Azərbaycan İlahiyyat
İnstitutu: 4 ilin diqqətəlayiq
göstəriciləri
Ali təhsil sistemində özünəməxsus yeri
olan, dini fəaliyyət sahəsində
mühüm təsisatlardan
biri sayılan Azərbaycan İlahiyyat İnstitutunun yaranmasından
4 il ötür.
İnstitut Prezident
İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
tabeliyində yaradılıb.
İnstitut qısa müddətdə
böyük inkişaf
yolu qət edərək ölkənin
ali təhsilində
özünəməxsus yer
tutub. İnstitutun qarşısında duran mühüm vəzifələrdən biri
dini fəaliyyət sahəsində peşəkar
kadrların yetişdirilməsidir.
Hazırda İnstitut bu
istiqamətdə fəaliyyətini
uğurla davam etdirir.
Azərbaycan İlahiyyat İnstitutunun
rektoru, ilahiyyat üzrə fəlsəfə
doktoru Aqil Şirinov deyir ki, Prezident İlham
Əliyevin Sərəncamına
əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində
Azərbaycan İlahiyyat
İnstitutunun (Aİİ) yaradılması
ilə ölkədə
ali dini təhsil yeni mərhələyə qədəm
qoydu. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi
də İnstitutun tərkibinə daxil edildi və beləcə, güclü
bazaya malik olan bir ali təhsil müəssisəsinin əsası
qoyulmuş oldu:
"Din mənəvi dəyərdir.
Ölkə başçısının
sərəncamına müvafiq
olaraq Azərbaycan İlahiyyat İnstitutunun yaradılması və bu ali təhsil
ocağında tədrisin
ödənişsiz əsaslarla
həyata keçirilməsi,
dini-mənəvi dəyərlərimizə
hörmət və rəğbətin təcəssümü,
milli mədəniyyətimizin
çoxəsrlik adət-ənənələrinin
qorunub saxlanması və inkişaf etdirilməsi baxımından
hər cür alqışa və təqdirəlayiq olub, ölkəmizdə həm
dini, həm də dünyəvi elmləri bilən ziyalı ilahiyyatçı
kadrların və din xadimlərinin hazırlanmasına
yeni töhfədir. Dünya universitetlərinin əksəriyyətində
ilahiyyatla bağlı
fakültələr mövcuddur.
Bu, dini müxtəlif
yönlərdən öyrənməyə,
tədqiq etməyə
xidmət edir.
Din də mövcud olan fenomenlərdən biridir. Dini araşdırmaq, tədqiq etmək üçün ayrıca
bir təhsil müəssisəsinə ehtiyac
vardı. Bundan irəli gələrək
Azərbaycan İlahiyyat
İnstitutu Prezident İlham Əliyevin göstərişi ilə
4 il bundan
öncə yaradıldı.
Bu, təhsilimizdə böyük bir boşluğu doldurdu.
İnstitutda həm savadlı
dinşünaslar, həm
də islamşünaslar
yetişir. Gələcəkdə digər dinlərlə əlaqədar mütəxəssislər
hazırlamağı düşünürük.
Azərbaycan ilahiyyatçı kadrlarını artıq özü yetişdirə
bilir. Müəllimlərimizin əksəriyyəti həm ərəbcə, həm də ingiliscə mühazirələr
keçir".
