Naxçıvan halay və yallıları
ilk dəfə kompleks tədqiqat işığında
Xalqımızın
rəqs mədəniyyətində yallıların,
halayların yeri danılmazdır. Naxçıvan Muxtar
Respublikası ərazisində yaşayan ulu əcdadlarımız
ibtidai dövrlərdən müxtəlif rəqs elementlərinin
izlərini piktoqrafik işarələrlə tarixin
yaddaşına yazaraq günümüzədək gəlib
çıxmasını təmin ediblər. Tarixi
keçmişə malik olan yallı və halayların
araşdırılması həm də xalqımızın
minilliklərə dayanan mədəniyyətinin bir
parçasının öyrənilməsiylə nəticələnir.
Bu yaxınlarda "Əcəmi" Nəşriyyat
Poliqrafiya Birliyində çapdan çıxan "Naxçıvan
halay və yallıları: tarixi, mənşəyi və fəlsəfi
anlamı" monoqrafiyası da məhz bu mənada olduqca qiymətli
və dəyərli tədqiqat əsəridir.
AMEA
Naxçıvan Bölməsinin İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən
Cəfərovanın ötən ilboyu apardığı tədqiqatlarının
uğurlu yekunu kimi elmi ictimaiyyətə, həmçinin,
geniş oxucu kütləsinə təqdim etdiyi monoqrafiya elmi
tutumu, yeni məlumat zənginliyi ilə seçilir. Monoqrafiya haqqında fikirlərimizə keçməzdən
əvvəl bir neçə məqama toxunmaq mütləq
lazımdır. Belə ki, tarixdən
üzübəri yallıların yarandığı ilkin məskən
kimi bilinən və qəbul edilən Naxçıvan ərazisi,
xüsusilə Şərur diyarı olmuşdur. Bunun nəticəsidir ki, Şərurda Xalq Yallı
Ansamblı fəaliyyət göstərir. Onlar
yallılarımızı, onilliklərdir, dünyanın
müxtəlif ölkələrində təbliğ edirlər.
Bu sahədə dövlətimiz tərəfindən
də bir çox işlər görülüb. Belə
işlərin uğurlu nəticələrindən biri də
odur ki, yallı sənəti YUNESKO səviyyəsində də
diqqəti cəlb edib və 2018-ci ildə "Şərur"
Xalq Yallı Ansamblının fəaliyyəti və
Naxçıvan yallı sənəti haqqında məlumatlar
toplanaraq həmin beynəlxalq quruma təqdim olunub. Nəticədə, "Yallı (Köçəri,
Tənzərə), Naxçıvanın ənənəvi
qrup rəqsləri" YUNESKO-nun Təcili Qorunma
Siyahısına daxil edilib. Yalılların
qorunması, təbliği, öyrənilməsi bununla
yekunlaşmır. Belə ki, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri 24 dekabr 2018-ci il tarixdə "Şərur yallıları
haqqında" Sərəncam imzalamışdır. Həmin
Sərəncamda Azərbaycan türklərinin qədim mədəniyyətinin
bir hissəsi olan Şərur yallılarının xoreoqrafiya,
instrumental və vokal musiqini özündə birləşdirən
nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın
dünyagörüşünün, bədii-estetik təfəkkürünün
təzahürü olduğu vurğulanır, yallıların
Gəmiqaya təsvirlərində öz əksini
tapmasının Naxçıvanda yallı sənətinin
çox qədim tarixə malik olduğundan bəhs edilir. Sərəncamda
qeyd olunan məqamlardan biri də belədir: "Əshabi-Kəhf
və Gəmiqaya kimi, Şərur yallıları da
Naxçıvanın incisi, xalqımızın tarixi
yaddaşının və milli dəyərlər sisteminin
ayrılmaz tərkib hissəsidir". Bu dəyərlər
sisteminin ayrılmaz tərkib hissəsi olan yallıların tədqiqi,
təbliği və qorunması Sərəncamda xüsusilə
vurğulanır. Bununla əlaqədar
"Tədbirlər Planı" təsdiq edilməsinə
göstəriş verilir.
