"Nədimələr"
"Bir rəsmin dedikləri"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
Sənubər Hacıyeva
İlyaslıdır. Sənubər xanımla Velaskesin "Nədimələr" əsəri
haqqında danışmışıq.
Dieqo Velaskes
1599-cu ildə İspaniyanın
Sevilya şəhərində
çox da varlı olmayan portuqal mənşəli mülkədar ailəsində
dünyaya gəlib. Onun anadan
olduğu tarix dəqiq məlum deyil. O, barokko dövrünün ən məhsuldar və məşhur rəssamlarından
idi. Rəssamın əsərlərində reallıq və təbiilik hər zaman ön planda
olub. Saray rəssamı olduğu
üçün kral və kraliçanı, saray məişət həyatını daha çox təsvir edib.
***
- Sənubər xanım,
"Nədimələr" əsərinin yaranması,
tarixi, əsərdə
təsvir olunan personajlar haqqında nə bilirik?
- Əsər incəsənət
tarixinin ən çox müzakirə olunan və hələ də tam şəkildə anlaşılmamış
ən məşhur tablolarındandır. Məkan planlarının, havanın və işığın hərəkətiylə
doldurulmuş 11 portretli
"Nədimələr" əsərində saray məişətinin xüsusi
epizodu həyatın ümumi axınının
anlarından biri kimi təsvir olunub. Bu əsər
portretdən çox məişət janrına
yaxındır. Çünki
tabloda sarayda hansısa bir an təsvir olunub.
Kompozisiyada rəssamın emalatxanasında
Velaskesin özünü,
kral və kraliçanı, 6 yaşlı
şahzadə İnfanta
Marqaritanı, onun köməkçilərini, liliput
təlxəyi, saray işçilərini, iti və digər fiqurları görürük.
Rəssamın yaradıcılığında
təlxək obrazına
çox rast gəlinir. Əsər haqqında bir
çox fikirlər
var. Bu, əsasən tabloda
əsəri işləyən
rəssam Velaskes, onun arxasındakı güzgüdə təsvir
olunmuş kral və kraliça surətləri ilə bağlıdır. Bir fərziyyəyə
görə, rəssam
əsərdə bizim
gördüyümüz kompozisiyanı
işləyir. Bir qrup sənətşünasların fikrincə isə Velaskes burada kral və kraliçanın
portretlərini çəkib
və güzgüdə
əks olunan da elə budur.
Üçüncü bir fərziyyəyə
görə, rəssam
IV Filipp və həyat yoldaşının
portretlərini çəkib,
lakin onlar hələ də orada qalmaqdadırlar.
Əsər dəzgah rəngkarlığında
yağlı boya texnikası ilə işlənib. Kompozisiya üfüqi formatdadır.
Bu rəngkarlıq nümunəsini daha yaxşı anlaya bilmək üçün
ona uzaq məsafədən baxmaq daha əlverişlidir.
Əsərin sujeti ilə
bağlı fərziyyələrə
gəldikdə isə,
belə bir fikir irəli sürülür ki, IV Filipp və həyat yoldaşı hələ də otaqdadırlar və şahzadə də elə buna görə
ayaqüstə hazır
vəziyyətdə durub.
Digər
fərziyyəyə görə,
şahzadənin köməkçiləri
onu kral və kraliçanın hüzuruna çıxmaq üçün hazırlayırlar.
Fon tünd rəngdə olduğundan açıq rəngli geyimlərdə təsvir olunmuş fiqurlar daha çox
gözə çarpır.
- Fiqurların əksəriyyəti
ön planda təsvir olunub. Niyə?
- Çünki kompozisiyada göz səviyyəsində
olan nöqteyi-nəzəriyyədən
istifadə olunub. Bu rəngkarlıq əsərindəki hərəkət
infantaya tərəf yönləndirilib. D.Velaskes perspektivaya
çox önəm verdiyindən əsərdəki
mükəmməl perspektivanı
müxtəlif üsullarla
yaradıb, güzgü
və arxadakı açıq qapı vasitəsilə əsərdə
dərinliyi əldə
edə bilib. Bəzi mənbələrə görə,
əsərdəki perspektiva
fotoqrafik dəqiqliyə
də uyğun gəlir. Arxada - qapının yanında
dayanan şəxs isə kraliçanın toxuculuq emalatxanasına rəhbərlik edən Nientodur. Mənim fikrimcə, rəssam
onun obrazını əsərə məhz dərinlik qatmaq, qapı tərəfinin boş qalmaması üçün əlavə
edib. O həm də kompozisiyanın mərkəzi hesab olunur.