Rektorun sözlərinə
görə, rəhbəri
olduğu institutda iki istiqamət - Dinşünaslıq və
İslamşünaslıq ixtisasları
üzrə tədris həyata keçirilir. Dinşünaslıq ixtisasında İslamla yanaşı, dünyada mövcud olan digər böyük dinlər haqqında, xüsusilə Yəhudilik
və Xristianlıq barədə deskriptiv bilgiləri ehtiva edən fənlər də tədris olunur. İslamşünaslıq istiqamətində isə daha çox
İslamı müxtəlif
aspektlərdən öyrənən
fənlər tədris
olunur və bu ixtisası bitirənlər din xadimi kimi fəaliyyət göstərməyə hazır
olacaqlar. Eyni zamanda,
İnstitutda hər iki istiqamət üzrə kifayət qədər dünyəvi
elmlər tədris edilir. Tələbələrə dinləri teoloji
aspektlə yanaşı,
fəlsəfi, tarixi, sosio-psixoloji istiqamətlərdən
də öyrətməyə
çalışırıq və beləcə, dünyəvi cəmiyyətdə
dini insanlara çatdırmağı bacaran,
həmçinin, milli
köklərimizə bağlı
olan mütəxəssislər
hazırlamağa səy
göstəririk".
Rektor bildirib ki, ölkədə
yüksək dini-mənəvi
mühitin qorunub saxlanılmasını və
inkişaf etdirilməsini,
dini fəaliyyətin təşkili sahəsində
yüksək ixtisaslı
kadrların hazırlanmasını
qarşısına məqsəd
qoyan İnstitut qısa zamanda bir sıra nailiyyətlər
də əldə edib: "Yerli və xarici ölkə universitetləri
ilə sıx əlaqələr yaradıb,
ikitərəfli əməkdaşlığa
dair memorandumlar və müqavilələr
imzalanıb. Bu müqavilələr kağız
üzərində qalmır,
praktiki müstəvidə
təzahür edir.
Qeyd etmək istəyirəm ki, İnstitutda bu semestrdən artıq ingilisdilli bölmə fəaliyyət
göstərəcək. Qazaxıstanda fəaliyyət göstərən
Nur-Mübarək Universitetinin
iki tələbəsi
Aİİ-də təhsillərini
davam etdirəcəklər.
Onların bütün dərsləri
ingilis dilində tədris olunacaq. Bu, həmçinin, İlahiyyat İnstitutunun elmi potensialının göstəricisidir. Biz istəyirik
ki, alimlərimiz, eyni zamanda, tələbələrimiz
digər ölkələrin
ali təhsil
müəssisələrində ilahiyyat sahəsində təcrübə keçsin,
ölkəmizdə mövcud
mühiti nəzərə
almaqla öz ixtisaslarına uyğun yüksək biliklərə
yiyələnsinlər. Bu semestr
biz buna da nail olduq. Bu semestr tələbələrimizdən
bir neçəsi xarici ölkə universitetlərində təcrübə
keçəcəklər. İstəyimiz odur ki, dinşünas və islamşünas kimi hazırladığımız gənclər
Azərbaycanımızı sevsinlər, ona layiqincə xidmət göstərsinlər, işlərinin
peşəkarı olsunlar,
yüksəkixtisaslı kadrlar
kimi yetişsinlər və ölkəmizin daha da çiçəklənməsi
naminə əllərindən
gələni əsirgəməsinlər".
Aqil Şirinovun dediyinə görə, İnstitut yarandığı gündən
daim dövlət qayğısı ilə əhatə olunub: "Bu qayğı ilk növbədə
Prezidentin mənəvi
dəyərlərimizə verdiyi
önəmin təzahürüdür.
Həmçinin, tabe olduğumuz
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
dəstəyini də
həmişə hiss etmişik.
Azərbaycan İlahiyyat İnstitutunda
Azərbaycan dövlətinin
qayğısı sayəsində
tədris tamamilə ödənişsiz əsaslarla
həyata keçirilir.
