Dul qadının tənhalığı  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Hüseyn səni ibtidai insanın daldalandığı mağaradan işıqlı dünyaya çıxardı, qaranlığa öyrənmiş gözlərin işığın təsirindən ağrıyır, onların kor olacağından qorxurdun. Lakin işıq, hərarət adətən özünün məlhəm təbiətinə uyğun olan işi görür və adama onları düzgün qəbul etməyi və onlardan ilham almağı öyrədir.

 

Bəlkə də, mən sənin odisseyana bir daha nəzər salmaqla, sənin qısa, lakin olduqca rəngarəng tarixçəni vərəqləməklə düzgün iş görmürəm, sənin köhnə və təzə dərdlərini təzələmək istəyirəm. Lakin bunları ona görə edirəm ki, səni haqlamış yeni tənhalıq sınağından qorxmayasan və özünə təlqin edəsən ki, bu zərbədən də sən sınmamalısan, axı səndə vaxtilə, ən çətin anlarda belə kövrəkliyə qarşı bir qüvvə, onu məhv edən bir möhkəmlik əmələ gəlmişdi. Əslində, taleyin bəxş etdiklərini "rus ruletkası"na bənzətmək olar, bəzən xilas uğuru gətirdiyi kimi, sonra yenə faciə fazasını meydana gətirməklə, əvvəlki çətinlikləri, hissləri əzən qaydada yada salır. İnsanı həyatda çox şey gözləyir, lakin onun təklif etdiyi proseslər bizdən asılı olmadan öz məntiqi ilə gedir və bu vaxt sənin istəklərinə, arzularına məhəl qoymur. Kədərli reallıqla da barışmaq lazım gəlir.

 

Ruhiyyə ona diqqətlə qulaq asır, hər sözündə bir hikmət gizlənildiyi qənaətinə gəlirdi. O, həyata necə də bələddir, özü həyatda nisbətən xoşbəxt həyat sürdüyü, istədiyi hər şeyə nail olduğu halda, elə bil ki, bədbəxtlər tayfasında, leprozoriyada dünyaya gəlmiş, orada insan ağlının, iradəsinin dözə bilmədiyi bütün çətinlikləri öz həyat süzgəcindən keçirmişdir. Ruhiyyə Yusif müəllimi əlində müdriklik qılıncı olan mələyə bənzədirdi. Hadisələri heç də onun kimi izah edə, onları lazımınca təhlil edə bilməzdi və professora cavab verirmiş kimi dedi:

 

- Tənhalığa dözürəm və dərk edirəm ki, dözməliyəm. Düzdür, Hüseynə görə çox ağır hisslər keçirirəm. Xahiş edirəm, məni bağışlayın, çünki bəzi şeyləri etiraf etmək məcburiyyətindəyəm. O, öz məhəbbəti ilə məni ərköyün uşağa çevirmişdi, könlümdən keçənləri də oxuya, anlaya bilirdi, hisslərimin ən xırda titrəyişlərinə belə həssaslıqla cavab verməyi bacarırdı. Onun şəxsində mən elə bil ki, ikinci könülə malik idim, bu mənada biz Siam əkizlərinə bənzəyirdik, birgə qan dövranına malik idik, iki ayrı-ayrı adamlar olduğumuz halda, ikimizin də bir ürəyin sahibi olduğumuzu güman edirdik. Siam əkizlərinin cərrahiyyə əməliyyatı vasitəsilə ayırmaq, iki yerə bölmək çox çətin və təhlükəli olduğu kimi, bizi də bir-birimizdən ayırmaq mənim təsəvvürümdə daha dəhşətli ola bilərdi. Lakin bu baş verdi, təbiətin amansız, mən deyərdim ki, qəddar hökmü ilə. Hüseyn məni belə tez tərk etməməli idi. Mənim dodaqlarım sudan ayrılmasa da, hələ yanğımı söndürə bilməmişdim. Gərək ki, buna bənzər cəzaya Tantal əzabları deyirlər, mən də həyatdan bol-bol həzz aldığım bir vaxtda, xoşbəxtliyimi əmələ gətirən hər şeydən, birinci növbədə mənəvi nemətlərdən məhrum oldum. Tantalın cəzası kimi birdən-birə onlar məndən uzaqlaşmağa başladı və ağlımı bütünlüklə itirməsəm də, gözlərim həsrət çəkdiyindən, ətrafda baş verənləri görə bilmirdi. Həyat mənim optikamı bütünlüklə dəyişdi. İlk anlar qorxurdum ki, bu ətalət uzun müddət davam edəcək, məni qəbrə çatana qədər müşayiət edəcəkdir. Lakin bir daha özümü silkələdim, hiss etməyə başladım ki, mən ərimi itirmişəm, o, öz yadigarını mənə tapşırmışdır. Mən ondan muğayat olmalıyam, onu boya-başa çatdırmalıyam. Bunu etməsəm, ərimin ruhuna, xatirəsinə xəyanət etmiş olaram. Hamnet məni həyata qaytaran xilasedici kəmər rolunu oynadı.

