Elmdə islahatlar həyati zərurətdir

 

Azərbaycanın böyük mütəfəkkiri və maarifçisi, bütün Qafqazın müsəlman ziyalılarının mənəvi atası sayılan Həsən bəy Zərdabi xalqın tərəqqisi üçün elm və təhsilin əhəmiyyətini vurğulayaraq öz həmvətənlərinə səslənirdi: “Ay qardaşlar, elm öyrənin, yoxsa zindəganlıq cəngində özünüz, millətiniz, məzhəbiniz bərbad olacaqdır”.

Bu sözlər XIX əsrin ikinci yarısında söyləndiyi vaxt nə qədər önəmli idisə, bu gün onların aktuallığı birə on artıb. Müasir həyatda insanı əhatə edən hər şey elm və texnologiyanın məhsuludur – istifadə etdiyimiz məişət əşyalarından yaşadığımız informasiya məkanına qədər. Yaxın gələcəkdə isə həyatımızın bütün sahələrini tamamilə elmtutumlu texnologiyalar və süni intellekt müəyyənləşdirəcək. Məgər yaşlı nəslin nümayəndələri gənclik illərində fantastik filmlərdə gördüyü bir çox şeylərin bu gün gerçək həyatda artıq özünə yer tutuduğunun şahidi olmurlarmı? Bunlar hamısı getdikcə sürətlənən elmi-texnoloji inkişafın nəticələridir. Və bu inkişafdan geri qalan, ona ayaq uydura bilməyən toplumlar, Həsən bəyin ifadəsilə, həyat uğrunda gedən mübarizədə “bərbad” olmağa məhkumdur. Bizim bu qlobal yarışda uduzmağa haqqımız yoxdur. Çünki söhbət bu xalqın və dövlətin gələcək taleyindən gedir.

 

 

Elmin inkişafı ümumi şəkildə iki əsas amildən asılıdır:

1) Cəmiyyətin elmin əhəmiyyətini dərk etməsindən və bu sahəni prioritet istiqamətə çevirməsindən,

 

2) Elmi prosesin düzgün və müasir tələblərə cavab verəcək səviyyədə təşkil edilməsindən.

 

Bu iki amil bir-birilə üzvi şəkildə bağlıdır və biri olmadan digəri mövcud ola bilməz.

 

Həsən bəy Zərdabinin söylədiyi sözlər Azərbaycanın aydın insanlarının hələ 150 il öncə müasir elm və təhsilə verdiyi yüksək dəyərin ifadəsidir. Elmə hörmət bu xalqın tarixi şüurunda dərin kök salıb. Təsadüfi deyil ki, Azərbaycanda A.Bakıxanov və M.F.Axundovla başlayan maarifçilik hərəkatı ictimai həyatımızın modernləşməsinə, xalqımızın milli-mədəni inkişafına xidmət edib. Eyni zamanda bir çox digər müsəlman xalqları üçün örnək olub, onların həyatına da işıq saçıb. Beləliklə, Azərbaycan xalqı hər zaman elm və maarifin həyati əhəmiyyətini dərk edib və bu ənənə bu gün də yaşamaqdadır. 

 

Ötən əsrin ortalarından etibarən bizim maarifçilik ənənələrini o cümlədən Elmlər Akademiyası davam etdirib. Çünki məhz bu qurum fundamental elmlərlə məşğul olan çoxminlik ziyalı ordusunu özündə cəmləşdirib, alimlərin tədqiqat fəaliyyətini istiqamətləndirib və əlaqələndirib, elmi məktəblərin yaranması və yeni gənc kadrların yetişməsini təmin edib. Beləliklə, Elmlər Akademiyası uzun müddət sadəcə intellektual həyatı tənzimləyən bir dövlət qurumu kimi fəaliyyət göstərməyib. O, həm də XIX əsrdə Azərbaycanda ayrı-ayrı milli ziyalıların səyi və fədakarlığı ilə başlayan modernləşmə prosesini XX əsrdə yeni şəraitdə davam etdirən intellektual və öncül bir mərkəz rolunu oynayıb.

 

Etiraf etmək lazımdır ki, onillərlə Azərbaycan alimlərinin fundamental elmlər sahəsində ən mühüm nailiyyətlərinin əksəriyyəti Akademiyanın müxtəlif institutları, laboratoriyaları və kitabxanalarında aparılan tədqiqatlar sayəsində əldə olunmuşdur. Bu uğurların əsas səbəblərindən biri Sovet məkanı çərçivəsində olsa da, geniş elmi əməkdaşlığın mövcudluğu idi. Azərbaycan elmi Sovet elmi məkanına inteqrasiya olmaqla hər zaman o mühitlə yeni ideya və təcrübə mübadiləsi aparmaq imkanına malik idi. 

