MƏNİM PERSONAJLARIM

 

 Əli Əmirlidən ustad dərsləri

 

"Ulduz" jurnalı ilə "525-ci qəzet"in birgə layihəsi (V DƏRS)

 

 

Səhnə əsərinin uğuru dramaturqun yaratdığı personajlardadır. Səhnədə hər şey personajlar vasitəsilə baş verir, onların vasitəsilə tamaşaçı zalına ötürülür. Ona görə də personajlar canlı, diri insanlar olmalıdırlar. O qədər canlı, o qədər diri ki, onları sevmək, onlara nifrət etmək mümkün olsun. Əgər tamaşaçı personajların taleyinə biganə qalırsa, deməli, səhnədə diri, canlı heç kim yoxdur, obrazlar müqəvva təsiri bağışlayır.

 

Mənim üçün əsərin qəhrəmanı stereotiplərdən azad olmalıdır, ikinci şərtim, ən mənfi, mənəviyyatca eybəcər adam belə elə yaradılmalıdır ki, müəyyən məqamlarda tamaşaçının ona rəhmi gəlsin, rəğbəti olsun və ya onun pis əməllərinə az da olsa, bəraət qazandıra bilsin. Ən vacib keyfiyyətlərdən biri isə personajın daim inkişafda göstərilməsidir. Əgər ən vacib deyirəmsə, onda elə üçüncü şərtimdən başlayım.

 

Personajlar əsər boyu dəyişə-dəyişə yeni keyfiyyətlər qazanmırlarsa, tamaşaçı onların taleyinə biganə qalacaq. Özü haqqında hər şeyi dərhal danışan qəhrəman elə ilk görüşdən özünə aid hər şeyi açıb tökən, gizli bir şey saxlamayan adamlara bənzəyir. Tamaşaçını nigaran qoymaq, onun diqqətini personajın üzərində saxlamaq üçün müəllif qəhrəman haqqında demək istədiklərini tədricən, hadisələrin inkişafına uyğun olaraq açmalı, onun xarakterindəki yeni-yeni xüsusiyyətləri bir-bir göstərməli, bütün bunlara uyğun olaraq tamaşaçı həyəcanının getdikcə artmasına nail olmalıdır.

 

Tennessi Uilyamsın ən gözəl və dünyaca məşhur "Arzu tramvayı" pyesinin baş qəhrəmanı Blanş Debuanın xarakteri təzadlı və ziddiyyətli cizgilər kələfi kimi qarışıqdır. Onda incə kübarlıq qabalıqla, sadəlik bicliklə həmsərhəddir. O, ilk baxışda sadəlövhdür, təmizdir, əslində isə üzü üzlər görmüş, təcrübəli qadındır. O, aysberq kimidir, görünməyəni görünənindən qat-qat çoxdur. Tamaşaçı onu tanımaqda, oxumaqda çətinlik çəkir. Blanşın xarakteri, əsl mahiyyəti əsərin ikinci hissəsinin axırına yaxın tam açılır. Bütün bu tanıma prosesini tamaşaçı intizarı, həyəcanı və obraza simpatiyalı münasibəti müşayiət edir. Onu da deyək ki, tək Blanş yox, "Arzu tramvayı"nın Stella, Stenli Kovalski kimi digər personajları da tədricən açılır.

 

"Azdrama"dan başlamış, ölkənin, demək olar, bütün dram teatrlarında və 10-a yaxın xarici ölkə teatrında tamaşaya qoyulmuş "Varlı qadın" adlı qara komediyamın əsas qəhrəmanı Həvva Zərlinskayadan danışım.

 

Əsərin birinci hissəsində Həvva maddi ehtiyacın məngənəsində sıxılan deyingən, davakar, özünə qadın kimi baxmağa nə həvəsi, nə maddi imkanı olan anadangəlmə axsaq qadındır. Əsərin ilk səhnələrində mən qəhrəmanımı belə təqdim edirəm, amma süjet sürətlə inkişaf etdikcə Həvva dəyişir, Almaniyada rəhmətə getmiş qohumu Bibixanım Zərlinskaya fon Braunun ona böyük sərvət vəsiyyət etdiyini biləndə isə tamam başqalaşır. Artıq birinci hissənin sonuna personaj deyingən, aciz, şikəstliyindən sıxılan qadından hökmlü bir qadına, əsərdə katalizator rolu oynayan Vəkil demiş, "madam"a çevrilir. Mən müəllif kimi bununla kifayətlənmirəm, antraktdan sonra (əslində, mənim antraktlarımda tamaşaçılar 15 dəqiqə fasilə edirlərsə, əsər, onunla da bağlı personajlarım işləyir, hadisələrə uyğun olaraq inkişaf edir, dəyişirlər) ikinci hissə başlayır və bir aylıq Almaniya səfərindən qayıdan Həvva həm zahirdən, həm də daxildən elə dəyişib ki, onu tanımaq xeyli çətindir. O indi Həvva yox, Yeva Zərlinskayadır. O indi axsamır da! Super!