Nazirlər Kabinetinin "Azərbaycan
İlahiyyat İnstitutunda
təhsilalanların aylıq
yemək xərcinin məbləğinin və
xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq
edilməsi haqqında"
qərarına əsasən,
tələbələrə normal təqaüddən əlavə,
yeməkpulu da verilir. Ümidvarıq ki, bizə göstərilən bu etimadı doğruldaraq İnstitutumuzu ilahiyyat sahəsində dünyanın
qabaqcıl təhsil ocaqlarından birinə çevirməyə müvəffəq
olacağıq. Gənclərimizə dini bilikləri səhih mənbələrə
və müasir dünyanın reallıqlarına
uyğun şəkildə
öyrədə bilən,
dərin elmə və yüksək intellektə malik müəllim kollektivimizi və bütün fədakar əməkdaşlarımızı,
o cümlədən, tələbələrimizi
səmimi qəlbdən
təbrik edir, işlərinizdə daim müvəffəq olmağı
diləyirəm. İnstitut
bu il
ilk dəfə məzun
buraxılışı həyata
keçirəcək. Hər birimiz
çalışmalıyıq ki, məzun olacaq gənclərimiz savadlı, yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlam düşüncəli, Vətənini
sevən mütəxəssislər
olsunlar".
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə əsasən, Prezident İlham Əliyev 2018-ci ildə müdrik və uzaqgörən addım ataraq Azərbaycan İlahiyyat İnstitutunun yaradılması barədə mühüm Sərəncam imzaladı. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsisindən sonra ölkəmizdə dini fəaliyyət sahəsində qəbul edilən ən mühüm qərarlardan biridir. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa ediləcək dəyişikliklər fonunda məsələyə baxdıqda həmin qərarın müasir dövrümüz üçün nə qədər aktual və önəmli olduğu bir daha görürük: "İnstitut qısa müddətdə böyük inkişaf yolu qət edərək ölkəmizin ali təhsilində özünəməxsus yer tutdu. Bu gün Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan gənclərinə təhsilin bütün səviyyələri üzrə təhsil almaq üçün geniş imkanlar yaradır. Bu baxımdan gənclərimizin də üzərinə ciddi vəzifələr düşür. Onlar dövlətin yaratdığı bu imkanlardan səmərəli istifadə etməyə çalışmalıdırlar. İnstitutun qarşısında duran mühüm vəzifələrdən biri dini fəaliyyət sahəsində peşəkar kadrların yetişdirilməsidir. Hazırda İnstitut bu istiqamətdə fəaliyyətini dövlətimizin diqqət və qayğısı ilə uğurla davam etdirir. Bu il Azərbaycan İlahiyyat İnstitutu ilk məzunlarını Azərbaycan cəmiyyətinə təqdim edəcək. Onların Azərbaycanın dini ibadət yerlərində axund və imam kimi fəaliyyətə başlayacaqlar".
Millət vəkili qeyd edib ki, tarix boyu Azərbaycan xalqı İslam mədəniyyətinə mühüm töhfələr verib, bu bölgədə böyük din alimləri yetişib: "Bu gün qarşımızda bu ənənənin uğurla davam etdirilməsi kimi mühüm vəzifə durur. İnanıram ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları bu missiyanı uğurla davam etdirəcəklər. Müasir dövrdə ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərimizn qorunmasına böyük diqqət və qayğı var. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan din siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı göstərilir, həm ölkəmizdə, həm də xaricdə dini ibadət yerləri təmir və bərpa olunur. Bu siyasət nəticəsində hazırda Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmiz dinlər və mədəniyyətlərarası dialoq mövzusunda mötəbər tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Onu da nəzərə almaq lazımdır ki, din mənəviyyatla yanaşı, həm də təhlükəsizlik məsələsidir. Bu da reallıqdır ki, bu gün əksər müsəlman ölkələrində sabitliyi pozmaq üçün xarici qüvvələr din amilindən məharətlə istifadə edirlər. Bu baxımdan hər bir müsəlman ölkəsinin dini təhlükəsizliyini təmin etməsi, öz dini təhsil sistemini qurması xüsusi önəm daşıyır. O ölkələr ki, milli və dini təhlükəsizliyini təmin edirlər onlar uğurla gələcəyə və inkişafa doğru addımlayırlar. Azərbaycan da bu sırada olan ölkələrdən biridir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 11 fevral.- S.13.