 

Yusif müəllim onun bədbinliyini dağıtmaq üçün mövzunu bir qədər dəyişdirmək istədi:

 

- Sən möhkəm iradəli qızsan. Sən öz həyat təcrübəndə göstərdin ki, ruhun bədən üzərindəki qələbəsi ən böyük zəfərdir. Vaxtilə, eybəcərliyin əsirliyində olanda sən məsləhətimə qulaq asdın, onu icra etdin və köləlikdən azad ola bildin. İndi boynuma alıram, sənə də etiraf edirəm ki, o vaxtlar sözümə əməl edəcəyinə mən özüm də inanmırdım. Axı mən sənə heç bir köməklik göstərməmişdim, ancaq yol göstərmişdim, əslində, məsləhətim də yolun qaranlıq meşənin dərinliyindən keçdiyinə bərabər bir istiqamət verməyə bənzəyirdi. Sənin maddi imkanların sıfır dərəcəsində idi, təzyiqi çox aşağı düşmüş bir adama mən hərəkət etməyi, qaçmağı məsləhət görürdüm, ancaq həmin adam hətta nəfəsi də çətinliklə alırdı. Sənin öz iradə möhkəmliliyin olmasaydı, az sonra özünü daha böyük fəlakətin ağuşuna ata bilərdin, əvvəlki ehtiyatlılığın da yoxa çıxa bilərdi. Lakin sən ən çətin imtahandan üzü çıxdın. Bu vaxt sənin cəsarətini korridada ölümə məhkum edilmiş, lakin ölmək istəməyən, yaşamaq ümidində olan öküzə bənzətmək olardı. Öküz son səhnədə matadorla mübarizə aparmalı idi, çünki bir az əvvəl belinə soxulan nizənin axıtdığı gur qan onun taqətdən düşməsinə səbəb olmuşdu, onun gözləri də qanla dolmuşdu. Öküz öz potensial qatilinə nifrət dolu gözlərlə baxırdı, bütün qüvvəsini toplayıb onu məhv etməyə də hazır idi. Lakin o, taqətdən düşmüşdü. Matador qılıncını onun boynuna sancmaq istədi, lakin cəhdi alınmadı, ikinci, üçüncü dəfə də tamaşaçıların fiti də onu çaşdırdığından, qılıncı ilə uğursuzluğa uğradıqda, stadionda iştirak edənlərin tələbi ilə öküz ölümdən xilas edildi. Matador adlanmalı olan həyatın ağır hökmü də səni məhv edə bilmədi, sən öz keçmişinə və bu keçmişdə səni əhatə edənlərə nifrət dolu nəzərlərini dikdiyindən, bu dəfə onlara qurban getmədin, yeni əzablı, ağır, lakin sənə xoşbəxtlik bəxş edəcək yeganə bir yolu seçdin.

 

