"Adın şərəflidir sənin..."
ÖLÜMÜN
XEYİR, ŞƏMS!
(Mərhum aktrisa Almaz Əskərovanın
ruhuna)
Əgər
məndən soruşsalar ki, Azərbaycan kinosunun kəşf
etdiyi ən qürurlu, ən məğrur və eyni zamanda ən
zərif, ən romantik qadın obrazı hansıdır, tərəddüdsüz
və qətiyyətlə deyərdim: "Nəsimi"
filmindəki Şəms". Halbuki o, filmdə əsas
yox, 2-ci (bəlkə də 3-cü) planda olan, cəmi 3-4
epizodda peyda olub yoxa çıxan obrazdır. Amma bu 3-4
epizod, 5-6 dəqiqə kifayət edir ki, Şəms
bütün dövrlərin, zamanların və məkanların
qadın qürurunu, əzəmətini, qadın sevgisinin
ucalığını, qadın yenilməzliyini təcəssüm
etdirən parlaq obraz kimi yaddaşlara hopsun, simvola, rəmzə
çevrilərək hamıya qadın olmağın gözəlliyini
və təəssüflər olsun ki, həm də çətinliyini
göstərsin.
Sarışın saçlı, qaragöz Şəms
(Almaz Əskərova) haradansa uzaqlardan gələn "Sarı
gəlin" mahnısındakı obrazın sanki sarı
gözəl kimi zühur edən varisidir. Bəlkə də filmin
rejissoru intuitiv olaraq onun adından süzülüb gələn
ilahi, mistik aura ilə Şəmsi sarı rəngin Günəş şəfəqlərini
yada salan çalarları ilə bəzəyir. Şəms
özünü "Şirvan bahadırı" adlandıran
Dövlət bəyi sevir, qatı dindar Şeyx Əzəmin
evində böyüsə də, azad bir insan kimi Nəsimi
sözünün də aşiqidir, insanı müti qul kimi
yox, Allahın yaratdığı ən uca varlıq kimi
görür. Ona tükənməz daxili güc
verən, məğrurluğunun özülündə dayanan
da elə bu inamdır. Miranşahın "Yorulmuşam,
gəl ayaqlarımı yu" (yəni mənə təslim ol, itaət et ) əmr-təklifinə görün o, necə cavab verir:
"Nəinki sənin, heç sənin Allahının da
ayaqlarını yumaram, Miranşah!"
Şəmsin bu cavabının şifrəsini düzgün
açmasan, o, Allahı qəbul etməyən şəxs təsiri
bağışlayacaq. Əslində isə belə deyil - Şəms bu cavabla
Allahı yox, Allahın buyruğunu "İnsan güclüdən
qorxmalı, onu sevməli və ona itaət etməlidir" kimi yozan bir allahsızın təklif
etdiyi "Allahı" inkar edir. Şəmsin xarakteri
"Şəms - Miranşah", "Şəms - Dövlət
bəy" və "Şəms - Nəsimi" tandemlərində
açılır və nə qədər paradoksal olsa da,
filmdə bu tandemlərdən ən zəif işlənəni
məhz Dövlət bəylə olan tandemdir. Qəribədir,
dövlətin qoşun böyüyünün, sərkərdəsinin
sevgilisini düşmən yad düşərgəyə
aparır ki, özünə təslim etsin - o isə susur və biz
onun bu hadisəyə reaksiyasını əks etdirən bircə
işarəyə, kadra belə rast gəlmirik. Başı
Nəimini xilas etməyə, İbrahimlə "razborkaya"
qarışan Dövlət bəy üçün sanki Şəms
adlı bir varlıq yox imiş.
Sonradan
sevgilisinin qarşısına atılan kəsilmiş
başını soyuqqanlıqla süzüb "Dövlət
bəyin ölüsü də gözəldir!" - deyə Miranşaha dağ çəkən və
Azərbaycan kinosunda sevgi barədə ən möhtəşəm
metaforanı kəşf edən bu gözəlin "boyu
bütün zamanlardakı məhəbbətin boyu qədər
olan" (Ramiz Rövşən) məhəbbətinə bu qədər
laqeydliyə necə haqq qazandırmaq olar? Axı
o, necə bahadırdır ki, düşmən
caynağında olan sevgilisi, onu xalas etmək yolları barədə
düşünmür? Bəlkə elə bunu başa
düşdüyündəndir ki, Şəms özü də
ölümü seçir, Yusif Səmədoğlu demişkən,
"ölümə qənşər" gedir, özü də öz məhəbbətinin
qiymətini heç olmasa şairin dilindən eşitmək
ümidi ilə...
Filmin,
fikrimcə, ən möhtəşəm epizodu Şəms ilə
Nəsiminin ölümə doğru getdikləri epizod, ən
şah replikaları onların dialoqudur:
- Vəsf
et məni, şair..,
- Vəsf
vaxtı deyil, afət..