Haqqında danışacağımız monoqrafiya məhz
həmin Sərəncamdan irəli gələn vəzifələrin
yerinə yetirilməsi istiqamətində
görülmüş işlərdən biridir. Bu dövlət sənədi
işığında bir çox tədbirlər həyata
keçirilib, "Naxçıvan-Şərur el
yallıları", "Yallılar dünəndən bu
günə" kitabları nəşr olunub, AMEA
Naxçıvan Bölməsi tərəfindən "Azərbaycanın
ən qədim yallılarından biri: Köçəri"
elmi araşdırmalar toplusu çapdan çıxıb. "Naxçıvan halay və yallıları:
tarixi, mənşəyi və fəlsəfi anlamı" monoqrafiyası
isə bu sahədə ən fundamental elmi araşdırma kimi
mühüm əhəmiyyətə malikdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik
Fondunun 2021-ci il üçün İş
Planına əsasən nəşr olunan monoqrafiyanın elmi
redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent
Əziz Ələkbərlidir. AMEA-nın müxbir
üzvü, filologiya elmləri doktoru Əbülfəz Quliyev,
sənətşünaslıq elmləri doktoru, professor Rafiq
İmrani, filologiya üzrə fəlsəfə doktoru, dosent
Elxan Məmmədov və filologiya üzrə fəlsəfə
doktoru Rəşad Zülfüqarovun rəy verdiyi monoqrafiya iki
fəsildən, nəticə və ədəbiyyat
siyahısından ibarətdir. Kitaba ön söz yazan elmi
redaktor Əziz Ələkbərlinin də qeyd etdiyi kimi,
"Halay və yallılar müxtəlif zamanlarda müxtəlif
tədqiqatçıların diqqətini cəlb etsə də,
bu barədə ayrı-ayrı kitablarda, elmi jurnallarda, folklor və
mədəniyyətlə bağlı müxtəlif toplularda
maraqlı fikirlər söylənilsə də, hələ də
bu qədim mədəniyyət növü haqqında ətraflı
elmi-nəzəri məlumat verilməmiş, həm də
folklor hadisəsi olaraq halay və yallıların xalq mərasimlərində
yeri və funksiyası barədə əhatəli tədqiqat
aparılmamışdır". Ə.Ələkbərlinin
bu fikirlərinə əsaslanaraq əminliklə söyləmək
mümkündür ki, A.Cəfərova ilk dəfə məhz
bu cür məsuliyyətli və zəhmətli işi öhdəsinə
götürüb və onu uğurla yekunlaşdırmağa
nail olub.
Monoqrafiyanın ilk fəsli "Naxçıvanda milli mədəniyyətin
formalaşmasında folklorun və xalq rəqslərinin
rolu" adlanır. Adından da göründüyü kimi, bu fəsildə
xalqımızın söz yaddaşına müraciət
edilib, folklor mətnlərində yer alan
yallı və halaylarla bağlı məqamlara nəzər
yetirilib, şifahi söz yaddaşı ilə ritmik hərəkət
elementləri arasında paralelliklər aparılıb. Bütün bu məsələlər fəsil daxili
yarımfəsillərdə ayrıca öyrənilərək
elmi nəticələrə gəlinib. Müəllif
"Milli etnik mədəni sistemin təzahürü -
Naxçıvan folkloru", "Naxçıvan folklorunun
özəllikləri", Naxçıvan folklorunda
mövsüm və məişət mərasim rəqs
janrları" yarımfəsillərində onu
qarşısına qoyduğu məqsədə
çatdıracaq bütün detallara həssaslıqla
yanaşaraq peşəkar tədqiqatçılıq səriştəsi
sərgiləyib.
Monoqrafiyanın ikinci fəsli "Halay-yallı rəqslərinin
tarixi, mənşəyi və fəlsəfi mahiyyəti"
adlanır. Bu fəsildə yallı və halayların istər
tarixi, istər mənşəyi, istərsə də fəlsəfi
mahiyyəti əhatəli və müqayisəli şəkildə
təqdim edilib. Müəllifin elmi
yanaşmaları yarımfəsillərdən daha aydın nəzərə
çarpır. Buradakı "Halay və yallı rəqs
janrının tarixi", "Halay və yallı rəqs
janrının mənşəyi", "Halay və
yallıların janr və forma xüsusiyyətləri",
"Halay və yallı rəqs janrının fəlsəfi
mahiyyəti", "Naxçıvanın halay və
yallılarının yayılma arealı və bəşəri
əhəmiyyəti" yarımfəsillərində
müvafiq istiqamətlər üzrə uğurlu elmi nəticələr
ortaya qoyulub. Monoqrafiyada xüsusilə "Halay
və yallıların janr və forma xüsusiyyətləri"
yarımfəsli bölgədə ta qədimdən bugünədək
oynanılan rəqslərin hər biri haqqında ətraflı
məlumatların verilməsi ilə diqqəti cəlb edir.
