Qərb ədəbiyyatında Şərq obrazı: Con Menin "Çingiz xan" romanı

 

 

Dünya ədəbiyyatında tarixdə silinməz iz qoyan fateh şəxsiyyətlərin obrazının yaradılması ənənə halını alıb, tarixi gerçəkliklər öz doğruluq payını bədii əsərlərdə qoruyub saxlayıb. Şəxsiyyətlərin həyat fəaliyyətini özündə əks etdirən tarixi romanlarda yazıçı tərəfindən yaradılan ədəbi-bədii obraz şəxsiyyətin tarixi prototipinin dolğun şəkildə təsvirinə xidmət edir.

 

Fateh sərkərdə, məşhur şəxsiyyət Çingiz xan hərbi dühası, qüdrəti, döyüşkənliyi ilə öz dövrünün möhtəşəm yaddaqalan tarixini yazıb. İti ağlı, zəkası, inadlı mübarizəsi qələbə çaldığı zəfər yürüşləri Çingiz xanın sarsılmaz imperiyasını dünyaya tanıdıb. Tarixin yetişdirdiyi sərkərdə Çingiz xanın bədii obrazı dünya ədəbiyyatından da kənarda qalmayıb, onun ədəbi-bədii obrazı çoxsaylı tarixi romanların mərkəzində yer alıb.

 

Bədii əsərlərdə Çingiz xan roman qəhrəmanı kimi xarakterik xüsusiyyətləri ilə yanaşı, tarixi kontekstdə, dünya tarixindəki əvəzolunmaz yeri ictimai-siyasi fəaliyyəti ilə bərabər təsvir olunur. Çingiz xanın həqiqi tarixi şəxsiyyət obrazı yaşadığı dövrün ziddiyyətli siyasi hadisələri fonunda bədii boyalarla yaradılır.

 

Bədii əsərlərdə Çingiz xanın obrazı döyüş səhnələri, ibrətamiz əhvalatlar cərəyan edən tarixi hadisələr fonunda təsvir olunub. Tarixiliyin ön planda olduğu bu əsərlərdə Çingiz xan tarixi hadisələrin axarını dəyişən, orta əsrlər dövrünə adını fateh-hökmdar kimi yazdıran şəxsiyyət obrazında yer alır. Dünya fatehi tituluna yiyələnmiş Çingiz xanın obrazı bədii əsərlərdə Temurçindən Çingiz xana doğru keçdiyi hakimiyyət yolunun təsviri ilə yaddaqalandır. Tarixi romanlarda Çingiz xan sərkərdəlik məharəti ilə böyük bir səltənətin sahibi olan, məğlubedilməz ordunun qüdrətli başçısı işğalçı-hökmdar obrazında təsvir olunur, yaşadığı tarixi dövr yenidən canlandırılır.

 

Dünya ilə savaşmaq iqtidarında olan hökmdar yeni torpaqların istilasını öz həyat amalına çevirən ədəbi qəhrəman obrazı ilə yaddaqalandır. Onun işğal fəthləri, dünyanı lərzəyə gətirən qüdrətli ordusu bütün xalqları təsir altına sala biləcək nüfuza malik olub, Çingiz xan "hərb dahisi" adlandırılıb. Çingiz xanın şəxsi əzmi hərbi strategiyasının misli görünməmiş nəticələri onun adını dünyada ən geniş ərazi fəth etmiş hökmdar kimi əbədi olaraq tarixə yazıb. Onun tarixi prototipi bədii əsərlərdə fərqli müəllif baxışı tarixi faktlarla birgə hərtərəfli şəkildə təsvir olunub. Çingiz xanın bədii obrazı real tarixi şəxsiyyət kimi onlarla əsərlərin əsas mərkəzi ədəbi qəhrəmanına çevrilib.

 

Britaniya tarixçisi yazarı Con Men "Çingiz xan" tarixi romanında, eləcə Kurt David "Qara Qurd Çingiz xan", Vasili Yan "Çingiz xan", Muxtar Şaxanov "Çingiz xanın sirri", Harold Lamb "Monqolların başçısı Çingiz xan" əsərlərində Çingiz Aytmatov "Çingiz xanın buludu" povestində fateh hökmdarın yaddaqalan obrazını yaratmaqla bərabər, dövrün ictimai-siyasi mənzərəsini geniş dolğun şəkildə qələmə alıb.