 

Digər tərəfdən, o illərdə Azərbaycan elminin nailiyyətləri Akademiya çərçivəsində elmi prosesin optimal təşkili ilə bağlı idi. Elmi prioritetlərin düzgün müəyyənləşdirilməsi, elmi kollektivlərə görkəmli alimlərin rəhbərlik etməsi, gərəkli informasiya və materialların təmini, elmi ezamiyyətlərin mümkünlüyü və s. kimi amillər elm adamlarının yüksək nəticə alması üçün ciddi stimul yaradırdı. Uğurlu elmi nəticələr də, öz növbəsində, elmin və alimin cəmiyyətdə yüksək nüfuz və status qazanmasına rəvac verirdi.

 

Hətta o illərdə tarix kimi ideoloji təsirlərə məruz qalan elm sahəsində Azərbaycan alimlərinin qazandığı müvəffəqiyyətlərə diqqət yetirsək, bu amillərin rolunu aydın görə bilərik. Məsələn, Sovet dövründə şərqşünaslıq, mənbəşünaslıq və orta əsrlər tarixşünaslığının banisi akad. Əbdülkərim Əlizadə, qədim tarix mütəxəssisi akad. İqrar Əliyev, Şirvan tarixinin görkəmli tədqiqatçısı prof. Sara xanım Aşurbəyli, alban tarixinin tanınmış mütəxəssisi prof. Fəridə xanım Məmmədova Leninqrad şərqşünaslıq elmi mühitinin, məşhur ərəbşünas tarixçi akad. Ziya Bünyadov, görkəmli səfəvişünas alimlər prof. Oqtay Əfəndiyev və prof. Mikayıl Heydərov Moskva şərqşünaslıq elmi mühitinin yetirmələri idi. Həyatlarını akademik elmə həsr edən alimlərin siyahısını xeyli uzatmaq olar. Ancaq düşünürəm ki, sadəcə adları çəkilən görkəmli şəxslərin milli tarix elmimizin yaranması və inkişafında oynadıqları önəmli rolu nəzərə almaq yuxarıda qeyd olunan amillərin vacibliyini anlamaq üçün kifayət edər.

 

Təbii ki, o dövrün elmi nailiyyətlərini mütləqləşdirmək doğru olmazdı. Çatışmazlıqlar və naqisliklər də az deyildi. Ancaq Akademiyanın strukturu və fəaliyyət prinsipləri, ümumilikdə, elmi prosesin nisbətən optimal inkişafına imkan yaradırdı. Xüsusilə ötən əsrin 70-80-ci illərində Azərbaycanlı gənclərin kütləvi şəkildə Rusiya və digər respublikaların aparıcı elmi mərkəzlərinə aspirant və doktorant statusu ilə göndərilməsi, onların ciddi elmi məktəb keçməsi və sonradan vətənə hazır mütəxəssis kimi qayıtması Azərbaycan elminin qarşısında geniş üfüqlər açırdı.

 

Lakin SSRİ-nin süqutu yalnız vahid siyasi məkanın deyil, həm də elmi məkanın dağılması ilə nəticələndi. Milli müstəqilliyini yeni qazanmış və dövlət quruculuğu dövrünə qədəm qoymuş Azərbaycanda elm sahəsi, xüsusilə Akademiya bir sıra ciddi problemlərlə üzləşdi. Onillərlə yaranan elmi əlaqələrin qırılması və müharibə şəraitində yaşayan ölkədə elmi müəssisələrin maliyyələşdirilməsində ortaya çıxan çətinliklər bu sahədə sürətlə dəyişikliklərin aparılmasını tələb edirdi. İlk növbədə elmi tədqiqatların yenidən strateji planlaşdırılması, onların ölkənin ehtiyaclarını ödəmək məqsədilə müəyyən dərəcədə tətbiqi istiqamətə yönləndirilməsi zərurəti yarandı.

 

Bu dövrdə Azərbaycanda fundamental elmlərin qarşısında duran ən ümdə məsələ onun beynəlxalq elmi məkana yenidən inteqrasiyası, bu məkanda özünə yer tapması üçün sürətlə strateji yol xəritəsinin hazırlanması idi. Elm mahiyyətcə beynəlmiləl bir məfhumdur. Onun inkişafı üçün sərbəst intellektual mübadilə kanalları zəruri şərtdir. Kiçik və qapalı məkanda elmi mühit durğun gölməçədəki su kimi gec-tez qoxuyub çürüməyə məhkumdur.

