Gündəlik həyatımızda
kimyanın yeri
Ətraf aləmdə kimyaçıların
yaradıcılığının məhsulu olmayan obyekt tapmaq çətindir. Ev əşyaları,
geyim və qulluq vasitələri, dərman preparatları, hətta qida məhsullarında belə
kimyaçının izi
var.
Kimya bütöv
bir ecazkar dünya, sirlər və kəşflər, keçmişin, indinin və gələcəyin elmidir. Kimya insana mineral, heyvan
və bitki xammallarından biri digərindən daha bənzərsiz və heyrətamiz maddələr
əldə etməyə
imkan verir. O, nəinki təbiəti təqlid edir, həm də ildən-ilə daha çox onu ötməyə cəhd edir. Təbiətə məlum olmayan
minlərlə, on minlərlə
insan həyatı üçün çox faydalı və vacib xüsusiyyətli maddələr yaradır.
Ətrafımıza baxsaq, görərik
ki, kimya bizi hər yerdə
əhatə edir.
Bu gün insanlar
öz həyatlarını
kosmetika, şəxsi gigiyena məhsulları, qida əlavələri, boyalar və daha çox, saymaqla bitməyən, məhsullarsız təsəvvür
edə bilmir. Kimya gündəlik həyatımızda
və praktikada tətbiq olunan elmlərdən ən vacibi və birincisidir. Burada olan kəşflərdən
sənaye, xidmət sektoru və ümumiyyətlə, həyatın
bütün sahələrində
istifadə edirik.
Dərman preparatları, kosmetik
vasitələr, məişətdə
istifadə olunan maddələr, bir çox qida əlavələri, insan həyatı üçün
zəruri olan məhsullar məhz kimyəvi maddələrdən
və onların qarşılıqlı təsirindən
istifadə etməklə
əldə edilir.
Hər bir evdə çoxlu
miqdarda məişət
kimyəvi maddələrindən
(sabun, şampunlar, yuyucu maddələr, yapışqan, boyalar və s.) geniş istifadə olunur. Onlar vaxta qənaət
etməyə, sağlamlığı
və təmizliyi qorumağa, gözəl interyer yaratmağa, bitki yetişdirməyə,
avtomobillərə qulluq
etməyə və s.
kömək edir.
Kimya bizim daxilimizdədir, çünki
insan orqanizmi kimyəvi elementlərdən
və maddələrdən
ibarətdir. İnsan orqanizmi unikal
bir kimyəvi laboratoriyadır. Hüceyrələrdə hər saniyə bir çox kimyəvi reaksiyalar paralel baş verir. İnsan həyatında yaşanan
bütün duyğular
da kimyadır, yəni hormonlar ifrazıdır. Qeyd edək
ki, insanın qida ilə aldığı
enerji də kimyanın məhsuludur.
Həzm prosesində mürəkkəb
maddələr daha sadələrə parçalanır,
onlardan insan orqanizmi üçün zəruri olan zülallar, yağlar, karbohidratlar sintez olunur. Belə olan halda əgər insan sadə kimyəvi prosesləri bilmirsə, deməli, ilk öncə özünü tanımır,
digər tərəfdən
isə ətraf mühitdə gedən prosesləri də bilmir.
İnsan həyatında avtomobillərin
rolu böyükdür. Avtomobillər məhz kimyəvi proseslər nəticəsində
metal, rezin, plastik maddələrdən yaranan
bir məhsuldur.
Qeyd etmək
lazımdır ki, dünyada sənaye istehsalının çox
hissəsi kimyəvi proseslərə əsaslanır. Sənaye kimyası
sayəsində dərmanlar,
benzin, plastik, qida, rezin, kağız
məhsulları, sintetik
parçalar, tikinti materialları, tibb və elektronika üçün yeni xüsusiyyətlərə malik
maddələr, metallar
və ərintilər
əldə olunur.
Qısaca olaraq əczaçılıqda,
kosmetologiyada, məişətdə,
energetikada, istehsalatda,
yeyinti sənayesində
və sair sahələrdə, ümumən
həyatımızda kimyanın
rolunu vurğulamaq istərdik.
Dərman preparatlarının tərkibində,
xəstəliklər zamanı,
insan orqanizminə faydalı təsir göstərən kimyəvi
maddələr var.
Kosmetologiyada təmizləyicilərin tərkibində
qliserin, qələvi,
fermentlər, efir yağları var. Aerozollarda
mayeləşdirilmiş qazlardan
istifadə olunur. Qum və
soda diş məcunlarının əsas
komponentləridir. Dodaq boyası
mumdan hazırlanır.
Saç
boyasına metallar, ammonyak əlavə edilir.
Yuyucu tozların,
sabunların, qabyuyucu vasitələrin və sairin istehsalında sulfatlar, qələvilər,
fermentlər, qliserin, səthi aktiv maddələrdən istifadə
olunur.
Bildiyimiz kimi, faydalı qazıntılar əsas yanacaq mənbəyidir. Neftin, qazın,
kömürün emalı
zamanı maddələr
müxtəlif fraksiyalara
ayrılır ki, onların da əksəriyyəti benzin,
kerosin, dizel istehsalı üçün
istifadə olunur.
Neft məhsullarından,
metallardan və qeyri-metallardan müxtəlif
məişət əşyaları
və materiallar hazırlanır.
Metal ərintiləri maşın
hissələrinin istehsalı
üçün istifadə
olunur.
Üzvi
birləşmələrdən plastik, rezin, saplar, həlledicilərin və s. hazırlanmasında
istifadə edilir.
Qidaya bitki və heyvan mənşəli kimyəvi
birləşmələr daxildir. Kimyəvi konservantlar,
stabilizatorlar, qida boyaları dadı yaxşılaşdırmaq, rəngini
qorumaq, saxlama müddətinin uzadılması
üçün istifadə
olunur.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, kimyanın insan həyatına təsiri ikili xarakter daşıyır. Böyük faydalarına baxmayaraq
kimya insanlara və ətraf mühitə həm yardımçı olar, həm də zərər gətirə bilər. Yuyucu tozlar insan dərisinin
qıcıqlanmasına səbəb
ola bilər.
Uzun müddət lakların və bəzi boyaların inhalyasiyası zəhərlənməyə
səbəb ola
bilər. Gübrələrdən
istifadə miqdarının
həddindən artıq
olması meyvələrdə
və göyərtilərdə
toplanaraq, mədə-bağırsaq
xəstəliklərinin yaranmasına
səbəb ola
bilər. Onu da qeyd edək
ki, ən böyük zərəri
"E" kodlu qida kimyəvi əlavələr
törədir: (E103, E105, E111, E121, E125 və s.).
Orqanizmi kimyanın zərərli təsirindən qorumaq üçün ehtiyat tədbirlərinə riayət
etməli, istehsalçısı
məlum olmayan məhsullardan istifadə etməməli, zərərli
qidalardan uzaq olmalıyıq. Bu sadə
qaydalar sağlamlıq
üçün risk etmədən,
müasir kimyanın bütün nailiyyətlərindən
istifadə etməyə
imkan verəcəkdir.
Kimyəvi proseslərdən alınan
dekorativ və məişət kimyası
məhsulları sosial
və ekoloji mühitə zərər vurmadan üçüncü
minillikdə insanların
gündəlik tələbatını
ödəyəcək, onlara
daha yaxşı həyat bəxş edəcək.
Günel MƏMMƏDOVA
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, kimya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2022.- 12 fevral.- S.20.