 

XIII əsrdə qüdrətli Monqol dövlətini yaradan Çingiz xan inadlı mübarizəsi uzun illər apardığı yürüşlər nəticəsində imperiyanın hüdudlarını genişləndirməyə nail olmuşdu. Orta əsrlərin məğlubedilməz fatehi bədii ədəbiyyatda inadlı, səriştəli, sözündən dönməyən, bir sözlə, xarakterindən irəli gələn bütün müsbət mənfi cəhətləri ilə yaddaqalan qəhrəman obrazında  təsvir edilir.

 

Çingiz xanın tarixi prototipi Con Menin "Çingiz xan" romanında özünəməxsus şəkildə təsvir edilir. Dünya ədəbiyyatında mühüm yer tutan yazıçı, məşhur tarixi romanlar müəllifi Con Men tarixi romanda dünya fatehi ünvanına yiyələnmiş sərkərdə Çingiz xanı  hökmdar obrazında, yürütdüyü istilalalar yürüşlər fonunda təsvir edir. Roman tarixi şəxsiyyətin mənəvi aləminin təhlil təsviri, o cümlədən, xarakterinin mühüm tərəflərinin ortaya çıxarılması baxımından da dəyərli əsərlərdən biridir.

 

Romanın giriş hissəsində müəllif Çingiz xanla bağlı olaraq, dünyada mübahisəli məsələlərdən birinə çevrilmiş Avrasiya materikində yaşayan insanların mütləq əksəriyyətinin eyni genetikanın daşıyıcısı olması məsələsinə toxunulur. Bu iddianı sübuta yetirən DNK-nın təsbiti ilə bağlı məsələyə, həmçinin, sözügedən genetik eyniliyin XII əsrdə yaşamış bir şəxs vasitəsilə ötürüldüyü fikrinə aydınlıq gətirilir. Bu iddiaların birləşdiyi ən qüvvətli törədici olaraq məhz Çingiz xan qəbul edilib. "Çingiz xan" romanının ərsəyə gəlməsində arxiv materiallarından istifadə edən müəllif əsərdə adları çəkilən tarixi məkanları səyahət edərək dərindən araşdırıb. Monqolların yaranışı, Monqolustanın tarixi təbiətinə dair bir çox məlumatlar əsərdə öz əksini tapır. Romanda F.Rəşidəddin M.Cüveyni kimi tarixçilərin yazdığı əsərlərdən bəhrələnən müəllif bir çox hadisələrin nəqlində monqolların qədim dastanı "Monqolların gizli tarixi" əsərindən  nümunələr gətirir. Çingiz xanın bədii obrazının təsvirində Təmücinin erkən yaşlarından etibarən Çingiz xana doğru keçdiyi keşməkeşli həyat mübarizəsi, əzmkarlığı, sözündən dönməzliyi, sadiqliyi qətiyyətliliyi öz əksini tapmaqdadır. Əsərin ön sözündə yazılır: "Müəllif 15 yaşlı bir əsir uşağın xoş təsadüf öz fərasəti nəticəsində əsirlikdən qurtularaq necə dünya fatehinə çevrilməsini, Koreya yarımadasından tutmuş Macarıstana qədər nəhəng bir ərazidə qurduğu imperiyaya rəhbərlik etməsini bütün müsbət mənfi cəhətləri ilə birlikdə təsvir edib".

 

Yazıçı erkən həyat mübarizəsini "Monqolların gizli tarixi"nin izi ilə gedərək hələ hökmdarın atası Yesugey bahadırın düşmənlərlə mübarizəsi Təmücinin dünyaya gəlişindən etibarən təsvir edir. Mərkitlər üzərində qələbədən sonra Təmücin Toğrul xanın oğlu Nilka tərəfindən təqib olunur çətinliklə vəziyyətdən çıxmağı bacarır. Çingiz xanın bədii obrazında bu məqam Təmücinin hərbi uğursuzluğunun başlanğıcı, lakin liderlik qabiliyyətində dönüş nöqtəsidir.