 

Lakin etiraf etmək gərəkdir ki, qeyd olunan tədbirlərin zəruriliyi elmə rəhbərlik edən və onu kurasiya edən şəxslər tərəfindən tam ciddiyyətilə dərk olunmadı. Köklü strateji islahatlar daha çox şüarçılıqla, göstəriş xarakterli tədbirlərlə əvəz olundu. Elmi ictimaiyyətin, Akademiyada müxtəlif səviyyələrdə fəaliyyət göstərən çoxsaylı sağlam qüvvələrin gözləntiləri özünü tam şəkildə doğrultmadı.

 

Akademiyada nəticə etibarı ilə xoşagəlməz tendensiya üstünlük qazanmağa başladı. Ümumilikdə Azərbaycan elmi sistemli bir şəkildə dünya elmi məkanına inteqrasiya oluna bilmədi. Ayrı-ayrı istedadlı alimlərin beynəlxalq səviyyəyə çıxması və beynəlxalq layihələrdə iştirakı bütövlükdə pərakəndə xarakter daşıyırdı və ümumi mənzərəni dəyişdirmirdi. Bunun səbəbi elmə rəhbərlik edən bəzi şəxslərin elmi səviyyəsinin tutduqları yüksək mövqeyə uyğun gəlməməsi, özlərinin elmi səviyyəsinin beynəlxalq standartların altında olması idi. Bu səbəbdən belə “rəhbər işçilər” elmdə dəmir pərdənin yaradılmasının tərəfdarı idilər. Çünki həmin dəmir pərdənin arxasında, qapalı məkanda onlar özlərini rahat hiss edir, müvafiq elm sahəsinin yerli oliqarxlarına və imtiyaz sahiblərinə çevrilə bilirdilər. Şübhəsiz, bu vəziyyət elmi inkişafın qarşısında duran ən böyük əngəllərdən biridir. 

 

Təbii olaraq bu meyllərin acı nəticələri Azərbaycan elmində gedərək daha çox üzə çıxmağa başladı. Akademiyada fundamental elmlərin bütün sahələrində bu və ya digər dərəcədə mənfi meyllər gücləndi, bəzi xoş istisnalara baxmayaraq, Akademiyanı qapalı bir əyalət havası bürüdü, elmi tədqiqatların tematikası cılızlaşdı, real elmi məhsulu surroqat və şişirdilmiş hesabatlar əvəz etməyə başladı, kadr hazırlığı zəiflədi, özgələrinin əməyinə şərik çıxma və plagiat az qala epidemiya səviyyəsinə yüksəldi.

 

Məlumdur ki, hər hansı bir sistemdə yaranan belə yaralar tədricən bütün orqanizmi xərçəng hüceyrələri kimi bürüməyə başlayır. Belə naqis mühit hər zaman öz-özünü qidalandırmağa qadirdir. Akademiyada fədakarcasına elmi tədqiqatlarla məşğul olan sıravi əməkdaşlar böyük əksəriyyət təşkil edir. Məhz onların zəhməti nəticəsində bir sıra mühüm nailiyyətlər əldə olunur, elmi düşüncə canlı bir prosesə çevrilir. Lakin elm sadəcə insanların təşəbbüs və fədakarlığını istismar etməklə inkişaf edə bilməz. Müasir dövrdə elmi proses sağlam bir sistem çərçivəsində aparılmırsa, təşəbbüs və fədakarlıq tədricən zəifləməyə və sönməyə məhkumdur.

 

Və ilk növbədə məhz sıravi elm adamları bu mənfi tendensiyaların girovuna çevrilirlər. Əsl alim öz halal əməyinin qarşısında layiqli qiyməti almadıqda, elm əvəzinə hay-küy və özünü reklamla məşğul olanların layiq olmadıqları mövqelərə yüksəldiyini gördükdə, alim ləyaqəti əvəzinə şəxsi sədaqətin təşviq edilməsinə şahid olduqda qəlbən inciyir və bədbinləşir.

 

Bu meyllər ictimaiyyətin də diqqətindən kənarda qalmadı. Son günlərdə cəmiyyətdə Akademiya haqqında yayılan mənfi rəy bir daha elmimizin, əslində, böhranlı vəziyyətdə olduğunu göstərir. Təbii ki, bu böhran sadəcə son iki ilin məhsulu deyil. Bu, illərlə yığılıb qalan və həllini vaxtında tapmayan problemlərin düyünlənməsinin nəticəsidir.