 

Bu yerdə məzəli bir haşiyə: "Varlı qadın"ı ilk dəfə 1999-cu ildə Dövlət Gənclər Teatrında unudulmaz rejissorumuz Hüseynağa Atakişiyev tamaşaya qoymuşdu. Gördüyüm quruluşlar içərisində bu, pyesin ən parlaq səhnə təqdimatı idi. Baş rolda Nəsibə Eldarova oynayırdı. Nəsibə xanım tamaşanın birinci hissəsi ilə ikinci hissəsi arasında o qədər dəyişirdi, inanmaq olmurdu ki, hər iki Həvvanı eyni aktrisa canlandırır. Tamaşaların birində yanaşı oturduğum çox təcrübəli rejissorlardan biri mənə dedi ki, hər iki aktrisa əla oynayır. Birincini tanıdım, bəs ikinci kimdir? Dedim, mən də tanımıram, birinci dəfə görürəm.

 

Həvva Zərlinskayanın və onu səhnədə canlandıran aktrisanın bu cür dəyişməsi göydəndüşmə deyildi, sadəcə, yaranmış yeni vəziyyət onun içində gizlənmiş, bəlkə də, uyumuş əsl - "ağayana" simasını aşkarlamışdı. Elə buna görə də, o, vəsiyyət olunmuş məbləği əldə etmək üçün Bibixanım Zərlinskaya fon Braunun qoyduğu çox ağır, təhqiramiz şərti də qəbul etməyə hazırdır. Vəkil deyən kimi, "Mayn qod! Bir milyard dolların qabağında hansı şərt davam gətirə bilər?!"

 

Komediyada Həvva Zərlinskaya ilə bərabər, bütün personajlar inkişafdadır, dəyişmədədir. Ən maraqlı məsələ burasındadır ki, pula görə ərini evdən qovmaq qərarına gələn qadın, var-dövlət, firavan həyat naminə atasının boynuna çatı salıb "öldür özünü" deyən oğul, pul əldə edib azadlığa qovuşmaq, asudə yaşamaq eşqi ilə yaşayan və bu yolda nəyə desən, boyun əyən vətənsiz Vəkil, çəm-xəm eləsə də, sonda qurbanlıq quzuya dönən professor Sarı, bütün ömrü boyu işləmədən, zəhmət çəkmədən keyflə yaşamaq istəyində olan Qara...

 

Tamaşaçılar bu adamların heç birinə nəinki nifrət eləyir, hətta onları başa düşür, bəzən də haqq qazandırırlar. Məsələ burasındadır ki, Sovet imperiyasından qopmuş postsovet ölkələri tamaşaçılarının çoxu komediyadakı personajlar kimi mənəvi cəhətdən şikəstdirlər. Bəlkə, elə bu səbəbdəndir ki, "Varlı qadın" postsovet ölkələri teatrlarında böyük rəğbətlə qarşılanır. Bişkek şəhər dram teatrı 2009-cu ildə hazırladığı tamaşanı bu günə kimi ayda bir neçə dəfə tamaşaçıların ixtiyarına verir.

 

 Pula görə 25 illik ərini evdən qovmağa məcbur olan, amma zəif bir tərəddüddə bulunan Həvvaya Avropa həsrətində olan Vəkil deyir: "Madam, 10 min dollara görə onu evdən qovsanız, əlbəttə, hamı sizi qınayar, bir milyard dollara görə isə, mayn qod, ancaq həsəd və alqışlar qazanarsız. Ölçünün əhəmiyyəti var, madam, məbləğ mahiyyəti dəyişir".

 

Əlbəttə, mən özü öz əsərini tərifləyəcək qədər xudbin deyiləm, amma faktları deməyə bilmirəm. Mənim o qədər də dəqiq olmayan statistikama görə, "Varlı qadın" ən azı iyirmi teatrda tamaşaya qoyulub. Komediyanın iyirminci premyerası Osetiyanın paytaxtı Vladiqafqazda osetin dilində baş tutdu. Yazıldığı iyirmi ildə iyirminci teatrda iyirminci premyera. Yuxarıda dediyim kimi, Bişkek şəhər Dram Teatrında "Varlı qadın" 2009-cu ildən "Navajdeniye" ("Qarabasma") adı altında repertuardadır. Tacikistanın görkəmli rejissoru Sulton Usmonov bu əsəri 3 fərqli teatrda tamaşaya qoyub. Xarici ölkə teatrlarının ifasında iki beynəlxalq teatr festivalında "Varlı qadın" 4 mükafata layiq görülüb. Bu tamaşaların qoyulmasında mənim heç bir mənada iştirakımın olmaması da çox şey deyir. Mən bu tamaşaların bir neçəsini görmüşəm, məlumatları isə internet səhifələrindən alıram. Bu faktları sadalamaqda məqsədim əsas suala ayaq vermək üçündür: bu komediyanın uğur qazanmasının sirri nədədir?