-
Ölümə gedirəm...
Və Nəsimi
ölüm kabusu ilə üz-üzə qaldığı o
müdhiş anlarda
gözəlliyə, Şəmsin içindəki
işığa təslim olub vəsf edir onu:
Səni
bu hüsnü-camal, hüsnü-kamal ilə görüb,
Qorxdular həqq
deməyə, döndülər insan dedilər!
...Məhəbbətinin
ucalığına, qüruruna, məğrurluğuna, Günəş
kimi saçdığın işığa layiq ölümün xeyir,
Şəms!
FİLM
İÇİNDƏ FİLM: "SALATIN DASTANI"
Sizi
inandırıram, əgər nə vaxtsa "ən qısa bədi film"
- yaxud süjet, fraqment, epizod -
necə istəyirsiniz, elə də adlandırın - devizi ilə
kinofestival keçirilsəydi, "Dəli Kür" filmində
cəmi 1 dəqiqə-1 dəqiqə
yarım davam edən bir epizod
"Gizli məhəbbətin anatomiyası" adlı ən
uğurlu film kimi sözsüz, baş mükafatı
alardı!
Sən
demə, istənilən filmin bədii dəyəri onun
metrajının uzunluğunda, qısalığında yox,
çatdırdığı informasiyanın zənginliyində
imiş və bu mənada 1 dəqiqəlik görüntülər
də yüzlərlə "sicilləmə" filmdən dəyərli
ola bilərmiş.
"Dəli Kür" filmi bir sıra cəhətlərinə
görə Azərbaycan kinosunda diqqətəlayiq yer tutan
filmdir. Amma məncə, onun ən mühüm məziyyətlərindən
biri dünya kinosuna (!) 1 dəqiqə
davam edən mükəmməl
"film içində film" - "Salatının
gizli sevgisi" adlı möhtəşəm bir mini-film bəxş
etməsindədir. ...Novruz bayramı axşamı örpəyinin
altında nəyi isə ciddi-cəhdlə gizlədərək
ətrafdakı canfəşanlığa əhəmiyyət
vermədən harasa tələsən, qarşısına
çıxan adamların onu tanımaması üçün
tələsik, fəqət ürkək-ürkək
addımlayan Salatın (Reyhan Müslümova) hər halda onu tanıyan bir
qadına təslim olur, onunla bayramlaşır və bu zaman səsindəki
titrəyiş, sözünü qurtaran kimi nəzərlərini
dərhal yerə dikməsi onun nə isə mübhəm bir
sirrindən soraq verir. Sonrakı kadrda görünənləri sözlə təsvirə çəkmək
çətin olsa da, hər halda mümkündür və təfərrüatları,
detalları bir kənara qoyub birbaşa əsas mətləbin
üstünə gələk ki, Salatın kəndin kənarında
yerləşən poçta gizlində sevdiyi Əhmədlə "bayramlaşmağa", gətirdiyi
gül dəstəsini pəncərə qarşısına
qoyaraq bu dünyada kiminsə Əhmədə biganə
olmadığını, onu sevdiyini, amma kimliyini bildirməsinin
mümkünsüzlüyünü anlatmağa gəlibmiş.
Sonuncu məqam gətirdiyi payı və gül dəstəsini
pəncərənin qarşısına qoyub içəri
boylanan, şüşəni
taqqıldatdıqdan sonra gizlənməyə yer axtaran
Salatının alışıb-yanan gözlərində, həyəcandan
az qala partlamaq dərəcəsinə çatan ürəyinin
qaldırıb-endirdiyi sinəsində, üzünün
yalnız Tanrıya yalvarış anlarında bürünə
biləcəyi işığında yaşanır.
Təsvir
etdiyimiz epizodun 1-ci informasiya planındakı rolu, məncə,
bizim üçün
tam aydınlaşır. Nağıllarımızdan,
dastanlarımızdan gələn motivlərlə süslənmiş
çox romantik bir səhnədir. Məhəbbət
oyununun oğlan - qız (aşiq - məşuq) tandemində məşuqun
öz hisslərinə bu dərəcədə təslim olub
aşiqin gözdən-könüldən uzaq tənha
komasına yaxınlaşmaq dərəcəsində
reallaşan cəsarətinə çox az
hallarda rast gəlirik. Axı adətən, təşəbbüs
aşiq tərəfdən gəlir, qızların öz
sevgisini bildirməsi (lap gizli də olsa belə) bir növ
"qırmızı xətdən" çöldə
qalan situasiyadır! Bu mənada Salatının cəsarəti
risk doğurmaqla yanaşı,
onun özü, yaşantıları qədər cazibəlidir.
Epizodu bizim üçün baxımlı,
maraqlı edən əsas məziyyətlərdən biri də
elə budur.
Vəssəlammı?