 

Son iki ildə elmi ictimaiyyətin, xüsusilə Akademiyada çalışan minlərlə sıravi və dürüst insanların gözləntisi ondan ibarət idi ki, bu qurumda ciddi, köklü və sistemli islahatlar proqramı  hazırlanıb həyata keçirilsin. Təəssüflər olsun, bu ümidlər özünü doğrultmayıb. Bu gün alimlər dərk edir ki, akademik elm mövcud şəkildə uğurlu inkişaf edə bilməz. Onun inkişafı üçün bir sıra ciddi tədbirlərin həyata keçirilməsi zəruridir.

 

1) İlk növbədə, Akademiyada sözdə deyil, əməldə köklü sistem dəyişiklikləri baş verməlidir. Bu reformlar, “direktor” və “direktor müavini” vəzifələrinin “baş direktor” və “icraçı direktor” vəzifələrilə əvəz olunması kimi süni tədbirlərin “struktur islahatı” adı altında gözdən pərdə asmaq hədəfini daşıyan addımlarla məhdudlaşa bilməz.

 

2) Elmi mövzu və işlərin planlaşdırılması praktikası dəyişdirilməlidir. Aktual və ölkəmizin ehtiyaclarına cavab verən mövzuların prioritet qazanması, bu mövzular ətrafında layihələr və onları həyata keçirəcək müvəqqəti işçi qruplarının formalaşdırılması sistemi yaradılmalıdır.

 

3) Elmi tədqiqatların maliyyələşdirilməsi sistemi təkmilləşdirilməlidir. Maliyyələşmə dünya praktikasında özünü doğrultmuş üsullarla aparılmalı, konkret və səmərəli nəticə verə biləcək layihələrə yönləndirilməlidir.

 

4) Elmi nəticələrin dəyərləndirmə və ekspertiza metodologiyası və meyarları beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Bu sahədə nepotizm və korrupsiya faktlarını istisna etmək üçün müstəqil beynəlxalq elmi qurumlar və ekspertlər cəlb olunmalı, beynəlxalq əməkdaşlıq genişləndirilməlidir.

 

5) Kadrlar sahəsində islahatlar aparılmalı, elmi istiqamətlərə və layihələrə rəhbərlik yalnız elmi qabiliyyət və bacarığına görə layiq olan alimlərə həvalə olunmalıdır. Şəxsi sədaqət prinsipi ilə səriştəsiz adamların yüksək mövqelərə gətirilməsi praktikasına son qoyulmalıdır. O cümlədən, gənc alimlərin beynəlxalq elmi mərkəzlərə təcrübə qazanması üçün göndərilməsi praktikası bərpa olunmalıdır.

 

Ötəri şəkildə sadalanan bu təkliflər hər hansı bir təxəyyülün məhsulu deyil. Bu gün Akademiya strukturunun ümumilikdə bir anaxronizmə çevrilməsi barədə səslənən bəzi fikirlərlə razılaşmaq mümkün deyil. Məsələn, Fransada Akademiyanın bir analoqu olan Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) 1939-cu ildə yaranmasında SSRİ Elmlər Akademiyasının strukturu və fəaliyyət prinsipləri bir model kimi qəbul olunmuşdur.  Bir neçə il əvvəl Fransada elmi ezamiyyətdə olduğum dövrdə bu Mərkəzin fəaliyyətilə yaxından tanış olmaq imkanı əldə etdim. Fransız elminin dünyada yüksək nüfuz qazanmasında yuxarıda sadalanan prinsiplərin Milli Elmi Tədqiqatlar Mərkəzində tətbiq olunmasının mühüm rolu var.

 

 

Son iki ilin xoşagəlməz təcrübəsi göstərir ki, Azərbaycan elmində və Akademiyada bu istiqamətdə zəruri və təxirəsalınmaz islahatların vaxtı çoxdan çatıb. Müasir dövrdə elmi proseslərə sanki alimlərin üzünə qapalı bir bunkerdə oturmaqla və inzibati strukturları ifrat dərəcədə bürokratikləşdirməklə rəhbərlik etmək mümkün deyil. Bu ümummilli məsələnin vacibliyini, şübhəsiz, həm ölkə rəhbərliyi, həm cəmiyyətimiz tərəfindən yaxşı dərk edilir. İslahatların aparılması həyati zərurətə çevrilib. Onların gecikdirilməsi Azərbaycan elminin sürətlə irəliləyən dünya elmi-texnoloji inkişaf qatarından kənarda qalmasına səbəb ola bilər. O zaman mərhum Həsən bəy Zərdabinin millətə səslənişini yada salmaq gec olacaq. 

 

Akademik Şahin Mustafayev   

 

525-ci qəzet.- 2022.- 10 fevral.- S.6;7.