Bu yarımfəsildə müəllif hər bir
yallı və halayın etimologiyası, ritmik strukturu, tempi,
ölçüləri, musiqi xüsusiyyətləri,
ayrı-ayrı bölgələrdə hansı adla
adlandırılması, hansı bölgədə daha
çox yayğın olması barədə geniş məlumat
verib. Ümumilikdə 142 nümunə
haqqında bu cür məlumatları toplamaq, öyrənmək,
araşdırmaq, tədqiq etmək və dəqiqləşdirib
yekun halda təqdim etmək müəllifin gərgin zəhmətinin
və yorulmaz tədqiqatçılıq
bacarığının göstəricisi kimi qeyd
olunmalıdır.
Monoqrafiyada
tədqiqatçılar və oxucular üçün daha ətraflı
fikir formalaşdırmaq üçün yallı rəqslərindən
fraqmentlərin yer aldığı bir çox rəngli
fotoşəkillər də verilib ki, burada yallılarda rol alan kollektivin hansı milli geyimlərdən
istifadə etməsi, yallı və halaylar zamanı hansı
musiqi alətlərinin, musiqiçilərin var olması öz
əksini tapıb.
Monoqrafiya müəllifin gəldiyi bitkin nəticələrlə
yekunlaşır. İstər hər yarımfəsil sonunda
əldə olunmuş qənaətlər, istərsə də
monoqrafiyanın ümumi sonluğunda verilmiş nəticədən
belə bir əminlik formalaşır ki, yallı və
halayların ilkin yaranma və digər bölgələrə
yayılma yeri Naxçıvan ərazisi olub. Müxtəlif ayin və mərasimlərdə icra
olunan bu rəqslər türk mənşəli xalqların
özünəməxsus ilkin düşüncə sistemini
hifz edərək gələcək nəsillərə
daşıyır. Beləliklə də,
yallı və halaylar öz icra-ifa tərzi ilə qədim
düşüncə faktının mədəniyyət
aktına çevrilməsi fəlsəfəsini də təsdiq
etmiş olur.
Müəllifin gəldiyi nəticələrdən biri də
budur ki, Naxçıvanda aparılmış tarixi və
arxeoloji araşdırmalarda əldə olunan maddi-mədəniyyət
nümunələrinin bəziləri üzərindəki rəsmlər
də bölgənin zəngin musiqi və rəqs məkanlarından
biri olduğunu deməyə əsas verir.
Musiqi, rəqs və şifahi söz sənətini birləşdirən yallı və halayların fəlsəfi mahiyyəti barədə fikirlərini ümumiləşdirən tədqiqatçı Azərbaycanın, eləcə də Naxçıvanın qədim mədəniyyətində musiqi-rəqs sənətinin var olduğunu təsdiqləyir, bu faktlar əsasında qədim əcdadlarımızın dünya xalqlarının mədəniyyət tarixində ən qədim sivilizasiyaya, estetik-fəlsəfi dünyagörüşünə sahib olmasını sübut etdiyini vurğulayır.
Halay və yallıların bəşəri əhəmiyyəti barədəki fikirlərinin yekununda isə Aytən Cəfərova bildirir ki, bu rəqs janrları tarixin sonrakı mərhələlərində Qafqazın, Orta Asiyanın və Şərqi Anadolunun, İranın, Suriyanın və İraqın, o cümlədən, bir çox Avropa xalqlarının milli rəqs sənətinə də təsirsiz ötüşməyib, onlara da sirayət edib.
Ümumilikdə yüzdən
çox ədəbiyyata müraciət edilmiş
"Naxçıvan halay və yallıları: tarixi, mənşəyi
və fəlsəfi anlamı" monoqrafiyasının bu sahədə
aparılmış ilk sistemli tədqiqat əsəri olmaqla
yanaşı, bundan sonrakı mərhələdə bu istiqamətdə
aparılacaq genişmiqyaslı araşdırmalara da kömək
edən çox ciddi və sanballı mənbə
olacağına inanırıq. Bu, təkcə
müəllifin uğuru kimi qiymətləndirilməməli,
ümumilikdə milli mədəniyyətimizin, rəqs-musiqi-söz
sənəti üçlüyündən ortaya çıxan
yallı və halaylarımızın, bu sahəyə
böyük diqqət ayıran dövlətimizin, göstərilən
diqqət və qayğının müqabilində
Naxçıvan elminin nailiyyəti sayılmalıdır. Bu
müasibətlə müəllifi təbrik edir, ona elmi fəaliyyətində
yeni uğurlar arzulayırıq.
Elxan
YURDOĞLU
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, şair-publisist
525-ci qəzet.- 2022.- 11 fevral.- S.14.