Əlbəttə
yox!
Salatının
həyəcandan alışıb-yanan sifəti, qalxıb-enən
sinəsi, yalvarışla gizlənməyə
yer axtaran baxışları konkret məkan və zamanda onun
keçirdiyi ruhi-psixoloji sarsıntıları bildirməklə
yanaşı, həm də işarəyə, koda
çevrilir, bu məsum qızcığazın
keçmişini, bu gününü, gələcəyini və
bütövlükdə taleyini
bəlirləyən ifadə gücü qazanır. Bu mənada
bəy qızı olan Salatının "bədbəxtliyi"
yaşam və düşüncə tərzinə görə
kəndlərində arzuolunmaz şəxsə
çevrilmiş, "rus"
ayaması ilə damğalanmış birisinə
vurulmasında və qarşı tərəfin qızılgül
dəstəsi ilə bildirilən məhəbbətə
etinasız, biganə (və bəlkə də ironiyalı)
münasibətindədirsə, etdiyi risk
yaşadığı mühitin adət-ənələrini,
aldığı tərbiyəni, davranış etiketini
sözün müəyyən mənasında ayaqlamasında,
onu sevdiyi oğlanın ayağına (gizli şəkildə də
olsa) gətirən istəyin boyunun sonu görünməyən
keçmişə və gələcəyə qədər
uzanmasındadır. O, "cinayət" başında
yaxalanarsa, "murdar" və "mürtəd"
adlandırılan birisinə vurulması faş olarsa, necə
ağır bir qınağa, tənəyə və cəzaya
məruz qalacağını yaxşı bilir, amma şərəf
və ləyaqətini və bəlkə də həyatını
riskə qoymağa özündə cəsarət də
tapır. Və bu cəsarət Salatının
hərəkətinə bütün zamanlarda qadın
doğulmalarının əziyyətini çəkənlərin,
məhz qadın olduqlarına görə sevgilərindən
umsuq qalanların, istəklərini, duyğularını dilə
gətirə bilməyənlərin öz qismətlərinə
qarşı qaldırdıqları mənəvi üsyan rəngi
verir.
Amma
müəyyən ölçülərə
salınmış, daha doğrusu, müəyyən
ölçülərdən ibarət olan həya və ismət
təəssübkeşliyi ilə məhəbbət kimi sərhədsiz
azadlığın qarşılaşmasından yaranan paradoks
Salatını haradasa gülünc, dilə gətirilməsə
də, ürəkdən keçən və hətta filmdə
incə bir eyhamla sezdirilən rişxənd obyektinə də
çevirir (heç ağlı başında olan qız da
(özü də bəy qızı) gecə vaxtı belə
yüngül sərgüzəşt
havasına uyarmı?)
Gecə xəlvətcə
bizə sevgili-yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş
idi.
Məşhur qəzəlin bu misralarının filmdə Çernyayevskinin və Əhmədin dilindən nə məqsədlə deyildiyini və o məqsədin həqiqət anını tutmaq çox müşküldür. Amma o misraların deyildiyi anda Salatının səmimiyyətinə acımamaq olmur. Çünki sevgilisinə yuxuda qovuşan mücərrəd aşiqin erotik fantaziyaları, yanğısı müstəvisindən heç də kənarda olmayan bu misraların çəkisi Salatının fədakarlığının çəkisindən azdır - hətta bu fədakarlıq yarımçıq təsir bağışlasa belə.
Salatın Azərbaycan ədəbiyyatında indiyə qədər yazılmış və bundan sonra yazılacaq bütün qəzəllərin qəhrəmanlarından daha cazibəli, daha səmimidir və bu səmimiyyəti duymaq hər kişinin işi deyil.
Salatın hardan bilsin ki, onun hər gün gətirdiyi gülləri Əhməd etinasızlıqla masanın üstünə atır, bu gülləri gətirənin kimliyi, öz istəyində belə israrlı olması onu qətiyyən maraqlandırmır və ümumiyyətlə, onun Radişşevin "Peterbuqdan Moskvaya səyahət" kitabı ilə zəbt olunmuş ürəyində məhəbbətə, qadın sevgisinə yer yoxdur?
Bəlkə bunu bilmək heç Salatına lazım da deyil?
Bəlkə Salatın Əhmədi sevgilisi kimi yox, özünün ciddi-cəhdlə gizlətməyə məcbur olduğu DAXİLİ AZADLIĞI kimi sevir?
Onda Salatının öz məhəbbətindən nə qədər zövq aldığını duymaq gərək.
Salatını bu kasıb, balaca koma tərəfə belə gizli və israrlı gəlişləri öz sevgisini diri ikən içində dəfn etdiyini anlayan, bununla barışan bir insanın həmin sevginin məzarını ziyarət etməsinə bənzəmirmi?
(Ardı var)
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2022.- 11 fevral.- S.12.