Mir Möhsün Nəvvabı xatırlarkən

 

Mirzə Xosrov Axundov Şuşanın tanınmış müəllimlərindən olub. O, 50 il Şuşada müəllimlik edib. Həmkarları ilə birlikdə Şuşada savadsızlığın aradan qaldırılmasında fəal iştirak edən Mirzə Xosrov Axundov həm də Şuşanın tarixi ilə bağlı maraqlı tədqiqatlar aparıb, məşhur şəxslərlə bağlı xatirələrini qələmə alıb.

 

Mirzə Xosrov Axundovun Mir Möhsün Nəvvab haqqında xatirələrini oxuculara təqdim edirik.

 

***

 

Mirzə Xosrov AXUNDOV

 

Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada anadan olmuşdu. Yeddi yaşından təhsil almağa başlamış, ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdi. Şair Axund Molla Abbas Cavanşir Nəvvabın müəllimi idi. Gənc yaşlarında Nəvvabın şeir yazmağa həvəsi vardı. O, şairlik istedadına malik olmaqla bərabər, alim, ədib, mahir rəssam, musiqişünas, xəttat idi, bəzi ixtiraları da vardı. Mir Möhsün çap və yazı üçün mürəkkəb və ətir hazırlamaq, çap daşı düzəltmək və cildsazlıqla da məşğul olmuşdu.

 

Nəvvab Şuşada məscidin həyətində xüsusi bir mənzil düzəltmişdi. Onun bu mənzili "Məclisi-fəramuşan"ın qışlağı idi. Havalar istiləşən zaman məclis səfalı Cıdır düzündə, sıldırım qayalar arasında "Ağzı yastı" kaha deyilən yerdə təşkil edilərdi. Məclis üzvləri təbiətdən zövq alaraq sanki təsvirəgəlməz Çaxmaq meşəsində yaşıl tarla və çəmənlərdən, digər tərəfdən Daşaltı çayının şırıltısından, bülbüllərin nəğməsindən, dağ çiçəklərinin və kəklikotunun ətrindən məst olardılar. Məclis üzvlərindən Xan Qarabaği, Abış bəy, Mirzə Əli Aşiq, Məşədi Əyyub Baki, Abdulla bəy Asi və başqaları toplaşaraq yazdıqları şeirləri müzakirə edərdilər.

 

Nəvvab mətbuatın əhali arasında yayılmasında böyük rol oynamışdı. Şuşada onun təşəbbüsü ilə məscid həyətində birmərtəbəli binada qiraətxana təşkil olunmuşdu. Qiraətxanaya Bakıdan "Əkinçi", Tiflisdən "Ziya", "Kəşkül", "Kavkaz", Hindistandan "Həblülətin", İstanbuldan, Tehrandan qəzetlər gətirilərdi. Peterburqdan Şuşaya xəritələr gəlib çıxırdı. Qiraətxanaya o dövrün maarifçi və tərəqqipərvər şəxsləri gəlirdilər. Haşım bəy Vəzirov, Fərhad Ağazadə, Mirzə Cəlil, Yusif Əliyev, Məhəmməd Həsən bəy, Kərim bəy Mehmandarov qəzet və jurnal oxuyardılar. Çar jandarmları tərəfindən dəfələrlə Nəvvabın qiraətxanasında və yaşadığı mənzildə axtarış aparılmışdı.

 

Mir Möhsün Nəvvab Baxçasarayda çıxan "Tərcüman", Tiflisdə nəşr edilən "Ziya", "Kavkaz" qəzetlərinin müxbiri olmuşdu. Nəvvabın Şuşada daş basma mətbəəsi var idi. Mətbəədə bir çox kitablar, qitələr və xırda şeirlər çap etdirmişdi. Bu mətbəə Gövhəriyyə məscidinin cənub hissəsindəki mənzillərin birində yerləşirdi. Nəvvab Gülablı kəndindən xüsusi daş gətirdib, onun vasitəsilə çap işini aparardı. Əvvəllər çap üçün istifadə etdiyi daş çox kiçik idi. Bu daş vasitəsilə zərli-nəqşli şəkillər də çıxarardı. Həmin daşda çap olunan kitabların üzəri müxtəlif gül və bülbül rəsmləri ilə bəzədilmişdi.

