Azərbaycanda ali təhsilin beynəlxalq rəqabət imkanları artır

 

Fevralın 1-dən etibarən "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə doktoranturaya 2022-ci il üzrə ilk sənəd qəbuluna başlanılıb.

Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Məhz bu yolla da Azərbaycanın ali təhsil müəssisələrinın kadr potensialı gücləndiriləcək.

Xarici universitetlərdə sənəd qəbulu ildə iki dəfə aparılır. Dövlət Proqramından yararlana bilməyin bir çox şərtləri var. Həmin şərtlərdən biri universitetlə bağlıdır. Belə ki, Dövlət Proqramından yararlanmaq istəyənlər ixtisası üzrə universitetlərə müraciət ünvanlamalı və dəvət aldıqdan sonra Təhsil Nazirliyinə sənədlərini təqdim etməlidirlər. Ancaq təhsilalanın dəvət edildiyi ali təhsil müəssisəsi Təhsil Nazirliyinin 600-dən artıq nüfuzlu universitetin adının əksini tapdığı siyahısından olmalıdır. Həmin siyahıda yer alan universitetlər iki beynəlxalq reytinq siyahısından seçilib. Belə ki, azərbaycanlı gənclərin dəvəti "Times Higher Education (THE) World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai)" reytinq siyahılarında ilk 500-də yer alan nüfuzlu ali təhsil müəssisələrindən olmalıdır. Beləliklə, keyfiyyətli təhsil alıb öz tədqiqatçılıq bacarıqları ilə ölkə təhsilinə faydalı olmaq istəyən hər gənc dövlətin yaratdığı bu fürsətdən yararlana bilər.

"2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almağın ən önəmli şərtlərindən biri isə təhsilalanın ölkəmizə qayıtdıqdan sonra çalışacağı təhsil müəssisəsi ilə bağlıdır. Belə ki, xaricdə doktorantura təhsili almaq istəyənlər Təhsil Nazirliyinə müraciət edərkən, sadəcə təhsil almaq istədiyi xarici universiteti deyil, həm də təhsilini başa vurduqdan sonra qayıdıb işləyəcəyi universitetin adını göstərməlidir. Təhsilalan Dövlət Proqramından ancaq üçtərəfli - Təhsil Nazirliyi, təhsilalan və onun çalışacağı universitet arasında müqavilə bağlanarsa, yararlana biləcək.

Bu şərt universitetlərdə çalışan, təhsilini davam etdirmək istəyən və bunu maddi çətinlik üzündən reallaşdıra bilməyən gənclərə dəstək olmaq məqsədinə xidmət edir. Çalışacaqları universitetlə müqavilə onların qayıdarkən işlə bağlı hər hansı probleminin olmayacağına əminliyi üçün tələb edilir. Bir sözlə, yerli ali təhsil müəssisələri ilə bağlanacaq üçtərəfli müqavilə nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların akademik və ya inzibati olaraq işlə təminatı nəzərdə tutulub. Həmçinin Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura səviyyəsində təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin Azərbaycanda elmi-pedaqoji sahədə tətbiq ediləcəyinə şübhə yeri qalmır. Üstəlik, ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksək tədqiqat bacarıqlarına malik kadr potensialı formalaşdırılır. Nəticədə də yerli ali təhsil sisteminin beynəlxalq rəqabət imkanları artır.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyir ki, Dövlət Proqramı iki istiqaməti əhatə edir. Məqsəd xaricdə doktorantura təhsili və yerli ali təhsil müəssisələrində ikili diplom proqramlarının təsis olunması yolu ilə gənclərə yaxşı təhsil imkanlarının təşkil olunmasıdır. Dövlət Proqramı nəticəsində 130-a yaxın gənc dünyanın 60-dan çox nüfuzlu universitetində təhsil alır. Onların hər biri yerli ali təhsil müəssisələri ilə üçtərəfli müqavilə bağlayıblar: "Doktorantlar təhsil aldıqları dövrdə və təhsillərini bitirdikdən sonra həmin universitetlərin inkişafını hədəfləyirlər".

O bildirib ki, Azərbaycanda dövlət sifarişi ilə doktorantura təhsili alan şəxslər "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na müraciət edə bilməyəcək: "Öz hesabına təhsil alan doktoranlar isə müddətin 50 faizdən çoxunu oxumayıbsa, müraciət edə bilərlər. Yəni artıq üçüncü kursdadırsa, həmin şəxslər də müraciət edə bilməyəcək".