İndi də sən yol ayrıcındasan, tənhalıq ömür boyu davam edə bilməz. Oğlun da böyüyəcək, onun yeni-yeni tələbləri meydana gələcəkdir, ana kimi sən onların hamısına cavab verə, yol göstərə bilməyəcəksən. Sən çox cavansan, ömrün boyu dul qadın kimi ağır adı daşıya bilməzsən, ona görə də yenidən ailə qurmaqdan çəkinməməlisən. Təbiətin qanunlarına qarşı getmək olmaz. Bizim aləmdə yalnız qoca yaşında olan kişilər və qadınlar tək qaldıqda, dul adı ilə razılaşmalı olurlar. Təbiət özü bunu onlara məsləhət görsə də, bu qoca adamlara da hansısa bir qayğı göstərən olmalıdır, buna nə oğul, nə də qız yarayır, bu vəzifəni, yeni ittifaqa girdiyi adam, ər və ya arvad daha yaxşı icra edə bilir. Ona görə könlünə yatan bir adam qarşına çıxsa, yeni ailə qurmaq şansını əldən buraxma. Ömrü ancaq xatirələrlə yaşamaq ağılsızlıqdır, axı xatirələr də illər keçdikdən sonra sönməyə başlayır. İnsanlar lap qədimdən batan günəşə deyil, çıxan günəşə sitayiş etmişlər. Bunu 26 yaşlı gənc sərkərdə Qney Pompey triumf eşqində olanda, buna mənfi münasibət göstərən öz komandanı, gələcək diktator Sullaya söyləmişdi və bu yeni çıxan günəş uzun müddət Qədim Roma siyasi səmasını tərk etmədi və Maqn - Böyük titulunu qazandı. Sənin Hüseyn adlı günəşin necə gur parlasa da, artıq qürub etmiş, batmışdır. Lakin bu o demək deyildir ki, sənin həyatına birdəfəlik zülmət qaranlıq çökməlidir. Sən fikirləşirsən ki, yenidən ərə getsən, Hüseynin xatirəsinə xəyanət etmiş olarsan. Bu, düzgün fikir deyildir. Sən gələcək xoşbəxtliyin barədə düşünməlisən, onun təməlini qoymalısan. Heç kəs kölgələr səltənətindən geri dönmür, onlar yalnız Xaronun qayığı isə yeraltı Stiks çayı ilə üzə bilərlər, hətta Eliziumda - Yelisey çölündə məskunlaşan seçilmişlərə də o dünyanı tərk edib, bu dünyaya qayıtmaq müyəssər olmur. Buna onun arvadının və ya ərinin duaları da kömək edə bilmir, əgər dualar kömək etsəydi, heç onlar o dünyaya birdəfəlik səyahət etməzdilər.

 

Qədin romalılar "Carpe diem" - bu günlə yaşamaq prinsipini əsas götürürdülər, gerçəkliyin çağırışına cavab verməyə cəhd edirdilər. Yaponiyada samuraylar da bugünkü günlə yaşayırdılar, sabahkı günə görə bir qayğı hiss etmirdilər. Sən də yeni çağırışa laqeydlik göstərməməlisən. Keçmişdə yalnız xatirələr qalır, gələcəyə təsir göstərə bilmir. Bu günün məsuliyyəti sənin çiynindədir, bunu sən unutmamalısan və yeni şəraitə uyğun hərəkət etməlisən. Həmin vəzifədən hansısa bəhanələrə görə yayınmaq fayda vermir. Yeni ailə qurmaq barədə verəcəyin qərar ədalətli olacaqdır. Konfutsi yaxşı demişdir: "Mərdlik ədalətə görə hərəkət etməkdir". Həqiqi igidlik yaşamaq lazım olanda yaşamaq, ölmək lazım olanda ölməkdir. Sən hələ yaşamalısan. Həm də sən səmimi insansan. Səmimiyyət isə bütün şeylərin başlanğıcı və sonudur. Səmimiyyətsiz heç nə mövcud olmur. Sənin mənə məlum olan xarakterin belə bir qənaətə gəlməyə əsas verir ki, bu sınaqdan da qalib çıxmalısan

 

Ona görə də mən sənin gələcək ittifaqına da əvvəlcədən xeyir-dua vermək istəyirəm, arzu edirəm ki, Aynur özünə layiq nişanlı seçdiyi kimi, sən də artıq dolaşmağa başladığın ziyalılar aləmindən bir ləyaqətli adamı seçib, onunla ailə qurasan. Bu nikah təkcə sənin qəmgin həyatını bəzəməyəcəkdir, həm də Hamnetə yeni bir sirdaş bəxş edəcəkdir.

 

Ona evlənmək təklifləri və Ruhiyyənin etirafı

 

Ruhiyyə gülümsünüb dedi:

 