 

Nəvvab çap üçün hazırlanmış daşın üzərinə bəzir yağı və nişasta sürtüb sonra kağızları onun üstünə qoyaraq basardı. O, uzun zaman bu qayda ilə çap daşından istifadə etmişdi. Nəvvabın çap daşı Şuşanın tarix muzeyində saxlanılırdı.

 

Çar jandarmları "Pravda" qəzetini oxuyanları daim təqib edirdilər. Bir dəfə Şuşada qiraətxanada oturmuşduq. Birdən jandarmların gəlmək xəbəri eşidildi. Həmin saat "Pravda" qəzeti aparılaraq bir həftə odun anbarında gizlədildi. Jandarmlar gəlib qiraətxananı dərindən axtarış etdilərsə də, bir şey tapa bilmədilər. O vaxt yay fəsli idi. Məşədi Əzizbəyov və Mir Həsən Vəzirov orada idilər. Jandarmlar getdikdən sonra Məşədi Əzizbəyov dedi ki, "qoy nə qədər axtarırlarsa, axtarsınlar, əlbət bir vaxt onları da axtararlar".

 

 

 

1906-cı ilin bahar fəsli idi. Mir Möhsüm Nəvvab məni mənzilinə çağırtdırmışdı. Mən içəri daxil olmaq üçün qapını döyüb icazə istədim.

 

İçəridən Nəvvabın səsi gəldi:

 

- Buyurun.

 

Mən içəri daxil oldum. Otaqda bir çox şairlər əyləşmişdi. Nəvvab məni əyləşən şəxslərlə tanış etdi:

 

- Bu, bizim məclisin fəal üzvü Mirzə Əli Aşiqin oğlu və şair Sağərinin nəvəsidir.

 

Oturanlar məni səmimi qarşıladılar. Mən həyəcanla Nəvvabın məni nə üçün çağırmasının səbəbini öyrənmək istəyirdim. O, həyəcanımı duyaraq mənə bir pedaqoq kimi yanaşdı. Mənim ailə həyatıma və sənətımə aid suallar verdi:

 

- Qardaşoğlu, sənin babaların və atan şair olmuşdu. İrsən sənin də şeir təbin olmalıdır. Mən istəyirəm ki, mərhum atanın yerində sən də bir gənc şair kimi məclisimizə üzv olaraq bizimlə bərabər çalışasan.

 

Mən ona belə cavab verdim:

 

- Qəzəl və şeir yazmaq mənim çoxdankı arzumdur, elmə və müəllimliyə aid bəzi şeirlər yazmışam. Sizi razı salacaq aşiqanə şeirlərim yoxdur.

 

Nəvvab təbəssümlə əlavə etdi:

 

- Oğlum, səhv etmə, xalqımızın mədəniyyəti və tərəqqisi sahəsində yazılan şeirlər qiymətli və dəyərlidir. Yazdığın şeirləri köçürüb mənə gətirərsən.

 

Səhəri gün bir neçə şeir yazıb Nəvvabın yanına apardım. Yenə də əvvəlki kimi mehribancasına qəbul etdi. O, şeirlərimi məclisdə oxuyub bəyəndi və yaradıcılığı davam etdirməyi tapşırdı.

