"Rafiq Əliyev -
invariantlıq məktəbi"ni Şuşada
yaradaqmı?!
Rafiq Əliyev - 80
Tanınmış
elm xadimi, ixtiraçı alim Rafiq Əliyev gənc
yaşlarından Azərbaycan Neft və Kimya İnstitutunda
professor adına layiq görülüb. Onun ixtiralarının Neftayırma
Zavodunda tətbiq olunması Dövlət Mükafatı ilə qiymətləndirilib. Elm potensialı
tükənməz olan
Rafiq müəllimin pedaqoji fəaliyyəti də o dövr üçün mürəkkəb
sayılan avtomatika-telemexanika
ixtisasına istinadən
sadə suallarla müşayiət olunurdu.
Qardaşıma dərs deyən
alimin onlara "Qazıntı zamanı yerdən nə çıxır?" kimi
sadə suallar verməsi tələbələrin
təhsilə həvəslərini
daha da artırırdı.
Zaman keçdi,
dövran dəyişdi. Sovetlərdən müstəqilliyimizə qədəm
qoyduq. Professor Rafiq Əliyev beynəlxalq arenada Azərbaycanı uğurla
təmsil etməklə
elmi müstəvidə
öz layiqli yerini tutdu. Rafiq müəllimin Qarabağ ağrısına
isə, nəhayət,
30 il sonra
müzəffər ordumuzun
misilsiz şücaəti
sayəsində son qoyuldu.
Yaxşı xatirimdədir, İctimai Televiziyada professor Rafiq Əliyevlə müsahibə
aparılırdı. Müsahibə zamanı elmi məqamlarla yanaşı,
muğam və şeiriyyətə də
toxunması alimin diapozonunun ölçü
vahidinin sonsuzluğundan
xəbər verirdi.
Vacib görüşə tələsməyimə
rəğmən, ayaqüstü
də olsa, maraqlı müsahibəyə
axıra qədər baxmağa üstünlük
verdim. Düşünürəm ki, bu situasiyada çoxları mənim kimi hərəkət edərdi.
Fikrimcə, ağıllı, intellektual cəmiyyət qurmaq üçün televiziyalarımız bəzi
bayağı verilişlərdənsə
Rafiq Əliyevin elmi potensialından faydalı istifadə etməklə reytinqlərini
də yüksəldə
bilərlər. Hələlik isə bunu dəyərləndirmək
üçün mütəxəssislərin
ixtiyarına buraxıram.
Yeri gəlmişkən,
2021-ci ilin əvvəllərində
İqtisadi Təhlil Mərkəzi Lütfi Zadənin yubileyi ilə bağlı konfrans təşkil etmişdi. Düşünürdüm ki, konfransın
açılışında məruzəçi Rafiq Əliyev olacaq. Ancaq adəti üzrə elmi konfransı açıq elan edən şəxs Lütfi Zadənin həyat və yaradıcılığı
haqqında məlumat verdi, Rafiq
müəllim isə Lütfi Zadənin iqtisadiyyatda rolunu elə qabartdı ki, əsasən, iqtisadçıların iştirak
etdikləri konfransda bir anlığa sükut yarandı.
İlk dəfə
professor Rafiq Əliyevin
1996-cı ilin iyun ayında Almaniyanın Zigen Texniki Universitetində
təşkil olunmuş
beynəlxalq konfransda nüfuzunun və idarəçilik mədəniyyətinin
canlı şahidi olduğum üçün
təəccüblənmədim. Onun Lütfi
Zadə ilə yanaşı, müxtəlif
ölkələrdən konfransa
qatılan alimlərlə
bir səviyyədə
etdiyi təqdimatları
Qərb elmi düşüncə tərzinə
əsaslanırdı.
Lütfi Zadə və Rafiq Əliyevin elmi yaradıcılıq xəzinəsinə səyahət
etməklə bəzi
məqamlara toxunmaq istərdim. Əgər Lütfi Zadə
elmi əsərlərini
döşəmədən yığırdısa, Rafiq
Əliyev elmi əsərləri iclas masasının üstünə
sıralamağa üstünlük
verirdi. Bu nümunəni Rafiq Əliyevdən götürərək
gələcəkdə işləyəcəyim
elmi əsərləri
iclas stoluma ardıcıllıqla düzərək
hər bir vərəqin ünvanını
yaddaşda da saxlamağa çalışıram.
Rafiq Əliyevin nüfuzlu alman nəşriyyatı
"Sprenger"də çap
olunan kitabı Azərbaycan adına
yüksək elmi yaradıcılığın məhsuludur,
desək, yanılmarıq.
Məhz onun sayəsində istər
ABŞ-ın Corciya ştatında, istərsə
də Almaniyanın Zigen Universitetində həyata keçirilən
birgə elm və təhsil proqramları
professor Rafiq Əliyevin
nüfuzuna istinad olunan nümunəvi məqamdır.
Rafiq Əliyev
Eynşteynin nisbilik nəzəriyyəsinə davamlı
istinad etməsinə rəğmən, onu Eynşteynin elmdə daha çox əxlaqi yanaşması daim düşündürür.
Rafiq Əliyev Ağdamda doğulsa da, uşaqlıq və yeniyetməlik
çağlarında yay tətillərini
Şuşada keçirib.
Qohumlarının həyətindəki nəhəng palıd
ağacının küləkli havada
invariantlığı onun diqqətini cəlb
etməsi isə təsadüfdən doğan
zərurətdir. Deməli, onun elmi təfəkkürü də elə o mühitdən başlayıb. Bəlkə bu fürsəti qaçırmayaraq, yubiley münasibəti ilə "Rafiq Əliyev - invariantlıq məktəbi"ni
Şuşada yaratmaqla
elm mərkəzinin bünövrəsini qoyaq?!
Çingiz
Abdullayev
Alman-Azərbaycan
Cəmiyyətinin İdarə Heyətinin sədri, professor
525-ci qəzet.- 2022.- 10 fevral.- S.11.