 

Romanda yazıçı Çingiz xanın xarakterindən irəli gələn mühüm tərəfləri hər işi əvvəlcədən ölçüb-biçən, səriştəli yeni torpaqları fəth etmək arzusu ilə yaşayan sərkərdə obrazında ustalıqla təsvir edir. Çingiz xanın inadlı mübarizəsi, hökmranlıq ehtirası uzaqgörənliyi sayəsində əsası qoyulan böyük imperiyanın sərhədləri qəbul edilmiş strateji qanun-qaydalarla genişləndirilib. Çingiz xanın ədəbi-bədii obrazında qətiyyətlilik ən önə çıxan cəhətlərdəndir. Yazıçı Con Men Çingiz xanın xarakterinin bu mühüm tərəfini onun uğurlu siyasətinin özəyi kimi təsvir edir.  Çingiz xanın qəbul edərək tam qətiyyətlə mühafizə etdiyi bu qanunlar onun böyük fəthlərinin təminatçısı olub: qəbilə dəstələrinə son qoyulub, vahid Monqol dövləti adı altında birləşdirilib; alaylar öz komandirlərinə sədaqət andı içib; ataların hərəkətinə görə ilk növbədə oğulları cəzalandırılıb; şəxsi sədaqət hər şeydən, tayfa bağlarından belə üstün idi; fəth hər şey demək idi, çünki bu, güclü hakimiyyətə gedən yol hesab olunurdu; düşmənə zərbə endirmək üçün onun zəif nöqtələri təyin olunurdu.

 

Hökmdarın ədəbi-bədii obrazı qanunların aliliyini təmin edən, verdiyi əmrlərə, qoyduğu qaydalara riayət olunmasını ciddi şəkildə nəzarətdə saxlayan xaqan kimi təsvir olunur. Çingiz xanın tətbiq etdiyi qaydalar hər kəs üçün qanun hesab olunurdu. Bu qanunlar toplusu Yasaq olaraq adlandırılır və hamı tərəfindən itaətlə əməl olunur. Çingiz xanın dağıdıcı yürüşlərində istifadə etdiyi hərbi taktikası əldə etdiyi qələbələrin təminatçısı idi. Tarixi romanda yeni torpaqların istilası fonunda monqolların bu taktikası Cəbə və Subutayın komandanlığı altında uzaq ölkələrin belə fəth olunması ilə nəticələnir.

Tarixi romanlarda Çingiz xanın xarakterik xüsusiyyətləri müsbət və mənfi cəhətləri ilə birgə qələmə alınır. Əsərdə hökmdarın daxili aləmi ən diqqətçəkən cəhətləri ilə ön plana çıxır və obrazın hərtərəfli təhlil edilməsinə imkan verir. Çingiz xan xarakterindən irəli gələrək ona qarşı edilən yaxşılıqları vəfa borcu olaraq unutmur. Dəfələrlə onun həyatını xilas etmiş gənclik dostu Cəlməyə bu yaxşılığını və sadiqliyini heç vaxt unutmayacağını söyləməkdən çəkinmir. Ətrafında ona xidmət edən minlərlə insan arasında ona sədaqət göstərən və özünün etimad bəslədiyi şəxslərə qarşı müsbət münasibət bəsləyir. Çingiz xan ona yararlı olan, öz xidmətləri ilə töhfə verməyi bacaran insanları qiymətləndirir, onların mümkün olan yerdə qabiliyyətlərindən istifadə etməyi lazım bilir.

Con Menin "Çingiz xan" romanında hökmdarı real tarixi şəxsiyyət, böyük sərkərdə və fateh-hökmdar obrazı ilə yaddaqalandır. Tarixi dövrün ziddiyyət və təlatümləri, Çingiz xanın dağıdıcı yürüşləri əsərdə aydın şəkildə təhlil edilir. Böyük Monqol dövlətinin əsasını qoyan sərkərdə Çingiz xan romanın mərkəzi qəhrəmanı kimi real faktlara uyğun biçimdə qələmə alınır. Tarixi hadisələrin, o cümlədən  Çingiz xanın şəxsiyyətinin bədii meyarlarla təsvir edildiyi roman fateh hökmdar Çingiz xanın fəthlərinin ağır nəticələrini ortaya qoymaqdadır.

 

 

 

Lamiyə NƏSİROVA

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsi

 

525-ci qəzet.- 2022.- 11 fevral.- S.15.