- Yusif müəllim, sizin hər şeyə nüfuz etmənizə, hətta hali olmadığınız halda da orakul kimi qarşıdakı hadisələri izhar etmənizə təəccüb qalıram. Siz sehrli adam olduğunuz kimi, həm də sirlərə bələd olmağınızla seçilirsiniz. Siz müşahidə etməsəniz də, astroloqlar kimi nəyəsə baxmaqla, əvvəlcədən hadisələrdən xəbər tutmağı bacarırsınız. Sizdən gizlətməyəcəyəm, qeyd etdiyiniz həmin ziyalılar dəstəsindən, ilk tanışlıqdan sonra, iki nəfər rəsmi elçi göndərməsələr də, mənimlə ailə qurmağa hazır olduqlarını bildirmişlər. Biri televiziya kanalının yaradıcı heyətinin prodüserdir, istedadlı və nəzakətli adamdır. İkinci görüşümüzdə, həmin kanala mən fars filmlərinin tərcümə etməyi öz üzərimə götürmüşəm, o, söhbəti gətirib mənim gələcək taleyim üzərinə keçirdi və gözləmədiyim halda, mənimlə ailə qurmaq şansını öz xoşbəxtliyinin əlaməti kimi qəbul edəcəyini bildirdi. Mən ona matəm içində olduğumu, ərimin ölümündən hələ az müddət keçdiyini bildirdikdə, o, məndən üzr istədi, xətrimə dəymək istəmədiyini ifadə etməklə yanaşı, onu da qeyd etdi ki, kimdənsə xoşu gəldiyini və onun əlini xahiş etməsini heç də özü üçün qəbahət saymır və riyakarlığa yol vermədən bunu açıqca dilinə gətirirsə, heç də yüngüllük əlaməti deyil, öz gələcəyinə ciddi yanaşmanın bir nişanəsi hesab edir.

 

Mən də başa düşdüm ki, sərt cavab verməyimlə düzgün hərəkət etməmişəm. Hər ikimiz bir-birimizdən üzr istədik və həmin adam bildirdi ki, çox istərdi ki, mənim ürəyimə yol tapan və onu əsir etməyi bacaran adam bütün cəhətlərdə onu geridə qoyan biri olsun və əlavə etdi ki, ona qarşı izah olunan qısqanclıqla yanaşmaqla yanaşı, mənim ləyaqətli bir adamla ailə quracağıma ürəkdən sevinəcəkdir, çünki mənə qarşı heç vaxt laqeyd olmayacaqdır. Hansısa pis adətinə görə, o, özünü qınaya bilər, lakin ürəyini məzəmmət edə bilməz, ürək gözlərdən də daha uzağı görə bilir, xeyiri və şəri təyin etməkdə səhvə yol vermir, həm də hansısa birini ona xoş gələn gözəl kimi qəbul edirsə, ona ayırdığı yeri, məkanı başqa heç kəsə güzəştə gedə bilmir. Əgər ürəyim hökm etməsəydi, çəkinmədən bu sözləri sizə deməzdim də. Ürəyimin isə məni aldatmadığına əminəm, ona görə də, bəlkə də, vaxtı yetişmədən, səbirsizlik edərək, sizə ciddi təklifimi etdim və onsuz da əmin deyildim ki, siz məni olduğu kimi qəbul edib, təklifimə razılıq verəcəksiniz. Ürək həm də məhəbbətin sığınacaq məkanıdır, məhəbbət isə hətta ən uzaq ulduzlardakı yazını da oxuya bilir.

 

Biz onunla mehribanlıqla ayrıldıq və əmin olduğumu bildirdim ki, aramızda gedən söhbət yaradıcılıq əməkdaşlığımıza heç cür maneə olmayacaqdır. Bu söhbətin təsiri altından çıxmağa macal tapmamış, nəşriyyatın redaktoru olan bir qız zəng edib, mənimlə görüşmək istədiyini bildirdi. Qız nəşriyyatın sahibinin tapşırığı ilə gəldiyini dedi və əlavə etdi ki, onun sizinlə ailə qurmaq barədə ciddi planı vardır. İlk görüşdən siz onun xoşuna gəlmisiniz və sizin razılığınız olsa, o, bu məsələnin praktiki həllinin gecikməsinə imkan verməyəcəkdir. Qız onu da qeyd etdi ki, müdiri bir dəfə evli olmuş, arvadından ayrılmışdır və oğlu anasının himayəsindədir.

 

Mən nəşriyyat direktorunun hisslərinə hörmətlə yanaşdığımı bildirməklə yanaşı, xahiş etdim ona çatdırsın ki, mən ərimin matəmini hələ başa vurmamışam, ona görə də bu qəbildən olan təkliflərə qəti "yox" cavabı verirəm. Direktor mənim cavabımdan inciyəcəksə, biz yenicə başlanan əməkdaşlığımızı elə start xəttində də dayandıra bilərik.

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 12 fevral.- S.22.