsaslarla becərilməsini
də öyrənəcəkdi,
məhsuldarlıq artacaqdı,
güzəran yaxşılaşacaqdı.
O dövr üçün
normal elmi təhsil hesab edilirdi Şəfaətin aldığı
təhsil. Onu Qubadlı rayonunun
torpaq şöbəsinə
göndərirlər.
Torpaq çəkir
adamı. Doğma yurd, el-oba adamın ruhunu, ruhuna görə cismini - özünü çəkir. Gec-tez dönüş
adlı yolun yolçusu olursan və doğma elinə qayıdırsan.
Ruh cana
qayıdan təki qayıdırsan...
Hər qayıdış
könül xoşluğıyla
süslənmir. Hər ürək bir
məzhəbin cəfakeşidi.
Eyni məzhəbin cəfakeşi
olan ürəklərin
də duyumu, insafı, haqqa, ədalətə sədaqəti
eyni olmur. Nəyinsə xətrinə, haqqın,
ədalətin ayaqları
altını eşməyə
meyil göstərənlər
də olur.
"37" deyirik, sən
demə, "37" 37-dən neçə il
əvvəllər başlayıbmış.
Pərakəndə şəkildə, "danoslar" əsasında,
gözəgötürməzliyin nəticəsi kimi. O
illər də tarixdi. Öz əli ilə öz ocağını söndürməyə meyilli
olanların tarixi,
"yuxarılara" yarınmağın
tarixi, sağ gözünün işığını bir qədər artırmaq niyyətiylə sol gözünün
ovulmasına etiraz etməyənlərin tarixi...
O illərdə respublika partiya təşkilatında
da, ayrı-ayrı rayonlarda da sosial
cəhətdən yad
elementləri araşdıran
komissiyalar vardı. Belə donoslara inananlar da olurdu. 1935-ci ildə bir
insaflı məmur olmasaydı, Şəfaət
Məmmədxan oğlunun
taleyi necə olacaqdı? O illərdə
bunu kimsə güman edə bilməzdi. Dekabr ayının 31-də Qubadlı rayon Komitəsinin
Komissiyasında belə
donoslar əsasında
məsələyə baxılır.
Belə baxılmalar şərti xarakter daşıyırdı.
Həmin
iclasda bir in-saflı komissiya üzvünün məsələyə
vicdanlı münasibəti
Şəfaət Məmmədxan
oğlunun taleyinə qondarılan böhtanları
üyüşdürür. İclasın qərarında qeyd
edilirdi ki, Şəfaət Mehdiyevin atası çar dövründə starşina
(yüzbaşı) olub.
Hazırda Şəfaət vicdanla işləyir, kolxoz quruculuğu fəallarındandır. Heç
bir inzibati tədbir görülmür,
qərara alınır
ki, Şəfaət Mehdiyev işdə qalsın, işləsin...
Maraqlı bir məqam: Kimisə günahlandırmaq,
cəzalandırmaq üçün
onun atasının əvvəlki dövlətdə
tutduğu vəzifə
başlıca səbəb
olurmuş. Ona görə yeni
yaradılan imperiya da yaşaya bilməzdi. Azərbaycançılıq bu imperiyanı
son nəfəsinə yetirdi.
Sovet hökumətinin ilk illərində
də, 50-ci, 60-cı illərində
də milli-xəlqi ruhu yaşadanlarımız
gizlin də olsa bu ruhun
yaşam cəfakeşi
olub. Qəzyandan başlayan ömür
yolu bu ruhun
sədaqətli daşıyıcıları
sırasında olub.
Tofiq Şəfaət
oğlu Mehdiyev kimi savadlı, istedadlı, dövlətə,
dövlətçiliyə sədaqətli dövlət
xadimi davam etdirib bu ömür
yolunu...
1935-ci il qadasız
sovuşdu...
1937-ci il gəldi.
Sürgünləriylə, qazamatlarıyla, "gedər-gəlməzləriylə",
bir kəlməyə görə ömür itirmək sıxıntılarıyla, ...
1937-ci il idi. "Üçlüy"ün ömürlərə divan tutan ili idi. Şəfaətə yönəldilən bədxahlıq yelləri kəsməyibmiş, o insaflı məmurun təklifinin ömrü cəmi iki il olacaqmış; Şəfaətə siyasi "barmaq qıcandı": Atan Məmmədxan yüzbaşı olub. Əvvəlki hökumətə qulluq göstərib. Öldü, ölməsə sürgünlərdə can əridərdi. Sən atanın əvəzinə cəzalanacaqsan. Həm də ən ağır cəzayla. Nargin adasına göndəriləcəksən.
"Üçlük" bilirdi ki, Məmmədxan iman adamı kimi zamanında İraqda, İranda, Nəcəfdə ziyarətlərdə olub. Bir kimsənin könlünü qırmayıb, balalarına haram çörək yedirtməyib. Hamı ona Kərbəlayı deyə müraciət edərdi. Sovet hökuməti gələndə oğulları sovetləşmənin nə olduğunu dərk edib, atalarının dəyirmanlarını, torpaqlarını, mal-qarasını təzə hökumətə təhvil veriblər. Güman ediblər ki, Şura hökuməti onları dünənlərinə görə "silistə" çəkməz. "Mayası qanla yoğrulmuş" təzə hökumət Kərbəlayı Məmmədxanın təzə hökumətə sədaqətlə xidmət edən oğlunu "çək-çevir"ə salanda Moskvaya, "NarkomZemə" (Torpaq işləri üzrə xalq komissarlığı) gedir, rəsmilərə müraciət edir. Yad eldə, yad dildə, yad dində deyilənləri dinləyənlər olur. Həm də insafla dinləyirlər.