 

1913-cü ilin qış fəslində bir dəstə müəllimlə bərabər, Nəvvabın evinə cəm olmuşduq. Uzun qış gecələrində həftədə üç dəfə yoldaşların birinin evinə cəm olur, qrammofon oxudub, müxtəlif söhbətlər edərək ovqatımızı şən keçirərdik. Biz bu dəfə Nəvvabın evinə getdiyimiz üçün qrammofonu oraya aparmağa cürət etmədik. Axşam Nəvvabın evinə getdik. Nəvvab bir azdan sonra biz oturduğumuz otağa gəldi və dedi ki, sizin bizə gəlməyiniz məni son dərəcədə fərəhləndirdi və xoşhal etdi: "Eşitdim qrammofon da gətirəcəksiniz. Musiqi dinləmək mənə çox xoşdur. Musiqidən alınan həzz başqa bir şeydən alınmaz. Mən belə eşitdim ki, mənim evimdə musiqi çalınması dindarların dilincə desək, "haramdır". Bu yersiz, mənasız fikri ortaya atan avam mollalardır. Musiqini öyrənmək və dinləmək ən vacib məsələdir. Hətta musiqi vasitəsilə xəstələr də müalicə olunur".

 

Nəvvab xahiş etdi ki, bir nəfər gedib qrammofonu gətirsin.

 

Vallar oxunduqca hamımız Nəvvaba baxırdıq. Onun siması fikirli idi. Təqribən bir saat yarım musiqiyə qulaq asdıq. Nəvvab bizə razılıq edəndən sonra dedi:

 

- Musiqidən həzz almayan insan deyil.

 

...Nəvvab 85 il ömür sürmüşdü. O, 24 yaşında olarkən təngnəfəslik xəstəliyinə tutulmuş, öz xəstəliyi ilə ciddi mübarizə aparmışdı.

 

Nəvvab Gövhər ağa məscidinin aşağı hissəsindəki mənzillərin birində cildsazlıq dəzgahı düzəldərək şagirdlərin dərsliklə təchiz olunması üçün kitablara cild çəkilməsi işini həll etmişdi. Cildsazlıq işilə 3 nəfər məşğul olurdu - oğlu Mir İbrahim, Cabbar Abış oğlu və Bilal Baxşəli oğlu. Bunlar gündə 50-100 cild hazırlayırdılar.

 

Nəvvab fotoqrafiya və litoqrafiya ilə də məşğul olmuşdu. O, "Məclisi-fəramuşan"da iştirak edən şairlərin şəkillərini çəkmişdi. Bundan əlavə, basma işlərində də çox məharəti var idi.

 

Nəvvab yazı üçün aşağıdakı qaydada mürəkkəb düzəldərdi; qara nefti yandırıb üstünə dəmir qalpaq qoyaraq, dudasını (qurumunu) toplayardı. Sonra düyünü sacda rəngi qaralana kimi qovurardı. Düyü qovrulduqdan sonra bir az suya salıb sıxmağa başlayırdı. Çox böyük sıxılma nəticəsində düyünün kraxmal maddəsi suya keçdikdən sonra qurumu ora töküb qarışdırardı və xəmir edib bərkidərdi. Onu günün qabağında qurudaraq parlaq, zil qara, gözəl mürəkkəb alardı.

 

Mir Möhsün Nəvvab astronomiya elmi ilə çox həvəslə, müntəzəm olaraq məşğul olmuşdu. Gecələr göy cisimlərini seyr edərək, ulduzların doğması və hərəkəti nəticəsində əmələ gələn dəyişiklikləri və təbii hadisələri müşahidə etmişdi. O, ulduzların sirri ilə məşğul olaraq təbiətdə nə kimi hadisələrin əmələ gəlməsini, zəlzələ, külək, yağış, dolu və digər təbiət hadisələri haqqında düzgün məlumat verərdi. Nəvvab səma cisimlərinin hərəkətinə aid məlumat toplamaq üçün çox təəccüblü bir alət düzəltmişdi. Dairəvi dəmir içərisində günəşin, ayın və başqa planetlərin rəsmi dəmirdən ustalıqla düzəldilmişdi. Bu alət vasitəsilə təbii hadisələr öyrənilir və xalqa məlumat verilirdi.