Kompozisiyadakı həcmlilik illuziyası şahzadənin və köməkçilərinin geyimlərinin
böyüklüyündə öz əksini tapıb. İşıq günəş işığı
kimi təsvir olunub və ön plandakı obrazları işıqlandırır.
Ümumiyyətlə, Dieqo Velaskesin
yaradıcılığında rəssam Karavacco tərəfindən rəngkarlığa
gətirilən işıq-kölgə
vurğulanmasına çox
rast gəlinir. "Nədimələr"də
təsvir detallaşdırılmış
şəkildədir. Rəssam xırdalıqlara
çox önəm verərək geyimlərdə
yeni və köhnəliyin təzadını
yaradıb. Şahzadənin
geyimi ilə xidmətçilərinin geyimləri
və detallardakı fərq aydın hiss olunur.
- Rəssamın özünün
geyimindəki qırmızı
xaç da diqqəti cəlb edir.
- Dieqo Velaskes bu xaçı vurğulamaq üçün
geyimini qara rəngə boyayıb. Qara üzərindəki
qırmızı isə
bütün dövrlərdə
cəlbedici olub.
Əsərin 1656-cı ildə çəkilməsinə baxmayaraq,
rəssam Santyaqo cəngavərlərinin nişanəsi
olan bu xaçı
vurğulamaq istəyib. Burada maraqlı nüans
odur ki, bu ad ona 1659-cu ildə verilib. Xaçın oraya kralın
sifarişi ilə rəssamın ölümündən
sonra əlavə olunduğu fikri fərziyyələr arasında
olsa da, xaç və geyimin rəngləri üzərində aparılan
boya analizi zamanı hər iki rəngin arasında zaman fərqi olmadığı
ortaya çıxıb.
- Əsərin rəng
koloriti haqqında nə deyə bilərsiniz?
- Əsərdə əlavə
rənglərdən daha
çox istifadə olunub. Qara rəngin ritmik təkrarı hiss edilir. Burada kolorit rəsmi
özünə tabe edib və kompozisiya
yaradıb. Çalarlı koloritdən istifadə olunan tabloda rəng keçidləri yumşaqdır.
- Əsərdə IV Filip və kraliçanın aynada kiçik təsviri var. Maraqlıdır, D.Velaskes buna görə kral tərəfindən cəzalandırılmayıb ki?
- Yox, cəzalandırılmayıb, çünki kral incəsənətə sayğı duyan və onu sevən bir şəxsiyyət olub. Həmin dövrdə IV Filippə ithaf olunmuş kitabda incəsənət və ideallıqla bağlı bir başlıq var. Burada incəsənətin göstəricisi olaraq boya və fırça göstərilir. Rəssamın da əlində fırça və boyanın təsvir olunması o deməkdir ki, bütün bunlar yalnız onun, yəni, incəsənətin vasitəsilə görünür. Beləliklə, incəsənət olmasa, bu şəxslərin obrazları bilinməzdi. Bəlkə də, onlar haqqında yalnız tarix kitablarından, tarixi sənədlərdən oxuyardıq və bu necə də maraqsız olardı. Əslində elə həyatın özü də sıxıcı olardı.
- Tablo hazırda harda saxlanılır?
- Əsər Madrid şəhərindəki Prado muzeyində saxlanılır.
-Sizcə, bu əsər bizə nə deyir?
- Gündəlik həyatımızdan yorulanda musiqi dinləyir, yaxud da bir rəsmə baxırıq, bəzilərimiz nələrsə çəkirik, yazırıq. Bütün bunlarsız həyatı təsəvvür etmək çətindir.
Velaskesın bu əsəri mürəkkəb əsərdir. Hətta Pikasso rəssamın bu əsərini başa düşmək üçün onun bir neçə versiyasını çəkib.
Saray adamlarını öz emalatxanasında təsvir etməklə rəssam bəşəriyyətə incəsənətin hamının və hər şeyin fövqündə olduğunu demək istəyir. Yəni bu əsər bizə deyir ki, sənət hər şeyin fövqündə dayanır.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 12 fevral.- S.21.