Haqq nazilir, ancaq üzülmür. Maraqlıların niyyəti gözündə qalır...
Şəfaət Mehdiyev Zəngilan rayonuna qayıdır, eyni vəzifədə işləməyə...
Şəfaət Məmmədxan oğlu rayona qayıdanda qəlbipaxırların "içində qərəzlik vurnuxur", özünün nail ola bilmədiyi mərtəbəyə başqasının nail olduğuna paxıllaşanlar gizlin fəallaşır, gecələrin lampa, çıraq işığında qondardıqları olmamışlardan danoslar yazırlar, kimlərinsə dürüst ömrünü qarayaxmalarla korlamağın könüllü quluna dönürlər. Danoslarla dürüst adamları gözdən salmağa, sürgünlərə ürcah eləməyə, qazamatlara salınmasına nail olmağa çalışırdılar. Şəfaət Mehdixan oğlunun insanlıq işığı da, bacarıq, qabiliyyət nuru da kimlərinsə gözlərini qamaşdırırmış. "Yuxarılara" müxtəlif məzmunlu donoslar, böhtanlar yazırdılar. O illərdə belə donosların əksəriyyəti yoxlanılmadan qərar çıxarılırdı...
Şəfaət Mehdiyev aldığı təhsillə kifayətlənmək istəmirdi. Hiss edirdi ki, texnikum təhsili orta pilləli vəzifələr üçün yetərlidir; hamı özünün nəyə (və nələrə!") qadir olduğunu yaxşı bilir. Şəfaət Məmmədxan oğlu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu da bitirir. Fərqlənmə diplomu ilə. Bu, Böyük Dünyaya böyük ürəklə salam verilməsinə tutarlı zəmanət idi. Sovetlərin kadr siyasətində bu, əsas istinadlar sırasındaydı. O illərdə ali təhsilli mütəxəssislər cəmiyyətin etimad ünvanlarındanıydı və Şəfaət Məmmədxan oğlu bu sevgini varlığına Tanrıya şükranlıqla qoşa hopdururdu...
Şəfaət təhsildən sonra Zəngilan Maşın Traktor Stansiyasına baş aqronom vəzifəsinə təyin edilir, az sonra direktoru olur. Qısa müddətdə bu yeni təyinat həm də xarakterə inamın təzahürü idi; hökumət Şəfaət Məmmədxan oğluna inanırdı. O illərdə belə inam həm siyasi baxımdan ümid, arxayınlıq idi, həm də sabahlara daha inamla baxma imkanı; o ümid, o imkan Şəfaətin də, onun ailəsinin də könül xoşluğu idi və bu könül xoşluğu illəri halallıq axarıyla illərə qo-vuşdururdu...
Keçən əsrin 50-ci illərində Azərbaycanda kənd təsərrüfatı üzrə başlıca sahə pambıqçılıq idi. Müharibədən təzəcə çıxmış dövlətin iqtisadiyyatını dirçəltmək, istehsalı yüksəltmək olduqca ciddi tələblərdən idi.
Şəfaət böyük şövqlə işləyir, sevgilərlə, sevə-sevə, sevilə-sevilə işləyir.
Böyük Vətən Müharibəsi başa çatmışdı...
...Prinsipiallığı ilə sayılıb-seçilən Şəfaət Mehdiyev Zəngilan rayon Xalq Deputatları Sovetinin sədri olanda çox böyük quruculuq işləri həyata keçirib.
Şəfaət Mehdiyev 1950-ci ilin sonlarında Pambıqçılıq Nazirliyinin Mil-Qarabağ Regional İdarəsinin rəisi vəzifəsinə təyin edilir...
O illərdə belə yüksək vəzifələrdə işləyən Şəfaət Mehdiyev elmi araşdırmalar aparmağa da vaxt tapırdı (zamana, aylara, günlərə məsuliyyət kimi, bu məsuliyyət ömürə məsuliyyətin təzahürü idi). Elmi araşdırmalarını ümumiləşdirdi, uğurla namizədlik dissertasiyası müdafiə etdi, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi aldı...
Vətəni Azərbaycanı sevirdi Şəfaət Mehdiyev...
Azərbaycanımızın tarixini sevirdi, ədəbiyyatını, incəsənətini, mədəniyyətini sevirdi...
Ata nəsihətinin işığında övladları yüksək təhsil aldı, hamısı geniş erudisiyaya malik idi. Ata ruhu dünyadan gileyli deyil: övladlarım Azərbaycan üçün layiqli vətəndaş oldu...
Şəfaət Mehdiyevin ruhunun da qırışığı açılıb: Torpaqlarımız işğaldan azad edilib...
Əsl vətəndaş idi Şəfaət Məmmədxan oğlu...
Əsl ömür odur ki, son nəfəsindən sonra sənin yoxluğuna təəssüflənsinlər...
Son nəfəsdən sonrakı ömür əbədiyyətə qovuşur...
Şəfaət Mehdiyevin ömrü dövlətə, dövlətçiliyə,
xalqa sədaqət ömrü
oldu...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2022.- 10 fevral.- S.13.