 

Nəvvab öz zəhməti ilə yaşamağı sevərdi. O, nəqşlər, şəkillər çəkməklə, ətir və mürəkkəb düzəltməklə, xəttatlıqla məşğul olurdu. Bundan əlavə, Gövhər ağa məscidinin hesabdarı kimi əməkhaqqı alırdı. Bu adam öz dövrünün maarifçi, vətənpərvər, şair, ədib, nəqqaş, rəssam və uzaqgörən bir şəxsiyyəti idi. Həmişə Şuşa əhlinə elmi, maarifi, sənət öyrənməyi təbliğ edərdi.

 

Nəvvab təbiəti, gözəl mənzərəni, gülü, bülbülü və ümumən təbiəti çox sevirdi. Nəqşlərinin və rəsmlərinin çoxusunda gül, bülbül təsviri var idi. Mənzilindəki nəqşlərdə də bunu aşkar görmək olardı. Bunlardan başqa, Cıdır düzündə babası Mir Fəccehin adı ilə adlandırılmış "Mir Fəcceh bağı" hamının nəzər-diqqətini cəlb edirdi. Həmin bağ sanki cənnət idi.

 

Nəvvab elm və sənətin müxtəlif sahələrinə dair 20-dən artıq əsərin müəllifidir. Onun on iki min beytdən ibarət "Kəşf-il-həqiqeyi-məsnəvi" adında üçcildlik əsəri, "Ziya ül-ənvar", "Bəhr-ül-həzən", "Vüzuhul-Ərqam", "Nəsihətnamə", "Nücum", "1905-1906-cı illərdə erməni müsəlman davası" və s. kitabları var.

 

Nəvvab Azərbaycan musiqi tarixini, nəzəriyyəsini şərh edən "Vüzuhül-ərqam" risaləsini 1884-cü ildə yazmış və 1913-cü ildə Bakıda Orucov qardaşları mətbəəsində nəşr etdirmişdi. Nəvvabın muğam dəstgahının quruluşu, şöbələri barədə fikirləri çox maraqlıdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" əsərində Azərbaycanın məşhur musiqişünasları Səfiəddin Urməvi və Əbdülqədir Marağayidən sonra M.M.Nəvvabın adını çəkmiş, onun "Vüzuhül-ərqam" risaləsində Şərq xalqlarının qədim musiqisindən bəhs olunduğunu qeyd etmişdi.

 

Mir Möhsün Nəvvab millətini düşünərək yazırdı: "Cəmi millətlər qəribə olan elmlər və sənətlər ixtira etməklə tərəqqeyi-tam tapıb. Amma bizim millətimiz o elmlər ki, onların əlindədir, bitamam tərk etməklə mədəniyyət aləmindən uzaqlaşıb və millətlərdən geri qalıblar".

 

1912-ci ilin may ayında Mir Möhsün Nəvvab bir dəstə hal əhli ilə bərabər, Mir Fəcceh bağında əyləşib təbiətdən zövq alaraq  istirahətlə məşğul idi. Burada şairlərdən Məşədi Əyyub, Bakı Xan Qarabaği, Abış bəy, Məhəmməd Hüseyn bəy, Molla Vəli və başqaları var idi. Nahar qurtardıqdan sonra hil ilə dəmlənmiş çay hazırlandı. Nəvvab Məhəmməd Həsən bəyə və Molla Vəliyə müraciət edərək dedi:

 

- Əzizlərim, cismani qidanı aldıq, indi də ruhani qidanı almalıyıq. Belə bir şairanə və gözəl yığıncağın qiyməti yoxdur.

 

Molla Vəli bir "Hicaz", sonra da Məhəmməd Həsən bəy də bir "Rast" oxudu. Musiqi gedişində bülbüllər sanki məst olaraq özlərini çaşırmışdılar.

 

Nəvvab bülbüllərə baxaraq dedi:

 

- Şairlər bunları tərif etməkdə haqlıdırlar, görün musiqinin bunlara nə qədər təsiri var.

 

Musiqi səslənərkən çəpərin daş hörgü ətrafı adamlarla dolmuşdu. Onlar da bu musiqidən zövq alırdılar...

 

Yazını Mehparə AXUNDOVA çapa hazırlayıb.

 

525-ci qəzet.- 2022.- 12 fevral.- S.19.