Tural Əhmədovun sözlərinə əsasən, məqsəd daha çox məlumatın potensial namizədlərə çatdırılması, əlçatanlığın təmin olunmasıdır". Bizim əsas qəbul şərtləri sırasında dünyanın ən yaxşı universitetlərinin reytinqlərinin ilk 500-lüyündə olan ali təhsil müəssisələrindən əldə olunan qəbul sənədinin mütləq təqdim olunmasıdır. Eyni zamanda namizədlər Nazirlər Kabineti tərəfindən təsdiq edilən, ölkənin iqtisadi inkişafı üçün önəmli olan müəyyən olunan 7 prioritet ixtisası seçməlidirlər. Proqrama qəbulda 3-cü tərəf olaraq razılıq ərizəsi əldə olunmaqla yerli tərəfdaş ali təhsil müəssisələri çıxış edir. Namizədlər yerli ali təhsil müəssisələrindən razılıq məktubu təqdim etməlidirlər. Artıq həm doktorantura təhsilində xaricdə təhsil alan azərbaycanlılar, həm də yeni namizədlər proqrama müraciət edə bilər. Və müraciət elektron şəkildə, proqramın veb səhifəsində "şəxsi kabinet" yaratmaqla həyata keçirilir. Namizədlər üçün qeyd olunan qaydalar mütləqdir. Sənədlər ilkin ekspertizadan keçirilir. Daha sonra namizədlər ekspertlərin iştirakı ilə müsahibə mərhələsinə dəvət olunurlar. Bu mərhələdə 3 məqam xüsusilə qeyd edilməlidir. Onların elmi tədqiqat bacarıqları, məntiqi mühakimə yürütmə qabiliyyətləri və eyni zamanda kommunikasiya bacarıqları qiymətləndirilir. Hər 3 şərti ödəyən və ekspertlərin müsbət rəyini əldə edənlər hesablanmış keçid balı əsasında proqrama qəbul olunurlar. Proqrama qəbul olunan hər bir doktorantla  şərti müqavilə imzalanır".

Dövlət Proqramı çərçivəsində həyata keçirilən beynəlxaq ikili diplom proqramları barədə söz açan təhsil nazirinin müşaviri Nicat Məmmədli isə bildirib ki, 2018-ci ilin noyabrında  Prezident tərəfindən imzalanan sərəncamla təsdiq olunan Dövlət Proqramı  çərçivəsində  2019-cu ildən başlayaraq 2 istiqaməti - həm xaricdə doktorantura  təhsil proqramı, həm də Azərbaycanın ali təhsil müəssisələri və dünyanın nüfuzlu universitetləri arasında beynəlxalq ikili diplom proqramlarının təsis olunması üzrə bir sıra işlər həyata keçirilib.

 

İlkin olaraq 2020-ci ilin yanvarından  iki il ərzində ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsil və insan kapitalının inkişafı",  eyni zamanda ADA Universiteti ilə Corc Vaşinqton Universiteti  arasında "Kompüter elmləri və verilənlərin təhlili" ixtisasları istiqamətləri üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramlarına qəbul həyata keçirilib. Bundan əlavə, Dövlət Proqramı çərçivəsində daha 2 bakalavr proqramı da təsis olunub. Bunlardan biri  Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin 4 mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinə başlanılıb. Artıq sözügedən proqrama ikinci qəbul həyata keçirilib. Bu proqram sahəsində kifayət qədər ciddi uğurlar var. Proqramda təhsilin son ilinin İnha Universitetində keçirilməsi nəzərdə tutulub. Bu proqramlar ingilis dilində həyata keçirilir. Artıq ötən ildən Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin 4  "aqrar elmlər" ixtisası istiqaməti üzrə də bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı  həyata keçirilməkdədir. Bu proqram çərçivəsində tələbələr  təhsilin 3 ilini Azərbaycanda, qalan bir ilini isə Ege Universitetində alacaqlar: "Bu proqramların icrası sayəsində bizim kifayət qədər yaxşı təcrübəmiz formalaşıb. Biz hazırda Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan digər 5-ci proqramın təsis olunması istiqamətində işləyirik və ümid edirəm ki,  sentyabrda növbəti qəbul prosesində daha bir ikili diplom proqramına tələbələrimizi qəbul edə biləcəyik. Böyük ehtimalla bu da magistratura səviyyəsi üzrə diplom proqramı olacaq".

 

N.Məmmədli ümid etdiyini bildirib ki, "ən yaxın zamanlarda bu sahədə də bizim uğurlarımız olacaq. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, qazanılmış yaxşı  təcrübə əldə olunmuş təcrübələrimizi daha da genişləndirməyə imkan verir". Mütəxəssis sessiyada daha bir yenilik barədə məlumat verərək qeyd  edib ki, Prezidentin imzaladığı müvafiq Sərəncama uyğun olaraq 5 proqramın həyata keçirilməsi nəzərdə tutulub. "Hazırda düşüncələr ondan ibarətdir ki, bu proqramların sayını bacardığımız qədər artıraq. Yeni xarici universitetlərlə yeni ixtisasları təhsilimizə gətirək. Bu təhsil proqramları Azərbaycan təhsilinin səviyyəsini artırmaq, Azərbaycan təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq, eyni zamanda da əmək bazarı üçün yaxşı kadrlar hazırlamaq, xüsusilə magistratura sahəsində təhsil alan tələbələrimizin, eyni zamanda əmək bazarında işləyən gənclərin Azərbaycan ali təhsilinə yenidən töhfə verməsi istiqamətində atılan addımlardandır. Ümid edirik ki, gələcəkdə bu proqramlarımız Azərbaycanın həm əmək bazarının, həm də ali təhsilimizin beynəlxalq rəqabətliliyinin artırılması  üçün yaxşı töhfə olacaq".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 10 fevral.- S.12.