 

Hər şeydən əvvəl hadisələrin sürətli dinamikası, komik vəziyyətlərin bir-birini dabanbasma əvəzləməsi, bir-birinin ardınca peripetiyaların nəfəs kəsməsi, nəticədə gözlənilməz süjet dönüşləri. Və əlbəttə ki, stereotiplərdən uzaq orijinal personajlar, qeyri-adi xarakterlər. Elə xarakterlər ki, aktyorun bütün imkanlarını açmağa material verir. Yeri gəlmişkən, burda bir məqamı yada salım: "Varlı qadın", dediyim kimi, ilk dəfə Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin quruluşunda tamaşaya qoyulmuşdu. Buna baxmayaraq, Bəhram Osmanov da bu əsəri "Azdrama"da tamaşaya qoymaq istəyirdi, amma o zamanlar teatrın direktoru buna razılıq vermədi, səbəb sadə idi: akademik teatr heç kimin artığına qalmayıb. Onda Bəhram bir fənd işlətdi, pyesi oxumaq üçün Siyavuş Aslana verdi. Elə gecəylə Siyavuş Bəhrama zəng edib deyir ki, mən mütləq bu komediyada professor Sarı Qarayevi oynayacam. Beləliklə, Siyavuş Aslan Mədəniyyət Nazirliyinin dəstəyi ilə əsərin Azdramada tamaşaya qoyulmasına nail oldu. Aktyorun istəyini və Bəhramın xahişini nəzərə alıb görkəmli aktyorun oynadığı Sarı üçün məxsusi bir monoloq da yazdım. Nə Bəhram Osmanov, nə Siyavuş Aslan səhv eləmişdi: "Varlı qadın" teatrın uzun illər ən çox oynanan və sevilən tamaşalarından biri oldu. 

 

Birmənalı olmayan mürəkkəb xarakterli, polifonik keyfiyyətli insanlar, avtobioqrafiyası bir an içərisində oxuna bilənlərdən qat-qat maraqlıdırlar. Əsərin qəhrəmanı fırıldaqçı, yalançı, intriqan da olsa, dramaturq elə etməlidir ki, ona münasibətdə tamaşaçıda, az da olsa, bir mərhəmət, rəğbət hissi oyansın. Məhz bu keyfiyyət personajlara can verir, onları diri göstərir.

 

Səhnədəki insan həyatda gördüyümüz insanlardan çox seçilir. Aristotelin "Dramaturgiyada əsas olan qəhrəman deyil, süjetdir" fikrini ədalətli hesab etsək belə, bilməliyik ki, tamaşaçının gözünün qabağında süjet deyil, qəhrəmanın obrazı dayanır. Elə buna görə də tamaşaçı süjet peripetiyalarının bəzi məqamlarını unuda bilər, qəhrəmanları isə unutmur. "Şah Qacar"da bir çox süjet xətləri, gözlənilməz hadisələr yaddan çıxsa da, Şah Qacar və onun parlaq ifaçısı Fuad Poladov heç vaxt yaddan çıxmır. Səbəb ədəbi obrazla qüdrətli aktyorun heyrətamiz ittifaqının yaranmasında idi.

 

Dramaturq obrazlarını, personajlarını ürəkdən sevməlidir, onların taleyi ilə yaşamalıdır. Onlarla gülməli, onlarla ağlamalı, onlarla qalib gəlməli, onlarla məğlub olmalıdır. Nəticədə, tamaşaçı da personajlardan müəllifin özü kimi zövq və ləzzət alacaqdır. Bu o zaman baş verir ki, tamaşadakı personajlar bundan əvvəlki saysız-hesabsız pyeslərdəki surətlərə bənzəməsinlər, stereotiplərdən uzaq olsunlar, məlahətli, suyuşirin olsunlar. Mən bir dramaturq kimi gənc həmkarlarıma bir məsləhət verərdim: tanış stereotipi yadına sal və tamam onun əksini yaz. Stereotipləri tanımaq üçünsə klassik və müasir dramaturgiyanı bilmək lazımdır. Çoxlu tamaşalara, kinofilmlərə baxmalısan ki, müqayisə edə biləsən. İnternet portallarının xidmətindən bacarıqla istifadə etmək lazımdır. Əlbəttə, məsləhət vermək asandır, necə ki Yeji Lets deyirdi: "Məsləhət gənəgərçək yağı kimidir, hamıya verirsən, özün içmirsən".

 

Beləliklə, bir dramaturq kimi qənaətim: personajlarım mənim yaxın qohumlarımdır, yaxşı və pis keyfiyyətləri ilə sevdiyim insanlardır, onların kədəri kədərim, sevinci sevincimdir, onların hətta şəxsiyyət vəsiqəsi də var. Çünki canlı, diri olan insanın sivil ölkədə yaşaması üçün onun şəxsiyyətini təsdiq edən sənədi olmalıdır. Bu qədər sadə!

 

 

Əmirli Əli

525-ci qəzet.- 2022.- 12 fevral.- S.17.